00:01 02 Dekabr 2020 182
Ana səhifə Dünyanın bu günü

Dünyanın bu günü - 02.12.2020

YUSUF BƏY AKÇURALI

(1876-1935)

Türkçülük ideyasının öndə gedən təmsilçilərindən olan tatar əsilli Türkiyə siyasətçisi və yazıçısı Yusuf bəy Akçuralı 2 dekabr 1876-cı ildə Rusiyanın Ulyanovsk vilayətinin Simbirsk şəhərində anadan olub. İstanbul Hərbiyyə Məktəbində, Fransanın Siyasi Elmlər Akademiyasında təhsil alıb. Türk dünyasının məşhur şəxslərindən İsmayıl bəy Qaspıralı ona böyük təsir edib. Eyni zamanda Vələd Çələbi, Nəcib Asim bəy və Bursalı Məhəmməd Tahir kimi türkçülərin irsini mənimsəyib, Osmanlı tarixini və fransız dilini dərindən öyrənib. Fransada böyük gücə malik olan Gənc Türklərlə əlaqələrini möhkəmləndirib. 1904-1908-ci illərdə Rusiyada yaşayıb. Bu dövrdə “Kazan müxbiri” adlı qəzetin redaktoru olub, Rusiya Müsəlmanları İttifaqını yaradıb, türkçülüyə aid ən məşhur yazılarını yazıb. Cümhuriyyətin elanına qədər Türkiyədə bir sıra vəzifələrdə çalışıb, TBMM-ə millət vəkili seçilib və 1932-ci ildən ölümünədək Türk Tarix Qurumuna rəhbərlik edib. Yusuf bəy Akçuralı 1935-ci il martın 11-də İstanbulda ürək tutmasından dünyasını dəyişib.

KƏRİM BƏY MEHMANDAROV

(1854-1929)

Tanınmış azərbaycanlı həkim Kərim bəy Mirzə Mustafa bəy oğlu Mehmandarov 1854-cü il dekabrın 2-də Şuşa şəhərində dünyaya gəlib. Bakı şəhər gimnaziyasında və Sankt-Peterburq Tibb Cərrahlıq Akademiyasında təhsil alıb. Sankt-Peterburq klinik hərbi xəstəxanasında həkim işləyib. Daha sonra Şuşa şəhərində çalışarkən ictimai işlərdə də fəal iştirak edib, “Difai” partiyasının Şuşa komitəsinin sədri olub. Müxtəlif illərdə ikinci dərəcəli “Müqəddəs Stanislav”, ikinci dərəcəli “Müqəddəs Anna”, dördüncü dərəcəli “Müqəddəs Vladimir” ordenləri ilə təltif edilib. Kərim bəy Mehmandarov 1929-cu il dekabrın 20-də Şuşada vəfat edib.

SOLTAN MEHDİYEV

(1914-1985)

Azərbaycan EA-nın həqiqi üzvü, əməkdar elm xadimi, professor Soltan Cəfər oğlu Mehdiyev 1914-cü ilin bu günü İsmayıllı rayonunun Lahıc qəsə­bəsində anadan olub. Azərbaycan Dövlət Uni­versitetinin Kimya fakültə­sində təhsil alıb. Müxtəlif illərdə kiçik elmi işçi, baş elmi işçi, laboratoriya rəhbəri, kafedra dosenti vəzifələrində çalışıb. Azərbaycan EA Neft İnstitutunun direktoru, Neft-Kimya Pro­sesləri İnstitutunun laboratoriya rəh­bəri, həmin institutun direktor müavini, Kimya Elmləri Bölməsinin akademik-katibi, Azərbaycan Dövlət Universi­tetinin professoru, Azərbaycan Neft və Kimya İnstitutunun kafedra müdiri olub. Elmi tədqiqatlarının nəticələri 570 elmi əsərdə, o cüm­lədən 8 monoqrafiya, 82 müəlliflik şəhadətnaməsi və patentdə öz əksini tapıb. “Fədakar əməyə görə” medalı, “Xalqlar dostluğu” ordeni ilə təltif olunan Soltan Mehdiyev 1985-ci il oktyabrın 12-də Bakıda vəfat edib.

NƏCƏF NƏRİMANOV

(1919-1943)

İkinci Dünya müharibəsinin iştirakçısı Nəcəf Nəriman oğlu Nərimanov 2 dekabr 1919-cu ildə Moskva şəhərində anadan olub. 1938-ci ildə doqquz illik məktəbi müvəffəqiyyətlə bitirdikdən sonra Leninqrad Hərbi-Texniki Tank Məktəbinə daxil olub. Bir il sonra Kiyevə eyniadlı məktəbə köçürülüb. 1939-cu il sentyabrın 1-də hərbi xidmətə çağırılıb və tağım komandiri kimi xidmət edib. 1941-ci il iyunun 22-də faşist Almaniyasının SSRİ-yə hücumundan sonra Stalinqrad və Cənub cəbhələrində döyüşüb, 2-ci mexanikləşdirilmiş qvardiya korpusunun 58-ci əlahiddə qvardiya təmir-bərpa taborunun tank təmiri bölüyünün tağım komandiri olub. Stalinqrad döyüşlərində igidlik göstərdiyi üçün I dərəcəli “Vətən Müharibəsi” ordeni və "Stalinqradın müdafiəsinə görə" medalı ilə təltif olunub. Qvardiya baş leytenantı Nəcəf Nərimanov 8 sentyabr 1943-cü ildə Ukraynanın Volnovaxa şəhəri uğrunda döyüşlərdə həlak olub və burada dəfn edilib. O, SSRİ dövlət xadimi və məşhur Azərbaycan yazıçısı Nəriman Nərimanovun oğludur.

ƏNVƏR ARAZOV

(1953-1992)

Azərbaycanın Milli Qəhrəmanı Ənvər Talış oğlu Arazov 1953-cü il dekabrın 2-də Gəncə şəhərində doğulub. Burada 15 nömrəli orta məktəbdə, texniki peşə məktəbində və Gəncə Politexnik Texnikumunda təhsil alıb. 1974-cü ildə hərbi xidmətə çağırılıb, Rusiyanın Murmansk vilayətində Şimal Hərbi Dəniz Donanmasında xidmət edib. Zavodda əvvəlcə nizamlayıcı, sonra növbə ustası kimi çalışmağa başlayıb. 1988-ci ildə ermənilər Dağlıq Qarabağ ərazisində müharibəyə başlayarkən Daxili İşlər Nazirliyində işə qəbul olunaraq cəbhəyə yollanıb. 1989-cu ildə Çaykəndin alınması uğrunda gedən döyüşlərdə iştirak edib. Gəncədə Milli Müdafiə Qərargahı rəisinin II müavini, Tərtərdə alay komandiri olub. Göstərdiyi şücaətlərə görə ona polkovnik rütbəsi verilib. Ağdərə rayonunda bir çox uğurlu əməliyyatlarda iştirak edib. Ənvər Arazov 1992-ci il noyabrın 1-dən 2-nə keçən gecə Ağdam rayonunun Sırxavənd kəndində erməni quldurları ilə qeyri-bərabər döyüşə girərək, qəhrəmancasına həlak olub. Azərbaycan Prezidentinin 6 noyabr 1992-ci il tarixli fərmanı ilə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

YUSİF ƏLİYEV

(1969-1991)

Azərbaycanın Milli Qəhrəmanı Yusif Əliyusif oğlu Əliyev 1969-cu il dekabrın 2-də Bakının Qobustan qəsəbəsində anadan olub. Qəsəbədəki 223 saylı orta məktəbində təhsil alıb. 1988-ci ildə ordu sıralarına çağırılıb və hərbi xidmətini Sverdlovsk şəhər piyada qoşun hissəsində çəkib. Ermənistanın Azərbaycana hərbi təcavüzü başlayandan sonra vətən torpaqlarının müdafiəsinə qalxıb, 1991-ci ilin fevralında Goranboyda ilk döyüş sınağından çıxıb. Yusif Əliyev 1991-ci il sentyabrın 14-də düşmənin Buzluq kəndinə hücumu zamanı əsgərlərimizə sursat çatdırmaq istəyərkən şəhid olub. Azərbaycan Prezidentinin 6 iyun 1992-ci il tarixli fərmanı ilə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

NAMİQ KAMAL

(1840-1888)

Türkiyədə roman janrının banilərindən və Tənzimat ədəbiyyatının əsas nümayəndələrindən biri, yazıçı, şair, jurnalist, tərcüməçi və ictimai xadim Namiq Kamalın anım günüdür. O, 21 dekabr 1840-cı ildə Təkirdağda anadan olub. "Gənc Osmanlılar" cəmiyyətinin yaradıcılarından və rəhbərlərindən biri olub. Dərc etdiyi "Azadlıq" və "Təlimat" qəzetləri Türkiyədə konstitusion fikirlərin yayılmasında böyük rol oynayıb. 1876-cı ildə ilk türk konstitusiya layihəsinin hazırlanmasında iştirak edib. "Əli bəyin sərgüzəştləri", "Cəzmi", "Vətən, yaxud Silistrə", "Zavallı uşaq", "Akif bəy", "Gülnihal" və başqa əsərlərin müəllifidir. Hökumət əleyhinə yazıları səbəbindən Kiprdəki Maqoz qalasında 38 ay məhbus həyatı yaşayıb. Namiq Kamal 2 dekabr 1888-ci ildə Yunanıstanın Saqqız adasında vəfat edib və Çanaqqalanın Bolayır qəsəbəsində dəfn olunub.

MƏLİK DADAŞOV

(1924-1996)

Azərbaycanın xalq artisti, teatr və kino aktyoru Məlik Yusif oğlu Dadaşovun xatirə günüdür. O, 7 iyun 1924-cü ildə Bakıda anadan olub. 1950-ci ildə Azərbaycan Teatr İnstitutunu bitirdikdən sonra Akademik Dram Teatrına işə qəbul olunub. Həm komediyalarda, həm dramatik və faciə xarakterli obrazlarda, həm də lirik-psixoloji rollarda böyük uğur qazanıb. “Birisi gün, gecəyarısı”, “O dünyadan salam”, “Fəryad”, “Hacı Qara”, “Axırıncı aşırım”, “Dəli Kür” kimi filmlərdə yaddaqalan və maraqlı obrazlar yaradıb. Məlik Dadaşov 1996-cı il dekabrın 2-də Bakı şəhərində vəfat edib. O, xalq artisti Rafael Dadaşovun atası, xalq artisti Brilliant Dadaşovanın əmisidir.

NİZAMİ SÜLEYMANOV

(1945-2016)

AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, ixtiraçı Nizami Məmməd oğlu Süleymanov da bu gün xatırlanır. O, 1945-ci il noyabrın 25-də Hacıqabul rayonunun Rəncbər kəndində anadan olub. Azərbaycan Politexnik İnstitutunda təhsil alıb. Bakı Soyuducular Zavodunda mühəndis, laboratoriya müdiri, şöbə müdiri, “Kristal” Xüsusi Konstruktor Bürosunun direktoru, Azərbaycan Milli Yaradıcılıq Akademiyasının prezidenti vəzifələrində çalışıb. 300-dən çox elmi və publisistik əsərin, o cümlədən 61 müəlliflik şəhadətnaməsi və patentin müəllifi olub. Ümumittifaq Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisi­nin “Qızıl Medalı”, "Qırmızı Əmək Bayrağı" ordeni ilə təltif edilib. 1992 və 1998-ci illərdə Azərbaycanda keçirilən prezident seçkilərində namizəd kimi iştirak edib. Nizami Süleymanov 2 dekabr 2016-cı ildə Bakıda vəfat edib.

MALİK FƏRRUX

(1948-1998)

Şair, jurnalist, teleaparıcı və yazıçı-publisist Malik Fərrux oğlu İbrahimovun anım günüdür. O, 1948-ci il dekabrın 27-də Laçın şəhərində anadan olub. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıb. Ədəbi fəaliyyəti tələbəlik dövründə “Ulduz” jurnalında çap etdirdiyi “Qartallı Dağlar” şeiri ilə başlayıb. Ömrünün sonuna qədər Azərbaycan Dövlət Televiziyasında çalışıb, burada “Elm və texnika verilişləri” redaksiyasında redaktor, baş redaktor, “Ekran” qəzetinin redaktoru vəzifələrində işləyib. 100-ə yaxın mahnının söz müəllifidir. “Qızıl Qələm” mükafatına layiq görülən Malik Fərrux 1998-ci ilin dekabrında vəfat edib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın