00:01 04 Mart 2021 65
Ana səhifə Dünyanın bu günü

Dünyanın bu günü - 04.03.2021

ELŞAD ƏHƏDOV

(1968-1993)

Azərbaycanın Milli Qəhrəmanı Elşad Saday oğlu Əhədov 4 mart 1968-ci ildə Masallı rayonunun Təzə Alvadı kəndində dünyaya gəlib. Orta məktəbi burada oxuyub, daha sonra Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olub. Ukraynanın Kamenets-Podolsk Ali Komandirlər Məktəbini bitirdikdən sonra 1989-cu ildə Volqoqrad hərbi hissələrindən birinə rota komandiri təyin edilib. Bakının Güzdək qəsəbəsində və Lənkəranda da rota komandiri kimi fəaliyyət göstərib. Elşad Əhədov 11 dekabr 1993-cü ildə Ağdaş yüksəkliyi uğrunda gedən döyüşdə həlak olub və doğulduğu kənddə dəfn edilib. Ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib və "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

VÜQAR AĞAYEV

(1973-2020)

Şəhid Vüqar Əhməd oğlu Ağayev 1973-cü il martın 4-də Qubadlı rayonunun Xanlıq kəndində anadan olub. I Qarabağ Müharibəsində Milli Qəhrəman Əliyar Əliyevin batalyonunda döyüşüb və yaralanıb. Müharibədən sonra hərbi təhsil alıb və 1996-2017-ci illərdə Azərbaycan Ordusunda xidmət edib. 2020-ci il sentyabrın 27-də Vətən Müharibəsinin başlanması ilə əlaqədar yenidən orduya qayıdıb. Mayor Vüqar Ağayev noyabrın 1-də doğulduğu Qubadlı rayonu uğrunda döyüşlər zamanı şəhid olub və II Fəxri Xiyabanda dəfn edilib. Ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adına, "Vətən uğrunda" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.

ZAUR CƏFƏROV

(1980-2020)

Şəhid Zaur Hüseyn oğlu Cəfərov 1980-ci ilin bu günü Kəlbəcər rayonunun Başlıbel kəndində dünyaya göz açıb. Heydər Əliyev adına Ali Hərbi Məktəbdə, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində təhsil alıb, xarici ölkələrdə keçirilən kurs və təlimlərdə iştirak edib. Qısa müddət ərzində diviziya komandiri vəzifəsindən hərbi hissənin qərargah rəisi vəzifəsinə qədər yüksəlib. 2016-cı ilin Aprel döyüşlərində və 2020-ci ilin Tovuz döyüşlərində qəhrəmanlıq göstərib. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsi zamanı Murovdağ silsiləsinin, Tərtər rayonunun Talış və Suqovuşan kəndlərinin azad olunmasında iştirak edib. Polkovnik-leytenant Zaur Cəfərov oktyabrın 9-dan 10-a keçən gecə Ağdərə istiqamətində gedən şiddətli döyüşlər zamanı sərəncamında olan minik avtomobili ilə minaya düşərək şəhid olub və II Fəxri Xiyabanda dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə", "İgidliyə görə" və "Hərbi xidmətlərə görə" medalları ilə təltif edilib.

AZAD ZEYNALOV

(1987-2020)

Şəhid Azad Rafiq oğlu Zeynalov 1987-ci il martın 4-də Şərur rayonunda anadan olub. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Kapitan Azad Zeynalov oktyabrın 26-da Füzuli döyüşləri zamanı şəhid olub və Şərur Şəhidlər Xiyabanında dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

VÜSAL TEYMUROV

(1991-2020)

Şəhid Vüsal Zakir oğlu Teymurov 4 mart 1991-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Kooperasiya Universitetində təhsil alıb. 2012-2013-cü həqiqi hərbi xidmətdə olub. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsinə könüllü olaraq yollanıb. Füzuli, Xocavənd, Cəbrayıl, Zəngilan və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Əsgər Vüsal Teymurov noyabrın 8-də Şuşa döyüşləri zamanı şəhid olub və Bakı şəhərində dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.

ELBRUS HÜSEYİNOV

(1991-2020)

Şəhid Elbrus Nadir oğlu Hüseyinov 1991-ci il martın 4-də Göygöl rayonunun Çaykənd kəndində anadan olub. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Baş çavuş Elbrus Hüseyinov oktyabrın 19-da Cəbrayıl döyüşləri zamanı şəhid olub. Ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.

HÜSEYN QULİYEV

(1999-2020)

Şəhid Hüseyn Həsən oğlu Quliyev 1999-cu il martın 4-də Gəncə şəhərində anadan olub. Bakı Dövlət Universitetinin Tarix fakültəsini bitirdikdən sonra həqiqi hərbi xidmətə çağırılıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Əsgər Hüseyn Quliyev oktyabrın 3-də Murovdağ döyüşləri zamanı şəhid olub və Gəncə Şəhidlər Xiyabanında dəfn edilib. Ölümündən sonra “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.

AYAZ ƏHMƏDOV

(2000-2020)

Şəhid Ayaz Elson oğlu Əhmədov 2000-ci il martın 4-də Göyçay şəhərinin İkinci Ərəbcəbirli kəndində dünyaya göz açıb. Göyçay Peşə liseyində təhsil alıb. 2018-2020-ci illərdə həqiqi hərbi xidmətdə olub. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində könüllü iştirak edib. Ağdam və Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmanlıqlar göstərib. Əsgər Ayaz Əhmədov oktyabrın 7-də Ağdərə döyüşləri zamanı şəhid olub və doğulduğu kənddə dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

RAFAEL AĞAYEV

(1985)

Azərbaycan ən titullu karateçisi Rafael Mahir oğlu Ağayev 4 mart 1985-ci ildə Sumqayıt şəhərində anadan olub. Orta təhsilini bitirdikdən sonra Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına daxil olub, 2007-ci ildə oranı güləşmə və onun metodikası üzrə karate məşqçisi-müəllim ixtisası ilə bitirib. Hərbi xidmətdən sonra perspektivli idmançı kimi Azərbaycan Müdafiə Nazirliyinin idman klubuna keçirilib. Beynəlxalq yarışlarda ilk dəfə olaraq milli yığma komandanın tərkibində 1997-ci ildə Macarıstanda keçirilən açıq Dünya Kubokunda iştirak edib. 1998-ci ildə İngiltərənin açıq çempionatının qalibi olub və bundan sonra heç bir yarışdan medalsız geri qayıtmayıb. Rafael Ağayev 5 dəfə dünya, 11 dəfə Avropa çempionudur.

AĞAMUSA NAĞIYEV

(1848-1919)

Bu gün azərbaycanlı milyonçu, neft hasilatçısı və xeyriyyəçi Ağa Musa Nağıyevin anım günüdür. O, 1848-ci ildə Bakı quberniyasının Biləcəri kəndində anadan olub. İbtidai təhsilini kənd mollaxanasında aldıqdan sonra 25 yaşınadək kənddə atasına kömək edib. Neftin və işgüzarlıq istedadının hesabına xüsusilə Bibiheybət mədənlərində neft quyularının bir-birinin ardınca fontan vurması sayəsində milyonçu olub. Onun tikdirdiyi 98 bina Bakının memarlıq möhürünə çevrilib, oğlu İsmayılın şərəfinə ucaldılmış “İsmailiyyə” binası isə bu tikililər içərisində şah əsər sayılır. 1908-ci ildə sahibi olduğu neft firması rekord həcmdə neft çıxarıb. Ağamusa Nağıyev 1919-cu il martın 4-də vəfat edib.

ƏLİQULU QƏMKÜSAR

(1880-1919)

Azərbaycan şairi, publisist Əliqulu Qəmküsar da bu gün xatırlanır. Əliqulu Məşədi Ələkbər oğlu Nəcəfov 1880-ci il mayın 24-də Naxçıvanda doğulub. Hələ məktəbli ikən şeir yazmağa başlayıb. 1892-ci ildə üçsinifli şəhər rus məktəbinə daxil olub, 1896-cı ildə isə təhsilini yarımçıq qoyaraq atasının xəstəliyi səbəbindən Təbrizə gedib. Onun yazıları, şeir və felyetonları "Otaylı", "Cüvəllağı", "Cüvəllağı bəy", "Sarsaqqulu bəy", "Qəmküsar" və başqa imzalarla 1916-cı ildən etibarən "Molla Nəsrəddin", "Yeni Füyuzat", "Həyat", "İrşad", "Sədayi-həqq", "Al bayraq", "Gələcək" və digər qəzet-jurnallarda nəşr edilib. "Ölülər"də Şeyx Nəsrullah rolunu böyük məharətlə oynaması məşhurdur. Əliqulu Qəmküsar 1919-cu il martın 4-də axşam evinə qayıdarkən menşeviklər tərəfindən qətlə yetirilib və Tiflisin Botanika Bağı ərazisində yerləşən müsəlman qəbiristanlığında dəfn edilib.

HÜSEYN ƏRƏBLİNSKİ

(1881-1919)

Bu gün aktyor və rejissor, peşəkar teatr sənətinin banilərindən biri Hüseyn Ərəblinskinin xatirə günüdür. Hüseyn Məhəmməd oğlu Xələfov 1881-ci ildə Bakı şəhərində yoxsul bir ailədə dünyaya göz açıb. Həbib bəy Mahmudbəyovun "Üçüncü rus-tatar" məktəbindən sonra “Mixaylovskaya Şkola”da oxuyub. İlk dəfə səhnəyə 1897-ci ildə çıxıb, teatr fəaliyyəti isə 1903-1904-cü illərdə yaradılan Müsəlman artistləri cəmiyyəti ilə sıx bağlıdır. "Müsibəti-Fəxrəddin", "Ağa Məhəmməd Şah Qacar", "Müfəttiş", "Müsibəti-Fəxrəddin", "Hacı Qara", "Qaçaqlar", "Otello" tamaşalarında çıxış edib. 1916-cı ildə Bakıda çəkilən "Neft və milyonlar səltənətində" filmində oynayıb. Deyilənlərə görə, 1919-cu ildə aralarında yaranan mübahisə zamanı Hüseyn Ərəblinskini dayısı oğlu Əbdülxalıq tərəfindən tapança ilə vurularaq öldürülüb. Hüseyn Ərəblinskinin adı Sumqayıt Dövlət Gənclər Dram Teatrına verilib, yazıçı Elçin isə onun həyat və fəaliyyətindən bəhs edən "Sənətkarın taleyi" pyesini yazıb.

ELÇİN HƏMİDOV

(1958-2011)

Azərbaycanın əməkdar artisti, aktyor və müğənni Elçin Qəzənfər oğlu Həmidovun anım günüdür. O, 1958-ci il iyunun 29-da Bakıda anadan olub. 1974-cü ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında xor artisti vəzifəsində çalışıb, 1977-ci ildə İncəsənət İnstitutunun Dram-kino aktyoru fakültəsinə daxil olub. 1983-cü ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında artist-vokalist kimi fəaliyyət göstərib, müxtəlif tamaşalarda oynayıb. "Planet Parni iz Baku" KVN teatrının da əsas simalarından biri olan aktyorun “Məhəllə 1” və “Məhəllə 2” filmlərində canlandırdığı "Məzi" obrazı tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb. Elçin Həmidov 2011-ci il martın 4-də Bakıda dünyasını dəyişib və Xırdalan qəbiristanlığında dəfn olunub.

ƏLABBAS İSGƏNDƏROV

(1958-1992)

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Əlabbas Qara oğlu İsgəndərovun xatirə günüdür. O, 20 noyabr 1958-ci ildə Ağdam rayonunun Kürdlər kəndində anadan olub. 18 yaşı tamam olduqdan sonra sovet ordusu sıralarına çağırılıb, tərxis edildikdən sonra isə öz doğma yurduna dönərək təsərrüfatla məşğul olub. 1991-ci ildə Ağdamda könüllülərdən ibarət batalyona yazılıb. 1992-ci ildə Umudlu kəndində mühasirəyə düşmüş 40 döyüşçümüz məhz Əlabbasın qəhrəmanlığı sayəsində gizli yollarla mühasirədən çıxaraq, hərbi hissəyə dönə bilib. Əlabbas İsgəndərov 1992-ci ildə Qazançı kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub və Ağdamın Şəhidlər Xiyabanında dəfn edilib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın