00:00 06 May 2020 328
Ana səhifə Dünyanın bu günü

Dünyanın bu günü - 06.05.2020

CAMAL PAŞA

(1872-1922)

1. Türkiyənin dövlət və hərbi xadimi, "Gənc türklər" inqilabının, "İttihad və Tərəqqi" partiyasının liderlərindən Camal Paşa 1872-ci il mayın 6-da Midillidə anadan olub. 1890-cı ildə Kuleli Hərbi Liseyini, 1893-cü ildə Hərbiyyə məktəbini bitirib. İstanbulun hərbi qubernatoru, dəniz naziri olub, Suriya və Fələstindəki türk ordularına komandanlıq edib, Ənvər Paşa və Tələt Paşa ilə birlikdə hakim triumviratrın (üçlüyün) üzvü olub. 1918-1922-ci illərdə Almaniya, İsveçrə və Əfqanıstanda mühacirətdə olub. Millətçi ermənilərin Daşnaksütun Partiyası uydurma "erməni soyqırımı"na görə Tələt Paşa kimi, onun da qətlə yetirilməsi barədə hökm çıxarıb. Camal Paşa Türkiyəyə geri qayıdarkən 1922-ci il iyulun 21-də Tiflisdə Daşnaksütun Partiyasının üzvü tərəfindən qətlə yetirilib.

HƏSƏN SƏBRİ AYVAZOV

(1878-1937)

2. Krım tatar yazıçısı, tənqidçi, pedaqoq, ictimai xadimi Həsən Səbri Ayvazov 6 may 1878-ci ildə Krımın Alupka qəsəbəsində anadan olub. İstanbul və Qahirənin elm ocaqlarında ali təhsil alıb. Bir müddət Krımda çalışıb, dövri mətbuatda odlu-alovlu çıxışlar edib. Müxtəlif illərdə qəzet redaktoru, maarif xadimi, jurnalist vəzifələrində işləyib. 1917-ci il martın 26-da elan olunan Krım Xalq Cümhuriyyətinin konstitusiyası komissiyasının üzvü, daha sonra parlamentin sədri seçilib. “Latın əlifbasına dair”, “Oktyabr inqilabı və tatar münəvvərləri”, “Qiraət kitabı”, “Məyus şairlərimiz”, “Nədən bu hala qaldıq?”, “Üsuli-tədris və təlim-tərbiyə” və başqa əsərlərin müəllifidir. U.Şekspirin “Otello” faciəsini, rus və Avropa yazıçılarının bir sıra əsərlərini ana dilinə tərcümə edib. Həsən Səbri Ayvazov 1937-ci il aprelin 4-də həbs edilib, bir il sonra elə həmin gün güllələnib.

HİCRAN HÜSEYNOV

(1942-2013)

3. Azərbaycanın əməkdar artisti, diktor Hicran Soltan oğlu Hüseynov 1942-ci il mayın 6-da Qəbələ rayonunda dünyaya gəlib. 1959-cu ildə Qəbələ rayon orta məktəbini bitirdikdən sonra Bakı Kitabxanaçılıq Texnikumuna, 1964-cü ildə isə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyorluğu fakültəsinə daxil olub. 1968-ci ildə həmin institutu bitirərək təyinatla Sumqayıt Dövlət Dram Teatrına aktyor göndərilib. Sovet ordusunda zabit kimi xidmət etdikdən sonra 1971-ci ildən AzTV-də diktor vəzifəsində fəaliyyətə başlayıb. 2006-cı ildən "Mədəniyyət" telekanalında baş redaktor olub. Hicran Hüseynov 2013-cü il martın 1-də Bakıda vəfat edib və Mərdəkan qəbiristanlığında torpağa tapşırılıb.

MEHMAN ƏLƏKBƏROV

(1957-1993)

4. Şəhid Mehman Ələkbər oğlu Ələkbərov 1957-ci ilin bu günü Gəncə şəhərində doğulub. Həsən bəy Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun Tarix fakültəsini bitirib. Əvvəl Şamaxıda məktəb direktorunun müavini, sonra isə Gəncədə 1 saylı internat məktəbində və 36 saylı məktəbdə müəllim işləyib. Göygöl, Tərtər, Ağdərə və Goranboyun kəndlərinin müdafiəsində, Şuşa, Laçın və Füzuli bölgələrindəki döyüşlərdə iştirak edib. Mehman Ələkbərov 1993-cü il iyunun 4-də Gəncədə baş vermiş silahlı toqquşmanın qarşısını almaq istəyərkən həlak olub.

İLHAM HƏSƏNOV

(1976-1995)

5. Azərbaycanın Milli Qəhrəmanı İlham Gülbala oğlu Həsənov 6 may 1976-cı ildə Ağstafa rayonunun Xətai kəndində dünyaya göz açıb. Bakı Yüngül Sənaye Texnikumunun Ağstafa filialında təhsil alıb, 1994-cü ildə isə Milli Orduya çağırılıb. 1995-ci il martın 17-də dövlətçilik əleyhinə qiyamın qarşısını alarkən qəhrəmancasına həlak olub və Ağstafa şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycan Prezidentinin 4 aprel 1995-ci il tarixli fərmanı ilə İlham Həsənov ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

NURLAN QASIMOV

(1997-2016)

6. Şəhid Nurlan Cəmil oğlu Qasımov 1997-ci il mayın 6-da Şəmkir rayonunun Tatar kəndində anadan olub. Orta təhsilini bitirdikdən sonra hərbi xidmətə çağırılıb. 2016-cı il aprelin 2-də Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid olub. Nurlan Qasımov ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

ZİQMUND FREYD

(1856-1939)

7. Psixoanaliz elminin banisi, avstriyalı nevroloq Ziqmund Freyd 1856-cı il mayın 6-da indiki Çex Respublika­sı­­­nın ərazisində yerləşən, o vaxtlar isə Avstriya-Macarıstan impe­ri­ya­sı­nın bir hissəsi olan Freyburqda anadan olub. Vyana Universitetinin tibb fakültəsində təhsil alıb. Er­nest Brukenin Fiziologiya İnstitutunda elmi təd­qi­qatla məşğul olub, Hötenin elmi araşdırmaları və Darvinin əsərlərinin təsiri altına düşərək, özünü biologiya və fəlsəfəyə həsr edib. Ziqmund Freyd 1939-cu il sentyabrın 23-də vəfat edib.

RƏFİQƏ ƏLİYEVA

(1932-2017)

8. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, kimya elmləri doktoru, professor, əməkdar elm xadimi Rəfiqə Əlirza qızı Əliyevanın xatirə günüdür. O, 1932-ci il sentyabrın 20-də Naxçıvan şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetinin kimya fakültəsində təhsil alıb. Əmək fəaliyyətinə 1956-cı ildə Azərbaycan Politexnik İnstitutunda başlayıb. 1957-ci ildən Azərbaycan Dövlət Universitetində, daha sonra Azərbaycan Elmlər Akademiyasının Kimya Problemləri İnstitutunda kiçik elmi işçi kimi çalışıb. Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinin aspiranturasında təhsil alan Rəfiqə Əliyeva 1964-cü ildən ömrünün sonuna qədər universitetin analitik kimya kafedrasında işləyib və burada assistent, baş müəllim, dosent, professor vəzifələrini tutub. 2001-ci ildən “Ekoloji kimya və ətraf mühitin mühafizəsi” elmi-tədqiqat laboratoriyasına rəhbərlik edib. 450-dən artıq elmi əsərin, 25 dərslik və dərs vəsaitinin, 20 patentin müəllifi olan Rəfiqə Əliyeva Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib. O, 2017-ci il mayın 6-da dünyasını dəyişib.

MƏMMƏD RAHİM

(1907-1977)

9. Azərbaycanın xalq şairi, dramaturq, tərcüməçi, əməkdar incəsənət xadimi, Dövlət Mükafatı laureatı Məmməd Abbas oğlu Hüseynov (Məmməd Rahim) 6 may 1977-ci ildə Bakıda vəfat edib. O, 1907-ci il aprelin 20-də Bakıda doğulub. Orta məktəbi bitirdikdən sonra 1928-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Şərqşünaslıq fakültəsinə daxil olub, eyni zamanda “Azərnəşr”də tərcüməçilik edib. Pedaqoji fəaliyyətə 1-ci Bakı beşillik sovet məktəbində başlayıb. 1926-cı ildə ilk şeiri "Gördüm", 1930-cu ildə "Arzular" ilk şeir kitabı çap olunub. Yazıçılar İttifaqında şeir bölməsinin rəhbəri və təşkilat katibi, müdafiə bölməsinin rəhbəri olub. "Xaqani" mənzum dramını, "Sayat Nova", "Natəvan" poemalarını yazıb, əcnəbi yazıçı və şairlərdən tərcümələr edib. İki dəfə “Lenin” ordeninə, "Oktyabr inqilabı", "Qırmızı Əmək bayrağı" ordenlərinə və medallara layiq görülüb.

DƏMİR GƏDƏBƏYLİ

(1939-2019)

10. Şair, filologiya elmləri doktoru Dəmir Qasımov (Dəmir Gədəbəyli) 6 may 2019-cu ildə vəfat edib. O, 1939-cu il martın 27-də Gədəbəyin Ataxal kəndində anadan olub. 1961-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib. 1961-1991-ci illərdə AzTV-də müxbir, redaktor, baş redaktor və məsul katib işləyib. 1991-1994-cü illərdə "20 Yanvar" qəzetinin baş redaktoru olub. Onun şeirləri alman, ingilis, rus, yunan, rumın, çex, bolqar, macar və s. dillərə tərcümə edilib. Azərbaycan bəstəkarları tərəfindən sözlərinə yüzlərlə mahnı bəstələnib. "Ayrılıgın ilk günü", "Cavadxan", "Son güllə", "Ağaməhəmməd xan və ya qisasa qisas" və başqa mənzum dram əsərlərinin müəllifidir. 1990-cı ildə Mir Cəlal Paşayev haqqında "Yetimlər atası" poemasını qələmə alıb.

DƏNİZ GƏZMİŞ

(1947-1972)

11. Türkiyəli siyasi aktivist, marksist-leninçi inqilabçı, Türkiyə Xalq Qurtuluş Ordusunun qurucusu Dəniz Gəzmiş 6 may 1972-ci ildə 25 yaşında iki yoldaşı ilə birlikdə edam edilib. O, 1947-ci il fevralın 28-də Ankarada dünyaya gəlib. İlk təhsilini Sivas şəhərində, daha sonra isə İstanbulun Heydərpaşa Liseyində tamamlayıb. Təhsil aldığı müddət ərzində tanış olduğu sol qrupların fikirlərinə böyük maraq göstərib. 30 yanvar 1968-ci ildə İnqilabçı Hüquqşünaslar Təşkilatını qurub. 11 yanvar 1971-ci ildə Türkiyə Xalq Qurtuluş Ordusu adından bank soyğununda iştirak edib. Barəsində həbs qərarı verilsə də, polisdən qaça bilib. 16 noyabr 1971-ci ildə Sivas yolunda həbs edilib. Üç ay sürən məhkəmə prosesindən sonra 9 oktyabr 1971-ci ildə edam cəzasına məhkum edilib. Türkiyənin Çe Gevarası hesab olunan Dəniz Gəzmiş 6 may 1972-ci ildə Yusuf Aslan və Hüseyn İnan ilə birlikdə edam edilib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın