00:01 04 Yanvar 2021 79
Ana səhifə Dünyanın bu günü

Dünyanın bu günü - 04.01.2021

İSAAK NYUTON

(1643-1727)

İngilis fiziki, riyaziyyatçı, astronom, filosof və kimyaçı alim Nyuton 4 yanvar 1643-cü ildə Likolnşir qraflığında, Qrentem şəhəri yaxınlığında yerləşən Vulstrop adlı kiçik bir kənddə fermer ailəsində doğulub. Atası övladının doğulmasına 3 ay qalmış vəfat edib. 3 yaşında ikən anası ikinci dəfə ərə gedib və balaca İsaak nənəsinin himayəsində qalıb. Gələcək dahinin ibtidai məktəb həyatı olduqca ağır keçib. Gərgin səylərdən sonra oxuduğu sinifdə əlaçılar sırasında birinci olub. Ciddi hazırlıqdan sonra 1661-ci ildə Kembric Universitetində təhsil alıb. Elmi inqilabın baş verməsində və heliosentrizmin inkişafında böyük rolu olub. İlk dəfə elmə Yerin cazibə qüvvəsi anlayışını daxil edib. Ən məşhur əsərlərindən biri “Natural fəlsəfənin riyazi başlanğıcı” əsəridir. Adı “Tarixdə 100 ən nüfuzlu şəxs” siyahısına daxil edilib. İsaak Nyuton 31 mart 1727-ci ildə Londonda dünyasını dəyişib.

RAFAEL DADAŞOV

(1946-2020)

Azərbaycanın xalq artisti, teatr və kino aktyoru Rafael Məlik oğlu Dadaşov Rafael Dadaşov 1946-cı il yanvarın 4-də Zaqatalada doğulub. 1972-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. 1976-cı ildən Akademik Milli Dram Teatrının aktyor truppasında çalışıb. Azərbaycan Dövlət Televiziyasında hazırlanmış çoxsaylı tamaşalarda rol alıb. "Var olun qızlar", "Yarımçıq qalmış serenada", "Bəxt üzüyü", "Mənim ağ şəhərim" bədii, "Qaçaq Süleyman" televiziya filmlərinə çəkilib. Prezident mükafatçısı Rafael Dadaşov 16 mart 2020-ci ildə Bakı şəhərində vəfat edib.

TEYMUR QASIMOV

(1992-2016)

Şəhid Teymur Sabir oğlu Qasımov 1992-ci ilin bu günü Mingəçevir şəhərində anadan olub. Mingəçevir internat məktəbinin məzunu olub. İdmanla peşəkar şəkildə məşğul olub. 2012-ci ildən müddətdən artıq xidmət edən hərbi qulluqçu, 2013-cü ildən isə gizir kimi Xüsusi Təyinatlı Qüvvələrdə vətənə xidmət edib. Teymur Qasımov 2016-cı il aprelin 2-də Tərtər rayonunun Talış kəndindəki yüksəklik uğrunda gedən döyüşdə qəhrəmancasına şəhid olub və aprelin 9-da Mingəçevir şəhərindəki Şəhidlər Xiyabanında dəfn edilib.

ŞAMİL BABABƏY

(1994-2020)

Şəhid Şamil Nazim oğlu Bababəy 4 yanvar 1994-cü ildə Ordubad rayonunun Çənnəb kəndində anadan olub. Azərbaycan Ordusunun Quru Qoşunlarının baş leytenantı kimi 2020-ci sentyabrın 27-də başlanan Vətən Müharibəsinə qatılıb. Şamil Bababəy oktyabrın 7-də Ağdərənin azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub və II Fəxri Xiyabanda dəfn olunub. Ölümündən sonra "Vətən uğrunda" medalı və III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

CƏLİL MƏMMƏDQULUZADƏ

(1869-1932)

Görkəmli yazıçı-dramaturq, jurnalist və ictimai xadim Cəlil Məmmədqulu oğlu Məmmədquluzadənin anım günüdür. O, 1869-cu il fevralın 10-da Naxçıvan şəhərində anadan olub. İlk təhsilini əvvəlcə mollaxanada, sonra Naxçıvan şəhər məktəbində alıb. 1887-ci ildə Qori Müəllimlər Seminariyasını bitirib, bir müddət İrəvan quberniyasının kəndlərində müəllimlik edib. İlk bədii əsəri sayılan “Çay dəstgahı” alleqorik pyesini, “Danabaş kəndinin əhvalatları” hekayəsini də bu dövrdə yazıb. Yazıçı və jurnalist kimi püxtələşməsində Tiflisdə nəşr olunan ilk azərbaycandilli qəzet olan “Şərqi-Rus” qəzetinin və onun redaktoru Məhəmməd ağa Şahtaxtlının mühüm rolu olub. 1903-cü ildə yazdığı “Poçt qutusu” əsəri 1904-cü ildə elə “Şərqi-Rus” qəzetində çap olunub. 1906-cı ildə Tiflisdə “Molla Nəsrəddin” jurnalının nəşrinə başlayıb. Bununla da Azərbaycan və Yaxın Şərqdə satirik jurnalistikanın əsasını qoyub və özü də “Molla Nəsrəddin” adı ilə məşhurlaşıb. Müəyyən fasilələrlə dərc olunan jurnal 1906-1918-ci illərdə Tiflisdə, 1920-1921-ci illərdə 8 nömrə ilə Təbrizdə, 1922-1931-ci illərdə isə Bakıda nəşr olunub. Nəsr və dram əsərləri ilə Azərbaycan ədəbiyyatını yalnız məzmunca deyil, formaca da zənginləşdirən Cəlil Məmmədquluzadə 4 yanvar 1932-ci ildə Bakı şəhərində vəfat edib. Məzarı Fəxri Xiyabandadır.

FƏRHAD AĞAZADƏ

(1882-1931)

Tanınmış pedaqoq, dilçi, jurnalist, yazıçı-publisist, ictimai xadim Fərhad Məşədi Rəhim oğlu Ağazadənin xatirə günüdür. O, 12 avqust 1882-ci ildə Şuşa şəhərində anadan olub. İbtidai təhsilini Şuşada alıb. 1896-1900-cü illərdə Qori Müəllimlər Seminariyasında oxuyub. Şuşa və Gorusda ikisinifli məktəbdə müəllim işləyib. 1905-ci ildə Bakıya köçüb, buradakı Rus-Azərbaycan məktəbinin III şöbəsinə müəllim təyin edilib. 1907-ci ildə əvvəlcə IV, sonra I Rus-Azərbaycan məktəbində müəllim işləyib. “Nicat” xeyriyyə cəmiyyətinin yaranmasında yaxından iştirak edib. Dövri mətbuatda “Şərqli” təxəllüsü ilə yazılar dərc etdirib, əlifba islahatı ilə bağlı silsilə məqalələr yazıb. Mirzə Fətəli Axundovdan sonra yeni əlifba uğrunda ardıcıl mübarizə aparan ən fəal Azərbaycan ziyalılarından olub, Sovet İttifaqı üzrə yaradılmış Yeni Əlifba Komitəsi Şurasının 14 üzvündən biri olub. Fərhad Ağazadə 1931-ci il yanvarın 4-də dünyasını dəyişib.

ƏLİ NƏZMİ

(1878-1946)

Şair, ədəbiyyatşünas, tərcüməçi Əli Nəzmi də bu gün xatırlanır. Əli Məhəmməd oğlu Məmmədzadə 1878-ci ildə Gəncə yaxınlığındakı Sarov kəndində anadan olub. İbtidai təhsilini mollaxanada alıb. Sonra rus-tatar məktəbində oxuyub, lakin atası dünyasını dəyişdiyindən təhsilini yarımçıq qoyub. Ailəyə kömək məqsədilə yaxın bir qohumu onu özü ilə əvvəl Buxaraya, sonra Səmərqənd şəhərinə aparıb. Orada tacir dükanında işləyərkən klassik Şərq ədəbiyyatını mütaliə etməyə və “Bikəs” təxəllüsü ilə şeirlər yazmağa başlayıb. Gəncəyə qayıtdıqdan sonra tez-tez Tiflisə gedib, oradakı ədəbi qüvvələrlə əlaqələr qurub. İlk mətbu əsəri - “Kənddə ibtida” şeiri 1904-cü ildə “Şərqi-Rus” qəzetində dərc olunub. 1906-cı ildə nəşrə başlayan “Molla Nəsrəddin” jurnalı öz qayəsi ilə onun diqqətini çəkib. Əsərlərini “Həcamətverdi”, “Sərsəri”, “Şəmşir”, “Şəmşirək” və s. gizli imzalarla dərc etdirib. Şeirlərində Sabir ruhu duyulur. Uzun müddət müəllim işləyib. 1924-1926-cı illərdə “Yeni Gəncə” qəzeti redaksiyasında, bir müddət sonra Bakıya köçərək “Kəndli” qəzeti, “Molla Nəsrəddin” jurnalı redaksiyalarında çalışıb. Dünya ədəbiyyatından tərcümələr edib. Əli Nəzmi 1946-cı il yanvarın 4-də Bakıda vəfat edib.

ALBER KAMYU

(1913-1960)

Fransız yazıçısı və filosof Alber Kamyunun anım günüdür. O, 1913-cü il noyabrın 7-də Əlcəzairdə doğulub. Əlcəzair Universitetinin Fəlsəfə fakültəsində təhsil alıb. Qəzetlərdə redaktor, siyasi icmalçı və ədəbi şərhçi kimi çalışıb. Fransanın faşist işğalına məruz qaldığı İkinci Dünya müharibəsi illərində Müqavimət hərəkatının fəal iştirakçılarından olub. "Kaliqula", "Taun", “Xoşbəxt ölüm”, “İlk adam” və başqa əsərlərin müəllifidir. 1957-ci ildə "insan vicdanının həlledici rolunu aşkara çıxarmaq istiqamətində ədəbiyyata verdiyi mühüm töhfəyə görə" Nobel mükafatı alıb. Alber Kamyu 4 yanvar 1960-cı ildə Fransanın cənubunda baş verən avtomobil qəzasında həlak olub

ƏLİ ZEYNALOV

(1913-1988)

Azərbaycanın xalq artisti, teatr və kino aktyoru Əli Yusif oğlu Zeynalovun xatirə günüdür. O, 4 aprel 1913-cü ildə Salyanda anadan olub. Atası Yusif Zeynalov ilk əlifba kitabının müəllifidir. Atasının yolunu davam etdirərək pedaqoji təhsil alıb, Bakı Pedaqoji və Teatr texnikumlarını bitirib. Müxtəlif illərdə Moskva teatrlarında, Şəki Dövlət Dram Teatrında, İrəvan Teatrında, Dram Teatrında işləyib, İncəsənət İnstitutunda "səhnə danışığı" fənnindən dərs deyib. "Şeyda", "Sən həmişə mənimləsən" və başqa tamaşalarda, televiziya tamaşalarında maraqlı obrazlar yaradıb, “Uzaq sahillərdə”, “Telefonçu qız” kimi bir çox filmlərdə aparıcı rolları səsləndirib. "İki ömrüm olsaydı..." kitabının müəllifi olan Əli Zeynalov 1988-ci il yanvarın 4-də Bakıda dünyasını dəyişib.

SOFİYA BƏSİRZADƏ

(1918-2000)

Azərbaycanın xalq artisti, teatr və kino aktrisası Sofiya (Sofa) Bəşir qızı Bəsirzadə də bu gün xatırlanır. O, 28 fevral 1918-ci ildə Kazan quberniyasının Köhnə Çukan kəndində doğulub. Bakıdakı 134 saylı məktəbdə orta təhsil aldıqdan sonra 1936-cı ildə Mirzə Fətəli Axundzadə adına Bakı Teatr Məktəbinə daxil olub. Həmin ildən başlayaraq Azərbaycan Milli Dram Teatrının tamaşalarında kütləvi səhnələrdə, epizodik rollarda səhnəyə çıxıb, 1938-ci ildə isə teatrın aktyor truppasına qəbul edilib. Teatrın səhnəsində 62 ildən çox çalışıb, ondan artıq bədii filmə çəkilib. Ömrünün son illərini Bakı Bələdiyyə teatrında çalışan Sofiya Bəsirzadə 4 yanvar 2000-ci ildə Bakıda vəfat edib.

ETİBAR İSMAYILOV

(1964-1994)

Şəhid Etibar Bəylər oğlu İsmayılovun anım günüdür. O, 29 mart 1964-cü ildə Ağcabədi rayonunun Hindarx kəndində anadan olub. 1981-ci ildə məktəbi bitirdikdən sonra kənddəki Su Artezianları İstismarı İdarəsində çilingər kimi əmək fəaliyyətinə başlayıb. idi. Keçmiş sovet ordusunda hərbi xidmətini başa vurduqdan sonra öz peşəsində əmək fəaliyyətini davam etdirib. 1990-cı ildən başlayaraq torpaqlarımızın müdafiəsində fəal iştirak edib. Naxçıvanik, Şelli kəndlərinin müdafiəsində xüsusilə fərqlənib. 4 yanvar 1994-cü ildə mühasirəyə düşən döyüş yoldaşlarını xilas etmək məqsədilə sonuncu qumbarası ilə düşmən tankının altına atılıb və qəhrəmancasına şəhid olub. Cəsədi döyüş meydanında qalan Etibar İsmayılova Azərbaycan Prezidentinin 5 yanvar 1994-cü il tarixli fərmanı ilə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

YUSİF YUSİFOV

(1929-1998)

Görkəmli Azərbaycan tarixçisi, şərqşünas, türkoloq, dilçi, mixi yazılar üzrə mütəxəssis, tarix elmləri doktoru, professor Yusif Bəhlul oğlu Yusifovun xatirə günüdür. O, 1929-cu il sentyabrın 23-də Qərbi Azərbaycanın Böyük Vedi mahalında anadan olub. İrəvanda Azərbaycan Pedaqoji Texnikumunda, Leninqrad Dövlət Universitetində və Dövlət Ermitaj Muzeyinin aspiranturasında təhsil alıb. Əmək fəaliyyətinə Azərbaycan Elmlər Akademiyasının Tarix və Fəlsəfə İnstitutunda başlayıb. M.F.Axundov adına Azərbaycan Pedaqoji İnstitutunun Azərbaycan tarixi kafedrasında professor, 1971-ci ildən ömrünün sonunadək isə N.Tusi adına Azərbaycan Pedaqoji Universitetində professor, kafedra müdiri və dekan vəzifələrində işləyib. Şərqin və Azərbaycanın qədim tarixi üzrə onlarla mütəxəssis yetişdirib, ali və orta məktəblər üçün dərsliklər, dərs vəsaitləri çap etdirib. Azərbaycan toponimikasına dair bir sıra elmi məqalələrin və dərsliyin müəllifi olan Yusif Yusifov 1998-ci il yanvarın 4-də Bakıda vəfat edib.

ƏLİYAR SƏFƏRLİ

(1937-2017)

AMEA-nın müxbir üzvü, filologiya üzrə elmlər doktoru, professor Əliyar Qurbanəli oğlu Səfərli də bu gün xatırlanır. O, 1937-ci il dekabrın 28-də Ordubad rayonunun Anabad kəndində anadan olub. Ordubad şəhər orta məktəbində və Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin İran filologiyası şöbəsində təhsil alıb. 1960-1968-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda elmi işçisi olub. Uzun müddət Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində pedaqoji fəaliyyətlə məşğul olub, 1986-1994-cü illərdə Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müdiri işləyib, 1994-1998-ci illərdə Azərbaycanın İrandakı səfiri olub. Bir sıra unudulmuş ədəbi abidələri aşkara çıxarıb, 30 kitabın müəllifidir. Əliyar Səfərli 4 yanvar 2017-ci ildə Bakıda dünyasını dəyişib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın