00:01 09 Mart 2021 78
Ana səhifə Dünyanın bu günü

Dünyanın bu günü - 09.03.2021

TARAS ŞEVÇENKO

(1831-1861)

Görkəmli Ukrayna şairi, yazıçı və rəssam Taras Qriqoryeviç Şevçenko 1814-cü il martın 9-da Kiyev quberniyasının Zveniqorod uyezdinin Morintsı kəndində anadan olub. İlk təhsilini kənd keşişindən alıb. 1831-ci ildə Peterburq şəhərinə gəlib. 1838-1845-ci illərdə Peterburq Rəssamlıq Akademiyasında təhsil alıb. İlk kitabı "Kovzar" 1840-cı ildə nəşr olunub. "Kor qadın", "Muzdur qadın", "Marina" və s. romanlarında, "Taras gecəsi" tarixi poemasında Ukrayna xalqının milli azadlıq mübarizəsinə toxunub. İnqilabi mübarizəyə qoşulan ədib 1847-ci ildə xəyanət nəticəsində tutularaq 10 il müddətinə Orsk qalasına sürgün edilib və yalnız I Nikolayın ölümündən sonra azad edilib. Yazıçı rəssam kimi də məşhurdur. Taras Şevçenko 1861-ci il fevralın 26-da Peterburqda vəfat edib və öz vəsiyyəti ilə Kanev şəhəri yaxınlığında, Dnepr sahilindəki Çerneçya dağında dəfn olunub. Bakıda abidəsi qoyulub, adına küçə və məktəb var.

GÜLTƏKİN CABBARLI

(1929-1996)

Məşhur diktor, Azərbaycanın xalq artisti Gültəkin Əjdər qızı Cabbarlı 1929-cu ilin bu günü Bakıda anadan olub. 1947-ci ildə orta məktəbi bitirib. 1950-ci il fevralın 6-da Azərbaycan Dövlət Radiosunda diktor vəzifəsində işə qəbul olunub və ömrünün sonuna qədər bu vəzifədə çalışıb. 1953-cü ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Azərbaycan radiosunun "Qızıl fond"unda səs yazıları qorunub saxlanılır. Həmkarı Aydın Qaradağlı ilə evli olan Gültəkin Cabbarlı 1996-cı il oktyabrın 15-də Bakıda dünyasını dəyişib.

YURİ QAQARİN

(1934-1968)

Dünyanın ilk kosmonavtı, Sovet İttifaqı Qəhrəmanı Yuri Alekseyeviç Qaqarin 9 mart 1934-cü ildə Smolensk vilayətinin Qjatsk (indiki Qaqarin) şəhərində anadan olub. 1949-cu ildə orta məktəbi bitirərək, Lyubertsı Peşə Məktəbinə daxil olub. 1951-ci ildə Saratov Sənaye Kollecinin tələbəsi olarkən aviasiya ilə maraqlanıb və 25 oktyabr 1954-cü ildə ilk dəfə Saratov aeroklubuna gəlib. İyun ayında Saratov Sənaye Kollecini bitirib, iyul ayında “Yak-18” təyyarəsində ilk uçuşunu edib. 1955-ci ildə sovet ordusu sıralarına çağırılıb və K.E.Voroşilov adına 1-ci Çkalov Hərbi Aviasiya Məktəbində oxumaq üçün Orenburq şəhərinə göndərilib, 1957-ci ildə isə Şimal Donanmasının qırıcı aviasiya alayına qatılıb. 1960-cı ildə Hərbi Hava Qüvvələrində məşqlərə başlayıb, 12 aprel 1961-ci ildə Baykonur kosmodromundan “Vostok” kosmik gəmisi ilə kosmosa uçub və cəmi 108 dəqiqədən sonra Saratov vilayətinin Smelovka kəndi yaxınlığında eniş edib. Yuri Qaqarin 1968-ci il martın 27-də saat 10:18-də Vladimir Sereginlə Çkalovsk aeroportundan qalxan təyyarədə növbəti sınaq uçuşunu keçirərkən qəzaya uğrayaraq həlak olub.

ŞƏFİQƏ EYVAZOVA

(1947)

Azәrbaycanın xalq artisti, kamança ifaçısı Şәfiqә Alxas qızı Eyvazova 9 mart 1947-ci ildə Bakıda anadan olub. Orta məktəbi bitirdikdən sonra Azәrbaycan Dövlәt Konservatoriyasına daxil olub. 1963-1976-cı illәrdә Azәrbaycan Dövlәt Televiziya vә Radio Verilişlәri Şirkәtinin xalq çalğı alәtlәri orkestri vә Əhsən Dadaşovun rәhbәrlik etdiyi ansamblın solisti olub. 1965-ci ildәn bir sıra xarici ölkələrdə konsertlәrlә çıxış edib. Kamançada solo ifa edən ilk xanım olan Şәfiqә Eyvazova musiqiçi, professor Arif Əsədullayevlə evlidir.

RAMAZAN QULİYEV

(1961-1993)

Ramazan Dünyamalı oğlu Quliyev 9 mart 1961-ci ildə Zəngilan rayonunun Məmmədbəyli kəndində anadan olub. 1967-1978-ci illərdə kənd orta məktəbində oxuyub, sürücülük ixtisası üzrə peşə məktəbində təhsil alıb. 1981-1983-cü illərdə Rusiyada hərbi xidmətdə olub və 9 il Rusiya Federasiyasının Kazan (Tatarıstan) şəhərində yaşayıb. 1992-ci ildə Milli Orduya çağırılıb və hərbi hissənin kəşfiyyatçı manqasının komandiri olub. 1992-ci ilin iyun ayında iki erməni quldurunu əsir götürüb və rayonun Kolluqışlaq kəndində gedən döyüş zamanı 1 tank ələ keçirib. 23 avqust 1993-cü ildə Cəbrayıl rayonunun Minbaşı kəndində ağır yaralanan Ramazan Quliyev 25 avqust 1993-cü ildə Mərcanlı hospitalında vəfat edib və Zəngilan rayonunun Şəhidlər Xiyabanında dəfn olunub.

ELVİN İSMAYILOV

(1989-2020)

Şəhid Elvin Tələt oğlu İsmayılov 1989-cu il martın 9-da Beyləqan rayonunun İkinci Əlinəzərli kəndində anadan olub. Kənd orta məktəbində təhsilini bitirdikdən sonra müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2011-ci ildən müddətdən artıq xidmət edən hərbçi kimi yenidən ordu sıralarına qayıdıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib və elə həmin gün Füzuli rayonu istiqamətində gedən döyüşlərdə şəhid olub. Beyləqan rayonunun Şəhidlər Xiyabanında dəfn edilib. Çavuş Elvin İsmayılov ölümündən sonra "Vətən uğrunda" və “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilib.

CEYHUN USEYNOV

(1990-2020)

Şəhid Ceyhun Elşad oğlu Useynov 1990-cı ilin bu günü Abşeron rayonunda anadan olub. Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edib. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsi zamanı Cəbrayıl və Füzulinin azadlığı uğrunda gedən döyüşlərə qatılıb. Kapitan Ceyhun Useynov oktyabrın 7-də Füzuli döyüşləri zamanı şəhid olub və Abşeron rayonunda dəfn olunub. Ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Cəbrayılın azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

HƏSƏNAĞA ABDULLAZADƏ

(1993-2020)

Şəhid Həsənağa Şakir oğlu Abdullazadə 9 mart 1993-cü ildə Lənkəran şəhərində anadan olub. Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, Heydər Əliyev adına Ali Hərbi Məktəbdə və Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində təhsil alıb. 2015-ci ildən Azərbaycan Silahlı Qüvvələrində xidmətə başlayıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsi zamanı Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 1-dən onunla əlaqə saxlamaq mümkün olmayıb. Yanvarın 14-də şəhid olduğu müəyyənləşib. Baş leytenant Həsənağa Abdullazadə Bakıda İkinci Fəxri Xiyabanda torpağa tapşırılıb.

ÜLVİ AĞAYEV

(1993-2020)

Şəhid Ülvi Valeh oğlu Ağayev 1993-cü il martın 9-da Göyçay rayonunun Şahsoltanlı kəndində anadan olub. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Əsgər Ülvi Ağayev oktyabrın 21-də şəhid olub və Göyçay rayonunda dəfn olunub. Ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

SABİR ƏBDÜRRƏHMANLI

(1998-2020)

Şəhid Sabir Faiq oğlu Əbdürrəhmanlı 1998-ci ilin bu günü Sumqayıt şəhərində anadan olub. müddətli həqiqi hərbi xidmətini başa vurduqdan sonra Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında müddətdən artıq xidmət edən hərbi qulluqçu olub. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsi zamanı Cəbrayıl və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Çavuş Sabir Əbdürrəhmanlı oktyabrın 8-də Füzuli döyüşləri zamanı şəhid olub və Sumqayıt Şəhidlər Xiyabanında dəfn olunub. Ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif olunub.

ƏSGƏR AĞA GORANİ

(1857-1910)

Yazıçı, aktyor, teatrşünas, tərcüməçi və jurnalist Əsgər ağa Haqverdi bəy oğlu Goraninin xatirə günüdür. O, 3 may 1857-ci ildə Goran-Boyəhmədli kəndində anadan olub. Bakı şəhər gimnaziyasını qızıl medalla bitirərək, Moskvada Petrovski-Razumovski adına Kənd Təsərrüfat Akademiyasına daxil olub. Akademiyanı bitirdikdən sonra vətənə dönüb. Quberniya katibi, kollec asessoru, Yelizavetpol (Gəncə) quberniyası qəza hakiminin köməkçisi, Tiflis dairə məhkəməsinin prokuror nəzarət orqanlarında prokuror yoldaşı, Gəncə bələdiyyə idarəsinin rəisi, Mixaylovsk məktəbinin fəxri nəzarətçisi vəzifələrində işləyib. Gəncədə öz hesabına qız məktəbi açıb. "Əkinçi"nin ən fəal müxbirlərindən olub. Qəzetin 17 nömrəsində onun müxtəlif imzalarla 39 məqaləsi dərc olunub. Onun "Qocalıqda yorğalıq" pyesi müxtəlif teatrların repertuarından uzun illər düşməyib. 1873-cü il martın 10-da milli teatrımızın banilərindən biri də Əsgər ağa Gorani olub. O, Mirzə Fətəli Axundovun "Lənkəran xanının vəziri" əsərində Teymur ağa, bir ay sonra isə "Hacı Qara" əsərində Hacı Qara obrazlarını yaradıb. Əsgər ağa Gorani 9 mart 1910-cu ildə Gəncədə vəfat edib və Səbiskar qəbiristanlığında dəfn olunub.

ƏHMƏD QƏMƏRLİNSKİ

(1880-1952)

Əməkdar incəsənət xadimi, aktyor Əhməd Qəmərlinskinin anım günüdür. Əhməd Haşım oğlu Məlikov 9 may 1880-ci ildə Bakıda anadan olub. Sultanməcid Qənizadənin məktəbində təhsil alıb. Səhnəyə ilk dəfə 1906-cı ildə Balaxanıda həvəskar aktyorların hazırladığı "Adı var, özü yox" tamaşasında çıxıb. Sonralar "Nicat" Cəmiyyətinin nəzdindəki teatr truppasının aktyoru olub. 1924-cü ildən Bakı Azad Tənqid Təbliğ Teatrının aktyoru və rejissoru olub. Qəmərlinski ləqəbini ona Hüseyn Ərəblinski verib. O, ədəbi yaradıcılıqla da məşğul olub, tarixi və müasir mövzuda yazdığı 12 əsəri görkəmli sənətkarlar tərəfindən tamaşaya qoyulub. Əhməd Qəmərlinski 9 mart 1952-ci ildə Bakıda vəfat edib.

QƏRİBSOLTAN MƏLİKOVA

(1886-1967)

Görkəmli maarif xadimi, əməkdar müəllim, Həsən bəy Zərdabinin qızı Qəribsoltan Həsən bəy qızı Məlikova 1967-ci il martın 9-da Bakı şəhərində vəfat edib. O, 1886-cı il iyunun 11-də Göyçay qəzasının Zərdab kəndində (indiki Zərdab şəhərində) anadan olub. Orta məktəbi bitirdikdən sonra Tiflisdə rus qızlar gimnaziyasında təhsil alıb. 1910-cu ildə pedaqoji fəaliyyətə başlayıb, 1914-cü il 10 may tarixində ona ibtidai sinif müəllimi ixtisası verilməsi haqqında şəhadətnamə təqdim edilib. 1915-1918-ci illərdə Bakıdakı rus-tatar (Rus-Azərbaycan) qız məktəbində, 1918-1920-ci illərdə Bakıdakı üçüncü rus qız gimnaziyasında, sonra isə ikinci rus-qız gimnaziyasında Azərbaycan dilindən dərs deyib. Azərbaycan elm və mədəniyyətinin inkişafındakı əvəzsiz xidmətlərinə görə Qəribsoltan Məlikovaya əməkdar müəllim adı verilib və “Lenin” ordeni ilə təltif edilib.

SONA ASLANOVA

(1924-2011)

Azərbaycanın tanınmış opera müğənnisi, əməkdar artist, aktrisa Sona Şahnəzər qızı Aslanova 2011-ci ilin bu günü vəfat edib. O, 1924-cü ildə oktyabrın 4-də Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Konservatoriyasında musiqi təhsili aldıqdan sonra 1952-ci ildə elə orada dərs deməyə başlayıb. Azərbaycan səhnəsinə isə onu ilk dəfə Üzeyir Hacıbəyov gətirib. Sənətkar 200-dən çox mahnı ifa edib, "Görüş", "Telefonçu Qız" və başqa filmlərə çəkilib. Opera səhnəsində isə "Arşın Mal Alan"da Gülçöhrə, "Əsli və Kərəm"də Əsli, "Koroğlu"da Nigar obrazını yaradıb. 1959-cu ildə "Şərəf ordeni" ilə təltif olunub. 1994-cü ildə ABŞ-a oğlunun yanına köçən Sona Aslanova 87 yaşında dünyasını dəyişib. ABŞ-da dəfn xərcləri çox baha olduğundan, vəsiyyətinə uyğun olaraq cənazəsi yandırılıb.

ŞAMİL FƏTULLAYEV

(1928-2015)

Azərbaycanın əməkdar memarı, memarlıq elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü Şamil Seyfulla oğlu Fətullayev də bu gün xatırlanır. O, 1928-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub. Azərbaycan Politexnik İnstitutunun memarlıq-inşaat fakültəsində təhsil alıb. Azərbaycan memarlıq tarixinin XIX-XX əsr dövrlərinin tədqiqi məhz onun adı ilə bağlıdır. Azərbaycan memarlığı və şə­hər­sal­ma­ tarixi üzrə öz elmi məktəbini yaradıb. Şərq Öl­kə­­ləri Beynəlxalq Memar­lıq Aka­de­mi­yasının pre­zidenti, Beynəlxalq Me­mar­lıq Akademi­ya­sı­­nın müxbir üzvü, Türk İncəsənəti üzrə Bey­nəl­xalq Konqresin həqiqi üzvü seçilib. 150-dən artıq elmi əsə­rin müəllifidir. Azər­bay­can Dövlət Müka­fatına, “Şərəf Nişanı” və “Şöh­rət” ordenlərinə, Polşa Respublikasının Qızıl Medalına layiq gö­rülüb. Şamil Fətullayev 2015-ci il martın 9-da Bakıda vəfat edib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın