00:01 05 Mart 2021 79
Ana səhifə Dünyanın bu günü

Dünyanın bu günü - 05.03.2021

MƏMMƏDSADIQ NURİYEV

(1919-1975)

Görkəmli teatr və kino aktyoru Məmmədsadıq Qafar oğlu Nuriyev 1919-cu ilin bu günü Bakının Sovetski adlanan dağüstü məhəlləsində doğulub. 1928-ci ildən Bakıda Bədəl bəy Bədəlbəyovun məktəbində tam təhsil alıb, 1935-ci ildə Mirzə Fətəli Axundov adına Azərbaycan Dövlət Teatr Məktəbinin aktyorluq fakültəsinə daxil olub. Teatr Məktəbində oxuyarkən Milli Dram Teatrının tamaşalarında çıxış edib. 1937-ci ildə Xalq Maarif Komissarlığı İncəsənət İşlər İdarəsi tərəfindən Cəfər Cabbarlı adına İrəvan Dövlət Dram Teatrına göndərilib, səkkiz ilə yaxın bu teatrda aktyor işləyib. 1946-cı ildən Gəncə Dövlət Dram Teatrında, 1956-cı ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında çalışıb. İyirmiyə yaxın filmə çəkilib. Xalq artisti Yaşar Nurinin atası olan Məmmədsadıq Nuriyev 1975-ci il martın 22-də Bakıda vəfat edib.

QAFUR MƏMMƏDOV

(1922-1942)

Sovet İttifaqı Qəhrəmanı, matros Qafur Nəsir oğlu Məmmədov 5 mart 1922-ci ildə Bakıda anadan olub. 1941-ci ilin avqustunda hərbi xidmətə çağırılıb və Zaqafqaziya cəbhəsində 56-cı ordu tərkibində 323-cü dəniz piyada batalyonunda rabitəçi vəzifəsində xidmət edib. 1942-ci il oktyabrın 18-də Tuapse şəhəri yaxınlığında gedən döyüşlərdə faşist ordusu hissələrinin hücumlarını dəf edərkən təkbaşına düşmənin 13 avtomatçısını və bir minomyot heyətini məhv edib, komandirini düşmən atəşindən müdafiə edərkən qəhrəmancasına həlak olub. 1943-cü il martın 31-də Qafur Məmmədova Sovet İttifaqı Qəhrəmanı adı verilib. İndi onun adını Bakıda gəmi, küçə, park və dənizçilik məktəbi daşıyır.

YAŞAR QARAYEV

(1936-2002)

Azərbaycanın əməkdar elm xadimi, tənqidçi, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor, Dövlət Mükafatı laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Yaşar Vahid oğlu Qarayev 1936-cı il martın 5-də Şəki şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb. Ədəbi fəaliyyətə 1955-ci ildə "Lenin tərbiyəsi uğrunda" və "Azərbaycan gəncləri" qəzetlərində çıxan ilk ədəbi qeydləri ilə başlayıb. Azərbaycan EA-nın Nizami adına Dil və Ədəbiyyat İnstitutunda baş laborant, elmi işçi, nəzəriyyə və ədəbi proses şöbəsinin müdiri, direktorun elmi işlər üzrə müavini, direktor, Azərbaycan Yazıçılar Birliyinin tənqid və ədəbiyyatşünaslıq şurasının rəhbəri, katibi, jurnallarda redaktor və başqa məsul vəzifələrdə çalışıb. Yaşar Qarayev 2002-ci il avqustun 25-də vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.

TURAN YAZQAN

(1938-2012)

Türkiyənin tanınmış alimi, yazıçı, professor Turan Yazqan 1938-ci ilin bu günü İspartanın Eğirdir qəsəbəsində anadan olub. İstanbul Universiteti iqtisad fakültəsində təhsil alıb. Universiteti bitirdikdən sonra hərbi xidmətə yollanıb, daha sonra müxtəlif vəzifələrdə işləyib. 1979-cu ildə iqtisad elmləri üzrə professor adını qazanıb. 1980-ci ildə qurduğu Türk Dünyası Araşdırmaları Vəqfinə rəhbərlik edib. Türkiyədə gördüyü işlərə görə 200-dən çox mükafat alıb. 1992-ci ildə onun şəxsi təşəbbüsü ilə Bakıda Türk Dünyası Bakı Atatürk Liseyi və Azərbaycan Dövlət İqtisad Universitetində Türk Dünyası İşlətmə fakültəsi açılıb. Turan Yazqan 22 noyabr 2012-ci ildə İstanbulda dünyasını dəyişib və Eski Kozlu qəbiristanlığında dəfn olunub.

SƏİDƏ QULİYEVA

(1957)

Azərbaycanın xalq artisti, teatr və kino aktrisası Səidə Əbülfəz qızı Quliyeva 5 mart 1957-ci ildə Bakıda doğulub. 1978-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsini bitirib, həmin ildən təyinatla Akademik Milli Dram Teatrında fəaliyyətə başlayıb. Böyük səhnədə debütü 1979-cu ildə Vilyam Şekspirin "Heç nədən hay-küy" komediyasında Hero rolu olub. Bu teatrın səhnəsində bir çox tamaşalarda çıxış edib. Səidə Quliyeva 2019-cu ildə Azərbaycan Prezidentinin fərdi təqaüdünə layiq görülüb.

ZAHİD ABDULLAYEV

(1959-1990)

20 Yanvar şəhidi Zahid Abdulla oğlu Abdullayev 1959-cu il martın 5-də Xaçmaz rayonunun Yataqoba kəndində anadan olub. Bakı Elektrik Maşınqayırma Zavodunda fəhlə işləyib. Zahid Abdullayev 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet əsgərlərinin açdığı atəş nəticəsində başından güllə yarası alaraq şəhid olub və doğulduğu kənddə dəfn edilib.

NATİQ İSMAYILOV

(1980-2020)

Şəhid Natiq Əjdər oğlu İsmayılov 1980-ci ilin bu günü Qəbələ rayonunun Bunud kəndində anadan olub. Cəmşid Naxçıvanski adına Hərbi Liseydə və Heydər Əliyev adına Ali Hərbi Məktəbdə təhsil alıb. 2001-ci ildən Azərbaycan Silahlı Qüvvələrində xidmət edib. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Mayor Natiq İsmayılov oktyabrın 17-də şəhid olub və Qəbələ rayonunda dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" medalı və 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edilib.

QİSMƏT QASIMOV

(1993-2020)

Şəhid Qismət Yolçu oğlu Qasımov 5 mart 1993-cü ildə Göyçay rayonunun Məlikkənd kəndində anadan olub. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Əsgər Qismət Qasımov oktyabrın 25-də şəhid olub və Göyçay rayonunda dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

NİCAT ATAYEV

(1994-2020)

Şəhid Nicat Habil oğlu Atayev 1994-cü il martın 5-də Mingəçevir şəhərində anadan olub. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsinə qatılıb və elə həmin gün Füzuli rayonunun Yuxarı Əbdürrəhmanlı kəndi istiqamətində şəhid olub. II Fəxri Xiyabanda dəfn edilib. Leytenant Nicat Atayev ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

ORXAN MÜSTƏCƏBOV

(1993-2016)

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Orxan Ələsgər oğlu Müstəcəbov 5 mart 1993-cü ildə Qobustan rayonunun Bədəlli kəndində dünyaya göz açıb. 2016-cı ilin Aprel döyüşləri zamanı qəhrəmancasına şəhid olub və Qobustan rayonunun Yekəxana kəndində dəfn edilib. Əsgər Orxan Müstəcəbov ölümündən sonra III dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalı ilə təltif edilib.

ZAUR ƏLƏSGƏRLİ

(1995-2020)

Şəhid Zaur Mübariz oğlu Ələsgərli 1995-ci il martın 5-də Sumqayıt şəhərində anadan olub. Orta təhsilini başa vurduqdan sonra 2013-2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2016-2018-ci illərdə Azərbaycan Hərbi Dəniz Qüvvələrinin, 2018-ci ildən isə Xüsusi Təyinatlı Qüvvələrin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olub. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsi zamanı Cəbrayıl, Füzuli, Qubadlı və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Gizir Zaur Ələsgərli oktyabrın 31-də Xocavənd döyüşləri zamanı şəhid olub və Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib. Ölümündən sonra "Qarabağ" ordeni, "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.

İOSİF STALİN

(1879-1953)

Dünyanın ən məşhur diktatorlarından biri, SSRİ-yə ən çox rəhbərlik etmiş İosif Vissarionoviç Stalinin ölüm günüdür. O, 21 dekabr 1879-cu ildə Gürcüstanın Qori şəhərində dünyaya gəlib. 1894-cü ildə Tiflisdə seminariyaya daxil olub. Məhz burada marksizm ideyalarının təsiri altına düşərək, inqilabi cərəyanlara qoşulub. Fəaliyyətinin müəyyən dövrü Bakı şəhəri ilə sıx bağlı olub. Bolşevik partiyasının maddi ehtiyacını təmin etməkdən ötrü qarətlərə əl atmaqdan da çəkinməyib. 1924-cü ildə Leninin vəfatından sonra Sovet İttifaqına rəhbərliyi ələ keçirib. Tarixin yaddaşında həm İkinci Dünya müharibəsində qazanılan qələbənin rəhbəri, həm də xalqları qan içində boğan və dəhşətli repressiyalara əl atan diktator kimi qalıb. İosif Stalin 5 mart 1953-cü ildə Moskvada vəfat edib. Vəfatından sonra balzamlanmamış cəsədi Lenin Mavzoleyində yerləşdirilib, həmin mavzoley 1953-1961-ci illərdə "Lenin və Stalin Mavzoleyi" adlanıb. 1961-ci il noyabrın 1-nə keçən gecə cəsədi Mavzoleydən çıxarılıb və Kreml divarları yanında dəfn olunub.

ANNA AXMATOVA

(1889-1966)

Rus ədəbiyyatının klassiki hesab olunan şairə, yazıçı, ədəbiyyatşünas və tərcüməçi Anna Qorenko-Axmatovanın anım günüdür. O, 1889-cu il iyunun 23-də Odessada təqaüddə olan gəmi mühəndisinin ailəsində doğulub. İlk şeirini 11 yaşında yazıb. Atası ona Qorenko familiyası ilə çap olunmağı qadağan etdiyindən, ulu ana nənəsi Praskofya Fedoseyevna Axmatovanın qızlıq familiyası ilə şeirlərini nəşr etdirməyə başlayıb. İlk şeirləri 1911-ci ildə "Novaya jizn", "Apollon" və "Russkaya mısl" jurnallarında dərc edilib və böyük maraqla qarşılanıb. 1912-ci ildə "Axşam", 1914-cü ildə "Təsbeh" adlı şeirlər kitabı nəşr olunub. Çarskoselskoe Gimnaziyasında və Kiyevdəki Funduklevo Gimnaziyasında təhsil alıb. Kiyevdəki ali qadın kurslarına və Peterburqdakı ali ədəbi-tarixi kurslara gedib. 1910-cu ildə yazıçı Nikolay Qumilyovla ailə qurub və bu nikahdan görkəmli tarixçi alim Lev Nikolayeviç Qumilyov dünyaya gəlib. 1923-1934-cü illərdə əsərləri demək olar ki, çap olunmayıb. Daima ora-bura köçən şairə yazdığı şeirlərin çoxunu yollarda itirib. Ömrünün son illərində şair kimi dünya şöhrəti qazanıb. 1964-cü ildə İtaliyada ona nüfuzlu “Etna-Taormina” mükafatı verilib, 1965-ci ildə isə Oksford Universitetinin fəxri professoru seçilib. Anna Axmatova 1966-cı il martın 5-də Moskvada vəfat edib və Komarovo şəhərində dəfn olunub.

REYHAN TOPÇUBAŞOVA

(1905-1970)

Azərbaycanın ilk qadın rəssamı, əməkdar incəsənət xadimi Reyhan İbrahim qızı Topçubaşovanın xatirə günüdür. O, 15 dekabr 1905-ci ildə Qubada anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsil alıb. 1943-1945-ci illərdə Azərbaycan Rəssamlar İttifaqı İdarə Heyətinin sədr müavini vəzifəsində çalışıb. Portret, məişət və mənzərə janrlarında əsərlər yaradıb, eləcə də süjetli kompozisiyalar və natürmortlar çəkib. Mahnı və rəqs ansamblları üçün geyim eskizləri də hazırlayıb. Reyhan Topçubaşova 5 mart 1970-ci ildə Bakıda vəfat edib. O, Azərbaycanda cərrahlıq elmi məktəbinin banilərindən akademik Mustafa Topçubaşovun həyat yoldaşı, tibb elmləri doktoru, professor İbrahim Topçubaşovun anasıdır.

HACIBƏY SULTANOV

(1921-2008)

Azərbaycanın əməkdar elm və texnika xadimi, akademik Hacıbəy Fərəculla oğlu Sultanov da bu gün xatırlanır. O, 20 sentyabr 1921-ci ildə Bakının Şağan kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin Fizi­ka-riyaziyyat fakültəsində astronomiya və göy me­xa­nikası ixtisası üzrə təhsil alıb. Azərbaycan SSR EA-nın Fizi­ka-Riyaziyyat İnstitutunda astrono­miya eks­pe­di­siyasının rəisi, astrofizika şöbəsinin müdiri, Astrofizika sektorunun rəhbəri, Şama­xı Astrofizika Rəsədxanasının direktoru, Azərbaycan SSR EA-nın vit­se-prezidenti vəzifələrində çalış­ıb. Mars və Yupiter planetlərinin orbitləri arasında yerləşən asteroidlərin mənşəyi ilə bağlı riyazi nəzəriyyənin müəlliflərin­dən­dir. Hacıbəy Sultanov 2008-ci il martın 5-də Bakıda vəfat edib.

CEYHUN MİRZƏYEV

(1946-1993)

Azərbaycan kino aktyoru və rejissoru Ceyhun Cəmil oğlu Mirzəyevin anım günüdür. O, 9 aprel 1946-cı ildə Ağdam rayonunun Abdal-Gülablı kəndində anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsini bitirib, Moskvada da təhsil alıb. 46 illik ömrünün 35 ilə yaxını kino ilə bağlı olan aktyor 11 yaşında ikən "Görüş" filmində, 12 yaşı olanda isə "Ögey ana" filmində çəkilib. Kinostudiyada assistent, rejissor köməkçisi, aktyor işləyib, rejissor kimi filmlər çəkib, "Mozalan"ın bədii rəhbəri olub və kinojurnal üçün süjetlər çəkib. Son filmi "Fəryad" olan Ceyhun Mirzəyev 5 mart 1993-cü ildə Bakıda vəfat edib.

AĞALAR MİRZƏ

(1954-2008)

Əməkdar incəsənət xadimi, filologiya elmləri namizədi, şair Ağalar Həmzə oğlu Mirzəyevin xatirə günüdür. O, 1954-cü il dekabrın 25-də Şabran şəhərində fəhlə ailəsində anadan olub. Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alıb. Dəvəçi şəhər 1 saylı səkkizillik məktəbində və Pirəmsən kənd orta məktəbində pioner baş dəstə rəhbəri, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində redaktor, şöbə müdiri, baş redaktorun müavini və baş redaktor vəzifələrində çalışıb. Şifahi xalq yaradıcılığına dair müxtəlif televiziya verilişlərinin və bir çox əsərlərin müəllifi olub. “Qızıl qələm” mükafatı ilə təltif olunan Ağalar Mirzə 5 mart 2008-ci ildə Bakıda vəfat edib.

FƏRMAN ŞƏKİLİ

(1954-2013)

Azərbaycan aktyoru, rejissor və ssenari müəllifi Fərman Şəkili də bu gün xatırlanır. Fərman Abdulcabbar oğlu Abdullayev 1954-cü il noyabrın 4-də Şəkidə anadan olub. Şəki Aktyorluq Məktəbində və Gürcüstanda Mixail Tumanişvilinin aktyorluq kursunda təhsil alıb. 1975-ci ildən peşəkar səhnədə olub, Şəki Dövlət Teatrında çalışıb. Bir çox tamaşa və filmlərdə yaddaqalan obrazlar yaradıb. “Həm ziyarət, həm ticarət” filmində oynadığı Nazim rolu ona böyük şöhrət qazandırıb. Quruluş verdiyi tamaşalar beynəlxalq festivallarda mükafatlara layiq görülüb. "Dahi" adlı pantomim pyesin müəllifidir. Azərbaycanda klounada sənətinin yaradıcısı hesab olunur. Onu ən çox tanıdan və sevdirən obrazı isə televiziya proqramında uşaqlar üçün yaratdığı Şurum Burum obrazı olub. Fərman Şəkili 5 mart 2013-cü ildə Bakıda vəfat edib.

MİRƏLƏKBƏR İBRAHİMOV

(1961-1994)

Azərbaycanın Milli Qəhrəmanı Mirələkbər Mirələsgər oğlu İbrahimovun xatirə günüdür. O, 30 sentyabr 1961-ci ildə Qərbi Azərbaycanın Vedibasar mahalının Xalisa kəndində doğulub. Bakıdakı 158 saylı orta məktəbdə, Azərbaycan Dövlət Pedaqoji Universitetinin İdman və hərbi hazırlıq fakültəsində təhsil alıb. Sovet ordusunda hərbi xidmətdə olub. Bir müddət Lənkəranda və Bakıda müəllim işləyib. Ermənistanın Azərbaycana hərbi təcavüzü başlayandan sonra könüllü olaraq silaha sarılıb. 1993-cü ildə Yasamal taboruna komandir təyin edilib. Füzuli rayonunun Kürdmahmudlu və Aşağı Seyidəhmədli kəndləri uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşub. Mirələkbər İbrahimov 5 mart 1994-cü ildə Qorqan kəndi uğrunda döyüşdə şəhid olub və Bakının Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycan Prezidentinin 16 sentyabr 1994-cü il tarixli fərmanı ilə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Vaxtilə dərs dediyi 153 saylı orta məktəb onun adını daşıyır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın