00:00 05 İyul 2020 517
Ana səhifə Dünyanın bu günü

Dünyanın bu günü - 05.07.2020

NƏSİB BƏY YUSİFBƏYLİ

(1881-1920)

1. Görkəmli dövlət və siyasi xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən və hökumət başçılarından biri Nəsib bəy Yusif bəy oğlu Yusifbəyli 5 iyul 1881-ci ildə Gəncədə ziyalı ailəsində doğulub. Gəncə Klassik Gimnaziyasını bitirib, 1902-ci ildə isə Odessa Universitetinin hüquq fakültəsinə daxil olub. Krımda "Tərcüman" qəzetində, Bakıda "Açıq söz" qəzetində çalışıb. 1908-ci ildə İstanbula köçərək publisistik fəaliyyət göstərməklə yanaşı, "Türk dərnəyi" cəmiyyətinin təşkili ilə məşğul olub. İsmayıl bəy Qaspıralının qızı Şəfiqə Soltan xanımla ailə həyatı qurub. 1909-cu ildə Gəncəyə qayıdaraq, şəhər bələdiyyəsində çalışıb. 1911-ci ildə “Molla Nəsrəddin” jurnalı və qəzetlərlə əməkdaşlıq edib, "Müsəlman xeyriyyə cəmiyyəti", "Müsəlmanların maariflənməsi cəmiyyəti" və "Aktyorlar cəmiyyəti"nin fəaliyyətlərində yaxından iştirak edib. Məhəmməd Əmin Rəsulzadə ilə tanış olduqdan sonra ictimai-siyasi fəaliyyətə başlayıb. 1917-ci ilin Fevral inqilabından sonra Gəncədə Türk Ədəmi-Mərkəziyyət Partiyasını yaradıb. Daha sonra bu partiya Müsavat Partiyası ilə birləşib və yeni partiya "Türk Ədəmi-Mərkəziyyət firqəsi Müsavat" adlanıb. 1918-ci il aprelin 22-də elan olunan Zaqafqaziya Demokratik Federativ Respublikası hökumətində maarif naziri olub. Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra maliyyə və xalq maarifi naziri, xalq maarifi naziri, dini etiqad naziri, baş nazir və daxili işlər naziri vəzifələrini tutub. 1920-ci ilin aprel işğalından sonra təqibdən yaxa qurtarmaq məqsədilə paytaxtı tərk edən Nəsib bəy Yusifbəyli 1920-ci il mayın 31-də Kürdəmir uyezdinin Qarxun kəndində müəmmalı şəkildə qətlə yetirilib.

RAFİQ XƏLƏFOV

(1939-1998)

2. Əməkdar mühəndis, dövlət xadimi Rafiq Rəsul oglu Xələfov 1939-cu il iyulun 5-də Şuşada anadan olub. 1962-ci ildə Azərbaycan Politexnik İnstitutunu inşaatçı-mühəndis ixtisası üzrə bitirib. "Azərtəsərrüfat" Dövlət Layihə İnstitutunda iqtisadçı, iş icraçısı, baş mühəndis, "Azərdəniznefttikinti" trestinin baş mühəndisi, “Xəzərdənizneft” İstehsalat Birliyi direktorunun müavini, “Xəzərdənizneftqazsənaye” Ümumittifaq Sənaye Birliyi rəisinin müavini, avtomobil yollarının tikintisi və istismarı naziri, Azərbaycan SSR Nazirlər Sovetində inzibati orqanlar şöbəsinin müdiri, Nazirlər Soveti sədrinin müavini vəzifələrində çalışıb. İki çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib. Müxtəlif orden və medallarla təltif olunub. Rafiq Xələfov 1998-ci il oktyabrın 11-də Bakıda vəfat edib. O, akademik Rəfiqə Əliyevanın həyat yoldaşı, modelyer Fəxriyyə Xələfovanın atasıdır.

MÜSLÜM GURSƏS

(1953-2013)

3. Türkiyəli musiqiçi Müslüm Gursəs 1953-cü ilin bu günü Şanlıurfanın Halfeti qəsəbəsinin Fıstıqözü kəndində anadan olub. Üç yaşında ikən ailəsi ilə Adanaya köçüb. Müğənniliyə 1965-ci ildə başlayıb. 1969-cu ildə Adana Ailə Çay Bağçasında hazırlanmış yarışa qatılıb və birinci olub. İlk albomunu 1968-ci ildə buraxıb. 39 filmdə yaddaqalan obrazlar yaradıb. Müslüm Gursəs 3 mart 2013-cü ildə müalicə aldığı İstanbul Memorial Xəstəxanasında dünyasını dəyişib və Zincirliquyu qəbiristanlığında dəfn edilib.

CAVİD DƏDƏKİŞİYEV

(1989-2016)

4. Şəhid Cavid Gülbaba oğlu Dədəkişiyev 1989-cu il iyulun 5-də İmişli rayonunun Qaralar kəndində anadan olub. 2006-cı ildə İmişli rayonunda yerləşən Namiq Abışov adına tam orta məktəbi bitirib və Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olub. 2008-ci ildə motoatıcı ixtisası üzrə təhsilini davam etdirib. 2011-ci ildə leytenant rütbəsi ilə Goranboy rayonu ərazisində yerləşən "N" saylı hərbi hissədə xidmətə başlayıb. 2016-cı ilin aprelin 2-də Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid olub və İmişli rayonunun Qaralar kəndində dəfn olunub. Cavid Dədəkişiyev ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.

AĞABACI RZAYEVA

(1912-1975)

5. Azərbaycanın əməkdar incəsənət xadimi, bəstəkar Ağabacı İsmayıl qızı Rzayevanın anım günüdür. O, 15 dekabr 1912-ci ildə Bakıda ziyalı ailəsində dünyaya gəlib. Pedaqoji texnikumda və Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb. Üzeyir Hacıbəyovdan bəstəkarlığın incəliklərini öyrənib. Azərbaycanda və Şərqdə peşəkar musiqi təhsilini almış ilk qadın bəstəkardır. Yaradıcılığında mahnı və romanslar mühüm yer tutub. Musiqili komediya, simli kvartet üçün pyes, simfonik əsərlərin müəllifidir. Bir neçə çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olub. "Qırmızı Əmək Bayrağı" ordeni, "Şərəf Nişanı" ordeni və müxtəlif medallarla təltif olunub. Ağabacı Rzayeva 1975-ci ilin iyulunda Bakıda vəfat edib və 2-ci Fəxri Xiyabanda torpağa tapşırılıb.

MƏMMƏDƏLİ HÜSEYNOV

(1922-1994)

6. Azərbaycan paleontologiyası məktəbinin banisi, arxeoloq Məmmədəli Murad oğlu Hüseynovun xatirə günüdür. O, 2 aprel 1922-ci ildə Qazax rayonunun Mollacəfərli kəndində dünyaya göz açıb. Qazax Pedaqoji Texnikumunda və Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində təhsil alıb. Əmək fəaliyyətinə Azərbaycan Tarixi Muzeyində başlayıb. Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutu Daş dövrü arxeologiyası şöbəsinə və Paleolit arxeoloji ekspedisiyasına rəhbərlik edib, Bakı Dövlət Universitetinin Tarix fakültəsində Arxeologiya və Etnoqrafiya kafedrasının müdiri olub. Azıx və Tağlar mağara düşərgələrini kəşf edib. Azıx mağarasının qədim sakini “Azıxantrop”un öyrənilməsi istedadlı alimə dünya şöhrəti gətirib. Azərbaycanın qədim daş dövrünə aid abidələrin üzə çıxarılması və öyrənilməsi bilavasitə onun adı ilə bağlıdır. Onlarla böyük həcmli monoqrafiya və dərs vəsaitlərinin, 100-dən çox məqalənin müəllifidir. Məmmədəli Hüseynov 1994-cü ilin iyulunda vəfat edib. Onun təşəbbüsü və səyi ilə Tarix fakültəsində yaradılan Arxeologiya və etnoqrafiya muzeyi hazırda Məmmədəli Hüseynovun adını daşıyır.

ABBAS QASIMOV

(1970-1992)

7. Samux rayonunun ilk şəhidi, "Snayper Abbas" ləqəbli Abbas Talıb oğlu Qasımov da bu gün xatırlanır. O, 1970-ci il yanvarın 24-də Samux rayonunun Nəbiağalı qəsəbəsində doğulub. Orta məktəbi bitirdikdən sonra Rusiyanın Kamensk şəhərində hərbi xidmətdə olub. 3 yanvar 1992-ci ildə Milli Orduya çağırılıb, 701-ci hərbi hissənin avtomatçısı olub. 5 iyul 1992-ci ildə Ağdərə rayonunda gedən qızğın döyüşdə ayağından yaralanıb və son damla qanına qədər düşmənlə döyüşərək, qəhrəmancasına şəhid olub. Abbas Qasımov Samux rayonunun Nəbiağalı qəsəbəsində dəfn edilib.

ETİQAT HACIYEV

(1974-1993)

8. Qarabağ müharibəsi şəhidi Etiqad Balaxan oğlu Hacıyevin xatirə günüdür. O, 1974-cü il fevralın 25-də Lerik rayonunun Rvarud kəndində anadan olub. 1991-ci ildə Rvarud kənd orta məktəbini bitirib. Daha sonra Lənkəran şəhərində sürücülük üzrə təlim alıb. 1992-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidmətə Ağdam şəhərində yerləşən N saylı artilleriya batalyonundan başlayıb, tank sürücüsü olub. Ağdamın Quzanlı, Mərzili və digər kəndlərinin müdafiəsində şəxsi igidlik göstərib. Ağdamda gedən döyüşlərin birində tank əleyhinə minaya düşərək ağır yaralanıb və 1993-cü ilin iyulunda Bakıda hospitalda dünyasını dəyişib. Etiqat Hacıyev doğulduğu kənddə dəfn olunub.

VÜSAL ƏLİYEV

(1996-2016)

9. Şəhid Vüsal Əmir oğlu Əliyevin anım günüdür. 1996-cı il dekabrın 22-də Lerik rayonunun Noda kəndində anadan olub. Orta təhsilini bitirdikdən sonra hərbi xidmətə çağırılıb. 2016-cı il iyulun 5-də Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid olub və doğulduğu kənddə dəfn olunub. Vüsal Əliyev ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın