Şəhriyar del Gerani: "Bir ovuc əllərin..."
13:37 – 26 Aprel, 2014

Uzun-uzadı zamanlardı xoşbəxtəm, özü də təkadamlıq. Siz bilmirsiz təkadamlıq səadətlər necə olur. Heç bilmirsiz təkadamlıq necə olur. Bəlkə də heç bilmirsiz ki, səadətlər necə olur. Heç bilmirsiz necə olur kirli ayağlara təzə ayaqqabıları geyinmək. Əvvəlcə qucaqlamaq da var. Hələ bir dəfə öpüb gözümün üstə də qoymuşdum. Anam görüb ağlamışdı. Demişdi: “o möhür deyil, həm də ayaqqabıya səcdə günahdı, bala”. Mən də soruşmuşdum: “bəs sənin ayağlarına”?..

 

Anam... Hə, anam təzə ölüb. Heç bəlkə heç bədəni də soyumayıb. And içərəm ki, əlləri də istidir anamın. Bax, allah haqqı düz deyirəm. Anamın əlləri təkcə əl deyildi axı. Uşaqlıqda oyuncaqlarım olmayıb, “hamısını pişiy aparıb” deyirdi anam. Bax, mən onda anamın əlləriylə oynayırdım. Saymağı da onun barmaqlarında öyrənmişəm. Düz –doqquzacan. Bir barmağını tikiş maşını aparmışdı. Hələ bağçada müəllimə də məni vurmuşdu bunun üstündə. Deyirdi “niyə doqquzdan sonra on demirsən ay axmaq uşaq”?! Mən də deyirdim ki, “anamın əllərində on  yoxdu axı, allah haqqı yoxdu”... Hələ ağlamışdım.

 

Anam yaxşı adam idi. Bilirəm də deyəcəksiniz ki kimin anası pisdi ki. Amma mənim anam doğurdan yaxşı biriydi. Çox həlim insanıydı.  Yeriyəndə ayağının altında qarışqa qalsaydı belə inciməzdi qarışqa. Məndən 33 yaş böyük idi. Amma, heç inanmırdım buna. Düz də eləyirdim. Dünən hesablayıram ki, 30 yaş böyükdü məndən.
Allah dediyimiz o adam xərçəng qoymuşdu anamın ciyərlərinə. Biçarə qadın da allaha inanan adamıydı, elə qoruyurdu ki xərçəngi... Mənim bu xəstəliyin adından belə ətim ürpənir. Həkimlər tapşırmışdı anama deməyək xəstəliyini. Təkcə atamla mən bilirdik. Bir dəfə böyük bacım anam yatan otağın düz qapısının ağzında yapışdı yaxamdan. Dedi: “qaqa, mənə düzün de, sən canın,  onsuz da bilirəm iynə-dərmandan, sən atamın canı düzünü de, anam xərçəngdi”? Mənim sakit danışmağıma baxmayın, o bunları hönkürərək deyirdi. Mən özümü itirdim, gözünə baxa bilmirdim, bacım allaha oxşayırdı onda, elə bilirdim qəti yalan danışa bilmərəm ona. Bir də çığırdı “aldatma məni, düzünü de, o xaraba xərçəngdəndi hə, sovxaya qalsın onu”!? Elə mən boynunu qucaqlayıb sakitləşdirmək istəyirdim ki, anamın xırıltılı səsi gəldi: “ay bala, elə demə, allaha acığ gedər”...

 

Heç bilmirəm necə deyim xoşbəxt olduğumu. Atılmış uşaq kimiyəm indi. Məncə bütün atılmış uşaqlar eyni cür oğurluq eləyir, eyni cür gülümsəyir, eyni cür darıxır. Mən darıxanda saçlarımı qarışdırıram, barmağımı dişləyirəm, pərdəni dartıb qırıram. Sonra ayağımın altına stul qoyub çıxıb pərdəni asıram. Xoşum gəlir pərdə asmaqdan. Kənddəki evimizdə qəşəng pərdəmiz vardı, upuzun. Qatlayıb vurmuşduq pəncərəyə. Əziz qonaqlar gələndə açıb süfrə eləyirdik. O deyirlər e, “süfrə müqəddəsdi”-filan, boş şeydi,  yalan söhbətdi. Pərdə daha müqəddəsdi. Daha doğrusu pəncərə. Heyif deyil pəncərə?.. Lap çox darıxanda pəncərədən çölə baxıram. Adamlar pəncərədən daha mehriban görsənirlər. Pəncərəsiz yerlər elə axmaq yerlərdi ki.

 

Mən aylarla pəncərəsiz qalmışam. Deyirdim, ay allah, varsansa bir iynə göndər bu tavana, deşsin keçsin, onun deşiyindən göy üzünə baxım. Yamanca sevirəm göy üzünü. Ta uşaqlıqdan vurğunuyam. Göy üzü qəşəngdi, orda pis adamlar yoxdu. Polislər də yoxdu orda. Sevdiyim adamları da göy üzünə bənzədirəm. Ciddi sözümdü... Bəlkə də heç kəs inanmaz mənim xoşbəxtliyimə. Heç inanmasınlar. Sevgisiz adamlardı hamısı. Sevə bilmək başqa şeydi, vallah başqa şeydir

sevgi - qadınların uydurduğu ən gözəl həqiqətdi...

qadın - kişilərin aldandığı ən mübarək yalandı...

kişi - qadınların böyütdüyü ən kimsəsiz uşağdı...

Kimsəsiz uşaqlar hər cürə bəhanə ilə aldanmaq istəyir bütün uydurulmuş həqiqətlərə...

Mən, uzun-uzadı zamanlardı xoşbəxtəm, özü də təkadamlıq. Həmişə cüt olan şeylərin həqiqiliyinə şübhə eləmişəm. Ürək də ona görə təkdi deyirlər. Bir ürək də var kimdəsə. Və sən onu həmişə axtarırsan. Ayaqlarım cütdü. Zəhləm gedir onlardan. Elə bilirəm tək ayaqla daha uzağa gedə bilər adamlar. Bir də, çalışın vaxtında xoşbəxt olasınız. Sonra xoşbəxt olmağa vaxtınız olmayacaq...

X

XƏBƏRLƏR
BÖYÜT