00:00 03 Oktyabr 2020 86
Ana səhifə Dünyanın bu günü

Dünyanın bu günü - 03.10.2020

SÜLEYMAN SANİ AXUNDOV

(1875-1939)

Azərbaycan yazıçısı, nasir, dramaturq Süleyman Sani Rzaqulu bəy oğlu Axundov 1875-ci il oktyabrın 3-də Şuşada dünyaya gəlib. 1894-cü ildə Qori Müəllimlər Seminariyasını bitirdikdən sonra ömrünün sonunadək pedaqoji fəaliyyətlə məşğul olub. Azərbaycan Ədib və Şairlər İttifaqının ilk sədri seçilib. "İkinci il" adlı dərs kitabının, "Qonaqlıq", "Kövkəbi-hürriyyət", "Yuxu", "Laçın yuvası", "Qaranlıqdan işığa", "Şahsənəm və Gülpəri", "Səadət zəhmətdədir", "Molla Nəsrəddin Bakıda", "Eşq və intiqam" və başqa əsərlərin müəllifidir. Onun məşhur “Qaraca qız” hekayəsi əsasında film də çəkilib. Süleyman Sani Axundov 29 mart 1939-cu ildə Bakıda vəfat edib və II Fəxri xiyabanda dəfn olunub.

ƏLƏKBƏR HÜSEYNZADƏ

(1887-1967)

Azərbaycanın əməkdar artisti, aktyor Ələkbər Hüseyn oğlu Hüseynzadə 3 oktyabr 1887-ci ildə Bakıda anadan olub. Beş il mollaxanada oxuyub, sonra rus-tatar məktəbində təhsilini davam etdirib. Səhnə fəaliyyətinə 1908-ci ildə başlayıb. Aşqabad Musiqili Teatrında, Azərbaycan Milli Dram Teatrında, Musiqili Komediya Teatrında, "Nicat" və "Müdiriyyət" truppalarında işləyib. Bir çox tamaşalarda, filmlərdə yaddaqalan obrazlar yaradıb. 1945-ci ildə çəkilmiş “Arşın mal alan” filmindəki Soltan bəy aktyorun yaratdığı ən yaddaqalan obrazdır. Bu rolu teatrda 600 dəfə, kinoda isə 2 dəfə ifa edib. Ələkbər Hüseynzadə 4 noyabr 1967-ci ildə Bakıda vəfat edib.

SERGEY YESENİN

(1895-1925)

XX əsrin əvvəllərində yazıb-yaratmış görkəmli rus şairi Sergey Aleksandroviç Yesenin 1895-ci ilin bu günü Ryazan quberniyasının Kuzmino vilayətinin Konstantinovo kəndində dünyaya göz açıb. Yaradıcılığı Bakı ilə də sıx bağlı olub. 1924-1925-ci illərdə Bakıda olub, bir müddət Mərdəkanda yaşayıb. ”İran nəğmələri” silsiləsinə daxil olan şeirlərinin əksəriyyətini burada yazıb. Bir çox əsərlərin müəllifidir, şeirləri dünyanın 160 dilinə, o cümlədən Azərbaycan dilinə də tərcümə edilib. Sergey Yesenin 1925-ci il dekabrın 28-də müəmmalı şəkildə vəfat edib. İntihar etdiyi, yoxsa qətlə yetirildiyi hələ də bəlli deyil.

TAMERLAN ƏLİYEV

(1921-1997)

Azərbaycanın əməkdar elm xadimi, tibb elmləri doktoru, professor Tamerlan Əziz oğlu Əliyev 1921-ci il oktyabrın 3-də Naxçıvanın Şahtaxtı kəndində anadan olub. Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsində təhsil alıb. Əmək fəaliyyətinə 1945-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun Daxili xəstəliklər kafedrasında başlayıb və ömrünün sonunadək burada çalışıb. Uzun illər Səhiyyə Nazirliyinin baş terapevti, Bakı Şəhər Səhiyyə İdarəsinin baş endokrinoloqu vəzifələrini yerinə yetirib, Səhiyyə Nazirliyinin IV Baş İdarəsinin məsləhətçisi, “Azərbaycan tibb jurnalı”nın redaksiya heyətinin üzvü olub. Onun təşəbbüsü ilə Daxili xəstəliklər kafedrasının nəzdində Azərbaycanda ilk dəfə intensiv kardioloji yardım şöbəsi yaradılıb, reanimasiya və intensiv terapiya bloku, funksional diaqnostika şöbəsi təşkil edilib, Elmi-Tədqiqat Kardiologiya İnstitutu inşa edilib. 250-dən çox elmi əsərin, 12 monoqrafiyanın, dərslik və dərs vəsaitinin, metodik tövsiyələrin, səmərələşdirici təklif və ixtiraların müəllifidir. "Şərəf nişanı" və "Oktyabr İnqilabı" ordenlərinə, bir sıra fəxri ad və medallara layiq görülən Tamerlan Əliyev 1997-ci il aprelin 7-də vəfat edib və Fəxri Xiyabanda dəfn edilib. O, görkəmli dövlət xadimi Əziz Əliyevin oğlu, oftalmoloq Zərifə Əliyeva, akademik Cəmil Əliyev və musiqiçi Gülarə Əliyevanın qardaşıdır.

SEVİL HACIYEVA

(1968-2000)

Azərbaycan müğənnisi Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakıda doğulub. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsil alıb. 1980-ci illərin sonunda Azərbaycanın ən məşhur səslərindən biri hesab edilib. "Bakı Payızı-88", "Yurmala-89" laureatlarının qalibi olub. Solist kimi əsas fəaliyyəti 1980-ci illərin əfsanəvi qruplarından olan “Karvan”la bağlıdır. “Karvan” qrupu dağıldıqdan sonra ABŞ-a köçüb. Burada Konservatoriya təhsili alıb və prestijli klubların birində səhnəyə çıxır. Sevil Hacıyeva 12 sentyabr 2000-ci ildə Los-Ancelesin Qərbi Hollivud küçəsində soyğunçu tərəfindən güllələnərək qətlə yetirilib və Hollivud Hills məzarlığında dəfn olunub.

RƏŞİD HÜSEYNOV

(1963-1992)

Rəşid Hüseyn oğlu Hüseynov 1963-cü ilin bu günü Kəlbəcər rayonunun Mollabayramlı kəndində anadan olub. Həmin kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra ailəsi ilə birlikdə Xocalıya köçüb və orta məktəbi orada bitirib. Sovet ordusunda hərbi xidmətini başa vurduqdan sonra Xocalı milis bölməsində işləyib. Rəşid Hüseynov 26 fevral 1992-ci ildə Xocalı soyqırımı zamanı şəhid olub və Bərdə rayonunun Yeni Daşkənd kəndində dəfn olunub.

MİKAYIL MUSTAFAYEV

(1974-1993)

Şəhid Mikayıl Murtuzəli oğlu Mustafayev 1974-cü il oktyabrın 3-də Qərbi Azərbaycanın Ağbaba mahalının Düzkənd kəndində anadan olub. 1988-ci ildə ailəsi ilə birlikdə Daşkəsən rayonunun Bayan kəndində məskunlaşıb. 1991-ci ildə burada orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. Vətən uğrunda gedən döyüşlərdə iştirak edib. Mikayıl Mustafayev 28 fevral 1993-cü ildə Ağdərə rayonu ərazisində gedən döyüşlərdə şəhid olub və Daşkəsən Şəhidlər Xiyabanında dəfn olunub. Bayan kənd orta məktəbinə onun adı verilib.

İLYAS ƏFƏNDİYEV

(1914-1996)

Azərbaycanın xalq yazıçısı, nasir, dramaturq, Dövlət Mükafatı laureatı İlyas Məhəmməd oğlu Əfəndiyevin anım günüdür. O, 26 may 1914-cü ildə Füzuli şəhərində dünyaya göz açıb. Azərbaycan Pedaqoji İnstitutunun ədəbiyyat fakültəsində, daha sonra coğrafiya fakültəsinin qiyabi şöbəsində təhsil alıb. Bakıda “Yeni yol”, “Kommunist” və “Ədəbiyyat qəzeti” redaksiyalarında çalışıb. Şuşada rus dilində gimnaziyanı bitirdikdən sonra dövlət idarələrində məmur, Müsavat hökuməti vaxtında Şuşada qəza rəisi vəzifəsində işləyib. İlk mətbu əsəri “Buruqlar arasında” oçerki, ilk hekayəsi isə “Berlində bir gecə” olub. “Söyüdlü arx”, “Körpüsalanlar”, “Dağlar arxasında üç dost”, “Geriyə baxma, qoca”, “İşıqlı yollar”, “Bahar suları”, “Atayevlər ailəsi”, “Sən həmişə mənimləsən”, “Məhv olmuş gündəliklər” və digər əsərləri ilə adını XX əsr Azərbaycan ədəbiyyatının sütunları sırasına yazdıra bilib, pyesləri ilə teatr sənətimizdə yeni bir mərhələ açaraq “İlyas Əfəndiyev teatrı”nı yaradıb. İlyas Əfəndiyev 1996-cı il oktyabrın 3-də Bakıda dünyasını dəyişib və Fəxri Xiyabanda dəfn olunub. O, xalq yazıçısı Elçinin və əməkdar elm xadimi Timuçin Əfəndiyevin atasıdır.

ƏLİYAR ƏLİYEV

(1957-1992)

Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin xatirə günüdür. O, 1957-ci il dekabrın 14-də Qubadlı rayonunun Qazyan kəndində anadan olub. Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda təhsil alıb. Dəfələrlə yunan-Roma güləşi üzrə respublika, ümumittifaq və beynəlxalq yarışların qalibi olub. Qubadlı rayonunun Dondarlı kənd orta məktəbində, Qazyan qəsəbə orta məktəbində və Saransk Dövlət Universitetində müəllim, "Məhsul" Kənd Könüllü İdman Cəmiyyətində rayon şöbəsinin məşqçisi vəzifəsində çalışıb. 1985-ci ildən Könüllü Bədən Tərbiyəsi və İdman Cəmiyyəti rayon Şurasının sədri seçilib. Ermənilərin Azərbaycan torpaqlarına təcavüzü başlanan gündən Qubadlıda ilk batalyon yaradıb və onun komandiri olub. Erməni qəsbkarları ilə döyüşlərdə misilsiz rəşadət göstərib. 1992-ci ilin payızında 40 könüllü döyüşçü ilə birlikdə işğal altındakı Laçın rayonunun 40-a qədər kəndini 4 gün ərzində ermənilərdən azad edib. Əliyar Əliyev 3 oktyabr 1992-ci ildə Laçın uğrunda döyüşlər zamanı şəhid olub və Qubadlı rayonunun Qazyan kəndində dəfn olunub. Azərbaycan Prezidentinin 10 noyabr 1992-ci il tarixli fərmanı ilə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülüb.

YURİ KOVALYOV

(1965-1991)

Azərbaycanın Milli Qəhrəmanı Yuri Petroviç Kovalyov da bu gün xatırlanır. O, 1965-ci il mayın 29-da Göyçay rayonunda anadan olub. 1972-ci ildə ailəliklə Krasnodara, beş il sonra Bakıya köçüb. Nizami rayonundakı 229 nömrəli orta məktəbdə, miçman və praporşiklər məktəbində təhsil alıb. “Azərittifaq”ın reklam istehsalat kombinatında işləyib, 1985-ci ildə hərbi xidmətini başa vurub. 1990-cı il sentyabrın 15-də təcavüzkar düşmənlə mübarizə aparmaq üçün DİN-in Xüsusi Təyinatlı Milis Dəstəsinin sıralarına daxil olub. Goranboy rayonunun kəndlərinin azad edilməsində böyük şücaət göstərib. Yuri Kovalyov 3 oktyabr 1991-ci ildə sonuncu kəşfiyyata yollanıb və Xocavənd rayonu ərazisində qəhrəmancasına şəhid olub. Bakının Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycan Prezidentinin 6 iyun 1992-ci il tarixli fərmanı ilə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülüb. Təhsil aldığı 229 saylı orta məktəb onun adını daşıyır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın