Prezident İlham Əliyev: "Azərbaycan NATO və üzv dövlətlərin davamlı dəstəyini yüksək qiymətləndirir"
03:48 – 13 İyul, 2018

Brüsseldə NATO-nun Əfqanıstanda həyata keçirdiyi əməliyyata töhfə verən tərəfdaş ölkələrin dövlət və hökumət başçılarının və potensial əməliyyat tərəfdaşlarının iştirakı ilə Qətiyyətli Dəstək missiyası üzrə Şimali Atlantika Şurasının görüşü olub.

 

APA TV-nin xəbərinə  görə, Azərbaycan prezidenti İlham Əliyev NATO-nun yeni mənzil-qərargahında keçirilən görüşdə iştirak edib. Dövlət başçısı toplantıdan əvvəl türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan və Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Bakir İzetbeqoviç ilə görüşüb.

 

Prezident İlham Əliyev Şuranın görüşündə çıxış edərək, Azərbaycanla NATO arasında güclü tərəfdaşlıq əlaqələrinin regional təhlükəsizlik və sabitlik məsələlərində mühüm rol oynadığını qeyd edib.

 

O bildirib ki, 2002-ci ildən başlayaraq Azərbaycan sülhməramlıları NATO hərbçiləri ilə Əfqanıstanda çiyin-çiyinə xidmət edirlər. 2018-ci ilin yanvar ayından Azərbaycan Qətiyyətli Dəstək missiyasındakı hərbçilərinin sayını 30 faiz artıraraq 120 nəfərə çatdırıb.

 

Azərbaycan prezidenti çıxışında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi məsələsinə də toxunub: “Ermənistanın təcavüzündən əziyyət çəkən və bu təcavüz nəticəsində beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizi işğal olunmuş, bir milyon soydaşına qarşı məlum acınacaqlı etnik təmizləmə törədilmiş Azərbaycan işğalın və dağıntının iqtisadi və humanitar nəticələrini yaxşı anlayır.

 

Azərbaycan NATO və bu təşkilatın üzv dövlətləri tərəfindən ölkəmizin siyasi müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə və Ermənistanla münaqişənin bu prinsiplərə əsaslanan həllinə verdiyi davamlı dəstəyi yüksək qiymətləndirir.

 

Azərbaycan Əfqanıstanın üzləşdiyi təhlükəsizlik təhdidlərinin aradan qaldırması, ölkədə sülh və inkişafın əldə edilməsi işinə köməyini bundan sonra da davam etdirəcək”.

 

 Daha sonra prezident İlham Əliyevin Brüsselə səfəri başa çatıb.

X

XƏBƏRLƏR
BÖYÜT