Azərbaycan prezidenti Avropa İttifaqı Şurasının prezidenti ilə görüşüb
19:08 – 11 İyul, 2018

Azərbaycan prezidenti İlham Əliyev iyulun 11-də Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk ilə görüşüb.

 

APA TV-nin xəbərinə görə, görüşdən sonra “Tərəfdaşlıq prioritetləri” sənədinin paraflanma mərasimi olub.

 

Görüşdə Azərbaycanla Avropa İttifaqı arasında siyasi, iqtisadi, energetika, nəqliyyat və digər sahələrdə uğurlu əməkdaşlığın həyata keçirildiyi qeyd olunub. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolu və bu yaxınlarda rəsmi açılışı olan TANAP layihəsinin bu məsələdə böyük əhəmiyyəti vurğulanıb. Eyni zamanda Azərbaycanın yerləşdiyi regiondakı vəziyyət, regional təhlükəsizlik və çağırışlar haqqında da fikir mübadiləsi aparılıb.

 

Görüşdə Ermənistan-Azərbaycan münaqişəsi müzakirə olunub. Prezident İlham Əliyev münaqişənin hazırkı vəziyyəti barədə məlumat verib.

 

Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Azərbaycanın dünyəvi və müasir cəmiyyət quruculuğu sahəsində müsbət təcrübəyə malik olduğunu qeyd edib.

 

Söhbət zamanı Azərbaycanda insan haqları ilə bağlı vəziyyət, bu sahədə həyata keçiriləcək Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı barədə məsələlər müzakirə olunub.

 

Prezident İlham Əliyev və Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Azərbaycan ilə Avropa İttifaqı arasında bu gün paraflanacaq “Tərəfdaşlıq prioritetləri” sənədini yüksək qiymətləndiriblər, bu sənədin Azərbaycan-Avropa İttifaqı tərəfdaşlıq əlaqələrinin gələcək inkişafı üçün yeni imkanlar açacağını məmnuniyyətlə qeyd ediblər.

 

Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun iştirakı ilə “Tərəfdaşlıq prioritetləri” sənədinin paraflanması mərasimi olub.

 

Sənədi Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Avropa Komissiyasının vitse-prezidenti, xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini paraflayıblar.

 

Sonda xatirə şəkli çəkdirilib.

 

X

XƏBƏRLƏR
BÖYÜT