Əlil kişi və sağlam qadın evliliyi: cəmiyyət buna nə dərəcədə hazırdır?
15:29 – 30 Aprel, 2014

Cəmiyyətin natamamlıq kompleksi: sağlam insan əlillə ailə qura bilməz

 

Əlillər cəmiyyətin bir subyekti olsa da, onlara münasibət birmənalı deyil. Fiziki cəhətdən qüsuru olan insanlar ömür boyu “ikinci dərəcəli insan” statusu ilə yaşamağa məhkum olurlar. Bu hal onlarda natamamlıq kompleksi yaradır və bu kompleks ən çox özünü əlillər ailə quran zaman büruzə verir. Başqa sözlə desək, hər hansı fiziki qüsuru olan şəxs özünü ailə həyatına hazırlayan zaman daha çox natamam hiss edir. Səbəb isə... Cəmiyyətimizdə yazılmamış qanunlardan biri də əlillərə qız verməmək, əlil qızla ailə qurmamaqdır. Digər yazılmamış qanuna görə əlil yalnız əlillə evlənməlidir. Bu isə artıq əlillərin deyil, cəmiyyətin natamamlıq kompleksidir. Təbii ki, istisnalar da var. Əlil qadınla ailə quran kişiləri, yaxud əlilə ərə gedən qadınları biz də tanıyırıq. Sayları az da olsa, belələri var. Problemi ömür yolunu birgə cızan belə cütlüklərdən birinin timsalında araşdırmaq daha maraqlı olar.

 

Əlilliyi olan kişinin sağlam qadın və ya əksinə, əlilliyi olan qadının sağlam kişi ilə evliliyi nə dərəcədə normaldır? Cəmiyyət bu kimi nigahlara hazırdırmı? Nə səbəbdən məhz əlilliyi olan insanların bir biri ilə nigara girməsi məqsədəuyğun sayılmalıdır? Bu suallara “Normal deyil”, “hazır deyil” kimi standart cavablar verməklə yaxamızı kənara çəkə bilərik. Amma məsələn, Bakı sakini Aynurə Qasımovanın serebral iflic xəstəsi olan, nitqi qüsurlu, dayaq-hərəkət sistemində problemləri olan Əli Qasımovla ailə qurması cəmiyyətdə yaranmış “əlilə qız vermək olmaq” stereotipini kökündən dağıdır. Maraqlıdır, araşdırmalar göstərir ki, bu tip nikahlar sağlam insanların qurduğu nikahlardan uğursuz sayılmır, əksinə bəzi hallarda isə daha uğurlu olur.

 

Aynurə və Əli Qasımovların ailə qurması özü ilə başqa bir sual ortaya çıxarır - niyə əlillər sağlam insanlarla ailə qurması cəmiyyət tərəfindən niyə birmənalı qarşılanmır? Onların bir yerdə yaşaması hansı problemlər yaradır?

 

APA TV-də yayımlanan “Qadınlar danışarsa...” proqramının qonağı olan Aynurə Qasımova atdığı addımı belə izah edir: “Biz dinə, inanclara bağlı adamlarıq. Elə ilk yaxınlığımız burdan başladı. Ümumi dostlarımızın vasitəsi ilə tanış olduq. O qadına qarşı çox diqqətlidir, qadınlara dəyər verən, onları başa düşən biridir. Mənim üçün bu dəyərlərin böyük önəmi var.  O ailə başçısı kimi çox uğurlu adamdır”.

 

Əli Qasımov təkcə fiziki cəhətdən əlil deyil, onun nitqi də qüsurludur. O ətrafla xanımının vasitəsilə ünsiyyət qurur. Elə proqramda da xanımının yardımı ilə fikrini belə izah etdi: “Məncə, mən çox bəxtəvər biriyəm. Çünki mənim belə bir xanımım var”. Demək ki, cəmiyyət əlilləri özündən küsdürsə də, bu toplumun içindən olan bir qadın bu küskünlüyü aradan qaldıra və bir əlili “mən çox bəxtəvərəm” deməyə vadar edə bilərmiş...

 

Aynurə və Əli bir aya yaxın sadəcə tanış kimi ünsiyyətdə olublar. Sonra Əli Aynurəyə ailə qurmağı təklif edib. Amma bir şərtlə - əvvəlcə bir neçə ay bir yerdə yaşamalıyıq. Səbəbi izah etməyə gərək yoxdur, Əli həyatda birgə addımlayacağı xanımın bir əlillə yaşamağa səbrinin çatacağını yoxlamaq, onun səbrini sınağa çəkmək istəyib.

 

Aynurə Qasımova əlil insanla ailə qurmağın çətin olacağı fikri ilə əvvəldən barışıb: “Bilirdim ki, çətin olacaq. Çünki biz tanış olanda, necə ki, indi siz onun dediklərinizi anlamırsınız, mən də anlamırdım. Onun sözlərini mənə dostları anladırdı. Ona görə Əli mənə dedi ki, 4-5 ay nikah bağlamadan birlikdə yaşayaq, əgər dözə bilsən, evlənərik”.

 

İnanclı xanımın, nikaha girmədən bir neçə ay başqa kişi ilə yaşaması həm mənəvi, həm də dini baxımdan yolverilməzdir. Bunu Aynurə Qasımova da bilib, amma deyir ki, həmin an bu barədə düşünməyib: “Bu mənim ikinci nikahımdır. Birinci nikahdan bir övladım var. Biz üçlükdə bir yerdə yaşadıq. Ona qulluq eləmək, baxmaq, qaldırıb oturtmağa gücümün çatıb-çatmayacağını sınamaq lazım idi. O belə istəyirdi. Mən Allahdan güc istəyirdim ki, bu işin öhdəsindən gəlim. Və məncə bacardım”.

 

Əli Quliyev anadan qüsurlu doğulmayıb, 6 aylıq olanda serebral iflic keçirib. Həmin xəstəlik nəticəsində indiki qüsurları yaranıb. Orta təhsili var, amma ərəb dilini öyrənib. Müxtəlif zamanlarda evdə tələbə hazırlayıb. Ən böyük arzusu qız atası olmaqdır.

 

Psixoloq Ülkər Sadıqovanın fikrincə bu cür nikahlar həm insanın, həm də cəmiyyətin belə halları qəbul etməyə hazırlığı baxımından vacibdir. “Eyni zamanda bu, böyük riskdir. Bəşəriyyət yaranandan bizi yaşadan sevgidir. Bu cür ailələr sevgiyə daha çox əsaslanmalıdır. Cəmiyyət də belə tip evlilikləri normal qarşılamağı öyrənməlidir. Mən bu insanların qınaq obyektinə çevrilməsinə qarşıyam. Hamıdan əvvəl əlilliyi olan insanlar özləri bu baryerləri qırıb atmalıdırlar”.

 

Psixoloq deyir ki, iki fiziki qüsurlu insan evlənəndə onlara üçüncü yardımçı tələb olunur ki, onları idarə eləsin: “Bu, yaxşı görünmür. Amma bir əlil və bir sağlam insanın nikaha girməsi daha yaxşıdır. Sadəcə insanlar bunu qəbul edə bilmirlər. Amma bu cür evliliklər əlilliyi olan insanları həm də mənəvi, psixoloji problemlərdən azad edir”.

 

Sadiq Əliyev unikal ailə modellərindən birinə sahiblənmiş Əli Qasımovun dostudur. O deyir ki, dostunun evlənməsi üçün azı 20 ailəyə müraciət ediblər. “O ailələrdən birində qız nikaha girməyə razı olmadı, digərində valideynlər etiraz elədi. Birində ailədaxili münasibətlər Əlinin xoşuna gəlmədi. Biz çox araşdırdıq. Amma sonu yaxşı qurtardı. Bu zaman ərzində mənə təsir edən bir amil oldu - insanların əlillərdən aldığı evlilik təkliflərinə belə sərt davranmaları”.

 

Psixoloq Ülkər Sadıqova deyir ki, lazım gəlsə, bu tip ailələrin qurulması üçün xüsusi maarifləndirici tədbirlər həyata keçirilməlidir: “Əlil insanlara başa salmaq lazımdır ki, fiziki cəhətdən qüsurlu olmaları onların ailə qurmasına heç bir maneçilik törətmir”. 

X

XƏBƏRLƏR
BÖYÜT