00:01 03 Mart 2021 94
Ana səhifə Dünyanın bu günü

Dünyanın bu günü - 03.03.2021

ƏLİAĞA ŞIXLİNSKİ

(1863-1943)

Görkəmli hərb xadimi, artilleriya generalı, Azərbaycan Xalq Cümhuriyyəti Hərbi nazirinin müavini Əliağa İsmayıl ağa oğlu Şıxlinski 1863-cü il martın 3-də Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasının Qazaxlı kəndində anadan olub. 1883-cü ildə rus ordusunda hərbi xidmətə başlayıb, 1886-cı ildə Peterburq artilleriya məktəbini bitirib. 1904-1905-ci illərdə isə rus-yapon müharibəsində batareya komandiri kimi vuruşub, Port-Artur qalasının müdafiəsi zamanı xüsusi şücaət göstərdiyinə görə "Qızıl qılınc"la mükafatlandırılıb. 1914-cü ildə Birinci Dünya müharibəsi zamanı Petroqradın artilleriya müdafiəsi ona tapşırılıb. Cümhuriyyət dövründə hərbi nazirin müavini, sovet işğalından sonra Birləşmiş Hərbi Komanda Heyəti Məktəbinə rəis müavini təyin edilib. Dərs vəsaiti kimi istifadə edilən "Səhra toplarının cəbhədə işlədilməsi", "Xatirələrim" adlı əsərlərini, "Rusca-Azərbaycanca qısa hərbi lüğət"i çap etdirib. Bir çox orden və medallarla təltif olunan Əliağa Şıxlinski 18 avqust 1943-cü ildə Bakıda vəfat edib.

ABDULLA BƏY ƏFƏNDİZADƏ

(1873-1928)

Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin üzvü, pedaqoq Abdulla bəy İsmayıl oğlu Əfəndizadə 3 mart 1873-cü ildə Şəki şəhərində dünyaya gəlib. 1888-1894-cü illərdə Yelizavetpolda (Gəncədə) sənət məktəbində, 1895-1898-ci illərdə Tiflisdə Aleksandr Müəllimlər İnstitutunda təhsil alıb. 1898-ci ildə Bakıda pedaqoji fəaliyyətə başlayaraq, müxtəlif məktəblərdə müəllim və müdir vəzifələrində işləyib. Qafqaz Müsəlman Müəllimlərinin I və II qurultaylarında fəal iştirak edib, Süleyman Sani Axundov və Fərhad Ağazadə ilə birgə tərtib etdiyi yeni əlifba layihəsini müzakirəyə çıxarıb, həmin əlifba layihəsi və qəbul olunan proqram əsasında 1908-ci ildə “İkinci il” dərsliyini nəşr etdirib. Nuxa (Şəki) şəhərindən Cümhuriyyət parlamentinə deputat seçilərək əvvəlcə Əhrar fraksiyasına daxil olub, 1919-cu ildə isə fraksiyadan ayrılaraq özünü sol müstəqil elan edib. Uşaqlar üçün şeirlər və hekayələr yazıb. Şəkidə ilk oğlan, ilk qız məktəblərinin və gimnaziyanın banisi kimi tanınan Abdulla bəy Əfəndizadə 1928-ci ildə Bakı şəhərində vəfat edib.

MƏHƏMMƏDHƏSƏN HACINSKİ

(1875-1931)

Azərbaycanın dövlət və siyasi xadimi Məhəmmədhəsən Cəfərqulu oğlu Hacınski 1875-ci il martın 3-də Bakıda anadan olub. Bakı realnı məktəbindən sonra Peterburq Texnoloji İnstitutunu bitirib. Bir müddət Şəmsi Əsədullayevin Moskvadakı neftayırma zavodunda mühəndis işləyib. 1913-cü ildə Bakı şəhər idarəsinə rəhbərlik edib. “Hümmət” və müsəlmanlar arasında savadlılığı yayan "Nəşri-maarif" cəmiyyətinin yaradıcılarından biri olub, "Nicat" müsəlman maarif cəmiyyəti və Qafqaz Müsəlman Xeyriyyə Cəmiyyətinin Mərkəzi Komitəsinin rəhbərliyində çalışıb. Müsavatın ilk üzvlərindən biri olub. 1917-ci ildə Bakıda keçirilən Qafqaz Müsəlmanlarının qurultayını açıq elan edib. Batum konfransında Məhəmməd Əmin Rəsulzadə ilə birlikdə Azərbaycan Xalq Cümhuriyyətini təmsil edən Zaqafqaziya Seyminin 6 əsas nümayəndəsindən, İstiqlal Bəyannaməsini qəbul etmiş Milli Şuranın 26 üzvündən biri olub və Cümhuriyyətin ilk xarici işlər naziri təyin edilib. Cümhuriyyət hökumətlərində əvvəlcə daxili işlər, daha sonra ticarət, sənaye və ərzaq naziri olub. Aprel işğalından sonra bolşeviklərlə əməkdaşlıq yolunu seçib. 1930-cu il dekabrın 3-də həbs edilib, həbsxanada vərəmə yoluxub. İstintaq sənədlərinə görə, Məhəmmədhəsən Hacınski işgəncələrə dözməyərək 1931-ci il fevralın 9-da intihar edib. Digər ehtimala görə, 1931-ci il martın 8-də Tiflis həbsxanasında vəhşicəsinə qətlə yetirilib.

MANAF SÜLEYMANOV

(1912-2001)

Azərbaycanın əməkdar mədəniyyət işçisi, yazıçı, nasir, tərcüməçi Manaf Fərəc oğlu Süleymanov 1912-ci ilin bu günü İsmayıllı rayonunun Lahıc qəsəbəsində doğulub. 18 saylı pedaqoji təmayüllü Bakı şəhər məktəbini bitirib, daha sonra Azərbaycan Neft-Kimya İnstitutunun Geoloji kəşfiyyat fakültəsində təhsil alıb. Əmək fəaliyyətinə Qaradağ neftqaz mədənləri idarəsində mühəndislikdən başlayıb. Ədəbi yaradıcılığa 1947-ci ildə "Azərbaycan" jurnalında dərc olunan "Yerin sirri" romanı ilə başlayan yazıçı ilk dəfə olaraq Bakı tarixindən, Bakı milyonçuları və qoçularından, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən elmi-publisistik kitablar yazaraq nəşr etdirib. “Eşitdiklərim, oxuduqlarım, gördüklərim” kitabı Azərbaycanda ən çox oxunan əsərlərdən birinə çevrilib. Geologiya-mineralogiya elmləri namizədi Manaf Süleymanov 2001-ci il sentyabrın 12-də Bakıda dünyasını dəyişib.

CƏVAHİR İSGƏNDƏROVA

(1914-2003)

Azərbaycanın əməkdar artisti, teatr aktrisası Cəvahir Allahverdi qızı İsgəndərova 3 mart 1914-cü ildə Tiflisdə anadan olub. Bakıda qız məktəbində təhsil alıb, kiçik yaşlarından dram dərnəyinin üzvü, Gənc Tamaşaçılar Teatrının yaradıcılarından olub. 1927-ci ildə oynanılan Lətif Kərimlinin "Fırtına" əsərinin tamaşasında Anna rolunu ifa edib, elə həmin gündən onun karyerası Gənc Tamaşaçılar Teatrı ilə bağlı olub. Azərbaycanın xalq artisti, aktyor Əliağa Ağayevin həyat yoldaşı olan Cəvahir İsgəndərova 4 oktyabr 2003-cü ildə Bakıda dünyasını dəyişib.

HÖKUMƏ BİLLURİ

(1926-2000)

Azərbaycanın əməkdar incəsənət xadimi, şair, ədəbiyyatşünas, filologiya elmləri namizədi Hökumə (Həkimə) İbrahim qızı Billuri 1926-cı ilin bu günü Güney Azərbaycanın Zəncan şəhərində dünyaya göz açıb. Uşaq ikən ailəsi ilə birlikdə Quzey Azərbaycana köçüb. 1952-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini, 1963-cü ildə Moskvada İctimai Elmlər Akademiyasını bitirib. Azərbaycan Demokrat Firqəsinin orqanı olan "Azərbaycan" qəzetinin baş redaktoru, Azərbaycan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun baş elmi işçisi olub, "Azərnəşr"in Bədii ədəbiyyat şöbəsində işləyib. Bir neçə kitab və poemanın müəllifi olan Hökumə Billuri 22 noyabr 2000-ci ildə Bakıda vəfat edib.

FƏRMAN KƏRİMZADƏ

(1937-1989)

Yazıçı, nasir və ssenari müəllifi Fərman İsmayıl oğlu Kərimzadə 1937-ci il martın 3-də Qərbi Azərbaycanın Vedi rayonunun Böyük Vedi kəndində anadan olub. 12 yaşında ikən ailəsi ilə birlikdə Beyləqan rayonuna köçüb. Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbində təhsil alıb. 1965-1967-ci illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun ssenari fakültəsinin ikinci kursunu bitirdikdən sonra İsmayıllı və Beyləqan rayonlarında orta məktəb müəllimi, qəzet redaksiyalarında şöbə müdiri, ədəbi işçi, xüsusi müxbiri, ədəbi işçi, şöbə müdiri, məsul katib, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində tərcüməçi, baş redaktor, Şüvəlan Yaradıcılıq Evinin direktoru kimi vəzifələrdə çalışıb. "Çaldıran döyüşü", "Xudafərin körpüsü" tarixi əsərlərin, "Təbriz namusu", "Qarlı aşırım", "Qoca qartalın ölümü" və başqa məşhur kitabların müəllifidir. Onun "Qarlı aşırım" əsəri əsasında "Axırıncı aşırım" bədii filmi çəkilib. Fərman Kərimzadə 1989-cu il martın 17-də Bakıda dünyasını dəyişib.

QƏZƏNFƏR KAZIMOV

(1937)

Ədəbiyyatşünas, dilçi, professor Qəzənfər Şirin oğlu Kazımov 3 mart 1937-ci ildə Cəbrayıl rayonunun Soltanlı kəndində anadan olub. 1960-cı ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Tarix-filologiya fakültəsini bitirib, daha sonra Soltanlı kənd orta məktəbində müəllim, Pedaqoji Universitetdə müəllim, dosent, professor vəzifələrində işləyib. 1989-1997-ci illərdə Pedaqoji Universitetin Filologiya fakültəsinin dekanı, Müdafiə Şurasının sədr müavini, sonralar Ali Attestasiya Komissiyasında Ekspert Şurasının, 1979-cu ildən Təhsil Nazirliyi nəzdində filologiya üzrə elmi-metodiki şurasının, Böyük Britaniya və Şimali İrlandiya Asiya Kral Cəmiyyətinin üzvü olub, 2001-ci ildən isə Nəsimi adına Dilçilik İnstitutunda Azərbaycan dialektologiyası şöbəsinin müdiridir. Qəzənfər Kazımov 350-yə qədər elmi və elmi-publisistik məqalənin, ali və orta məktəblər üçün 8 proqramın müəllifidir.

ƏNVƏR RZA

(1939-1987)

Azərbaycan şairi, tərcüməçi Ənvər İsmayıl oğlu Rzayev 1939-cu ilin bu günü Kəlbəcər rayonunun Aşağı Ayrım (Binə) kəndində anadan olub. Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutunun ingilis dili fakültəsində təhsil alıb. M.F.Axundov adına Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutunda ingilis dili leksikası kafedrasında müəllim, baş müəllim, dosent və kafedra müdiri vəzifələrində işləyib. "Göz işığı" adlı ilk şeiri "Ədəbiyyat və incəsənət" qəzetinin 10 fevral 1962-ci il tarixli sayında çıxıb. Dövri mətbuatda şeirləri və bədii tərcümələri ilə çıxış edib. Ənvər Rza 1987-ci il iyunun 10-da Bakıda vəfat edib və doğulduğu kənddə dəfn olunub.

RƏVAN NURAYEV

(1997-2016)

Şəhid Rəvan İsmayıl oğlu Nurayev 1997-ci il martın 3-də Zaqatala rayonunun Muxax kəndində anadan olub. Orta təhsilini bitirdikdən sonra hərbi xidmətə yollanıb. Əsgər Rəvan Nurayev 2016-cı ilin Aprel döyüşləri zamanı qəhrəmancasına şəhid olub və doğulduğu kənddə dəfn edilib. Ölümündən sonra III dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalı ilə təltif edilib.

CAVİD NURUYEV

(1998-2020)

Şəhid Cavid Əşrəf oğlu Nuruyev 3 mart 1998-ci ildə Şərur rayonunun Oğuz kəndində anadan olub. Heydər Əliyev adına Hərbi Liseydə və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edib. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Leytenant Cavid Nuruyev oktyabrın 4-də Suqovuşan döyüşləri zamanı şəhid olub və Şərur şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib. Ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və "Vətən uğrunda" medalı ilə təltif edilib.

TELMAN HƏSƏNLİ

(1998-2020)

Şəhid Telman Rafiq oğlu Həsənli 1998-ci ilin bu günü Biləsuvar rayonunun Bağbanlar kəndində anadan olub. 2018-ci ildə həqiqi hərbi xidmətini başa vurduqdan sonra müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi ordu sıralarında qalmağa qərar verib. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Gizir Telman Həsənli oktyabrın 18-də Zəngilan döyüşləri zamanı şəhid olub və doğulduğu kənddə dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

MÜSLÜM GURSƏS

(1953-2013)

Türkiyəli musiqiçi, müğənni Müslüm Gursəsin anım günüdür. O, 1953-cü il mayın 7-də Şanlıurfanın Halfeti qəsəbəsinin Fıstıqözü kəndində anadan olub. Üç yaşında ikən ailəsi ilə Adanaya köçüb. Müğənniliyə 1965-ci ildə başlayıb. 1969-cu ildə Adana Ailə Çay Bağçasında hazırlanmış yarışa qatılıb və birinci olub. İlk albomunu 1968-ci ildə buraxıb. 39 filmdə yaddaqalan obrazlar yaradıb. Müslüm Gursəs 3 mart 2013-cü ildə İstanbulda dünyasını dəyişib və Zincirliquyu qəbiristanlığında dəfn edilib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın