00:00 04 Avqust 2020 544
Ana səhifə Dünyanın bu günü

Dünyanın bu günü - 04.08.2020

MƏMMƏDRZA ŞEYXZAMANOV

(1915-1984)

Azərbaycanın xalq artisti, görkəmli teatr və kino aktyoru Məmmədrza İsa oğlu Şeyxzamanov 1915-ci il avqustun 4-də Gəncədə doğulub. Orta məktəbdə oxuya-oxuya teatr studiyasına qəbul olunub. 1954-cü ildə Azərbaycan Dövlət Akademik Dram Teatrında işə başlayıb. Böyük ekrana ilk dəfə 1955-ci ildə “Bəxtiyar” filmində Rəcəbov rolu ilə çıxıb. Daha sonra Cəfər Cabbarlı adına "Azərbaycanfilm” Dövlət Kinostudiyasının istehsal etdiyi “Bir qalanın sirri”, “Bizim Cəbiş müəllim”, “Böyük dayaq”, “Əhməd haradadır?”, “Qanlı zəmi”, “Qatır Məmməd”, “Nəsimi” və digər filmlərdə çəkilib. Məmmədrza Şeyxzamanov 1984-cü il yanvarın 25-də Bakı şəhərində vəfat edib.

OFELİYA MƏMMƏDZADƏ

(1939-2007)

Azərbaycanın əməkdar artisti, aktrisa Ofeliya Kamal qızı Məmmədzadə 4 avqust 1939-cu ildə Bakıda anadan olub. 1977-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsini bitirib. Musiqili Komediya Teatrında və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında işləyib. Bir sıra tamaşalarda yaddaqalan obrazlar yaradıb. “26-lar”, “Bir cənub şəhərində”, “Yenilməz batalyon”, “Burulğan”, “Poçt qutusu” və başqa filmlərdə rol alıb. Aktyor Gündüz Abbasovla evli olan Ofeliya Məmmədzadə 11 iyul 2007-ci ildə Bakıda vəfat edib.

RAMİZ MƏLİK

(1943)

Azərbaycanın xalq artisti, aktyor Ramiz Ağarza oğlu Məlikov 1943-cü il bu günü Bakıda doğulub. Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyorluğu fakültəsində təhsil alıb, Rza Təhmasib, Tofiq Kazımov və Məlik Dadaşov kimi görkəmli aktyorlardan dərs alıb. 1967-ci ildə Akademik Milli Dram Teatrının truppasında aktyor, eyni zamanda "Yastı təpə", "Yad adam", "Xurşidbanu Natəvan" və başqa pyeslərin tamaşaya hazırlanmasında rejissor və rejissor assistenti kimi çalışıb. Bir çox film və tamaşalarda yaddaqalan obrazlar yaradıb. Ramiz Məlik Respublika Dövlət mükafatına, Cəfər Cabbarlı mükafatına, “Şöhrət” ordeninə və Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi “Sənətkar” ordeninə layiq görülüb.

RAFİQ HÜSEYNOV

(1946-2017)

Azərbaycanın xalq artisti, televiziya diktoru Rafiq Hüseyn oğlu Hüseynov 1946-cı il avqustun 4-də Şuşa şəhərində anadan olub. 17 yaşından Azərbaycan Televiziyasında işıqçı, 1966-cı ildən isə təcrübəçi diktor kimi fəaliyyətə başlayıb. 2016-cı ildə Milli Kino Günü münasibətilə Azərbaycan Kinematoqrafçılar İttifaqının təsis etdiyi illik mükafata layiq görülüb. Rafiq Hüseynov 26 oktyabr 2017-ci ildə Almaniyanın Düsseldorf şəhərində dünyasını dəyişib və Yasamal qəbiristanlığında dəfn olunub.

BARAK OBAMA

(1961)

Amerika Birləşmiş Ştatlarının 44-cü Prezidenti Barak Hüseyn Obama 4 avqust 1961-ci ildə Havay adalarında anadan olub. Kolumbiya Universitetində təhsil alıb. 1985-ci ildə Çikaqoya köçərək, orada cinayətkarlıq və işsizliyin bürüdüyü məhəllələrdə yaşayış şəraitinin yaxşılaşdırılması uğrunda mübarizə aparan kilsə qrupunda işləməyə başlayıb. 1991-ci ildə Harvard Hüquq Məktəbini bitirib. Harvard Hüquq İcmalı jurnalının redaktoru olmuş ilk qaradərili amerikalıdır. Çikaqo Hüquq Elmləri İnstitutunda Konstitusiya hüququ fənnindən dərs deyib. 2004-cü ildə Demokratlar Partiyasının namizədi kimi İllinoys ştatından ABŞ Senatına seçilib. 2008-ci il prezident seçkiləri zamanı Birləşmiş Ştatlar Prezidentliyinə namizəd göstərilən ilk afroamerikalı olub və 2008-ci il noyabrın 4-də respublikaçı rəqibi Con Makkeynə qalib gələrək, ABŞ-ın 44-cü Prezidenti seçilib. Növbəti seçkilərdə də qalib gələn Barak Obama Prezident postunu 20 yanvar 2017-ci ildə Donald Trampa təhvil verib. "Atamın xatirələri" adlı kitabın müəllifidir. Beynəlxalq diplomatiyanın və xalqlar arasında əməkdaşlığın gücləndirilməsinə sərf etdiyi böyük əməyə görə “Nobel Sülh” mükafatına layiq görülüb. Mişel Obama ilə evlidir, iki qızı var.

FƏRHAD AĞAYEV

(1975-1995)

Azərbaycanın Milli Qəhrəmanı Fərhad İslam oğlu Ağayev 1975-ci ilin bu günü Sabirabad rayonunun Əliləmbəyli kəndində anadan olub. Kənd orta məktəbində təhsil alıb. 1993-cü il oktyabrın 8-də Milli Ordu sıralarına çağırılıb və Prezident Qvardiyasında xidmətə başlayıb. 24 yanvar 1994-cü ildə cəbhəyə yola düşüb və Murovdağ, Ömərdağ, Güzgü deyilən müdafiə əhəmiyyətli ərazi döyüşlərində şücaət göstərib. 1995-ci il martın 13-də Ağstafada dövlət çevrilişinə cəhd edən qanunsuz silahlı dəstənin zərərsizləşdirilməsi əməliyyatı zamanı ağır yaralanıb və martın 15-də vəfat edib. Sabirabad rayon Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycan Prezidentinin 4 aprel 1995-ci il tarixli fərmanı ilə Fərhad Ağayev ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb. Oxuduğu orta məktəb onun adını daşıyır, qarşısında büstü qoyulub.

NİCAT İSGƏNDƏROV

(1989-2016)

Şəhid Nicat Bəhruz oğlu İsgəndərov 1989-cu il avqustun 4-də Tərtər şəhərində anadan olub. Burada orta məktəbi bitirdikdən sonra hərbi xidmətə çağırılıb. Gizir Nicat İsgəndərov 2016-cı il aprelin 2-də Azərbaycan-Ermənistan təmas xəttində baş verən toqquşma zamanı qəhrəmancasına şəhid olub və Tərtər şəhərində dəfn olunub. Ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.

HÜSEYN DƏMİRLİ

(1993-2016)

Şəhid Hüseyn Zeynal oğlu Dəmirli 4 avqust 1993-cü ildə Biləsuvar şəhərində anadan olub. Orta təhsilini bitirdikdən sonra hərbi xidmətə yollanıb. Nümunəvi əsgər kimi hərbi hissə rəhbərliyi tərəfindən bir neçə dəfə fəxri fərmanla təltif edilib. 2013-cü ildə hərbi xidmətini başa vursa da, 2014-cü ildə yenidən könüllü olaraq Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmətə başlayıb. Kiçik çavuş Hüseyn Dəmirli 2016-cı il aprelin 2-də Azərbaycan-Ermənistan təmas xəttində baş verən toqquşma zamanı qəhrəmancasına şəhid olub və Biləsuvar şəhərində dəfn olunub. Ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

CABBARXAN HACIAĞAYEV

(1996-2016)

Şəhid Cabbarxan İlham oğlu Hacıağayev 1996-cı ilin bu günü Bakı şəhərində anadan olub. Orta təhsilini bitirdikdən sonra hərbi xidmətə yollanıb. Əsgər Cabbarxan Hacıağayev 2016-cı il aprelin 2-də Azərbaycan-Ermənistan təmas xəttində baş verən döyüşlər zamanı qəhrəmancasına şəhid olub və Bakı şəhərində dəfn olunub. Ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

ƏHMƏDAĞA MUĞANLI

(1926-2001)

Əməkdar mədəniyyət işçisi, nasir, ssenarist, kino redaktoru Əhmədağa Muğanlının anım günüdür. Əhmədağa Əkbər oğlu Qurbanov 10 may 1926-cı ildə Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb. Əmək fəaliyyətinə Biləsuvar rayonunun Bəyunlu kənd yeddi illik məktəbində müəllimlikdən başlayıb. Orta məktəbdə baş dəstə rəhbəri, "Bakı kommunisti" qəzeti redaksiyasında ədəbi işçi, Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında ssenari şöbəsinin redaktoru, sənədli-xronikal və elmi-kütləvi filmlər birliyinin baş redaktoru vəzifələrində çalışıb. Ədəbi fəaliyyətə "İnqilab və mədəniyyət" jurnalında dərc olunan "Biz qol çəkirik ki..." hekayəsi ilə başlayıb. Bir neçə kitabı çapdan çıxıb. 50-yə yaxın filmdə redaktor və ssenari müəllifi kimi yer alıb. Əhmədağa Muğanlı 2001-ci ilin avqustunda Bakıda vəfat edib.

TANİLYA ƏHMƏROVA

(1950-2015)

Azərbaycanın əməkdar artisti, aktrisa Tanilya Aysayevna Əhmərovanın xatirə günüdür. O, 1950-ci il iyunun 1-də Bakıda anadan olub. 1977-ci ildə Azərbaycan Dövlət Teatr İnstitutunu bitirib. Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında çəkilən "Sevinc buxtası", "Şir evdən getdi", "Üzü küləyə", "Yarımçıq qalmış mahnı", "Üzeyir ömrü", "Əlavə iz", "İlıq dənizdə buz parçası", "İşarəni dənizdən gözləyin", "Portağal", "Hər şeydən əvvəl düzlük", "Dağıdılmış körpü" və başqa filmlərdə yaddaqalan obrazlar yaradıb. "Qaynana" filmində canlandırdığı Sevda obrazı ilə xalqın sevimlisinə çevrilib. 1979-cu ildə Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanına layiq görülən Tanilya Əhmərova 2015-ci ilin avqustunda Bakıda vəfat edib.

ANAR NAĞILBAZ

(1974-2018)

Azərbaycanın ilk repçisi, aktyor, rejissor, ssenarist və prodüser Anar Nağılbaz da bu gün xatırlanır. Anar Rizvan oğlu Cəbiyev 1974-cü il martın 28-də Xırdalanda dünyaya gəlib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb. Replə 1988-ci ildən etibarən məşğul olub. 1991-ci ildə “Aysel” miniatür teatr studiyasını yaradıb. “Kirpi” jurnalının, “Naxçıvan” qəzetinin müxbiri olub. Böyük səhnəyə 1993-cü ildə “Canlı klip” teatrının müşayiəti ilə Azərbaycan Dövlət Sirkində çıxıb. İlk albomu 1996-cı ildə işıq üzü görüb. "Bakı oğrusu" bədii filmini çəkib. 2012-ci il iyulun 2-də Bakının Qaraçuxur qəsəbəsində yerləşən Qurban Abbasov adına Mədəniyyət Sarayının direktor müavini təyin olunub. Anar Nağılbaz 2018-ci il avqustun 4-də vəfat edib və Masazır qəbiristanlığında dəfn olunub.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın