00:01 07 Yanvar 2021 144
Ana səhifə Dünyanın bu günü

Dünyanın bu günü - 07.01.2021

MİRƏLİ QAŞQAY

(1907-1977)

Azərbaycanın əməkdar elm və texnika xadimi, akademik, geologiya-mineralogiya elmləri doktoru, professor Mirəli Seyidəli oğlu Qaşqay 7 yanvar 1907-ci ildə Gəncə şəhərində anadan olub. 1930-cu ildə Azərbaycan Politexnik İnstitutunun dağ-mədən fakültəsini və SSRİ EA-nın Petroqrafiya İnstitutunun aspiranturasını bitirib. Azərbaycanda bir sıra faydalı qazıntı yataqlarının, o cümlədən iri perlit və obsidian yataqlarını ilk kəşf edənlərdəndir. Kiçik Qafqazda və Sibirdə bir sıra metal və qeyri-metal faydalı qazıntı yataqlarını, Kəlbəcərdə obsidian və perlit yataqlarını kəşf edib, Azərbaycanda 220-yə yaxın mineral və termal mənbələrin olduğunu müəyyənləşdirib. 1945-ci ildə Azərbaycan EA-nın təsisçilərindən biri və Akademiyanın ilk akademik-katibi olub. Mirəli Qaşqay 1977-ci il aprelin 23-də Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.

VƏLİ MƏMMƏDOV

(1931-1991)

Azərbaycanlı ədəbiyyatşünas, publisist, SSRİ xalq deputatı Vəli Hüseyn oğlu Məmmədov 1931-ci il yanvarın 7-də Yardımlı rayonunda doğulub. Yardımlı kənd orta məktəbində təhsil alıb. Hələ orta məktəbdə oxuyarkən əmək fəaliyyətinə başlayıb. Yardımlı rayon dövlət bankında mühasib işləyib. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirdikdən sonra aspiranturaya daxil olub, universitetin komsomol komitəsinin katibi seçilib. O, Nəriman Nərimanovun ilk tədqiqatçısı və yorulmaz təbliğatçısı olub. 1957-ci ildə "Nəriman Nərimanov" monoqrafiyasını yazıb. Vəli Məmmədov 20 noyabr 1991-ci ildə Qarabağın Qarakənd səmasında vurulan vertolyotda olub və Azərbaycanın bir sıra dövlət xadimləri ilə birlikdə həlak olub.

PƏRVİZ RÜSTƏMBƏYOV

(1922-1949)

Saksofonçu, cazmen Pərviz İsmayıl bəy oğlu Rüstəmbəyov 1922-ci ilin bu günü Bakıda anadan olub. Hələ uşaq yaşlarından onda musiqiyə maraq yaranıb, Pionerlər Evinin musiqi dərnəyinə gedib, klarnetdə çalıb. 1944-cü ildə dünya şöhrətli cazmen Eddi Rozner Bakıda qastrolda olarkən onun ifasını çox bəyənib və öz orkestrinə birinci saksofonçu, klarnetçi kimi dəvət edib. “Krasnıy Vostok” (indiki “Azərbaycan”) kinoteatrında, sonralar isə “Nizami” kinoteatrında öz orkestrini yaradıb. 1949-cu il mayın 20-də Azərbaycan SSR üzrə DİN qoşunlarının hərbi prokurorunun səlahiyyətlərini icra edən ədliyyə mayoru Ayriyanın göstərişi ilə həbs olunub və 15 il müddətinə həbs cəzasına məhkum edilib. Pərviz Rüstəmbəyov 1949-cu il dekabrın 29-da həbsxanada müəmmalı şəkildə vəfat edib.

BABƏK SƏMİDLİ

(1974-2020)

Şəhid polkovnik Babək Mətləb oğlu Səmidli 7 yanvar 1974-cü ildə Göyçay rayonunda anadan olub. Türkiyədə Quru Qoşunları məktəbində təhsil alıb. Bir müddət Türkiyə Silahlı Qüvvələrində təcrübə keçdikdən sonra Azərbaycan Silahlı Qüvvələrində xidmət etməyə başlayıb. 2000-2003-cü illərdə Ali Hərbi Məktəbdə taqım və bölük komandiri kimi çalışıb. 2016-cı ilin Aprel döyüşləri zamanı Talış kəndi uğrunda gedən şiddətli döyüşlərdə 1-ci Ordu Korpusunun əməliyyat bölmə rəisi kimi iştirak edib və yaralanıb. 2018-ci ildə "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib, polkovnik-leytenant, daha sonra polkovnik rütbəsinə yüksəlib. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsi zamanı 1-ci Ordu Korpusu komandanının müavini olaraq döyüşlərdə yaxından iştirak edib. Talış kəndinin və Suqovuşanın azad edilməsində müstəsna xidmətləri olub. Babək Səmidli atəşkəs 23 noyabr 2020-ci ildə Suqovuşan istiqamətində minaya düşərək şəhid olub və Göyçayın Şəhidlər Xiyabanında dəfn olunub. Ölümündən sonra "Zəfər" ordeni və "Vətən uğrunda" medalı ilə təltif edilib.

RƏŞAD ATAKİŞİYEV

(1985-2019)

Azərbaycan Hərbi Hava Qüvvələrinin polkovnik-leytenantı Rəşad Saləddin oğlu Atakişiyev 1985-ci il yanvarın 7-də Şəmkir rayonunun Qılıncbəyli kəndində anadan olub. İlk təhsilini Şəmkir rayonunun Şöhrət Hüseynov adına Qılıncbəyli kənd tam orta məktəbində, daha sonra Samux rayonunun Alabaşlı kənd orta məktəbində alıb. 2006-cı ildə Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbində uçuş mühəndisi ixtisasına yiyələnərək, oranı yüksək nəticələrlə başa vurub. 2001-ci ildən pilot kimi fəaliyyətə başlayıb, əldə etdiyi bilik və bacarığı sayəsində polkovnik-leytenant rütbəsinə qədər yüksəlib. 24 iyul 2019-cu ildə gecə saat 10 radələrində təlim-məşq uçuşlarını həyata keçirən Azərbaycan Hərbi Hava Qüvvələrinə üç hərbi təyyarədən ikisi uçuş bazasına qayıdıb, pilot Rəşad Atakişiyevin idarə etdiyi MiQ-29 təyyarəsi isə radarlardan yoxa çıxıb. Sonradan müəyyən edilib ki, təyyarə Bakıdan 65 km şimalda yerləşən Zarat kəndindən 9 km şərqdə qəzaya uğrayıb və suyun üzərinə düşərkən parçalanıb. Avqustun 20-də pilotun nəşi tapılıb, avqustun 21-də isə II Fəxri Xiyabanda dəfn edilib.

HACIRZA RZAYEV

(1992-2020)

Şəhid Hacırza Fikrət oğlu Rzayev 1992-ci ilin bu günü Bakı şəhərində anadan olub. Tam orta təhsilini Nəsimi rayonundakı Fəxrəddin Nəcəfov adına 266 nömrəli tam orta məktəbdə təhsil alıb. 2010-2012 -ci illərdə Gədəbəydə "N" saylı hərbi hissədə qulluq edib. 27 sentyabr 2020-ci ildə başlayan Vətən Müharibəsində könüllü olaraq iştirak edib. Füzuli, Cəbrayıl və Hadrutda uğrunda döyüşlərə qatılıb. 26 noyabr 2020-ci ildə Şuşada qəhrəmancasına şəhid olub. Ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.

XOSROV BƏY SULTANOV

(1879-1943)

Azərbaycanın görkəmli hərbi və dövlət xadimi Xosrov bəy Paşa bəy oğlu Sultanovun anım günüdür. O, 1879-cu il maynın 10-da indiki Laçın rayonunda dünyaya göz açıb. Gəncə gimnaziyasını bitirdikdən sonra Odessada ali tibb təhsili alıb. Zaqafqaziya Seyminin üzvü olub, 1918-ci ilin 28 mayında Tiflisdə Azərbaycan Milli Şurası adından Xalq Cümhuriyyətinin elan edilməsi Bəyannaməsinə imza atan 26 nəfərdən biri olub. Cümhuriyyətin həmin gün təşkil edilmiş 1-ci hökumət kabinetində hərbi nazir postunu tutub. 1919-cu il yanvarın 15-də Qarabağın general-qubernatoru təyin olunub. Həmin ilin martında qiyam qaldıran erməni-daşnak hərbi dəstələrini darmadağın edib, Xankəndi və Şuşa azad olunub. 1923-cü ildən mühacirətə gedən Xosrov bəy Sultanov 7 yanvar 1943-cü ildə Türkiyədə vəfat edib və İstanbulun Feriköy məzarlığında dəfn olunub.

ÇİNGİZ ƏLƏKBƏRZADƏ

(1936-1999)

Yazıçı-ssenarist Çingiz Əbülhəsən oğlu Ələkbərzadənin xatirə günüdür. O, 1936-cı il oktyabrın 17-də Bakı şəhərində dünyaya gəlib. Tovuz şəhərindəki A.S.Puşkin adına orta məktəbdə və Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb. Əmək fəaliyyətinə indiki Şirvan şəhərindəki 2 saylı orta məktəbdə müəllim kimi başlayıb. Azərbaycan Dövlət Teleradio Verilişləri Komitəsinin Xəbərlər redaksiyasında işləyib. Özbəkistanda keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə iştirak edib. 1970-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olub. Durğunluq dövründə ictimai qüsurları kəskin tənqid etdiyinə görə həbs edilib. Sonra bəraət alıb və bədii yaradıcılıqla məşğul olub. Çingiz Ələkbərzadə 1999-cu il yanvarın 7-də Bakıda vəfat edib. O, yazıçı Əbülhəsən Ələkbərzadənin oğlu, müğənnilər Sevda Ələkbərzadə və Elmira Ələkbərzadənin atasıdır.

RƏFİQ ZƏKA XƏNDAN

(1939-1999)

Azərbaycanın əməkdar incəsənət xadimi, şair, yazıçı və ssenarist Rəfiq Zəka Cəfər oğlu Xəndan da bu gün xatırlanır. O, 1939-cu il iyunun 16-da Bakıda anadan olub. İlk şeir kitabı 1962-ci ildə nəşr olunub. Şairlik fəaliyyəti ilə yanaşı, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində professor olaraq estetikadan mühazirələr oxuyub. Azərbaycan-Türkiyə ədəbi əlaqələrinin inkişafında mühüm rol oynayıb. Bir neçə kitabın müəllifidir. Azərbaycanın Dövlət Mükafatına layiq görülən Rəfiq Zəka Xəndan 1999-cu il yanvarın 7-də Bakıda dünyasını dəyişib. O, ədəbiyyatşünas alim Cəfər Xəndanın oğludur.

YAVƏR HƏSƏNOV

(1963-1994)

Şəhid Yavər Murtuz oğlu Həsənovun xatirə günüdür. O, 15 mart 1963-cü ildə Qərbi Azərbaycanın Ağbaba mahalının Amasya rayonunun Balıqlı kəndində dünyaya gəlib. 1988-ci ildə ailəsi ilə Bakıya köçmək məcburiyyətində qalıb. Qarabağ münaqişəsi başlayandan sonra könüllü olaraq Milli Orduya yazılıb. 1994-cü il yanvarın 7-də Füzuli rayonunun Alxanlı kəndindəki Bəytəpə yüksəkliyi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub və Bakıda Şəhidlər Xiyabanında dəfn edilib. Binəqədi rayonu ərazisində yaşadığı küçəyə adı verilib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın