00:01 07 Mart 2021 77
Ana səhifə Dünyanın bu günü

Dünyanın bu günü - 07.03.2021

ƏFRASİYAB ƏZİMOV

(1863-?)

Xalq qəhrəmanı Əfrasiyab Hacı Əzim oğlu Əzimov 1863-cü ilin bu günü Şuşada anadan olub, molla yanında oxuyub. Ticarətlə məşğul olub, at yarışlarında iştirak edib. Məşrutə inqilabı illərində Səttar xanın köməyinə yollanıb. 1905-1906-cı illərdə erməni-müsəlman qırğınları vaxtı igidliyi sayəsində neçə-neçə günahsızı ölümdən qurtarıb. Həm "Difai", həm də "Qarabağ məclisi" təşkilatlarının fəal üzvü olub. 1907-ci ildə Şuşada həbs edilərək, Həştərxan quberniyasına sürgün edilib. Sürgündən sonra Şuşada yaşayıb, lakin ölüm tarixi bəlli deyil.

SALAM SALAMZADƏ

(1908-1997)

Azərbaycan xalq rəssamı Salam Əbdülqasım oğlu Salamzadə 7 mart 1908-ci ildə Bakıda doğulub. Azərbaycan Dövlət Rəssamlıq Texnikumunu və Azərbaycan Pedaqoji İnstitutunu bitirib. Yaradıcılığının erkən dövründə əsasən tematik tablolar çəkib, sonralar portret ustası kimi məşhurlaşıb. Azərbaycan təbiəti və məişət səhnələri təsvir olunan tematik tabloların, portret və mənzərələrin müəllifidir. Onun "Nəriman Nərimanov", "Günəş altında", "Suya gedən qadınlar", "Çay plantasiyası" və başqa əsərləri məşhurdur. “Şərəf nişanı” ordeni və medallarla təltif edilən Salam Salamzadə 1997-ci il mayın 12-də Bakı şəhərində vəfat edib.

BÖYÜKAĞA HÜSEYNOV

(1926-1983)

AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor Böyükağa Murtuza oğlu Hüseynov 1926-cı ilin bu günü Bakıda anadan olub. Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində təhsil alıb. 1954-1961-ci illərdə Azərbaycan KP MK-da məsul işçi, 1962-1981-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Yaxın və Orta Şərq Xalqları İnstitutunda direktor müavini kimi vəzifələrdə çalışıb, 1966-cı ildən ömrünün sonuna kimi İran filologiyası şöbəsinə rəhbərlik edib. XIX-XX əsrlər İran ədəbiyyatının aktual nəzəri problemlərinə dair tədqiqatların müəllifi, tərcüməçisi və 10-dan artıq əsərin elmi redaktoru olub. Ömrünün son 5 ilini Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində müəllim işləyib. Bədii yaradıcılıqla da məşğul olub, şeirlərini və satirik hekayələrini “Böyükağa Faiq” təxəllüsü ilə dərc etdirən Böyükağa Hüseynov 31 may 1983-cü ildə Bakıda vəfat edib.

XURAMAN HACIYEVA

(1945-2005)

Azərbaycanın xalq artisti Xuraman Abdulla qızı Hacıyeva 7 mart 1945-ci ildə Bakıda anadan olub. 1964-cü ildə Azərbaycan Dövlət Teatr İnstitutunun aktyorluq fakültəsinə daxil olub, lakin 1966-cı ildə təhsilini yarımçıq qoyaraq Gəncəyə gedib və Gəncədəki Dövlət Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsini bitirib. İkinci kursda oxuyarkən "Arşın mal alan" bədii filmində Asya roluna çəkilib. Gənc Tamaşaçılar Teatrında və Naxçıvan Dövlət Musiqili Dram Teatrında aktrisalıq edib. Xuraman Hacıyeva 15 fevral 2005-ci ildə Bakıda dünyasını dəyişib və Ucar rayonunda dəfn olunub.

HİKMƏT NƏZƏRLİ

(1966-1992)

Azərbaycanın Milli Qəhrəmanı Hikmət Baba oğlu Nəzərli 7 mart 1966-cı ildə Bakıda doğulub. 1984-1986-cı illərdə Gürcüstanda hərbi xidmətdə olub. Ordudan tərxis edildikdən sonra DİN-in yanğından mühafizə idarəsində işə qəbul olunub. Azərbaycan torpaqlarına erməni təcavüzü başlayandan sonra könüllü olaraq orduya yazılıb. 25 fevral 1992-ci ildə ermənilərin Xocalıya hücumu zamanı idarə etdiyi maşınla düşmənə müqavimət göstərərək, dinc əhalinin buradan çıxmasına şərait yaradıb və şəhid olub. Azərbaycan Prezidentinin 9 sentyabr 1992-ci il tarixli fərmanı ilə Hikmət Nəzərli ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı ilə təltif olunub.

GƏRAY MƏMMƏDOV

(1969-1993)

Şəhid Gəray Azad oğlu Məmmədov 1969-cu il martın 7-də Laçın rayonunun Güləbird kəndində dünyaya gəlib. Kənd orta məktəbini bitirdikdən sonra 1987-1989-cu illərdə sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olub. Hərbi xidməti başa vurduqdan sonra doğma kəndi Güləbirdə qayıdıb və Laçın Rayon Daxili İşlər Şöbəsində çalışmağa başlayıb. Ermənistanın Azərbaycana hərbi təcavüzü ilə əlaqədar sərhəd kəndlərində asayişin mühafizəsinə cəlb olunub. Güləbird, Cicimli, Qazıdərəsi, Səfiyan və Fərəcan kəndləri uğrunda gedən döyüşlərdə iştirak edib. Gəray Məmmədov 27 avqust 1993-cü ildə Qubadlı rayonunun Xanlıq kəndi yaxınlığında gedən döyüşdə şəhid olub və Sumqayıt Şəhidlər Xiyabanında dəfn edilib. Ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.

RUSLAN ƏSƏDOV

(2002-2020)

Şəhid Ruslan Rövşən oğlu Əsədov 2002-ci il martın 7-də Samux rayonunun İnstitut qəsəbəsində anadan olub. 2008-2019-cu illərdə qəsəbə tam orta məktəbində təhsil alıb. 2019-cu ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətə yollanıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Ruslan Əsədov oktyabrın 20-də Füzuli döyüşləri zamanı şəhid olub və Samux rayonunda dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

ƏŞRƏF YUSİFZADƏ

(1906-1963)

Bu gün xalq artisti, aktyor Əşrəf Əmrah oğlu Yusifzadənin anım günüdür. O, 5 dekabr 1906-cı ildə dünyaya gəlib. 1921-1925-ci illər ərzində Şərurdakı birinci dərəcəli məktəbdə oxuyub. Müəllimlərinin tövsiyəsi ilə İrəvana gəlib və burada fəhlə fakültəsinə daxil olub. 1928-30-cu illərdə İrəvan Azərbaycan Teatrında, 1932-ci ildə Bakı Türk İşçi Teatrında çalışıb. Yaradıcılığı daha çox Gəncə Dövlət Teatrı ilə bağlı olan aktyor bir sıra tamaşalarda çıxış edib. Xalq artisti Rəmziyyə xanım Veysəlova ilə evli olan Əşrəf Yusifzadə 1963-cü ildə Gəncədə vəfat edib.

NƏSİR İMANQULİYEV

(1911-1998)

Azərbaycan milli mətbuatının görkəmli nümayəndələrindən biri, əməkdar jurnalist, ictimai xadim Nəsir Əsədulla oğlu İmanquliyevin xatirə günüdür. O, 1911-ci il dekabrın 22-də Bakıda anadan olub. Bakı şəhərində peşə məktəbində, Lassal adına Neft Texnikumunda və Bakı Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb. “Kommunist”, “Yeni yol”, “Gənc işçi”, “Vətənin səsi” qəzetlərində ədəbi işçi, şöbə müdiri, məsul katib, redaktor, Bakı Radio Verilişləri İdarəsinin rəhbəri, Azərbaycan Mədəniyyət Nazirliyinin Radiolaşdırma Baş İdarəsinin rəisi və Azərbaycan SSR Nazirlər Soveti yanında Radio və Televiziya Verilişləri Komitəsi sədrinin birinci müavini vəzifələrində çalışıb. Bakı Dövlət Universitetində Jurnalistika fakültəsinin təşkilatçılarından biri olub və ömrünün sonunadək orada dərs deyib. Azərbaycanda tamamilə yeni tipli mətbu orqan – “Bakı” və “Baku” axşam qəzetlərini yaradıb, 30 ilə yaxın müddətdə ona başçılıq edib. İki dəfə “Qızıl Qələm” mükafatına layiq görülüb. Gənc jurnalist kadrlarının hazırlanmasında əvəzsiz xidmətləri olub. Nəsir İmanquliyev 1998-ci il martın 7-də dünyasını dəyişib. O, Azərbaycanın görkəmli şərqşünas alim Aida İmanquliyevanın atası, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın babasıdır.

AQİL ƏLİYEV

(1926-2006)

Əməkdar elm xadimi, iqtisad elmləri doktoru, professor Aqil Əlirza oğlu Əliyevin xatirə günüdür. O, 1926-cı ildə Naxçıvan şəhərində anadan olub. Orta məktəbi burada bitirdikdən sonra 1946-cı ildə Bakı Dövlət Universitetinə daxil olub və 1951-ci ildə oradan məzun olub. 1953-cü ilə qədər Azərbaycan SSR EA Tarix İnstitutunda elmi işçi vəzifəsində çalışıb. İqtisad elminə böyük marağı olduğundan, 1953-cü ilin may ayından Azərbaycan Tibb İnstitutunun "Siyasi iqtisad" kafedrasında işləməyə başlayıb. 130-dan artıq elmi əsərin, o cümlədən 19 monoqrafiya və kitabın müəllifidir. Onun rəhbərliyi altında 4 doktorluq və 4 namizədlik dissertasiyası müdafiə olunub. Ulu öndər Heydər Əliyevin qardaşı olan Aqil Əliyev 2006-cı il martın 7-də dünyasını dəyişib.

MURAD ACI

(1944-2018)

Qumuq əsilli türkoloq, coğrafiyaşünas, publisist və yazıçı, iqtisad elmləri namizədi Murad İsgəndəroviç Acıyev də bu gün xatırlanır. O, 1944-cü il dekabrın 9-da Moskvada anadan olub. 1969-cu ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Coğrafiya fakültəsini bitirib. "Avropa. Türklər. Böyük çöl", "Asiya Avropası", "Türklərin və Böyük Çölün qədim tarixi" və bir sıra tarixi əhəmiyyətli kitabların müəllifidir. Murad Acı 7 mart 2018-ci ildə Moskvada vəfat edib.

SAHİL ATAKİŞİYEV

(1974-1993)

Şəhid Sahil Durasan oğlu Atakişiyevin anım günüdür. O, 1974-cü il iyulun 2-də Şamaxı rayonunun Məlikçobanlı kəndində anadan olub. Orta təhsilini bitirdikdən sonra 1992-ci ildə hərbi xidmətə yollanıb və bir sıra döyüşlərə qatılıb. Sahil Atakişiyev 1993-cü il martın 7-də Tərtər rayonu istiqamətində şəhid olub və doğulduğu kənddə dəfn olunub.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın