Azərbaycanda ilk: arıçılıq turizmi yaradılır - İNFOTURDAN REPORTAJ
13:07 – 12 İyul, 2018

Son illər əhalinin un məhsullarına tələbatını ödəmək məqsədilə ölkə ərazisində taxıl sahələri genişləndirilir.

 

APA TV-nin xəbərinə görə, Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Şəki Dayaq Məntəqəsində seleksiya işlərinin aparılması, xaricdən gətirilən və yerli buğda-arpa növlərinin region üçün uyğunluğu öyrənilir.

 

Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Şəki Dayaq Məntəqəsinin direktoru Məcnun Şükürov deyir ki, bu nümunələrin hər biri il ərzində, bütün vegetasiya dövründə, yəni səpindən başlayaraq yığıma qədər öyrənilir: "Nümunələrin torpaq iqlim şəraitində özünü necə aparması, məhsuldarlıq potensialının necə olması araşdırılır. Son nəticədə region üçün, fermerlər üçün, həm də elmi-tədqiqat işləri üçün hansı buğda növlərinin uyğun olmasına tövsiyə verilir".

 

Dayaq Məntəqəsinin təcrübə sahəsində 282 buğda-arpa nümunəsi əkilib. Əkilən nümunələr əllə biçilir, xüsusi qaydada döyülür.

 

Samandan ayrılan toxumlar üzərində sortların adları yazılmış kisələrə yığılaraq məqsədəuyğun şəkildə istifadə olunur. Ümumilikdə dayaq məntəqəsində 300-dən çox nümunə əkilə bilər. İldən-ilə nümunələrin sayı və istifadə olunan növlərin bəziləri dəyişir.

 

Məcnun Şükürovun sözlərinə görə, təcrübə sahəsində əldə olunan uğurlu nümunə fermerlərə verilir ki, daha geniş ərazidə əkilsin: "Regionun fermerləri üçün ilkin toxumçuluqla da məşğul oluruq. Yeni yaranmış sortun ən yüksək reproduksiyalı toxumu orijinal toxumdur. Bundan sonra super-elit toxum, elit toxum yetişdirilir. Bizim məntəqədə bu ranqda toxumlar yetişdirilir".

 

Məntəqədə əldə olunan toxumlardan yalnız elit növ toxumlar toxumçuluqla məşğul olan fermer təsərrüfatlarına verilir. Onlar öz növbəsində yeni il üçün birinci nəsil toxum istehsal edir. Bu toxumu adi taxılçılıqla məşğul olan fermerlərə təklif edir.

 

Orijinal və super-elit toxumlar isə elmi tədqiqat işlərində istifadə olunur. Dayaq məntəqəsində seleksiya işləri aparılmaqla yeni növlər – “Şəki-1”, “Ağalı” və “Marxal” növləri yaradılıb. Burada buğda-arpa ilə yanaşı. qarğıdalı üzərində də tədqiqat aparılır. Son zamanlar tütünə diqqətin artması məntəqədə bu bitkinin də tədqiqat sahəsinə daxil olması ilə nəticələnib.

 

* * *

 

Oğuz rayonunda da tütünçülüyə diqqət artıb. Fermerlər əkin sahələrini genişləndirirlər. Çünki ölkənin tütünə olan tələbatını ödəmək və ixracatı genişləndirmək üçün daha çox məhsul tələb olunur.

 

Azərbaycanda istehlak olunan tütünün yalnız 10-15 faizi ölkədə istehsal olunur. Oğuz rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi Azad Əliyevin fikrincə, yeni müəssisələr işə düşəndən sonra demək olar ki, istehlak olunan siqaretin 50 faizi Azərbaycanda istehsal olunacaq.

 

Azad Əliyev deyir ki, bir ailə 1 hektar tütün sahəsinə normal qulluq edərsə, əldə edəcəyi gəlir onun illik xərclərini ödəyir. Bu il Oğuzda 250 hektar sahədə tütün əkilib, ilin sonunda 500-600 ton quru tütün istehsalı gözlənilir. Bu, ötən il istehsal olunan tütünün həcmindən iki dəfə artıqdır. İstehsal olunan tütünün 20-30 faizi ölkədə emal olunur, qalan hissə isə xarici ölkələrə ixrac edilir.

 

Ümumilikdə 1 hektar tütün sahəsinə 2000-2500 manat xərc çəkilir, yekunda isə 7000-8000 manat qazanc götürülür. Tütünçülük əziyyətli iş olsa da, gəlirli sahə hesab olunur.

 

Kərimbəyli kəndində sahibkar Elgün Məhərrəmovun tütün plantasiyası 2 hektar sahədə yerləşir. Fermer təsərrüfatlarında çalışan kənd sakinləri aylıq 300-350 manat arasında məvacib alırlar. Kənd təsərrüfatının müxtəlif sahələrinin inkişafı ölkədə istehsalın həcmini artırmaqla yanaşı, məşğulluq səviyyəsinin artmasına da təsir göstərir.

 

* * *

 

Şimal-qərb bölgəsinin ən böyük müəssisələrindən olan "Şəki-İpək" ASC əsasən kümçülərdən yaş baramanın qəbulu və ipək istehsalı ilə məşğuldur. Boyaq-bəzək istehsalatının meneceri Qüdrət Quliyevin sözlərinə görə, müəssisədə ipəklə yanaşı, kəlağayı da istehsal olunur: "Azərbaycanda V əsrdən bu yana ipəkçiliklə məşğul olurlar. Eləcə də kəlağayı istehsalı ilə. Şəki ipəkçiliyin köküdür".

 

Azərbaycan kəlağayı sənəti 2014-cü ilin noyabr ayında UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ Siyahısına daxil edilib: "Bizdə tarixi kəlağayı istehsalı sahəsində yeniliklər də var. Əvvəllər əsasən ağ, qara, soğanı rəngdə kəlağayılar istehsal olunub. Milli irsi saxlamaqla yanaşı, yeni çeşidlər də istehsal edirik".

 

Kəlağayıların bəziləri yaşa görə istehsal olunur: "Gənclər üçün bir rəngli, sadə, soyuq rənglilərdən, orta nəsil üçün az güllü, yaşlılar üçün isə tünd qara, qəhvəyi, soğanı kəlağayılar istehsal olunur".

 

Gördüyünüz kəlağayı “İnnabı” kəlağayısıdır. Bu kəlağayının başa gəlməsi üçün 7-8 gün vaxt sərf olunur. Buna görə ən bahalı məhsul hesab olunur. Bu kəlağayı satışa az-az çıxarılır, əsasən xüsusi sifarişlə hazırlanır. Soğanı kəlağayı tarixən istehsal olunub. Bu kəlağayının ipəyi kimi, rəngləri də təbiidir: "Oğuz rayonundan gələndə görmüsünüz. Rəngli-rəngli yarpaqları olan sarağan ağacları var. Onun özəyindən rəng alınır. Təbii, qatqısı olan rəngdir. Bununla yanaşı, xaricdən aldığımız rənglər də təbiidir".

 

Müəssisədə istehsal olunan məhsullar həm xaricə göndərilir, həm də ölkə daxilində satılır. Kəlağayıların qiyməti 35-60 manat arası dəyişir.

 

2016-cı ildə Azərbaycanda 71 ton yaş barama istehsal olunub. 2017-ci ildə isə respublikanın 30 rayonu üzrə 244,8 ton yaş barama istehsal olunaraq “Şəki-İpək” ASC-yə təhvil verilib. Bu il bu rəqəmin daha böyük olacağı gözlənilir. İyulun 1-nə olan məlumata görə, “Azəripək” MMC tərəfindən respublikanın 38 rayonundan 513.5 ton yaş barama qəbul edilib. Yaş baramanın bir kiloqramına görə kümçüyə 9 manat pul ödənir. Bunun 4 manatını baramanı qəbul edən müəssisə, yəni “Şəki İpək” Açıq Səhmdar Cəmiyyəti, 5 manatını isə subsidiya şəklində dövlət ödəyir.

 

* * *

 

Azərbaycanın ən böyük arı təsərrüfatını quran Bədrəddin Həsrətov gəncliyində qurduğu xəyalına qovuşmaq üzrədir. Onun rəhbərlik etdiyi təsərrüfatda bal, damazlıq, təsərrüfat, sexlər, seleksiya və sarı südü, qədimi arıçılıq, bal verən bitkilərin araşdırılması və çoxaldılması şöbələri fəaliyyət göstərir: "Arı məhsullarının qablaşdırılması, emalı prosesi hələlik tam sürəti ilə getmir. Avqust ayında qablaşdırma sexini quraşdıracağıq. İşlər gedir, avadanlıqlar sifariş olunub. Proses gedir".

 

Bədrəddin Həsrətov Azərbaycanda ilk dəfə arıçılıq turizmini yaradır: "Arıçılıq turizmi başlayacaq bizdə. İnsanlara arının 50 milyon il bundan öncə necə yaşadığını göstərməyə çalışırıq. Turizm bölməsində insanlara o gündən indiyə kimi arıçılığın necə inkişaf etdiyini göstərəcəyik".

 

Eyni zamanda təsərrüfatın “Bal evi”ndə 14 adda arı məhsulu turistlərə təqdim olunacaq. Qonaqlar həm məhsulla tanış olacaq, həm də satış həyata keçiriləcək.

 

Təsərrüfatın rəhbəri deyir ki, bu il hava şəraitinə görə məhsuldarlıq zəif olub. May ayında yağış və soyuq havalar, sonra isə havaların kəskin istiləşməsi arıların nektar gətirməsinə mane olub: "Biz arıdan təkcə bal almırıq. Ona görə iqtisadi dayaqlarımız möhkəmdir. Arı südü yığırıq, çiçək tozu toplayırıq, mum güvəsi, homogenat kimi məhsullar alırıq".

 

Təsərrüfatın illik bal istehsalı ortalama 20 tondur. Bu rəqəm ildən-ilə dəyişir. Bu ildən balın xaricə göndərilməsi nəzərdə tutulur: "Ərəb ölkələri ilə razılaşmalarımız var. Nümunələr göndərmişik. Bu il üçün hətta bizdən 50 ton bal sifariş veriblər Dubaydan. Gözləyirik. Yəqin ki, ətraf rayonların kəndlərindən də bal alıb, qablaşdırıb təhvil verəcəyik. Yəni əsas hədəfimiz ixracdır".

 

Təsərrüfatda bir arı ailəsindən ortalama 20 kiloqram bal götürmək mümkündür. 1000 arı ailəsi bala işləyir, 200 ailə isə damazlıq təsərrüfatındadır. 120 arı ailəsindən arı südü yığımında istifadə olunur: "Planların sonuncusu, pik nöqtə arı məhsulları ilə müalicə üsulunun - apiterapiyanın tətbiqi, müalicə pansionatı tikməkdir. İnsanlara bu sahə vasitəsi ilə sağlamlıq vermək istəyirik".

 

* * *

 

 

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Anar Hüseynovun sözlərinə görə, media təmsilçiləri üçün regionlara infoturun keçirilməsində əsas məqsəd aqrar sektorun müxtəlif sahələri ilə media təmsilçilərini tanış etmək, ümumilikdə fermer və sahibkarlarla əlaqələrin qurulması üçün onlara yardımçı olmaqdır.

 

* * *

 

İndi isə kənd təsərrüfatı üçün kadrlar hazırlayan Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə tanış olaq. Əvvəlcə ali məktəblərə sənəd verəcək abituriyentlərə bir xoş xəbər verək. Bu il kənd təsərrüfatı yönümlü ixtisasları seçən, 500 və daha çox bal toplayaraq Azərbaycan Dövlət Aqrar Universitetinə daxil olan abituriyentlərə 200 manat əlavə təqaüd veriləcək.

 

Universitetin rektoru, professor İbrahim Cəfərov universitetin maddi-texniki bazası, o cümlədən tələbə evləri, müasir heyvandarlıq kompleksi, maşın-traktor parkı, istixanaları, quşçuluq tədris mərkəzi, baytarlıq və bitki klinikaları, kitabxana, təlim mərkəzləri, torpaqşünaslıq və aqrokimya, toxumçuluq laboratoriyaları, anatomiya və patoloji anatomiya muzeyləri barədə ətraflı məlumat verib.

 

İbrahim Cəfərov bildirib ki, savadlı kadrların çoxalması üçün var qüvvələri ilə çalışırlar. İlk müasir yataqxana layihəsi Azərbaycan Dövlət Aqrar Universitetində həyata keçirilib. Bu il universitetin maddi-texniki bazasının gücləndirilməsi üçün 1,6 milyon manat, yeni tədris korpusunun tikintisi üçün 5 milyon manat, həmçinin gələn il universitet daxilində aqrar peşə məktəbi, aqrar kollec, məktəbəqədər müəssisə, innovasiyalar mərkəzi və daha bir yataqxana binasının tikintisi üçün 50 milyon manat vəsait ayrılıb.

 

Universitet dünyanın bir neçə, o cümlədən Almaniyanın qabaqcıl universitetləri ilə elmi mübadilə aparır. Hər il ona yaxın tələbə və müəllim Almaniyaya göndərilir, oranın mütəxəssisləri universitetə gələrək mühazirələr deyirlər.

 

* * *

 

"Dünya təcrübəsində aqrar sahənin inkişafı maldarlığın damazlıq cins tərkibinin dəyişməsi, süni mayalanma ilə başlayıb". Bu fikri isə Respublika Süni Mayalanma Mərkəzinin direktoru Ramiq Abbasov bildirib. 2007-ci ildən fəaliyyət göstərən mərkəzin əsas məqsədi ölkədə aqrar sahənin inkişafını təmin etməkdir: "Respublikamızda 2009-cu ildən süni mayalanma yolu ilə buzovlar doğulmağa başladı. Fermerlər, sahibkarlar bu işlə maraqlanmağa başladılar. Ölkə başçısı 2015-ci ili "Kənd təsərrüfatı ili" elan edəndən sonra süni mayalanma şəbəkəsi çox genişləndi".

 

Bura süni mayalanma mərkəzi olmaqla yanaşı, həm də regional təlim mərkəzi rolunu oynayır: "Bizdə altı cins üzrə 36 baş heyvan var. Müəssisə qapalı müəssisədir. Tövləyə, laboratoriyaya giriş qadağandır. Bir ildir Almaniyadan, Avstriyadan gənc buğalar gətirilib".

 

Xaricdən gətirilən cins buğalardan alınan toxum yerli inəklərin süni yolla mayalanmasında istifadə edilir. Belə mayalanmadan doğulan buzovlar yerli mələz heyvanlardan daha ətli, südvermə qabiliyyəti isə daha yüksək olur. Eyni zamanda buzovlar yerli iqlim şəraitinə uyğun doğulduğundan adaptasiya prosesinə ehtiyac qalmır: "Süni mayalanma ilə doğulan hər heyvana 100 manat subsidiya verilir. Bu da insanlar arasında rəğbət yaradır".

 

Süni mayalanma steril şəraitdə aparıldığı üçün heyvanlara heç bir cinsi xəstəliklər keçmir. Lakin təbii yollarla gedən prosesdə bu kimi xəstəliklərin keçmə riski 50 faizdir.

 

Kənd Təsərrüfatı Nazirliyinin təşkil etdiyi infotur haqqında bu qədər. Ümid edirik ki, bu reportajda Azərbaycanda kənd təsərrüfatının perspektivləri haqqında ümumi təsəvvür yarada bildik.

X

XƏBƏRLƏR
BÖYÜT