00:01 01 Mart 2021 107
Ana səhifə Dünyanın bu günü

Dünyanın bu günü - 01.03.2021

ANADAN OLANLAR

ZÜMRÜD AXUNDOVA

(1912-1961)

İlk azərbaycanlı qadın alim, pedaqoq Zümrüd Qulam qızı Axundova 1912-ci il martın 1-də Şəkidə anadan olub. Orta təhsilini Bakı Pedaqoji Texnikumunda alıb, 1931-ci ildə isə Azərbaycan Dövlət Ali Pedaqoji İnstitutunu bitirib. Bakının müxtəlif ali məktəblərində pedaqoji fəaliyyətlə məşğul olub, 1943-1948-ci illərdə Qiyabi Pedaqoji İnstitutda pedaqogika kafedrasına rəhbərlik edib, 1948-ci ildən ömrünün sonuna kimi Azərbaycan Dövlət Universitetində çalışıb. İkinci Dünya Müharibəsi dövründə universitet qəzetinin redaktoru olub, uşaq ədəbiyyatının inkişafına dair elmi araşdırmalarını müntəzəm olaraq "Azərbaycan qadını" jurnalında çap etdirib. Azərbaycanda qadın təhsili tarixini ilk dəfə tədqiq edən Zümrüd Axundova 1961-ci il dekabrın 7-də Bakıda vəfat edib. O, akademik Məmməd Arif Dadaşzadənin həyat yoldaşı, əməkdar elm xadimi Araz Dadaşzadənin anasıdır.

ELMİRA QAFAROVA

(1934-1993)

Sovet Azərbaycanının partiya və dövlət xadimi Elmira Mikayıl qızı Qafarova 1934-cü il martın 1-də Bakının Balaxanı qəsəbəsində qulluqçu ailəsində doğulub. 1953-1958-ci illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində oxuyub, 1955-1958-ci illərdə universitetin komsomol komitəsinin katibi vəzifəsində çalışıb. 1961-1962-ci illərdə Azərbaycan KP MK-da elm və ali məktəblər şöbəsində təlimatçı, 1962-1963-cü illərdə Azərbaycan Lenin Kommunist Gənclər İttifaqının katibi, 1970-1971-ci illərdə Azərbaycan KP MK mədəniyyət şöbəsi müdirinin müavini, 1971-1980-ci illərdə isə Azərbaycan KP Bakı Komitəsinin ideologiya katibi vəzifələrində çalışıb. 1980-1983-cü illərdə Azərbaycan SSR-in Maarif naziri, 1983-1987-ci illərdə Azərbaycan SSR-in Xarici İşlər naziri, 1987-1989-cu illərdə Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini, 1989-1992-ci illərdə Azərbaycan SSR Ali Sovetinin sədri olub. 1990-cı yanvarın 19-dan 20-nə keçən gecə Bakıya sovet ordusunun yeridilməsi nəticəsində baş verən faciə ilə əlaqədar kəskin etiraz bəyanatı yayıb və Ali Sovetin sessiyasını çağıraraq, bu qanlı cinayəti pisləyən qərara imza atıb. Filologiya elmləri namizədi Elmira Qafarova 1993-cü il avqustun 1-də Bakı şəhərində vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.

AYDIN DADAŞOV

(1952-2017)

Azərbaycanın əməkdar incəsənət xadimi, kinoşünas, kinodramaturq, rejissor Aydın Ərşad oğlu Dadaşov 1952-ci ilin bu günü Ağdam şəhərində anadan olub. 1972-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun iqtisad fakültəsini, 1980-ci ildə Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunun dram sənəti fakültəsini, 1982-ci ildə isə Moskvada ikiillik ali rejissorluq və ssenari kurslarını bitirib. Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasında bədii filmlər üzrə direktor, rejissor və redaktor vəzifələrində çalışıb. 1989-cu ildən Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin "Televiziya və radio jurnalistikası" kafedrasında müəllim, dosent və professor, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Kino və televiziya” fakültəsinin "Kinoşünaslıq" kafedrasının müdiri olub. 30-a yaxın filmin rejissoru, 50-yə yaxın filmin ssenari müəllifi olan Aydın Dadaşov 2017-ci il martın 15-də Bakıda dünyasını dəyişib.

SALMAN BAXŞIYEV

(1949-1990)

20 Yanvar şəhidi Salman Babaxan oğlu Baxşıyev 1949-cu il martın 1-də Lənkəranda anadan olub. Lənkəran şəhər qarışıq mallar ticarəti idarəsində işləyib. Salman Baxşıyev 1990-cı il yanvarın 26-da Lənkəranda sovet ordusuna məxsus helikopterdən açılan atəş nəticəsində boğazından yaralanaraq şəhid olub və Lənkəranda dəfn olunub. Dörd övladı yadigar qalıb.

ARZU SADIQOV

(1963-1994)

Şəhid Arzu Həmid oğlu Sadıqov 1964-cü ilin bu günü Naxçıvan MR Ordubad rayonunun Yuxarı Əylis kəndində anadan olub. Xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə dəfələrlə müxtəlif mükafatlara və medallara layiq görülüb. 1992-1994-cü illərdə N saylı Xüsusi Təyinatlı Alay komandirinin döyüş üzrə müavini olub. Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şücaət göstərib, Füzuli şəhərinin müdafiəsində iştirak edib. Mayor Arzu Sadıqov 1994-cü il mayın 12-də şəhid olub və II Fəxri Xiyabanda dəfn edilib. Azərbaycan Prezidentinin 20 iyun 1994-cü il tarixli fərmanı ilə ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub.

YASİF KƏRİMOV

(1973-1992)

Şəhid Yasif Fəzi oğlu Kərimov 1 mart 1973-cü ildə Bərdə rayonunun Yeni Daşkənd kəndində anadan olub. 24 mart 1992-ci ildə Bərdə rayon Hərbi Komissarlığı tərəfindən Milli Orduya çağırılıb. 22 avqust 1992-ci ildə Ağdərənin Drmbon kəndi yaxınlığında gedən döyüşdə top qəlpəsindən şəhid olub və doğulduğu kənddə dəfn olunub. Onun haqqında Araz Yaquboğlu "Ömrün şəhidlik zirvəsi" adlı kitab yazıb.

AĞASADIQ ASLANOV

(1991-2020)

Şəhid Ağasadıq Xəlil oğlu Aslanov 1991-ci il martın 1-də Neftçala rayonunun Kür Qarabucaq kəndində anadan olub. Orta təhsilini başa vurduqdan sonra həqiqi hərbi xidmətə çağırılıb. Daha sonra müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi yenidən ordu sıralarına qayıdıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsi zamanı pilotsuz uçuş aparatlarının (PUA) idarə olunmasında və düşmən hədəflərinin məhv edilməsində şücaət göstərib. Xocavənd və Füzuli uğrunda gedən döyüşlərdə iştirak edib. Gizir Ağasadıq Aslanov noyabrın 8-də Şuşa döyüşləri zamanı şəhid olub və Neftçala rayonunda dəfn olunub. Ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni, "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.

ASİF QOCAYEV

(1991-2020)

Şəhid Asif Yolçu oğlu Qocayev 1 mart 1991-ci ildə Gəncə şəhərində anadan olub. “Azərbaycan Dəmir Yolları” QSC-də çalışıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib və noyabrın 8-də Şuşa döyüşləri zamanı şəhid olub. Gəncə şəhərində dəfn olunub. Əsgər Asif Qocayev ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

TAMERLAN SÜLEYMANOV

(1992-2020)

Şəhid Tamerlan Xankişi oğlu Süleymanov 1992-ci ilin bu günü Lerik rayonunun Tikəband kəndində anadan olub. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Cəbrayıl və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Kiçik gizir Tamerlan Süleymanov oktyabrın 29-da Füzuli döyüşləri zamanı şəhid olub. Ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.

ELGİZ MEHTİYEV

(1999-2020)

Şəhid Elgiz Şahin oğlu Mehtiyev 1999-cu il martın 1-də Saatlı rayonunun Bəylər kəndində anadan olub. Orta təhsilini başa vurduqdan sonra həqiqi hərbi xidmətə çağırılıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Əsgər Elgiz Mehtiyev noyabrın 5-də Qubadlı döyüşləri zamanı şəhid olub. Ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.

ŞƏHRİYAR MİRİŞLİ

(2002-2020)

Şəhid Şəhriyar Bəxtiyar oğlu Mirişli 1 mart 2002-ci ildə Biləsuvar şəhərində anadan olub. 2020-ci ildə hərbi xidmətə başlayıb. 27 sentyabr 2020-ci ildə başlayan Vətən Müharibəsində Cəbrayıl və Füzuli rayonları uğrunda gedən döyüşlərdə iştirak edib. Əsgər Şəhriyar Mirişli Laçın rayonu uğrunda gedən döyüşlərdə şəhid olub və oktyabrın 23-də Biləsuvar şəhər məzarıstanlığında dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Cəbrayılın azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalı ilə təltif olunub.

QƏZƏNFƏR XALIQOV

(1898-1981)

Azərbaycanın xalq rəssamı Qəzənfər Ələkbər oğlu Xalıqovun anım günüdür. O, 16 dekabr 1898-ci ildə Bakı yaxınlığındakı Qobu qəsəbəsində anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda təhsil alıb. "Molla Nəsrəddin", "Kirpi" jurnallarında, "Gənc işçi" qəzetində karikaturaçı rəssam kimi fəaliyyət göstərib. 1940-cı ildə Nizami Gəncəvinin 800 illik yubileyi ilə bağlı "Nizaminin portreti" əsərini ərsəyə gətirərək, onun portretini yaratmış ilk rəssam olub. Əsərləri Azərbaycan Milli İncəsənət Muzeyində, Milli Azərbaycan Ədəbiyyatı Muzeyində və Azərbaycan Dövlət Rəsm Qalereyasının fondunda saxlanılır. "Şərəf Nişanı" və "Qırmızı Əmək Bayrağı" ordenləri ilə təltif olunan Qəzənfər Xalıqov 1 mart 1981-ci ildə Bakıda vəfat edib.

CAHAN TALIŞİNSKAYA

(1909-1967)

Azərbaycanın əməkdar artisti, müğənni-xanəndə Cahan Rza qızı Talışinskayanın xatirə günüdür. O, 1909-cu il fevralın 9-da Lənkəran şəhərində anadan olub. Azərbaycan Qızlar Seminariyasına daxil olub, eyni zamanda musiqi və vokalla maraqlanıb. Seminariyada oxuduğu illərdə Əli Bayramov adına klubun nəzdində təşkil olunmuş bədii özfəaliyyət dərnəyində iştirak etməyə başlayıb. 1927-ci ildən Bakı şəhərinin radio şəbəkəsində işə qəbul olunub, daha sonra Dövlət Estradası və Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. "Qubanın ağ alması", "Uca dağlar", "Dəli Ceyran", "Kürdün gözəli" kimi bir çox populyar xalq mahnıları ilk dəfə məhz onun ifasında lentə alınıb. 1942-ci ildə Qazaxıstana sürgün olunsa da, Daşkəndə köçüb və orada şəhər Filarmoniyasında solist ifaçı kimi çalışmağa başlayıb. Cahan Talışinskaya yalnız 1966-cı ildə Daşkənddə baş verən zəlzələdən sonra Bakıya qayıdıb və 1967-ci ildə burada vəfat edib. O, Azərbaycanın əməkdar memarı Nazim Məmməd oğlu Hacıbəyovun anasıdır.

KAMİL ƏLİYEV

(1921-2005)

Azərbaycanın xalq rəssamı Kamil Müseyib oğlu Əliyev də bu gün xatırlanır. O, 1921-ci il oktyabrın 22-də İrəvan şəhərində anadan olub. Bakı Rəssamlıq Məktəbində təhsil alıb. “Soyuz-Torq Reklam”ın baş direktoru, baş rəssamı, Bədii Fondun Yaradıcı-İstehsalat Kombinatının direktoru, Bakı Zərgərlik Fabrikinin direktoru, Yerli Sənaye Nazirliyinin İstehsalat şöbəsinin müdiri vəzifələrində işləyib. 1993-cü ildən ömrünün sonuna qədər “Azərxalça” Elm-İstehsalat Birliyinin baş direktoru olub. Xalq dekorativ-tətbiqi sənəti sahəsində gördüyü səmərəli elmi işlərə görə ona professor elmi dərəcəsi verilib. Əsərləri Paris, London, Tokio, Dehli, Ankara, İstanbul, Tehran, Moskva və başqa şəhərlərin nüfuzlu muzey və qalereyalarında nümayiş edilib. “İstiqlal” ordeni və medallarla təltif edilib. Kamil Əliyev 1 mart 2005-ci ildə vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.

HİCRAN HÜSEYNOV

(1942-2013)

Azərbaycanın əməkdar artisti, diktor Hicran Soltan oğlu Hüseynovun xatirə günüdür. O, 1942-ci ilin may ayının 6-da Qəbələ rayonunda dünyaya gəlib. 1959-cu ildə Qəbələ rayon orta məktəbini bitirdikdən sonra Bakı Kitabxanaçılıq Texnikumuna, 1964-cü ildə isə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyorluğu fakültəsinə daxil olub. 1968-ci ildə həmin institutu bitirərək təyinatla Sumqayıt Dövlət Dram Teatrına aktyor göndərilib. Sovet ordusunda zabit kimi xidmət etdikdən sonra 1971-ci ildən AzTV-də diktor vəzifəsində fəaliyyətə başlayıb. 2006-cı ildən "Mədəniyyət" telekanalında baş redaktor olub. Hicran Hüseynov 1 mart 2013-cü ildə Bakıda vəfat edib və Mərdəkan qəbiristanlığında torpağa tapşırılıb.

LÜTVİYYƏ SƏFƏROVA

(1941-2010)

Azərbaycan aktrisası Lütviyyə Şamil qızı Səfərovanın anım günüdür. O, 1941-ci il martın 11-də anadan olub. Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunun vokal şöbəsini bitirdikdən sonra Azərbaycan Dövlət Musiqili Komediya Teatrında işləməyə dəvət edilib. Teatrda bir sıra tamaşalarda yaddaqalan obrazlar canlandırıb. 1989-cu ildən "Tənqid-Təbliğ" Teatrında işləyib, 1996-cı ildə yenidən Azərbaycan Dövlət Musiqili Komediya Teatrına qayıdıb. Lütviyyə Səfərova 2010-cu il martın 1-də Bakıda vəfat edib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın