Afət Hacıyeva: "Qələm"
17:04 – 22 Aprel, 2014

Mürəkkəb qələm

Səni ələ alan kimi,

Barmaqlarımız birləşir.

İçimizdəki duyğular

Get-gedə dərinləşir.

Bilmirəm anladınız mənim kim olduğumu ya yox? Hə, mən qələməm. Uzaq zamanlardan gəlirəm. Yaşım başım bilinmir. Amma mən insanlara dostam, sirdaşam. Mən cansız olsam kağızın üzərinə yazıldıqca canlanıram.

Mürəkkəb ləkəmi arzulayan və qəbul edən ən yaxın dostum ağ kağızlardır. Su kimi axıb kağız üzərinə səpələnirəm və orda rahatlıq tapıram. Hərdən dostumdan utanıram da. Bəzən kəmhövsələ insanların səhvləri ucbatından kağızı qaralayıram, hansısa mənfi ifadələrin yazılmasına səbəb oluram. Amma yenə də ağ vərəqlər yanlışımla, doğrumla məni qəbul edən tək sirdaşımdı.

Çox insanların ürəyinin dolduğu anda köməyinə çatıram. Bəzən zərif, bəzən kobud barmaqları arasında əzilmişəm, sıxılıram, lap tətik kimi fəaliyyətim olur. Amma məni özünə doğma bilən, sənətini, peşəsini həqiqətən sevən insanları mən də ürəkdən sevirəm.

          Görünüşüm olduqca sadə olsa da, əlimdən gələni edirəm,  dərin və müdrik insanlarla haraları gəzirəm, nələrdən yazıram, bir bilsəniz. Hər biri ayrıca həyatdır.

Bəzən möhtəşəm salonlarda ən ciddi rəsmi qərarlar vermək üçün bir imza ilə hər şeyi həll edirəm. O zaman bilmişəm ki, mən əslində çox vacib biriyəm. 

Bəzən kiminsə cəzası üçün qəzəbli əllərdə sıxılıram. Bəzən qırılıram, sındırılar, kimlərə tuşlanıram, atılıram. Amma qürurluyam. Heç vaxt əqidəmdən dönməmişəm, dönmərəm də. 

Hərdən, kiminsə azadlığı üçün verilən ədalətli qərarların qürurunu da yaşayıram sevinə-sevinə.

 Hərdən titrək əllərin gövdəmdən tutaraq imza atdığı zaman ən böyük xoşbəxtliyi hiss edirəm.

Hərdən də bəzi insanların  “ bir qələmdə silib atdım” deyən ayrılığına yardımçı oluram. Çox fərqli, dəyişkən duyğular yaşayıram o anlarda. Bəzən inciyirəm, məktəb uşaqlarının ”qələmim evdə qalıb, əlavə qələminiz olar?” kəlməsi mürəkkəbimi dondurur az qala. Belə lazımsız, belə laqeyd yanaşmalar olar mənə qarşı? Əlbəttə olmaz. Bax belə mənim xasiyyətim belədir. Özüm deyib, özüm də cavab verirəm. (gülür)

Mən düşünürəm ki, bəlkə də mənim müasir formamı vegetariyanlar kəşf edib. Amma köhnə lələk quruluşumun funksiyası ilə hələ də hərdən yazıçıların, ədiblərin əllərində ilham qaynağı oluram, pərvazlanıb göylərdə uçurlar. Yeddi not üzərində öz izlərimi qoyduğum zamanda insanların əhvalına bəxş olunan ruhun qidasında mənim də payım olduğunu hiss edirəm. Rəssam əlində istedadını nümayiş etdirmək üçün ən yaxşı vasitəyəm. Mən hərfləri sevirəm, rəqəmləri sevirəm, kitabları, sənədləri, şeirləri sevirəm. Məni əllərində dilləndirən insanları sevirəm! Bir sözlə, gözəl nə varsa sevirəm.

         Deyəsən mətnin sonuna gəldik. Mənim də boyuma, çəkimə uyğun ömür biçilib. Bir də ki, mürəkkəbə də heç etibarım yoxdu...Hər an məni sizdən ayıra bilər. Vaxt çatdı, mürəkkəbim bitməmiş üzü sulu gedim, yaxşısı budur. Ayrılıqların deyil, qovuşmaların və başlanğıcların yazısında görüşənədək! Qələminiz heç vaxt sizi vərəqin yarısında qoymasın. Sağolun...

AFƏT  HACIYEVA

X

XƏBƏRLƏR
BÖYÜT