02:30 01 Aprel 2020 587
Ana səhifə Dünyanın bu günü

Dünyanın bu günü - 02.04.2020

KƏLBƏCƏRİN İŞĞALI

(1993)

Azərbaycanın Kəlbəcər rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalınIn ildönümüdür. Ermənistan hərbi birləşmələrinin 1993-cü il martın 27-də başlanan genişmiqyaslı hücumu aprelin 2-də Kəlbəcər rayonunun işğalı ilə başa çatıb. İşğal nəticəsində 53340 nəfər öz dədə-baba torpaqlarından qovulub, 511 dinc sakin öldürülüb, 321 adam əsir götürülüb və itkin düşüb, rayona 761 milyon ABŞ dolları məbləğində ziyan dəyib.

Kəlbəcər Azərbaycanın işğal olunmuş rayonları arasında ərazicə ən böyüyüdür. İşğal nəticəsində rayon mərkəzi, 150-yə yaxın kənd, həmçinin onlarca tarixi-mədəniyyət abidəsi, bir muzey, “İstisu” sanatoriyası və digər mühüm obyektlər erməni quldurları tərəfindən xarabazara çevrilib. İşğal nəticəsində Kəlbəcərin 60 min nəfər əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur olub. Kəlbəcər rayonunun işğalı o vaxt üçün Qarabağ müharibəsində Azərbaycanın ən böyük hərbi-strateji məğlubiyyəti idi. Kəlbəcərin işğalından sonra 3205 saylı iclasda BMT Təhlükəsizlik Şurası 822 saylı qətnamə qəbul edib. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunsa da, həmin qətnamə, o cümlədən sonradan qəbul olunmuş daha 3 qətnamə indiyədək yerinə yetirilməyib.

Qeyd edək ki, ümumi sahəsi 3054 kv. km olan Kəlbəcər 1930-cu il avqustun 8-də inzibati rayon statusu alıb. Qərbdə Ermənistan respublikası, şimalda Daşkəsən, Göygöl, Goranboy, şimal-şərqdə Tərtər, şərqdə Ağdam, Xocalı, cənubda Laçın rayonları ilə həmsərhəddir. Rayonun 144 kəndi, 1 şəhəri və 1 şəhər tipli qəsəbəsi var. Ağdərə rayonunun 20-yə qədər kəndi də Kəlbəcər inzibati bölgəsinə daxildir. Kəlbəcər rayonu Bakıdan təxminən 450 km qərbdə, Bərdə-İstisu (Kəlbəcər) avtomobil yolunun kənarında, Tərtər çayı sahilində, sıldırım qayalıqlar üzərində yerləşir.

APREL DÖYÜŞLƏRİ

(2016)

Azərbaycan Ordusunun parlaq tarixi qələbələrindən olan şanlı aprel döyüşlərinin ildönümüdür. 2016-cı il aprelin 2-də Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradıb, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad edib. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçib. Azərbaycan Ordusu dördgünlük Aprel döyüşləri ilə 23 ildən sonra xalqımıza qələbə sevinci yaşadıb.

Aprel hadisələrində cəbhənin ən gərgin istiqaməti Ağdərə-Tərtər-Ağdam və Füzuli istiqaməti olub. Azərbaycan Silahlı Qüvvələrinin bölmələri aprelin əvvəlində qısa müddətdə düşmənin öndə və dərinlikdə cəmləşən qüvvələrini müəyyənləşdirib və qəti zərbələrlə sıradan çıxarıb. Uğurlu əməliyyatlar nəticəsində Naftalan şəhərinə təhlükə yaradacaq Talış kəndi istiqamətindəki yüksəkliklər işğalçılardan təmizlənib. Həmçinin Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən olduqca strateji əhəmiyyətli Lələtəpə yüksəkliyi azad edilib. Ordumuzun qəti zərbələri nəticəsində düşmənin 30-dək tankı, 25-dən çox artilleriya qurğusu və digər zirehli texnikası məhv edilib, 320 hərbçisi öldürülüb, 500-dən artıq döyüşçüsü yaralanıb. Ağdərə-Madagiz istiqamətində yolların nəzarətdə saxlanılması təmin edilib. Aprel döyüşlərində illərlə yaradılan “məğlubedilməz erməni ordusu” mifi dağıdılıb və erməni xalqı işğalçılıq siyasətinin iflasa uğradığını dərk edib. Aprel qələbəsi əsgərlərimizin döyüş ruhunun, ordu ilə xalqın birliyinin təcəssümü olub.

Ermənistan ordusunun təmas xəttində törətdikləri təxribatlar zamanı dinc əhali arasında da həlak olan və yaralananlar olub, yaşayış məntəqələrimizə böyük ziyan dəyib. Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanması, erməni işğalçılarının 2016-cı il aprelin 2-dən 5-dək qoşunların təmas xəttində törətdikləri silahlı təxribatların qarşısının alınması və düşmənin dinc əhaliyə hücumlarının dəf edilməsi zamanı göstərdikləri qəhrəmanlıq və igidliyə görə Azərbaycan hərbçilərinin xüsusi fərqlənən bir qrupu 2016-cı il aprelin 19-da Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə yüksək fəxri ada layiq görülüb, orden və medallarla təltif edilib. Vətən qarşısındakı xidmətlərinə görə təltif edilənlər arasında “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına, “Azərbaycan Bayrağı” və “Vətənə xidmətə görə” ordenlərinə, “Vətən uğrunda”, “İgidliyə görə” və “Hərbi xidmətlərə görə” medallarına layiq görülənlər var.

MİR HİDAYƏT BƏY SEYİDOV

(1887-1919)

İrəvan və Naxçıvan quberniyalarının Müsəlman Milli Şurasının sədri Mir Hidayət bəy Mir Adil oğlu Seyidov 1887-ci ilin bu günü Gəncədə anadan olub. O, 1906-cı ildə Yelizavetpol gimnaziyasını bitirəndən sonra Kazan Universitetinin hüquq fakültəsində təhsilini davam etdirib. Təhsilini başa vurandan sonra vətənə dönərək, İrəvan və Naxçıvan quberniyalarında fəaliyyət göstərib, hətta İrəvan və Naxçıvan quberniyalarının Müsəlman Milli Şurasının sədri olub. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü olub. 1918-ci ildən başlayaraq erməni daşnakları Naxçıvana aramsız hücumlar etdiyindən, Mir Hidayət bəy ata vətəni Naxçıvana qayıdıb və Ordubadın düşməndən müdafiə olunmasında fədakarlıq göstərib. Ordubad Milli Müdafiə Şurasına ən çətin vaxtlarda sədrlik edən Mir Hidayət bəy 1919-cu ildə Ordubadda vəfat edib.

AZƏR BUZOVNALI

(1870-1951)

Füzuli poeziyasının davamçısı kimi şöhrət qazanan görkəmli qəzəl ustası Məşədi Azər Hacıməcid oğlu İmaməliyev (Azər Buzovnalı) 2 aprel 1870-ci ildə Bakının Buzovna kəndində anadan olub. Gənclik illərini o vaxtlar Petrovski-Port adlanan indiki Mahaçqalada keçirən şair ədəbi fəaliyyətə bu şəhərdə başlayıb. Bir neçə ildən sonra həmişəlik Bakıya köçüb. Ədəbi fəaliyyətlə yanaşı, Buzovna qəsəbəsində və bir sıra şəhər məktəblərində uzun müddət müəllimlik edib. Firdovsi, Nizami, Xaqani və bir çox klassik şairlərin fars dilində yazdıqları müxtəlif şeir və poemaları tərcümə edib. 1917-ci ildə onun “Həmvətənlərimə” adlı məcmuəsi Bakıda “Açıq söz” mətbəəsində çap olunub. Məşədi Azər Buzovnalı 1951-ci il avqustun 8-də 81 yaşında Buzovnada vəfat edib.

EMİL ZOLYA

(1840-1908)

Məşhur fransız yazıçısı, XIX əsrin ikinci yarısında realizmin ən görkəmli nümayəndələrindən biri, naturalizm ədəbi cərəyanının rəhbəri və nəzəriyyəçisi Emil Zolya 1840-cı il dekabrın 2-də Parisdə dünyaya gəlib. Burbon kollecini bitirdikdən sonra universitetə qəbul olmaq üçün iki dəfə imtahan versə də, cəhdləri uğursuz olub və təhsilinə davam edə bilməyib. Nəşriyyat Evində çalışmağa başlayıb, qəzetlərdə sənət və ədəbiyyat tənqidləri dərc edib. 1866-cı ildə yalnız yazıçı kimi fəaliyyət göstərməyi qərara alıb. "Klodun etirafı", "Nana", "Jerminal", "Tereza Rakin", "Həqiqət gəzir" kimi məşhur əsərlərin müəllifidir. 1880-ci ildə Fransada onun rəhbərliyi altında ədəbiyyatda yeni cərəyan olan naturalizm cərəyanına mənsub bir qrup yaranıb. Emil Zolya 1902-ci il sentyabrın 29-da qaldığı hotelin yataq otağında dəm qazından zəhərlənərək vəfat edib. Onun dəfn mərasiminə 50 min insan qatılıb. Cənazəsi Monmartr qəbiristanlığında dəfn olunsa da, parlamentin qərarı ilə 1908-ci il iyunun 4-də Panteon qəbiristanlığına köçürülüb.

ƏLFƏDDİN ABDULLAYEV

(1929-2014)

Azərbaycanın tanınmış həkimi, tibb elmləri namizədi Əlfəddin Abdullayev 1929-cu il martın 2-də Oğuz rayonunun Xal-xal kəndində anadan olub. 1946-cı ildə Azərbaycan Tibb İnstitutuna daxil olub. Təyinatla Cənubi Qazaxıstan vilayətinin Bostandq rayonuna işə göndərilib, Xocakənd kənd xəstəxanasında baş həkim, sonra rayon mərkəzində həkim-terapevt işləyib. Üç il Qazaxıstanda çalışandan sonra 1955-ci ildə Azərbaycana qayıdıb. 1956-cı ildə tibb elmləri namizədi alimlik dərəcəsi alıb, 1965-ci ildən 1968-ci ilə qədər Səhiyyə Nazirliyinin dördüncü idarəsinin (Leçkomissiya) birinci poliklinikasında təxirəsalınmaz xidmət üzrə baş həkimin müavini və həkim endokrinoloq işləyib, eyni zamanda Azərbaycan SSR Nazirlər Sovetinin sədri Ənvər Əlixanovun şəxsi həkimi, Azərbaycan Tibb Universitetinin "Tibb kadrları" qəzetinin redaktoru, 4 saylı Şəhər Xəstəxanasının baş həkimi, Azərbaycan SSR Ali Sovetinin deputatı olub. Azərbaycan Televiziyasında "Sağlamlıq" verilişinin aparıcısı kimi böyük populyarlıq qazanan Əlfəddin Abdullayev 2014-cü il sentyabrın 4-də Bakı şəhərində dünyasını dəyişib.

ŞAMAMA ƏLƏSGƏROVA

(1904-1977)

Həkim, mama-ginekoloq, Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputatı, Sosialist Əməyi Qəhrəmanı Şamama Məmmədkərim qızı Ələsgərovanın xatirə günüdür. O, 1904-cü il martın 8-də İrəvanda anadan olub. İlk təhsilini gimnaziyada alıb. O, Abdulla İbrahimovla ailə həyatı qurub, cütlüyün 1925-ci ildə Sona adlı yeganə qız övladları dünyaya gəlib. Ali təhsil almaq üçün Azərbaycan Tibb İnstitutuna daxil olub. 1941-ci ildə institutu bitirərək cəbhəyə yollanıb. Əmək fəaliyyətinə müharibə illərindən başlayıb. Azərbaycan SSR Xalq Səhiyyə Komissarlığında şöbə müdiri, kadrlar idarəsinin rəisi olub. 1945-ci ildə Bakıdakı 5 nömrəli klinik doğum evinin baş həkimi təyin olunub və ömrünün sonuna kimi həmin vəzifəni yerinə yetirib. 1958-ci ildə “Səhiyyə əlaçısı”, iki il sonra respublikanın əməkdar həkimi, 1969-cu ildə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb. Görkəmli dövlət və elm xadimi Əziz Əliyevin bacısı olan Şamama Ələsgərova 1977-ci ilin aprelində Bakı şəhərində vəfat edib.

SƏBAHƏDDİN ƏLİ

(1907-1948)

Bu gün məşhur türk şairi və yazıçısı Səbahəddin Əlinin anım günüdür. O, 1907-ci il fevralın 25-də o vaxtlar Osmanlı imperiyasının tərkibinə daxil olan, indiki Bolqarıstan ərazisində yerləşən Eğrideredə anadan olub. 1928-1930-cu illərdə Berlin Universitetinin filologiya fakültəsində təhsil alıb, lakin alman tələbə yoldaşı ilə aralarında olan münaqişə səbəbindən təhsilini yarımçıq qoyaraq Almaniyanı tərk edib. Türkiyədə müəllim və qəzet redaktoru işləyib. Bütün hekayə və romanlarında ötən əsrin 30-40-cı illərində Türkiyədə mövcud olan sosial problemlər qabarıq şəkildə əks etdirib. "Quyucaqlı Yusif", "İçimizdəki şeytan", "Xəz paltolu Madonna" onun ən məşhur romanlarıdır. Sezen Aksu, Ahmet Kaya, Nükhet Duru və Volkan Konak şairin sözlərinə yazılmış musiqilər oxuyub. Səbahəddin Əli yazıları üzündən 3 ay həbsdə olub. Həbsdən çıxdıqdan sonra siyasi basqı, təqiblər və işsizlik ucbatından 1948-ci ilin aprelində xaricə qaçmaq istərkən qətlə yetirilib. Məzarının yeri bilinmir.

RÖVŞƏN ALMURADLI

(2006 -2019)

Tanınmış rejissor və ssenarist Rövşən Əziz oğlu Almuradlı da bu gün xatırlanır. O, 1954-cü il aprelin 19-da Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsində ali təhsil alıb, 1984-1987-ci illərdə isə Moskva SSRİ Mədəniyyət Nazirliyi nəzdində Təkmilləşdirmə İnstitutunda ali rejissorluq kursunu bitirib. Müxtəlif illərdə Şəki Dövlət Dram Teatrında, Sumqayıt Dövlət Dram Teatrında, Mingəçevir Dövlət Dram Teatrında aktyor, quruluşçu rejissor, baş rejissor kimi vəzifələrdə çalışıb. "Kral Lir", "Aydın", "Adamın adamı" və başqa tamaşalarda müxtəlif obrazlar yaradıb. "Dərviş və ölüm", "Bayramın birinci günü", "Dəyirman" kimi əsərlərin, "Azadlığa gedən yollar", "Ümid", “Cavad xan” kimi filmlərin quruluşçu rejissoru olub. AzTV-nin "Sabah", "Telefilm" yaradıcılıq birliklərində filmlərin, əsərlərin quruluşçu rejissoru olub, bir müddət Akademik Milli Dram Teatrında quruluşçu rejissor işləyib. Rövşən Almuradlı 2019-cu il aprelin 2-də dünyasını dəyişib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın