00:00 06 Sentyabr 2020 804
Ana səhifə Dünyanın bu günü

Dünyanın bu günü - 06.09.2020

6 Sentyabr

ELDAR TAĞIZADƏ

(1963-1992)

Azərbaycanın Milli Qəhrəmanı Eldar Abdulla oğlu Tağızadə 6 sentyabr 1963-cü ildə Bakıda anadan olub. 164 saylı orta məktəbdə təhsil alıb. Azərbaycan Dövlət Universitetini bitirdikdən sonra Azərbaycan Elmlər Akademiyasının Botanika İnstitutunda çalışıb. Daha sonra əmək fəaliyyətini daxili işlər orqanlarında davam etdirib. 1989-cu ildə Sverdlovsk şəhərində kurs keçib və baş leytenant rütbəsi alıb, əməliyyat müvəkkili vəzifəsində çalışıb. 1991-ci ildə kapitan rütbəsi ilə DİN-in Terrorizmə və Banditizmə Qarşı Mübarizə İdarəsinin rəis müavini təyin edilib. 1992-ci il iyunun 3-də təhlükəli qatilin zərərsizləşdirilməsi məqsədilə keçirilən əməliyyat zamanı qəhrəmancasına həlak olub və Bakıda Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycan Prezidentinin 3 sentyabr 1992-ci il tarixli fərmanı ilə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Təhsil aldığı 164 saylı orta məktəb onun adını daşıyır.

MƏCİD BEHBUDOV

(1873-1945)

Azərbaycan xanəndəsi Məcid Behbudalı oğlu Behbudovun anım günüdür. O, 1873-cü il aprelin 18-də Şuşada anadan olub. Əvvəllər Qarabağda və Gəncədə xanəndə kimi fəaliyyət göstərsə də, sonralar uzun illər Tiflisdə yaşayıb və konsertlər verib. 1914-cü ildə onun səsi Riqadakı "Qrammofon" şirkətində vala yazılıb. “Mirzə Hüseyn segahı”, “Şüştər”, “Çahargah” muğamlarının mahir ifaçısı sayılan xanəndə Üzeyir Hacıbəylinin opera və operettalarında, Məşədi Cəmil Əmirovun “Seyfəl-Mülk” operasındakı rolları ilə yadda qalıb. Ömrünün son illərini Qazax rayonunda yaşayıb, burada mədəniyyət evində çalışıb, bir sıra istedadlı xanəndələr yetişdirib. Təbriz, İstanbul, Sofiya şəhərlərində konsertlər verib. Məcid Behbudov 1945-ci il sentyabrın 6-da Qazaxda vəfat edib. O, Azərbaycanın əməkdar artisti, teatr və kino aktrisası Nəcibə Behbudovanın, SSRİ xalq artisti Rəşid Behbudovun və Rusiyanın xalq artisti Ənvər Behbudovun atasıdır.

SALMAN MÜMTAZ

(1884-1941)

Şair, ədəbiyyatşünas, mətnşünas, biblioqraf, orta əsr əlyazmalarının kolleksiyaçısı Salman Mümtazın xatirə günüdür. Salman Məhəmmədəmin oğlu Əsgərov 1884-cü il mayın 20-də Şəkidə tacir ailəsində doğulub. Kiçik yaşlarında ailəliklə Türkmənistanın Aşqabad şəhərinə köçdüyündən, uşaqlıq dövrü burada keçib. İbtidai təhsilini Xalxallı Mirzə Əsədullanın məktəbində alıb. Azərbaycan Dövlət Muzeyində, SSRİ Elmlər Akademiyası Azərbaycan filialının Tarix, Dil və Ədəbiyyat İnstitutunda elmi işçi və şöbə müdiri vəzifələrində işləyib. “Molla Nəsrəddin”, “Zənbur”, “Kəlniyyət”, “Tuti”, “Füqəra füyuzatı”, “Kommunist”, “Maarif və mədəniyyət”, “Günəş”, “Səda”, “Tərəqqi”, “Açıq söz” və başqa qəzet, jurnallarda satirik şeirləri, məqalələri, məktubu və mənzum felyetonları dərc olunub. “Molla Pənah Vaqif”, “El şairləri”, “Sarı Aşıq və bayatıları”, “Nişat Şirvani”, “Qövsi” və başqa kitabların müəllifidir. Onun “Unudulmuş yarpaqlar” sərlövhəsi altında verilən silsilə məqalələri, tapıntı və araşdırmaları klassik Azərbaycan ədəbiyyatının öyrənilməsinə kömək edib. Salman Mümtaz 1937-ci ilin oktyabrında həbs olunub və 10 il müddətinə azadlıqdan məhrum edilib. O, həbsdə olarkən 1941-ci ildə Rusiyanın Oryol şəhərində güllələnib.

GƏNCƏLİ SABAHİ

(1906-1990)

Güney Azərbaycan yazıçısı Gəncəli Yunis oğlu Sabahi də bu gün xatırlanır. O, 1906-cı ildə Cənubi Azərbaycanın Mərənd bölgəsinin Miyab kəndində anadan olub. İbtidai məktəbi Şəmkirdə, orta məktəbi Gəncədə bitirib. 1932-ci ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində təhsilini tamamlayıb. 1930-cu illərdə sovet hökuməti tərəfindən Qazaxıstana sürgün olunub. 1941-ci ildə sovet qoşunlarının tərkibində İrana göndərilib. 1946-cı ildə Pişəvəri hökumətinin təsis etdiyi Təbriz Universitetində Dil və ədəbiyyat fakültəsinə rəhbərlik edib. Azərbaycan Milli Hökumətinin süqutundan sonra bir müddət həbsdə olub. Gənclik illərindən ədəbiyyata böyük maraq göstərib, şeirlər yazıb. Lakin sonralar nasir və tənqidçi kimi daha çox məşhurlaşıb. 1950-ci illərdə “Həyat faciələrindən” povestini yazıb. “Qartal”, “Gül dəstəsi”, “Ana qəlbi”, “Arsız Qafar”, “Ovçu” kimi povest və hekayələrin müəllifidir. Gəncəli Sabahi 1990-cı il sentyabrın 6-da Tehranda dünyasını dəyişib və Behişti-Zəhra qəbiristanlığında dəfn olunub.

LÜTFİ ZADƏ

(1921-2017)

Azərbaycanlı alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, süni intellekt sahəsində professor Lütfi Zadənin anım günüdür. Lütfəli Rəhim oğlu Ələsgərzadə 1921-ci il fevralın 4-də Bakının Novxanı kəndində anadan olub. İlk təhsilinə Bakıdakı 16 saylı məktəbdə başlayıb. 1932-ci ildə Sovet İttifaqının İran vətəndaşı olan azərbaycanlılarla bağlı qəbul etdiyi qərara əsasən, Ələsgərzadələr ailəsi İrana köçüb. Bu səbəbdən təhsilini Tehranda amerikalıların Albors missioner məktəbində davam etdirib. Orta təhsilini tamamladıqdan sonra Tehran Universitetinin Elektrik mühəndisliyi fakültəsinə daxil olub. Universiteti başa vurduqdan sonra 1944-cü ildən Amerika Birləşmiş Ştatlarına gəlib və təhsilini Massaçusets Texnologiya İnstitutunda davam etdirib. 1947-ci ildən Kolumbiya Universitetində çalışıb. Aparıcı dünya şirkətləri tərəfindən tətbiq olunan qeyri-səlis məntiq nəzəriyyəsini 1965-ci ildə işləyib hazırlayıb. Bu gün dünya elminə onun 6 mühüm nəzəriyyəsi məlumdur. 2016-cı ildə Lütfi Zadənin nəzəriyyəsi əsasında yapon alimləri tərəfindən ilk dəfə olaraq süni intellektə malik Alter adlı robot hazırlanıb və Tokiodakı Beynəlxalq Elm Muzeyində sərgilənib. Lütfi Zadə 6 sentyabr 2017-ci ildə ABŞ-ın Kaliforniya ştatında vəfat edib. Alimin nəşi sentyabrın 29-da Bakıya gətirilib və I Fəxri Xiyabanda torpağa tapşırılıb.

MİRABBAS QASIMOV

(1939-2008)

Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Mirabbas Göycə oğlu Qasımov xatirə günüdür. O, 11 iyul 1939-cu ildə Qobustan rayonunun Nərimankənd kəndində dünyaya gəlib. 1961-ci ildə M.V.Lomo­nosov adına Moskva Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsini bitir­ib. Moskva Fizika-Texnika İnstitutunda as­sis­tent, Hər­bi Mühəndislik Akademiyasında baş müəllim, Azərbay­can Dövlət Universitetində professor, kafedra müdiri, dekan və rektor, Azərbaycan EA Riyaziyyat və Mexanika İnstitutunun şö­bə müdiri, Təhsil nazirinin birinci müavini vəzifələrində çalışıb. Azərbaycanda müasir riyaziyyat elmi məktəbinin yaradı­cıların­dan biri, 100-ə yaxın elmi işin müəllifidir. 1990-1995-ci illərdə Azərbaycan Respublikası Ali Sovetinin deputatı olub. Mirabbas Qasımov 6 sentyabr 2008-ci ildə Bakı şəhərində vəfat edib və doğulduğu kənddə dəfn edilib.

İLHAM ƏSGƏROV

(1958-2015)

Azərbaycanın xalq artisti, aktyor İlham Təvəkkül oğlu Əsgərov da bu gün xatırlanır. O, 16 iyul 1958-ci ildə Masallı rayonunun Xoşçobanlı kəndində doğulub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyoru fakültəsində təhsil alıb. 1982-ci ildən Akademik Milli Dram Teatrının aktyoru olub. "Mahnı dağlarda qaldı", "Hökmdar və qızı", "Bu dünyanın adamları", "Qarabağnamə", “Cavad xan”, “Biz qayıdacağıq” və başqa tamaşalarda, filmlərdə yaddaqalan obrazlar yaradıb. Azərbaycan dövlət radiosunun məşhur "Bulaq" verilişinin aparıcılarından biri olub. Bir neçə dəfə Prezident Mükafatına, 2010-cu ildə “Cəfər Cabbarlı” mükafatına layiq görülüb. İlham Əsgərov 6 sentyabr 2015-ci ildə Bakıda vəfat edib və doğulduğu kənddə dəfn edilib.

RAFİQ NƏSRƏDDİNOV

(1961-1992)

Azərbaycanın Milli Qəhrəmanı Rafiq Hüseyn oğlu Nəsrəddinovun anım günüdür. O, 18 mart 1961-ci ildə Bakı şəhərində dənizçi ailəsində dünyaya gəlib. 1968-1978-ci illərdə Nərimanov rayonundakı 39 saylı məktəbdə təhsil alıb. 1979-cu ildə hərbi xidmətə çağırılıb. 1981-ci ildə tank qoşunlarında xidmətini başa vurub və Bakı Dövlət Universitetinə daxil olub. 1992-ci ildə Milli Orduya çağırılıb, tank bölüyünün komandiri vəzifəsinə təyin edilib və bir çox döyüşlərdə iştirak edib. Baş leytenant Rafiq Nəsrəddinov 6 sentyabr 1992-ci ildə Ağdərənin Qızılqaya kəndində gedən döyüşlər zamanı qəhrəmancasına həlak olub və Bakıdakı Şəhidlər xiyabanında dəfn edilib. Azərbaycan Prezidentinin 16 sentyabr 1994-cü il tarixli fərmanı ilə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın