Azərenerji: "Bakı şəhərinə elektrik enerjisinin verilişi tam təmin edilib" - YANĞIN SÖNDÜRÜLDÜ
21:48 – 12 İyul, 2018

Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə briqadalarının səyi nəticəsində Ağsu rayonunda taxıl sahəsində baş vermiş yanğın söndürülüb. APA TV-nin məlumatına görə, bu barədə “Azərenerji”nin məlumatında bildirilib. Məlumata görə, artıq Bakı şəhərinə elektrik enerjisi verilişi tam təmin edilib.

 

“Hazırda digər bölgələrin də elektrik enerjisi ilə təchizatı istiqamətində işlər aparılır”, - deyə məlumatda bildirilir.

 

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi bu gün Yevlax və Ağsu rayonlarında baş vermiş yanğınla bağlı məlumat yayıb. Məlumatda qeyd olunub ki, Yevlax rayonu Xanabad kəndi yaxınlığında biçilmiş taxıl sahəsində baş vermiş yanğın yaxınlıqdakı yüksəkgərginlikli elektrik hava xətlərinə yaxınlaşmadan qarşısı alınıb.

 

Yanğın nəticəsində 79 hektar biçilmiş taxıl sahəsi və 1 hektar kol-kos yanıb. Yaxınlıqdan keçən yüksəkgərginlikli elektrik hava xətləri, meşə zolağı, ferma və ətraf ərazilər yanğından mühafizə olunub.

 

Saat 14:30 radələrində isə Ağsu rayonunun Bico kəndi yaxınlığındakı biçilmiş taxıl sahəsi və kol-kos olan ərazidə yanğın baş verməsi barədə də məlumat daxil olan kimi dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası yanğının söndürülməsi işlərinə cəlb edilib.

 

Yanğının yüksəkgərginlikli elektrik hava xətlərinin yaxınlığında baş verməsi yanğının söndürülməsində çətinliklər yaradıb. Yanğın sürətlə geniş ərazilərə yayıldığından qonşu rayonlardan da FHN DYMX-nin canlı qüvvə və texnikası, Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin “Be-200 ÇS” amfibiya təyyarəsi və "Mi-17" yanğınsöndürmə helikopteri, Mülki Müdafiə Qoşunlarının və Şimal-qərb Regional Mərkəzinin canlı qüvvəsi və texnikası yanğınsöndürmə işlərinə cəlb olunub.

 

Həyata keçirilmiş operativ tədbirlər nəticəsində bu istiqamətdə yanğının yüksəkgərginlikli elektrik hava xətlərinə yaxınlaşmasının qarşısı alınıb. Bico kəndi yaxınlığındakı biçilmiş taxıl sahəsi və kol-kos olan ərazidə baş vermiş yanğın artıq söndürülüb.

X

XƏBƏRLƏR
BÖYÜT