Gəncədə şəhid olan polis əməkdaşları torpağa tapşırıldı
18:20 – 11 İyul, 2018

Gəncədə iğtişaşların qarşısını alarkən şəhid olan polis əməkdaşları torpağa tapşırılıb.

 

APA TV-nin qərb bürosunun məlumatına görə, Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini,  polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasovla vida mərasimi Baş Polis İdarəsində keçirilib.

 

Mərasimdə daxili işlər nazirinin müavini Oruc Zalov, nazirliyin digər yüksək vəzifəli şəxsləri, Gəncə Şəhər İcra Hakimiyyətinin rəhbərliyi və şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib. Şəhidlərin cənazəsi polis əməkdaşlarının müşayiəti ilə Gəncə Şəhidlər Xiyabanına aparılıb.

 

Xiyabanda davam edən mərasimdə daxili işlər nazirinin müavini Oruc Zalov çıxış edərək bildirib ki, Gəncədə polis əməkdaşları ölkədə sabitliyin qorunması üçün öz andlarına və dövlətçiliyə sədaqətini göstəriblər.

 

Gəncə şəhər Baş Polis İdarəsinin rəisi Faiq Şabanov, AMEA-nın Gəncə bölməsinin sədri, akademik Fuad Əliyev, Azərbaycan Dövlət Aqrar Universitetin rektoru, professor İbrahim Cəfərov, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşviq Cəfərov, jurnalist Rəfiqə Sadıqova, Qafqaz Müsəlmanları İdarəsi sədrinin Qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Hacı Tahir Abbasov çıxış edərək ötən gün Gəncədə baş verən iğtişaşı pisləyiblər. Bildirilib ki, vəzifə borcunu yerinə yetirən polis zabitlərini qətlə yetirmək cinayətdir. Bu cinayəti törədənlərin layiqli cəza alacaqları vurğulanıb.

 

Şəhid polis zabitlər yaylım atəşdən sonra torpağa tapşırılıblar.

 

Azərbaycanın üçrəngli bayrağı şəhid İlqar Balakişiyevin oğluna və Səməd Abbasovun qardaşı Hacı Tahir Abbasova təqdim edilib.

X

XƏBƏRLƏR
BÖYÜT