Gəndob-Quba avtomobil yolu yenidən qurulur
11:45 – 12 İyul, 2018

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 130-169-cu km-liyini əhatə edən Gəndob-Quba hissəsi yenidən qurulur.

 

APA TV-nin xəbərinə görə, layihə çərçivəsində yol II texniki dərəcəyə uyğun olaraq bərpa edilir.

 

AAYDA-nın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli bildirib ki, yolun bərpası yüksək səviyyədə, qısa müddətə və bütün texniki göstəricilərə riayət olunmaqla aparılması üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında əraziyə kifayət qədər qüvvə cəlb olunub. Magistral yolun bu hissəsi sakinlərin rahat gediş-gəlişini təmin edəcək, həmçinin Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolu vasitəsilə respublikamızın istənilən istiqamətinə daha rahat şəkildə hərəkət etməyə imkan verəcək”.

 

Layihəyə uyğun olaraq Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Quba şəhərindən keçən hissəsinin, daha dəqiqi, 6 hərəkət zolaqlı olan Heydər Əliyev prospektinin Qəçrəş və Qonaqkənd yollarına qədər olan hissəsinin də asfalt-beton örtüyünün yenilənməsi işlərinin aparılması nəzərdə tutulub.

 

Tikinti-təmir işlərinin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün 3 yerdə yeni avtobus dayanacaqları inşa ediləcək, 122 km uzunluğunda üfüqi nişanlanma xətləri çəkiləcək. Aparılan işlərin yaxın aylar ərzində yekunlaşdırılması planlaşdırılır.

 

Avtomobil yolunun bərpası əhatə etdiyi yaşayış məntəqələrinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin daha da yaxşılaşdırılması ilə yanaşı, bu bölgədə iqtisadiyyatın və kənd təsərrüfatının inkişafında da mühüm rol oynayacaq.

X

XƏBƏRLƏR
BÖYÜT