00:00 01 İyul 2020 364
Ana səhifə Dünyanın bu günü

Dünyanın bu günü - 01.07.2020

SARI ƏLƏKBƏR

(1874-1938)

1. Gəncə üsyanının təşkilatçılarından Sarı Ələkbər İmamqulu oğlu 1874-cü il iyulun 1-də Gəncədəki Xəlfəli məhəlləsində anadan olub. 1905-ci ildə azərbaycanlıların azadlıq hərəkatının ilkin çağlarından «Difai» milli təşkilatının üzvü olub, bir qədər sonra Gəncə Milli Komitəsinin aparıcı şəxslərindən olmaqla onun iki zərbə dəstəsindən birinə başçılıq edib. Azərbaycan Xalq Cümhuriyyəti dövründə taqım komandiri olub, daha sonra polis idarəsi rəisinin müavini işləyib. Sarı Ələkbər Gəncə üsyanı zamanı XI Qırmızı Ordu hissələrinin tərksilah olunmasında fəal iştirak edib. Üsyan amansızcasına yatırıldıqdan sonra qardaşları və yaxın qohumları istintaqsız-məhkəməsiz güllələnib, özü isə böyük çətinliklərlə Trabzona qaça bilib. San Ələkbər 1938-ci il noyabrın 6-da Türkiyənin Qars şəhərində vəfat edib.

RÜSTƏM İSMAYILOV

(1909-1972)

2. Azərbaycanın əməkdar elm xadimi, Sosialist Əməyi Qəhrəmanı, akademik Rüstəm Hacıəli oğlu İsmayılov 1 iyul 1909-cu ildə Bakı şəhərində dünyaya gəlib. Azərbaycan Neft İnstitutunu mühəndis-texnoloq ixtisası üzrə bitir­ib. “AzərNeft” Zavodlar Birliyinin baş mühəndisi, Neft emalı və Kimya sənayesi idarəsinin rəisi, Azərbaycan SSR Neft emalı və neft-kimya sənayesi naziri, Neft-Kimya Prosesləri İnstitutunda laboratoriya müdiri və digər vəzifələrdə çalışıb. 1967-1970-ci illərdə Azərbaycan EA-nın prezidenti olub. Azərbaycanın neft emalı, neft kimyası və kimya sənayesinin yaradılması, neft-kimya sahəsinin inkişafı üçün karbohidrogen xammalı bazasının yaradılması onun adı ilə bağlıdır. 200-dən çox elmi əsər, 40 müəlliflik şəhadətnaməsi və 7 monoqrafiyanın müəllifidir. SSRİ Dövlət Mükafatı, "Lenin’’ və "Şərəf nişanı" ordenləri ilə təltif olunan Rüstəm İsmayılov 1972-ci il iyunun 1-də Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.

LƏTİFƏ ƏLİYEVA

(1944)

3. Azərbaycanın xalq artisti, teatr və kino aktrisası Lətifə Cahandar qızı Əliyeva 1944-cü ilin bu günü Qazaxın Yuxarı Salahlı kəndində anadan olub. Teatr İnstitutunun dram-kino aktyorluğu fakültəsində təhsil alıb. 1964-cü ildən Gənc Tamaşaçılar Teatrında işləyib. Bir çox tamaşa və filmlərdə yaddaqalan obrazlar yaradıb. Lətifə Əliyeva əməkdar artist, 2018-ci ildə xalq artisti fəxri adına layiq görülüb.

BABA XAMMƏDOV

(1939-1990)

4. 20 Yanvar şəhidi Baba Məhəmməd oğlu Xammədov 1939-cu il iyulun 1-də doğulub. 84 nömrəli texniki-peşə məktəbində fizika müəllimi işləyib. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə güllə səsinə küçəyə çıxıb, bu zaman sovet əsgərinin atdığı güllə onun boğazından dəyib. Xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb və yanvarın 21-də vəfat edib. Baba Xammədov Bakının Şəhidlər Xiyabanında dəfn edilib.

İSLAM QULİYEV

(1957-1992)

5. Şəhid İslam İdris oğlu Quliyev 1 iyul 1957-ci ildə Laçın rayonunun Fingə kəndində anadan olub. Uşaq yaşlarından Kərkicahanda yaşayıb və orta məktəbi orada bitirib. Ermənilərin Azərbaycan torpaqlarına hərbi təcavüzü başlayanda Kərkicahanda özünümüdafiə dəstəsinin yaradıcılarından biri olub və ona rəhbərlik edib. Müdafiə Nazirliyi nəzdində yaradılmış partizan dəstəsinin komandiri olub. Kərkicahan, Kosalar, Şuşa və Ağdərə döyüşlərində iştirak edib. İslam Quliyev 1992-ci il sentyabrın 1-də Ağdərədə şəhid olub. Ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif olunub.

ŞAHZADƏ DİANA

(1961-1997)

6. Uels şahzadəsi Diana 1961-ci ilin bu günü Norfolk qraflığında zadəgan ailəsində anadan olub. Təhsilini İsveçrədə Alpin Videmanette İnstitutunda alıb. İngiltərəyə qayıdanda imtiyazlı uşaq bağçasında tərbiyəçi işləyib. 1981-ci il iyulun 29-da Böyük Britaniya taxt-tacının varisi Şahzadə Çarlzla evlənib. Bu evlilikdən 1982-ci ildə Şahzadə Uilyam, 1983-cü ildə isə Şahzadə Harri dünyaya gəlib. 1992-ci ildən Diana və Çarlz rəsmi olaraq ayrı yaşayıb. Xeyriyyəçilik fəaliyyəti ilə məşhurlaşıb, dünyada sürətlə yayılan QİÇS xəstəliyinə qarşı və minalara qadağa kampaniyalarına qoşulub. Şahzadə Diana 1997-ci il avqustun 31-də nişanlısı, misirli milyarder Dodi əl-Fayedlə birlikdə Parisin Alma tunelində avtomobil qəzasına düşərək həlak olub. Dəfn mərasimi sentyabrın 6-da Vestminster abbatlığında baş tutub.

HÜSEYN BAYKARA

(1904-1984)

7. Azərbaycan mühacir ədəbiyyatının görkəmli nümayəndəsi, araşdırmaçı, tədqiqatçı, publisist və şair Hüseyn Baykaranın xatirə günüdür. Qara Hüseynbəyli 1904-cü ildə Şuşada məşhur Şirinbəyovlar ailəsində anadan olub. Bakı Dövlət Universitetinin Tarix fakültəsində təhsil alıb. Gənclik illərindən bolşeviklər əleyhinə mübarizəyə başlayıb. Müxtəlif illərdə həbs edilib və şair Əhməd Cavadla məhbəs yoldaşı olub. NKVD-çilərin əlinə keçməmək üçün 1927-ci ildə əvvəlcə İrana, sonra isə Türkiyəyə gedib. İstanbula gəldikdən sonra burada Hüseyn Baykara adı ilə yaşayıb və İstanbul Universitetinin Hüquq fakültəsini bitirib. Bir müddət Elazığda hakim, İstanbulda prokuror vəzifəsində çalışıb. "Yeni Kafkasya", "Odlu yurd", "Azərbaycan", "Türk kültürü", "Açıq söz" və başqa jurnal və qəzetlərlə əməkdaşlıq edib. "Azərbaycan mədəniyyəti tarixi" və "Azərbaycan istiqlal mübarizəsi tarixi" kitabları daha çox məşhurdur. Hüseyn Baykara 1984-cü ilin iyulunda Kayseridə vəfat edib və İstanbulda Qaraca Əhməd məzarlığında dəfn edilib.

QARAŞ MƏDƏTOV

(1928-1993)

8. Azərbaycanın əməkdar elm xadimi, tarix elmləri doktoru, professor Qaraş Əli oğlu Mədətovun anım günüdür. O, 1928-ci il fevralın 10-da Naxçıvan MR Kəngərli rayonunun Qara­bağlar kəndində anadan olub. 1950-ci ildə Azərbaycan Dövlət Uni­versitetinin Tarix fakül­tə­sini bitirib, 1953-1956-cı illərdə Mos­kva Dövlət Univer­sitetinin as­pirantu­rasında təhsil alıb. 1956-cı ildə Azər­bay­can Elm­lər Akademiyasının Tarix İnstitu­tuna işə qə­bul edilib, 1968-ci ildən ömrünün so­nu­na­dək burada Azər­bay­canın müasir dövr tarixi şö­bə­sinə rəhbərlik edib. 160-dan artıq elmi əsərin və kitabların müəllifidir. «Şərəf Nişanı» orde­ni, müxtəlif medal və fəxri fərmanlarla təltif edilən Qaraş Mədətov 1993-cü ilin iyulunda Bakıda vəfat edib.

LYUDMİLA ZIKİNA

(1929-2009)

9. SSRİ və Azərbaycanın xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Lyudmila Zıkina da bu gün xatırlanır. O, 1929-cu il iyunun 10-da Moskva şəhərində anadan olub. Yaradıcılığa 1947-ci ildə gənc ifaçıların Ümumrusiya müsabiqəsində iştirakı ilə başlayıb. Müharibə başlayanda fabrikdə toxucu işləyib, axşamlar isə hospitalda yaralılar qarşısında çıxış edib. ABŞ-da ona “Miss Volqa” adı verilib, Tokioda adına xor yaradılıb. Ömrünün son illərində Qnesinlər adına Rusiya Musiqi Akademiyasının professoru olan Lyudmila Zıkina 2009-cu ilin iyulunda Moskvada vəfat edib.

FRED ASİF

(1952-1994)

10. Azərbaycanın Milli Qəhrəmanı Fred Asifin xatirə günüdür. Asif Yusif oğlu Məhərrəmov 1952-ci il iyulun 26-da Ağdam şəhərində anadan olub. 1969-cu ildə burada 1 saylı orta məktəbi bitirib, Ağdam Dəzgahqayırma Zavodunda fəhlə kimi əmək fəaliyyətinə başlayıb. Ermənilərin Azərbaycana hərbi təcavüzü başlayandan sonra Xalq Cəbhəsinin özünümüdafiə dəstəsini yaradıb. 1992-ci ildə məhz onun köməyi nəticəsində Aranzəmin, Pircamal və Dəhraz kəndləri düşməndən azad edilib. Naxçıvanik uğrunda gedən döyüşdə ağır yaralanıb, müalicə olunduqdan sonra yenidən cəbhəyə qayıdıb. Azərbaycan Prezidentinin 7 dekabr 1992-ci il tarixli fərmanı ilə “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb, amma sağlığında bu adı qəbul etməkdən imtina edib. 1993-cü ilin oktyabrında Şelli uğrunda gedən döyüşdə iştirak edib, səhhəti ağırlaşdığı üçün hərbi hissəni təhvil verib və müalicə məqsədilə Yalta şəhərinə gedib. Fred Asif 1 iyul 1994-cü ildə Yaltada vərəmdən vəfat edib və Bakıda II Fəxri Xiyabanda dəfn edilib. Paytaxt küçələrindən biri onun adını daşıyır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın