00:02 09 Yanvar 2021 98
Ana səhifə Dünyanın bu günü

Dünyanın bu günü - 09.01.2021

ÜLVİ RƏCƏB

(1903-1938)

Azərbaycanın əməkdar artisti, aktyor Ülvi Rəcəb Molla oğlu Şaşıqzadə 1903-cü il yanvarın 9-da Batumi yaxınlığındakı Canivri kəndində anadan olub. Birinci Dünya Müharibəsinin başlaması və maddi ehtiyaclar üzündən təhsili yarımçıq qalıb. 1920-ci ildə Batumi teatrında aktyor kimi fəaliyyətə başlayıb. 1922-1924-cü illərdə Tiflis Azərbaycan teatrında, 1925-ci ildən ömrünün sonunadək Azərbaycan Dövlət Dram Teatrında çalışıb. Bu dövrdə Cəfər Cabbarlının, Hüseyn Cavidin, dünya ədəbiyyatının görkəmli nümayəndələrinin səhnəyə qoyulan əsərlərində yaddaqalan obrazlar yaradıb. Ülvi Rəcəb 1937-ci il repressiyaları zamanı həbs olunub və 1938-ci ildə güllələnib. O, Azərbaycan və Rusiyanın xalq artisti Nodar Şaşıqoğlunun əmisi olub.

İLHAM NAMİQ KAMAL

(1949)

Azərbaycanın xalq artisti, teatr aktyoru və rejissoru İlham Namiq Kamal oğlu Əhmədov 9 yanvar 1949-cu ildə Bakıda doğulub. Buradakı 31 saylı orta məktəbi 1966-cı ildə bitirərək, Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Gənc Tamaşaçılar Teatrında və Musiqili Komediya Teatrında çalışıb. 1993-cü il iyunun 14-də özünün "İlham" Miniatür Teatrını yaradıb. 25 iyun 2013-cü ildə "Şöhrət" ordeninə, 10 mart 2014-cü ildə Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi “Sənətkar” ordeninə layiq görülüb. Hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Musiqili teatr aktyoru” kafedrasına rəhbərlik edir.

RİÇARD NİKSON

(1913-1994)

Amerika Birləşmiş Ştatlarının 37-ci prezidenti və 36-cı vitse-prezidenti Riçard Milhaus Nikson 1913-cü il yanvarın bu günü Kaliforniyada anadan olub. Duk Universitetinin Hüquq fakültəsini bitirib. 1968-ci ildə Respublikaçılar Partiyası onun prezidentliyə namizədliyini irəli sürüb və Nikson bu seçkidə qalib gələrək ABŞ-ın 37-ci prezidenti olub. 1972-ci il seçkilərində də qələbə qazanan Nikson həm vitse-prezident, həm də prezident vəzifəsini iki dəfə tutmuş yeganə şəxsdir. Onun hakimiyyət dövrü Çinlə əlaqələrin yaxşılaşdırılması, SSRİ ilə strateji silahların məhdudlaşdırılması barədə müqavilənin imzalanması, Ay proqramının uğurla başa çatması və Vyetnam müharibəsinə son qoyulması ilə xarakterizə olunub. Uotergeyt qalmaqalından sonra vəzifəsindən getdiyini açıqlayan Riçard Nikson istefa vermiş yeganə ABŞ prezidentidir. O, 22 aprel 1994-cü ildə Nyu-Yorkda dünyasını dəyişib.

DƏRVİŞ CAVANŞİR

(1954-2014)

Şair, nasir, publisist Cavanşir Musa oğlu Məmmədov 1954-cü il yanvarın 9-da Naxçıvan Muxtar Respublikasının Əliabad kəndində anadan olub. Burada kənd məktəbində, Naxçıvan şəhərindəki 1 saylı məktəbdə və Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb. “Azreklam” agentliyində qəzet və jurnal üzrə redaktor, “Kənd təsərrüfatı elmi xəbərləri” jurnalında korrektor, "Yazıçı" nəşriyyatında redaktor, Azərbaycan Assosiasiyasında ədəbi-mədəni əlaqələr üzrə müavin, "Aydınlıq" qəzetində şöbə müdiri, "Xalq qəzeti"ndə baş müxbir vəzifələrində çalışıb. “İki sahil”, “Ulus” qəzetləri ilə əməkdaşlıq edib. Bədii yaradıcılığa XX əsrin 60-cı illərindən başlayıb. “Durnalar qərib olmur”, “Gözümün ilk ovu”, "Haqdan yanan bir çırağam”, “Hörün məni divarlara” və başqa əsərlərin müəllifidir. Dərviş Cavanşir 2014-cü il dekabrın 14-də ürək çatışmazlığından vəfat edib.

MƏTLƏB QULİYEV

(1959-1992)

Azərbaycanın Milli Qəhrəmanı Mətləb Kamran oğlu Quliyev 1959-cu ilin bu günü Beyləqan rayonunda dünyaya gəlib. İbtidai təhsilini 3 saylı orta məktəbdə alıb. Daha sonra Cəmşid Naxçıvanski adına hərbi məktəbə daxil olub. Hərbi xidmətini Ukraynada başa vurduqdan sonra Azərbaycan Pedaqoji İnstitutuna qəbul olub. 1985-ci ildə leytenant rütbəsi ilə təhsilini başa vuraraq, Sumqayıt şəhərindəki 3 saylı məktəbdə hərbi hazırlıq müəllimi kimi çalışmağa başlayıb. 1992-ci ildən DİN-ə işə düzəlib. Mətləb Quliyev 1992-ci il avqustun 31-də Ağdam bölgəsində gedən ağır döyüşdə qəhrəmancasına həlak olub və Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib. Sumqayıt şəhərindəki 3 saylı məktəb onun adını daşıyır, məktəbin önündə büstü qoyulub. Yaşadığı binanın önünə xatirə lövhəsi vurulub, adına bulaq var.

VÜQAR MƏMMƏDOV

(1994-2020)

Şəhid Vüqar İlqar oğlu Məmmədov 9 yanvar 1994-cü ildə Sumqayıt şəhərində anadan olub. Sumqayıt şəhərindəki 22 nömrəli tam orta məktəbdə və Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsində təhsil alıb. 2015-ci ildə Azərbaycan Ordusunda topçu vəzifəsində və manqa komandiri kimi həqiqi hərbi xidmət keçib, 2016-cı ilin Aprel döyüşlərində iştirak edib. 2017-ci ilin yay aylarından etibarən yaşadığı Sumqayıt şəhərində marketdə mühafizəçi və digər işlərdə çalışıb. 2020-ci il sentyabrın 27-də Vətən Müharibəsi başladıqdan sonra könüllü olaraq Füzuli rayonu istiqamətindəki döyüşlərə yollanıb. Gizir Vüqar Məmmədov 2020-ci il oktyabrın 9-da Füzuli şəhər mərkəzinin azad edilməsi uğrunda döyüşlər zamanı düşmən snayperinin açdığı atəş nəticəsində şəhid olub. Ölümündən sonra "Vətən uğrunda" və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.

ABDULCƏMİL BİLALOV

(1997-2020)

Şəhid Abdulcəmil Xəqani oğlu Bilalov 1997-ci il yanvarın 9-da Göyçay rayonunun Ləkçılpaq kəndində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Abdulcəmil Bilalov 2020-ci il sentyabrın 27-də başlanan Vətən Müharibəsinə qatılıb və Suqovuşan uğrunda döyüşlərdə şəhid olub. Noyabrın 20-də Göyçay rayonunda dəfn olunub. Ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

ƏHMƏD BƏY CAVANŞİR

(1828-1903)

Tarixçi və şair Əhməd bəy Cəfərqulu bəy oğlu Cavanşirin anım günüdür. O, 2 mart 1828-ci ildə Kəbirli mahalının Kəhrizli kəndində dünyaya gəlib. 15 yaşına qədər molla yanında, daha sonra Sankt-Peterburqda Pavlov kadet məktəbində təhsil alıb. 1848-1854-cü illərdə qədər Qusar alayında hərbi xidmətdə olub. Xalq arasında "Urus Əhməd bəy" ləqəbini alıb. XIX yüzilin 60-cı illərinin sonunda Vərəndə sahəsinin murovu vəzifəsinə təyin edilib. Bir çox əsərlərin, kitabların müəllifidir, tərcümə ilə də məşğul olub. "Asari-Əhməd bəy Cavanşir" adlı şeirlər, "Türk zərb-məsəllər məcmuəsi" adlı folklor örnəkləri, "1747-ci ildən 1805-ci ilə qədər Qarabağ xanlığının siyasi vəziyyətinə dair" adlı tarix kitablarının müəllifidir. Əhməd bəy Cavanşir 1903-cü il yanvarın 9-da vəfat edib və öz vəsiyyətinə görə Kəhrizli kəndində dəfn edilib. O, Qarabağ xanlığının banisi Pənahəli xan Sarıcalı-Cavanşirin nəticəsi, Həmidə xanım Cavanşir-Məmmədquluzadənin atası, Cəlil Məmmədquluzadənin qayınatasıdır.

İREN MELİKOFF

(1917-2009)

Azərbaycanşünas türkoloq alim, professor İren İsgəndər bəy qızı Məlikovanın xatirə günüdür. O, 1917-ci il noyabrın 7-də Sankt-Peterburqda neft sahibkarı İsgəndər bəy Məlikovun ailəsində dünyaya gəlib. Bolşeviklər hakimiyyəti ələ aldıqdan 1919-cu ildə ailəsi ilə birlikdə Finlandiyaya köçüb. Bu ölkədə bir qədər qaldıqdan sonra həmişəlik Fransaya köçərək Parisdə yaşayıb. İlk təhsilini Paris şəhərində alıb. 1941-ci ildə həyat yoldaşı ilə birlikdə Türkiyəyə köçərək, 7 il orada yaşayıb. 1984-cü ildə Strasburq Humanitar Elmlər Universitetində Azərbaycan Mədəniyyətini Araşdırma Mərkəzi yaradıb və onun prezidenti seçilib. Fransada Azərbaycan həqiqətlərini təbliğ edib. 11 müxtəlif yüksək mükafata, o cümlədən Türkiyənin Səlcuq Universitetinin, Bakı Dövlət Universitetinin və Strasburqdakı Mark Blok Universitetinin fəxri doktoru adına layiq görülüb. İren Melikoff 2009-cu il yanvarın 9-da vəfat edib.

CAMAL SÜRƏYYA

(1931-1990)

Türkiyəli şair və yazıçı, əsl adı Cəmaləddin Səbəri olan Camal Sürəyya da bu gün xatırlanır. O, 1931-ci ildə Ərzincan şəhərində doğulub. Biləcikdə orta məktəbdə, Heydərpaşa Liseyində, Ankara Universitetinin Siyasi məsələlər fakültəsinin “Maliyyə və iqtisad” bölümündə təhsil alıb. “Papirus” jurnalını çıxarıb, bir çox dövlət işlərində müfəttişlik, “Politika” qəzetində köşə yazarlığı edib. Bir neçə kitabın müəllifidir. Camal Sürəyya 9 yanvar 1990-cı ildə İstanbulda müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

ZƏLİMXAN YAQUB

(1950-2016)

Azərbaycanın xalq şairi Zəlimxan Yusif oğlu Yaqubun anım günüdür. O, 1950-ci il yanvarın 21-də Borçalıda, Bolnisi rayonunun Kəpənəkçi kəndində anadan olub. 1967-ci ildə doğulduğu kənddə orta məktəbi, 1972-ci ildə isə Azərbaycan Dövlət Universitetinin Kitabxanaçılıq fakültəsini bitirib. 1994-cü ildən Azərbaycan Prezidenti yanında Əfv Komissiyasının üzvü, 1995-2005-ci illərdə Milli Məclisin deputatı, 2008-ci il avqustun 29-dan Azərbaycan Aşıqlar Birliyinin sədri olub. Bir çox əsərlərin müəllifidir. "Şöhrət" ordeni və Gürcüstanın "Şərəf" ordeni ilə təltif edilən Zəlimxan Yaqub 2016-cı ilin yanvarın 9-da Bakıda dünyasını dəyişib və Fəxri Xiyabanda dəfn olunub.

SALATIN ƏSGƏROVA

(1961-1991)

Azərbaycanın Milli Qəhrəmanı, Azərbaycanın ilk şəhid qadın jurnalisti Salatın Əziz qızı Əsgərovanın xatirə günüdür. O, 16 dekabr 1961-ci ildə Bakı şəhərində doğulub. Mikayıl Müşfiq adına 18 saylı orta məktəbdə, daha sonra Azərbaycan Neft və Kimya İnstitutunda təhsil alıb. “Molodyoj Azerbaydjana” qəzetində jurnalist kimi fəaliyyət göstərib. Daim ön cəbhədə olan Salatın Əsgərova 1991-ci il yanvarın 9-da Laçından Şuşaya yollanarkən Qaladərəsi kəndi yaxınlığında erməni terrorçuları tərəfindən amansızcasına qətlə yetirilib və Bakının Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycan Prezidentinin 6 noyabr 1992-ci il tarixli fərmanı ilə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Bakı şəhərində adına küçə var, Bakı buxtasındakı gəzinti katerlərindən biri də onun adını daşıyır. Yaşadığı binaya barelyefi vurulub. Yaxınlığında həlak olduğu kənd “Salatınkənd” adlanır.

NAZİM QULİYEV

(1965-1992)

Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi Nazim Qabil oğlu Quliyev də bu gün xatırlanır. O, 7 fevral 1965-ci ildə Beyləqan rayonunun Örənqala kəndində anadan olub. 1982-ci ildə kənd orta məktəbini bitirdikdən sonra hərbi xidmətə çağırılıb. 1991-ci ildə Füzuli rayonunda polis nəfəri kimi işə qəbul olunub. Nazim Quliyev 9 yanvar 1992-ci il Kovşad kəndi uğrunda gedən ağır döyüşlərdə həlak olub. Yuxarı Yağlavənd və Örənqala kənd məktəbləri onun adını daşıyır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın