00:01 02 Mart 2021 100
Ana səhifə Dünyanın bu günü

Dünyanın bu günü - 02.03.2021

AZƏRBAYCAN BMT-YƏ ÜZV OLUB

(1992)

1992-ci il martın 2-də Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatının (BMT) üzvlüyünə qəbul olunub. Belə ki, BMT Baş Assambleyasının həmin gün keçirilən 46-cı sessiyasının 82-ci plenar iclasında 46/230 saylı Qətnamə qəbul olunub və səkkiz keçmiş sovet respublikası ilə birlikdə Azərbaycan da Birləşmiş Millətlər Təşkilatına üzv qəbul edilib. 1992-ci il mayın 6-da isə Azərbaycan BMT-nin Nyu-York şəhərindəki mənzil qərargahında öz daimi nümayəndəliyini açıb.

ƏHMƏD BƏY CAVANŞİR

(1828-1903)

Tarixçi və şair Əhməd bəy Cəfərqulu bəy oğlu Cavanşir 2 mart 1828-ci ildə Kəbirli mahalının Kəhrizli kəndində dünyaya gəlib. 15 yaşına qədər molla yanında, daha sonra Sankt-Peterburqda Pavlov kadet məktəbində təhsil alıb. 1848-1854-cü illərdə Qusar alayında hərbi xidmətdə olub. Xalq arasında "Urus Əhməd bəy" ləqəbini alıb. XIX yüzilin 60-cı illərinin sonunda Vərəndə sahəsinin murovu vəzifəsinə təyin edilib. Bir çox əsər və kitabların müəllifidir, tərcümə ilə də məşğul olub. "Asari-Əhməd bəy Cavanşir" adlı şeirlər, "Türk zərb-məsəllər məcmuəsi" adlı folklor örnəkləri, "1747-ci ildən 1805-ci ilə qədər Qarabağ xanlığının siyasi vəziyyətinə dair" adlı tarix kitablarının müəllifidir. Əhməd bəy Cavanşir 1903-cü il yanvarın 9-da vəfat edib və öz vəsiyyətinə əsasən Kəhrizli kəndində dəfn edilib. O, Qarabağ xanlığının banisi Pənahəli xan Sarıcalı-Cavanşirin nəticəsi, Həmidə xanım Cavanşir-Məmmədquluzadənin atası, Cəlil Məmmədquluzadənin qayınatasıdır.

MİXAİL QORBAÇOV

(1931)

SSRİ-nin ilk və son prezidenti Mixail Sergeyeviç Qorbaçov 1931-ci il martın 2-də Rusiyanın Stavropol vilayətində anadan olub. M.V.Lomonosov adına Moskva Dövlət Universitetində və Stavropol Kənd Təsərrüfatı İnstitutunda təhsil alıb. 1955-ci ildən komsomol və partiya orqanlarında müxtəlif vəzifələrdə fəaliyyət göstərib. 1985-ci il martın 11-də Sov.İKP MK-nın Birinci katibi seçilib və SSRİ-nin süqutuna qədər bu vəzifədə çalışıb. 1 oktyabr 1988-ci ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri, 15 mart 1990-cı ildə SSRİ-nin prezidenti seçilib. 19-23 avqust 1991-ci ildə baş verən dövlət çevrilişi nəticəsində bir neçə günlük hakimiyyətdən uzaqlaşdırılıb. “Soyuq müharibə”nin bitməsi, Almaniyanın birləşməsi və Əfqanıstandan sovet qoşunlarının çıxarılması onun adı ilə bağlıdır. Məhz bu xidmətlərinə görə 1990-cı ildə Nobel sülh mükafatına layiq görülüb. Elan etdiyi yenidənqurma və aşkarlıq siyasət sovet respublikalarında demokratik hərəkatlara təkan verib. Bu hərəkatların qarşısını almaq üçün Almatı, Tiflis, Bakı və Riqaya ordu yeridilməsinə göstəriş verib. 1990-cı ilin 20 Yanvar faciəsinin əsas təşkilatçısı da Mixail Qorbaçov sayılır. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.

NAZİM CƏBRAYILOV

(1949-1994)

Şəhid Nazim İbrahim oğlu Cəbrayılov 1949-cu ilin bu günü Ağdam şəhərində anadan olub. Burada 1 nömrəli orta məktəbi bitirdikdən sonra 1966-cı ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olub. İnstitutu bitirdikdən sonra təyinatla Türkmənistanın Aşqabad şəhərinə göndərilib və orada şəhərində milis nəfəri kimi fəaliyyətə başlayıb. Daha sonra Kalininqrad Milis Məktəbində təhsil alıb. Bir müddət işlədikdən sonra vətənə qayıdaraq, hərbi avtomobil dəstəsində hərbi mühəndis vəzifəsində çalışıb. Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi üçün hərbi xidmətə yollanıb və Müdafiə Nazirliyinin əmri ilə taqım komandiri təyin edilib. Nazim Cəbrayılov 1994-cü il aprelin 18-də əsgərləri ilə birlikdə döyüşdə şəhid olub. Ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.

MƏZAHİR RÜSTƏMOV

(1960-1992)

Azərbaycanın Milli Qəhrəmanı, şəhid Məzahir İzzət oğlu Rüstəmov 2 mart 1960-cı ildə Bakı şəhərində ziyalı ailəsində dünyaya gəlib. 1977-ci ildə Nizami rayonundakı 32 saylı məktəbi bitirib, 1978-ci ildə Bakı Dövlət Universitetinin tarix fakültəsinə daxil olub. 1986-cı ildən Azərbaycan Memarlıq və İnşaat Mühəndisləri İnstitutunun fəlsəfə kafedrasında baş laborant vəzifəsində, 1990-cı ildə isə Dövlət Mətbuat Nazirliyində "Xarici ölkələrlə kitab əlaqəsi şöbəsi"nin müdiri vəzifələrində çalışıb. 1992-ci il martın 23-də könüllü olaraq Milli Orduya yazılıb və cəbhənin Şınıx istiqamətində komandir müavini təyin edilib. Avqustun 5-də Ermənistan hərbi birləşmələri Mutudərəni ələ keçirmək üçün qəfil hücuma başlayanda ilk zərbəni baş leytenant Məzahir Rüstəmovun dəstəsi öz üzərinə götürərək, dinc əhalinin kənddən çıxmasına şərait yaradıb. Lakin gözlənilən dəstək qüvvələri gəlib çıxmayıb və o, düşmən əlinə keçməsin deyə axırıncı qumbarası ilə özünü partladaraq həlak olub və Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycan Prezidentinin 5 fevral 1993-cü il tarixli fərmanı ilə Məzahir Rüstəmov ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb. Oxuduğu 32 saylı məktəb, Əhmədli qəsəbəsindəki küçələrdən biri qəhrəmanımızın adını daşıyır. Gədəbəy rayonunda tuncdan heykəli ucaldılıb.

ŞƏHRİYAR ABDULLAYEV

(1987-2020)

Şəhid Şəhriyar Kamil oğlu Abdullayev 1987-ci ilin bu günü Kəlbəcər rayonunun Zəylik kəndində anadan olub. Orta təhsilini başa vurduqdan sonra həqiqi hərbi xidmətə çağırılıb. Daha sonra müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi ordu sıralarına qayıdıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsi zamanı Cəbrayıl və Hadrut uğrunda gedən döyüşlərdə iştirak edib. Kiçik gizir Şəhriyar Abdullayev oktyabrın 13-də Hadrut döyüşləri zamanı şəhid olub və Daşkəsən Şəhidlər Xiyabanında dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə" və "Hərbi xidmətlərə görə" medalları ilə təltif edilib.

HAKİM BƏŞİROV

(1989-2020)

Şəhid Hakim Nizam oğlu Bəşirov 1989-cu il martın 2-də İmişli rayonunun Əliyetməzli kəndində anadan olub. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsil alıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Leytenant Hakim Bəşirov oktyabrın 20-də Füzuli döyüşləri zamanı şəhid olub. Ölümündən sonra "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

ŞAMİL MİRZƏYEV

(1996-2020)

Şəhid Şamil Afiq oğlu Mirzəyev 2 mart 1996-cı ildə Yardımlı şəhərində anadan olub. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində könüllü olaraq qatılıb. Cəbrayıl, Füzuli və Xocavənd rayonlarının azad olunmasında iştirak edib. Əsgər Şamil Mirzəyev noyabrın 10-da Şuşada şəhid olub və Yardımlı şəhərində dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

NURİ PAŞA

(1889-1949)

Osmanlı ordusunun generalı, Qafqaz İslam Ordusunun komandanı Nuri Paşanın anım günüdür. Nuri Killigil 1889-cu ildə İstanbulda hərbçi Əhməd Tofiqin ailəsində doğulub. Quru Qoşunları hərbi məktəbində və Hərbi Akademiyada təhsil alıb. 1914-cü ilin iyulunda Osmanlının Vyanadakı səfirliyində hərbi attaşenin yavəri təyin edilib. Birinci Dünya müharibəsi illərində Şimali Afrika cəbhəsinə göndərilib. 1918-ci ildə Qafqaz İslam Ordusuna komandan təyin olunub. Onun qoşunları 1918-ci il iyunun 17-dən sentyabrın 14-dək Azərbaycan torpaqlarını bolşevik-daşnak qaniçənlərindən təmizləyib və sentyabrın 15-də Bakını azad edib. 1920-ci ilin aprel işğalından sonra Qarabağ, Zaqatala, Gəncə və Dağıstanda bolşeviklərə qarşı xalq üsyanlarına rəhbərlik edib. 1923-cü ildə ordudan təqaüdə çıxıb və İstanbul ətrafında fabrik açıb. İkinci Dünya müharibəsi illərində bu fabrik sifarişlə qumbara, minaatan və digər silahlar istehsal edib. Nuri Paşa 1949-cu il martın 2-də fabrikdə baş vermiş partlayış nəticəsində həlak olub və İstanbulda dəfn edilib.

ƏKBƏRAĞA ŞEYXÜLİSLAMOV

(1891-1961)

Azərbaycan Xalq Cümhuriyyətinin tanınmış ictimai və siyasi xadimi Əkbərağa İbrahim oğlu Şeyxülislamovun xatirə günüdür. 1891-ci ildə İrəvan şəhərində dünyaya gəlib. Orta təhsilini İrəvan gimnaziyasında başa vurduqdan sonra 1912-ci ildə Peterburq Yol Mühəndisliyi İnstitutuna daxil olub. 1917-ci ildə Rusiyada fevral burjua inqilabı başlayanda ali məktəbi bitirmək haqqında diplomu almadan vətənə qayıtmalı olub. 1918-ci ilin fevralında Zaqafqaziya Seyminin üzvü seçilib, həmçinin Zaqafqaziya hökumətində daxili işlər nazirinin müavini vəzifəsini icra edib. 1918-ci il mayın 28-də Azərbaycan Demokratik Respublikası elan olunarkən birinci hökumət kabinəsində torpaq və əmək naziri vəzifəsini tutub. 1918-ci il dekabrın 7-də Bakıda təntənəli surətdə açılmış Azərbaycan parlamentinə üzv seçilib. Parlamentin sədri Əlimərdan bəy Topçubaşovun rəhbərliyi altında Azərbaycan nümayəndə heyətinin tərkibində Versal sülh konfransında iştirak etmək üçün Parisə yola düşüb və bununla da ömrünün sonunadək davam edəcək mühacirət həyatı başlayıb. Mühacirətdə də Azərbaycanın müstəqilliyi uğrunda mübarizəsini davam etdirən Əkbərağa Şeyxülislamov 1961-ci il martın 2-də vəfat edib və Paris yaxınlığındakı müsəlman qəbiristanlığında dəfn olunub.

ORUC ORUCOV

(1878-1954)

Mətbuat xadimi, naşir və publisist Oruc Əli oğlu Orucovun anım günüdür. O, 1878-ci il sentyabrın 12-də Bərdə rayonunun Alpout anadan olub. Kənd mollaxanasında oxuyub, Yelizavetpol Mixail sənət məktəbini bitirib. 1896-cı ildə Bakıya köçərək, ticarətlə məşğul olub. 1905-ci ildə naşirlik fəaliyyətinə başlayıb, qardaşları Qənbər və Abuzərlə birlikdə "Orucov qardaşları" nəşriyyatını təşkil edib. Nəşriyyatın müasir avadanlıqla təchiz olunmuş mətbəəsi, kitab və yazı ləvazimatı satılan mağazası olub. "Orucov qardaşları" nəşriyyatında müxtəlif adda və məzmunda 333 kitab, bir neçə qəzet çap olunub. O, 1909-cu ildən etibarən qəzetçilik fəaliyyətinə başlayıb, "Həqiqət", "Günəş", "Yeni həqiqət" qəzetlərinin naşiri olub. 1911-ci ilin martında panislamizm ideyalarını təbliğdə təqsirləndirilərək, bir qrup jurnalistlə birgə həbs olunub və Rusiyanın daxili quberniyalarına sürgün edilib. Romanovlar sülaləsinin 300 illik yubileyi ilə əlaqədar elan edilən əfvi-ümumidən sonra isə Bakıya dönərək, naşirlik fəaliyyətini davam etdirib. 1917-ci ilin dekabrında qardaşları Abuzər və Qənbərdən ayrılaraq, "Açıq söz" qəzetində Məhəmməd Əmin Rəsulzadə ilə əməkdaşlığa başlayıb, qəzetin nəşriyyat işləri üzrə müdiri vəzifəsini icra edib. Oruc Orucov 1954-cü ilin bu günü 75 yaşında dünyasını dəyişib.

ZAKİR MƏMMƏDOV

(1936-2003)

AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru, professor Zakir Cabbar bəy oğlu Məmmədovun xatirə günüdür. O, 1936-cı il avqustun 16-da Ağdamda anadan olub. 1957-ci ildə Ağdam 1 saylı orta məktəbi medalla bitirərək, Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin yeni açılan ərəb şöbəsinə daxil olub. 1962-ci ildə universiteti bitirdikdən sonra AMEA-nın Şərqşünaslıq İnstitutunda kiçik elmi işçi vəzifəsinə qəbul edilib. 1962-1963-cü illərdə Misirdə Asuan bəndinin inşasında tərcüməçi kimi çalışıb. 1964-cü ilin 1 yanvarından AMEA-nın Fəlsəfə sektorunda işə başlayıb. 1969-1970-ci illərdə Azərbaycan Sovet Ensiklopediyasında elmi redaktor vəzifəsində işləyib. 30-dan çox elmi kitabın, 250 elmi məqalənin müəllifidir. 1997-ci ildən həyatının sonuna qədər AMEA-nın Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunda təsis etdiyi Şərq fəlsəfəsi tarixi və dinşünaslıq şöbəsinin müdiri işləyib. Azərbaycanda Şərq fəlsəfəsinin bilicilərindən sayılan Zakir Məmmədov 2 mart 2003-cü ildə Bakıda vəfat edib.

QEYBULLA QEYBULLAYEV

(1945-2012)

Texnika elmləri doktoru, professor Qeybulla Ramazan oğlu Qeybullayev də bu gün xatırlanır. O, 9 may 1945-ci ildə Balakən rayonunun Katex kəndində dünyaya gəlib. 1963-cü idə Katex kənd orta məktəbini qızıl medalla, 1968-ci ildə Politexnik İnstitutunun İnşaat fakültəsini fərqlənmə ilə bitirib. Dövlət Layihə İnstitutunda mühəndis-konstruktor, Azərbaycan Dövlət İnşaat və Memarlıq Komitəsində şöbə müdiri, nazir müşaviri, Azərbaycan Tikinti və Memarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru olub. Azərbaycan Memarlıq və İnşaat Universitetinin professoru və kafedra müdiri vəzifələrində, 1992-2000-ci illərdə isə həmin universitetin rektoru vəzifəsində işləyib. 2001-ci ildən ömrünün sonuna qədər Türkiyə Cümhuriyyəti Süleyman Dəmirəl Universitetinin professoru və iqtisadiyyat bölümünün başqanı, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Avrasiya məsələləri üzrə müşaviri kimi çalışıb. Qeybulla Qeybullayev 2 mart 2012-ci ildə Türkiyənin Gülhanə hərbi hospitalında dünyasını dəyişib və öz vəsiyyəti ilə doğulduğu Katex kəndində torpağa tapşırılıb.

RAUF KAZIMOVSKİ

(1928-1976)

Azərbaycanın ilk radio və televiziya rejissoru Rauf Mirmahmud oğlu Kazımovskinin xatirə günüdür. O, 31 dekabr 1928-ci ildə Bakı şəhərində anadan olub. 1952-ci ildə Teatr İnstitutunun rejissorluq fakültəsini bitirib və elə həmin il Dövlət Radio Verilişləri Komitəsində əmək fəaliyyətinə başlayıb. 1960-cı illərdə Televiziya Teatrı Məktəbini yaradıb, yüzlərlə tamaşaya televiziya ekranında həyat verib. O, həm də bədii televiziya filmlərinin yaradıcısıdır. Musiqili Komediya Teatrında «Tbilisi nəğməsi», «Hacı Kərimin aya səyahəti» tamaşalarına da quruluş verib. Rauf Kazımovski 1976-cı il martın 2-də Bakıda dünyasını dəyişib. O, əməkdar artist Mirmahmud Kazımovskinin oğlu, əməkdar incəsənət xadimi Ələkbər Kazımovskinin atasıdır.

TAHİR ƏKBƏR

(1946-2018)

Azərbaycanın əməkdar incəsənət xadimi, bəstəkar Tahir İsmayıl oğlu Əkbər 2018-ci ilin bu günü dünyasını dəyişib. O, 1946-cı il yanvarın 20-də Bakıda anadan olub. 1960-cı ildə musiqi məktəbinin fortepiano şöbəsinə daxil olub, 1965-ci ildə isə oranı bitirib. 1970-ci ildə Muxtar Əşrəfi adına Dəşkənd Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsinə qəbul olub. 1985-ci ildən keçmiş SSRİ Bəstəkarlıq İttifaqının, sonra isə Azərbaycan Bəstəkarlar Birliyinin üzvü olub. Müxtəlif janrlarda - xor musiqisi, simfonik və kamera əsərləri yaradıb. “Simfonik rənglər”, ilahiyyat mövzusunda yazdığı “Amin” əsəri Azərbaycan peşəkar musiqisində yeni janrlar hesab olunur.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın