Evində şir saxlayan məşhur bakılı qadın öldü
13:15 – 12 İyul, 2018

Akademik Milli Dram Teatrının aktyoru, əməkdar artist Kazım Abdullayevin həyat yoldaşı Nina Abdullayeva dünyasını dəyişib.

 

APA-nın məlumatına görə, Nina Abdullayeva uzun sürən xəstəlikdən sonra iyulun 12-də vəfat edib.

 

Nina Abdullayeva (Berberova) “Şir evdən getdi”, “İtalyanların Rusiyadakı qeyri-adi sərgüzəştləri”, “Oğlan, qız və şir” və s. filmlərdə çəkilən “Kinq” adlı şirin sahibi olub.

 

Evlərində şir saxlayan Berberovlar ailəsi bütün SSRİ-də məşhur olub. Bakı zooparkından Nina Berberovanın qızı Yeva Berberovanın istəyi ilə evə gətirilən heyvan böyüdükdən sonra təhlükə törətmədiyi üçün tezliklə kinolarda da yer almağa başlayır.

 

“İtalyanların qeyri-adi sərgüzəştləri” filminin çəkilişləri zamanı tələbə Valentin Markova hücum etdiyi üçün milislər güllə ilə “Kinq”i öldürürlər. Uşaqlarının istəyi ilə Nina Berberova ailəyə ikinci şir balasını gətirir və ona “Kinq II” adı verir. 1978-ci ildə həyat yoldaşını itirən Nina Berberova iki il sonra növbəti faciə ilə üzləşir. 1980-ci il noyabrın 24-də “Kinq II” Nina Berberovaya ağır xəsarətlər yetirir, 14 yaşlı oğlu Romanı isə parçalayıb öldürür. Başından xəsarət alan Nina Berberova uzun illər xəstə yatıb və ömrünün axırına qədər həkim nəzarətində olub.

 

Mərhumla vida mərasimi bu gün 14:00-da T.Əliyarbəyov küçəsi, ev 27-də keçiriləcək. Nina Abdullayeva “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılacaq.

 

X

XƏBƏRLƏR
BÖYÜT