00:00 01 Oktyabr 2020 169
Ana səhifə Dünyanın bu günü

Dünyanın bu günü - 01.10.2020

PROKURORLUQ İŞÇİLƏRİ GÜNÜ

(1998)

Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1 oktyabr 1918-ci il tarixli qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində prokurorluq orqanları fəaliyyətə başlayıb. Azərbaycan Prezidenti Heydər Əliyev bu qərarı əsas tutaraq, hər il oktyabr ayının 1-nin Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü kimi qeyd edilməsi barədə 17 iyul 1998-ci il tarixli sərəncam imzalayıb. Dövlət idarəetmə mexanizminin tərkib hissəsi kimi prokurorluğun əsası ilk dəfə XIV əsrin əvvəllərində Fransada kral lV Filipp tərəfindən qoyulub.

LEV NİKOLAYEVİÇ QUMİLYOV

(1912-1992)

Rusiyanın məşhur tarixçi alimi, etnoqraf Lev Nikolayeviç Qumilyov 1912-ci il oktyabrın 1-də Rusiyanın Çarskoye Selo əyalətində şairə Anna Axmatova və yazıçı Nikolay Qumilyovun ailəsində doğulub. İlk dəfə 23 yaşında - 1935-ci ildə, daha sonra 1938-ci ildə həbs edilib. 1943-cü ilədək məhbəsdə saxlanılıb. Həbsdəna zad olunduqdan sonra İkinci Dünya müharibəsində iştirak edib. Leninqrad Dövlət Universitetinin Tarix fakültəsini bitirib. Leninqrad psixoterapevtik xəstəxanasında, Ümumittifaq Coğrafiya Cəmiyyətinin Leninqrad şöbəsində və SSRİ Xalqlarının Etnoqrafiyası Muzeyində müxtəlif vəzifələrdə işləyib. Bir çox əsərin müəllifidir. Lev Qumilyov 1992-ci ilin 15 aprelində vəfat edib.

ZİYAFƏT ABBASOV

(1935)

Azərbaycanın əməkdar incəsənət xadimi, rejissor, ssenari müəllifi, baş redaktor, film direktoru və prodüser Ziyafət Əmir oğlu Abbasov 1 oktyabr 1935-ci ildə Bakıda anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsində təhsil alıb. 1968-1974-cü illərdə Azərbaycan Dövlət Televiziya və Radio Şirkətində, 1974-cü ildən “Azərbaycanfilm” kinostudiyasında rejissor işləyib. “Mozalan” kinojurnalı üçün 34 bədii və sənədli süjet çəkib. Bir müddət “Azərbaycanfilm” kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasının bədii rəhbəri, “Azərbaycanfilm” kinostudiyasının direktoru vəzifələrində çalışıb. Ziyafət Abbasov yüzlərlə rejissora, ssenari müəllifinə və prodüserə müəllimlik etməklə onlara sənətinin incəliklərini öyrədib.

VAQİF BAYATLI

(1948)

Azərbaycanın əməkdar incəsənət xadimi, şair Vaqif İsib oğlu Cəbrayıllı 1948-ci ilin bu günü Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olub. Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda təhsil alıb. Müxtəlif illərdə Bakıda 445 saylı tikinti idarəsində fəhlə, inşaat texniki, 48 saylı tikinti idarəsində normalayıcı mühəndis, "Məhsul" cəmiyyəti mərkəzi şurasında mühəndis, "Ulduz" jurnalında şöbə müdiri, Azərbaycan Televiziya və Radio Şirkətinin xarici ölkələrə verilişlər studiyasının direktoru vəzifələrində çalışıb, "Xəzər" toplusunun baş redaktoru olub. Azərbaycan Mətbuat Fondunun "Mirzə Cəlil mükafatı"na və Rusiyanın "Molodaya qvardiya" nəşriyyatının kütləvi tirajla çap etdiyi müəllifi olduğu "Sıçrayış" kitabına görə Gürcüstan Nazirlər Sovetinin "Vladimir Mayakovski mükafatı"na layiq görülüb. Bir neçə şeir kitabının müəllifidir.

MƏNSUM İBRAHİMOV

(1960)

Azərbaycanın xalq artisti, xanəndə Mənsum İsrafil oğlu İbrahimov 1960-cı il oktyabrın 1-də Ağdam rayonunun İmamqulubəyli kəndində anadan olub. Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunun muğam şöbəsində, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Mədəni Maarif" fakültəsində təhsil alıb. 1985-ci ildə Üzeyir Hacıbəylinin anadan olmasının 100 illiyinə həsr olunmuş müsabiqədə I dərəcəli diploma layiq görülüb. 1993-cü ildən "Leyli və Məcnun" operasında Məcnun rolunu oynayıb. 2010-cu ildə “Şöhrət” ordeni ilə təltif olunub. Mənsum İbrahimov Azərbaycan Milli Konservatoriyasının professorudur.

İMAMVERDİ ƏLİYEV

(1950-1991)

Azərbaycanın Milli Qəhrəmanı İmamverdi Barat oğlu Əliyev 1 oktyabr 1950-ci ildə İmişli rayonunun Qulubəyli kəndində anadan olub. Bakı Maliyyə-Kredit Texnikumunda təhsil alıb. Bakı şəhəri Yasamal rayonunun Daxili İşlər Şöbəsində sürücü-milis, İmişli rayon Daxili İşlər Şöbəsində mühafizə bölməsində baş inspektor olub, Azərbaycan Nəqliyyat milisinin Bakı xətt milisində işləyib. Cəbrayıl rayonunun müdafiəsində dörd erməni tankını məhv edib, Hadrut rayonunun Şaqax kəndi yaxınlığında 200 nəfər düşmənə qarşı 16 saat döyüşüb, 28 erməni quldurunu öldürüb. İmamverdi Əliyev 1991-ci il noyabrın 15-də şəhid olub və İmişli rayonunda dəfn edilib. Azərbaycan Prezidentinin 8 oktyabr 1992-ci il tarixli fərmanı ilə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb. Təhsil aldığı Qulubəyli kənd orta məktəbi onun adını daşıyır.

KAZIM MƏMMƏDOV

(1969-1991)

Azərbaycanın Milli Qəhrəmanı Kazım Ərşad oğlu Məmmədov 1969-cu ilin bu günü Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olub. Gəncə İnşaat Texnikumunda təhsil alıb. 1988-ci ildə sovet ordusu sıralarına çağırılıb və hərbi xidmətini Çelyabinsk şəhərində çəkib. 1991-ci ilin fevralında Cəbrayıl rayon Daxili İşlər Şöbəsində işləyib, daha sonra cəbhəyə yollanıb. Kiçik çavuş Kazım Məmmədov 15 noyabr 1991-ci ildə Xocavənd rayonunun Zamzur kəndi uğrunda döyüşdə şəhid olub və Böyük Mərcanlı kəndində dəfn edilib. Azərbaycan Prezidentinin 8 oktyabr 1992-ci il tarixli fərmanı ilə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülüb.

RƏŞADƏT PİRİYEV

(1973-1994)

Şəhid Rəşadət Əli oğlu Piriyev 1973-cü il oktyabrın 1-də Bərdə rayonunun Yeni Daşkənd kəndində anadan olub. 1992-ci ildə hərbi xidmətə çağırılıb. Rabitəçi operator və hərbi texnikanın zərərsizləşdirilməsi üzrə əməliyyatçı kimi Kəlbəcər, Laçın və Qarabağ ərazilərində döyüş əməliyyatlarının iştirakçısı olub. Rəşadət Piriyev 11 fevral 1994-cü ildə Kəlbəcərdə şəhid olub.

AQŞİN ABDULLAYEV

(1982-2017)

Şəhid mayor Aqşin İsmayıl oğlu Abdullayev 1 oktyabr 1982-ci ildə Şəki rayonunun Kiş kəndində anadan olub. Bakı Ali Hərbi Məktəbində və Silahlı Qüvvələrin Tədris Təlim Mərkəzində təhsil alıb. 2004-2017-ci illərdə Azərbaycanın müxtəlif bölgələrindəki hərbi hissələrdə əhəmiyyətli vəzifələrdə xidmət göstərib. 2-ci və 3-cü dərəcəli "Qüsursuz xidmətə görə", "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)", "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" Yubiley medalları, 2016-cı ilin aprel döyüşləri zamanı fərqləndiyinə görə fəxri fərmanla təltif olunub. Mayor Aqşin Abdullayev 2017-ci il fevralın 25-də döyüş tapşırığını yerinə yetirərkən şəhid olub və doğulduğu kənddə dəfn olunub. Ölümündən sonra “Şücaətə görə” medalı ilə təltif olunub. Bu medala layiq görülən ilk hərbçidir. Şəkidə adına küçə var.

XURŞİDBANU NATƏVAN

(1832-1897)

Azərbaycanın görkəmli şairəsi, Qarabağ xanı Mehdiqulu xan Cavanşirin qızı Xurşidbanu Natəvanın anım günüdür. O, 15 avqust 1832-ci ildə Şuşada anadan olub. Mehdiqulu xan qızına öz anası Xurşidbanunun adını verib. Ailənin yeganə övladı, həm də Qarabağ xanlarının sonuncu vərəsəsi olduğu üçün onu sarayda “Dürrü yekta” - “Tək inci”, el arasında isə “Xan qızı” çağırıblar. Azərbaycan mədəniyyətində və ictimai həyatında dərin izlər qoyan şairə yaradıcılığa təxminən XIX əsrin 50-ci illərindən başlayıb. İlk vaxtlar “Xurşid” imzası ilə şeirlər yazıb. Şuşada “Məclisi-üns” ədəbi məclisini təşkil edib. 1873-cü ildə Şuşaya su kəməri çəkdirib. Bu su kəməri indi də “Xan qızı bulağı” adı ilə məşhurdur. Bədii tikmələri, “Gül dəftəri” adlı albomundakı rəsmlər həm də istedadlı rəssam olduğunu sübut edir. Xurşidbanu Natəvan 1 oktyabr 1897-ci ildə vəfat edib.

ƏLİAĞA VAHİD

(1894-1965)

Füzuli ənənələrinin ən layiqli davamçılarından olan şair, əməkdar incəsənət xadimi Əliağa Vahidin xatirə günüdür. Əliağa Məmmədqulu oğlu İsgəndərov 1894-cü il fevralın 18-də Bakı şəhərində anadan olub. Vahid təxəllüsünü ona istedadına görə Mirzə Əbdülxalıq Yusif verib. 1914-1915-ci illərdən ilk şeirlərini çap etdirməyə başlayıb. Satirik şerləri, qəzəlləri, meyxanaları, felyetonları «İqbal», «Zəhmət», «Bəsirət», «Tuti», «Məzəli» və s. qəzet-jurnallarda dərc olunub. Azərbaycanda müğənnilərin böyük əksəriyyəti Vahidin şeir və qəzəllərini öz repertuarına daxil edib. O, qəzəlxan və meyxanaçı şair kimi bütün Şərqdə məşhurlaşıb. Nizami, Xaqani, Fələki, Nəvai və başqa klassiklərin əsərlərini yüksək sənətkarlıqla tərcümə edib. Əliağa Vahid 1965-ci il oktyabrın 1-də dünyasını dəyişib və Fəxri Xiyabanda dəfn olunub.

NÜSRƏT FƏTULLAYEV

(1913-1987)

Azərbaycanın xalq artisti, teatr xadimi, rəssam Nüsrət Möhsün oğlu Fətullayev də bu gün xatırlanır. O, 25 sentyabr 1913-cü ildə Lənkərannda doğulub. Bakı Rəssamlıq Məktəbində təhsil alıb. 1934-cü ildə Akademik Milli Dram Teatrında əmək fəaliyyətinə başlayıb və 1938-ci ildən ömrünün sonunadək baş rəssam kimi işləyib. 50-dən çox tamaşanın rəssamı olub. Stalin mükafatı, "Şərəf Nişanı", "Qırmızı Əmək Bayrağı" ordenləri və Azərbaycanın Dövlət Mükafatı ilə təltif olunub. Nüsrət Fətullayev 1 oktyabr 1987-ci ildə Bakıda vəfat edib. O, aktrisa Hökümə Qurbanovanın həyat yoldaşı, aktrisa Vəfa Fətullayevanın atasıdır.

ANATOLLU QƏNİYEV

(1931-1985)

Muğənni Anatollu Qəniyevin anım günüdür. O, 1931-ci il fevralın 10-da Neftçalada ziyalı ailəsində anadan olub. Asəf Zeynallı adına musiqi texnikumunda təhsil alıb. Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin xor kollektivində solist kimi fəaliyyətə başlayıb. Xalq artisti Mirzə Babayevin tələbəsi olub. Məlahətli səsi, özünəməxsus ifa tərzi ilə geniş dinləyici kütləsinin rəğbətini qazanıb. 1960-cı ildən Azərbaycan Dövlət Filarmoniyasının, eyni zamanda Tofiq Əhmədovun rəhbərlik etdiyi estrada orkestrinin solisti olub. “Koroğlu”, “Ulduzlar sönmür”, “Möcüzələr adası”, “Mehman”, “Alma-almaya bənzər”, “Yenilməz batalyon” kimi kinofilmlərdə mahnıları səslənib. Kuba, Almaniya, Polşa, Çexoslovakiya və başqa ölkələrdə qastrol səfərlərində olub. Anatollu Qəniyev 1985-ci ilin 1 oktyabrında vəfat edib.

MƏMMƏD QULİYEV

(1936-2001)

Azərbaycanın əməkdar incəsənət xadimi, pedaqoq, bəstəkar Məmməd Mehdi oğlu Quliyevin xatirə günüdür. O, 1936-cı il fevralın 9-da Göyçay şəhərində anadan olub. 1958-ci ildə Bakı Musiqi Texnikumunu tar və kompozisiya sinifləri üzrə müvəffəqiyyətlə bitirib, daha sonra Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında Qara Qarayevin sinfinə daxil olub və 1963-cü ildə təhsilini uğurla başa vurub. 1960-cı ildən ömrünün sonuna qədər Asəf Zeynallı adına Bakı Musiqi Kollecində pedaqoji fəaliyyətlə məşğul olub. Mirzə Fətəli Axundovun "Aldanmış kəvakib" adlı povesti əsasında yazdığı “Aldanmış ulduzlar” operası Azərbaycanda ilk və hələlik yeganə opera-satira nümunəsidir. Məmməd Quliyev 2001-ci il oktyabrın 1-də Bakıda dünyasını dəyişib.

ƏLİ MƏMMƏDOV

(1955-1992)

Azərbaycanın Milli Qəhrəmanı Əli Hüseyn oğlu Məmmədov da bu gün xatırlanır. O, 1955-ci il avqustun 11-də Naxçıvan şəhərində dünyaya göz açıb. Orta təhsilini Bakı şəhərindəki 255 saylı məktəbdə alıb. 1975-ci ildə ordu sıralarına çağırılıb, xidmətini Macarıstanda başa vurub. 1982-ci ildə Polis Akademiyasına daxil olub. Ermənistanın Azərbaycana hərbi təcavüzünün başlaması ilə əlaqədar silaha sarılıb, Laçın cəbhəsindəki döyüşlərdə iştirak edib. 1 oktyabr 1992-ci ildə Qızartı yüksəkliyi uğrunda gedən döyüşlərdə şəhid olub və Bakının Şəhidlər Xiyabanında dəfn olunub. Polis kapitanı Əli Məmmədov Azərbaycan Prezidentinin 19 oktyabr 1992-ci il tarixli fərmanı ilə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb. Bakı küçələrindən biri onun adını daşıyır.

İLQAR İSMAYILOV

(1959-1992)

Azərbaycanın Milli Qəhrəmanı İlqar Sədi oğlu İsmayılovun anım günüdür. O, 29 mart 1959-cu ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda təhsil alıb. 1981-1983-cü illərdə həqiqi hərbi xidmətdə olub. Ordudan tərxis olunduqdan sonra 1986-cı ilə qədər “Dinamo” İdman Klubunda məşqçi işləyib. Sonra Daxili İşlər Nazirliyinin Sabunçu rayon Daxili İşlər Şöbəsində əməliyyat müvəkkili vəzifəsinə təyin edilib. 1991-ci ilin dekabrından başlayaraq tez-tez döyüş bölgələrinə ezam olunub. Şuşa rayonunun Malıbəyli, Meşəli kəndlərində, eləcə də Ağdam rayonu ərazisində gedən döyüşlərdə böyük igidliklər göstərib. 1992-ci ildə onun rəhbərliyi altında 128 nəfər döyüşçümüz xüsusi tapşırıqla Laçın rayonuna ezam olunub və Mazutlu kəndi yaxınlığındakı Qızartı yüksəkliyini erməni işğalçılarından təmizləyib. Polis kapitanı İlqar İsmayılov 1 oktyabr 1992-ci ildə qəhrəmancasına həlak olub və Bakının Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycan Prezidentinin 19 oktyabr 1992-ci il tarixli fərmanı ilə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Bakı küçələrindən biri onun adını daşıyır, 45 saylı orta məktəbin önünə isə büstü qoyulub.

KƏRƏM MİRZƏYEV

(1960-1992)

Azərbaycanın Milli Qəhrəmanı Kərəm Ərşad oğlu Mirzəyevin xatirə günüdür. O, 1960-cı il mayın 20-də Qubadlı rayonunun Xanlıq kəndində anadan olub. Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda təhsil alıb. 1983-1985-ci illərdə sovet ordusunun Arxangelsk və Murmansk şəhərlərindəki tank qoşun hissələrində hərbi xidmətdə olub, daha sonra tikinti idarəsində müxtəlif vəzifələrdə çalışıb. 1990-cı ildə Qubadlı rayon Polis Şöbəsində sahə müvəkkili kimi işə başlayıb, baş leytenant rütbəsi alıb. Rayonun Novlu, Seytas, Yuxarı və Aşağı Cibikli, Əyin, Əliquluuşağı və başqa sərhəd kəndlərində gedən şiddətli döyüş əməliyyatlarında fəal iştirak edib. Kərəm Mirzəyev 1992-ci il oktyabrın 1-də erməni quldurlarının Laçın rayonunun Mazutlu kəndinə hücumu zamanı baş verən döyüşdə həlak olub. Azərbaycan Prezidentinin 11 may 1993-cü il tarixli fərmanı ilə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın