00:01 09 Sentyabr 2020 547
Ana səhifə Dünyanın bu günü

Dünyanın bu günü - 09.09.2020

LEV TOLSTOY

(1828-1910)

Görkəmli rus yazıçı, publisist və filosof Lev Nikolayeviç Tolstoy 9 sentyabr 1828-ci ildə Tula quberniyasının Yasnaya Polyana malikanəsində anadan olub. 13 yaşı olanda ailəsi ilə birlikdə Kazana köçüb. 1844-cü ildə İmperator Kazan Universitetinə daxil olub. Universitetdə oxumaq onun üçün darıxdırıcı olduğu üçün təhsilini yarımçıq qoyub və dağlılarla döyüşmək məqsədilə 1851-ci ildə qardaşı Nikolayla birlikdə Qafqaza yollanıb, hərbi əməliyyatlarda iştirak edib. 1855-ci ildə "Ailə xoşbəxtliyi" əsərini çap etdirib. 1862-ci ildə "Yasnaya Polyana" pedaqoji jurnalını nəşr etdirməyə başlayıb. "Hərb və sülh", "Anna Karenina" və “Dirilmə” romanları, "Kazaklar", "Hacı Murad" povestləri onun ən məşhur əsərlərindəndir. Lev Tolstoy 1910-cu il noyabrın 10-da malikanəsini xəlvətcə tərk edib, yolda sətəlcəm olur və noyabrın 20-də Ural dəmir yolunun Astapovo stansiyasında vəfat edib, Yasnaya Polyanada dəfn olunub.

HƏBİBULLA BƏY ŞAHTAXTINSKİ

(1900-1986)

Azərbaycan EA-nın həqiqi üzvü, əməkdar elm xadimi, kimya elmləri doktoru, professor Həbibulla bəy Baxşəli oğlu Şahtaxtinski 1900-cü il sentyabrın 9-da Naxçıvanın Şahtaxtı kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin Tibb fakültəsini və Azərbaycan Politexnik İnstitutunun kimya-texnologiya fakültəsini bitirib. Politexnik İnstitutunda və Azərbaycan Sənaye İnstitutunda kafedra müdiri, Azərbaycan EA-nın Qeyri-Üzvi və Fiziki Kimya İnstitutunda laboratoriya müdiri işləyib. 7 monoqrafiya və dərsliyin, 380-dən çox məqalə və digər elmi əsərlərin müəllifidir. 1937-ci ildə çapdan çıxmış ”Miqdari kimyəvi analiz” dərsliyi bu gün də ali məktəblərdə tələbə və müəllimlərin istifadə etdiyi ən qiymətli vəsaitdir. Həbibulla bəy Şahtaxtinski 22 sentyabr 1986-cı ildə vəfat edib. O, əməkdar elm xadimi, akademik Məhəmməd Əmin Şahtaxtinskinin atasıdır.

ƏDİLƏ NAMAZOVA

(1926)

Azərbaycan EA-nın həqiqi üzvü, əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik Ədilə Əvəz qızı Namazova 1926-cı ilin bu günü Ağdam rayonunun Seyidli kəndində anadan olub. Orta təhsilini Ağdamda alıb, 1949-cu ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. 1965-ci ildən Azərbaycan Dövlət Tibb İnstitutunun klinik pediatriya kafedrasının müdiridir. 1971-ci ildə SSRİ Tibb Elmləri Akademiyasının müxbir üzvü, Rusiya Federasiyası Tibb Elmləri Akademiyasının üzvü, 1976-cı ildə Azərbaycan Pediatrlar Cəmiyyətinin sədri seçilib. 1982-ci ildə Azərbaycan SSR Dövlət Mükafatına layiq görülüb. Türkdilli Ölkələrin Pediatrlar Cəmiyyətinin vitse-prezidentidir. 400 elmi əsərin, 20 monoqrafiya və dərsliyin, 5 ixtiranın müəllifidir. Ədilə Namazova Azərbaycanın "Şərəf", "Şöhrət" ordenləri, "Səhiyyə əlaçısı" nişanı ilə təltif edilib. Mustafa Topçubaşov mükafatı laureatıdır.

AYBƏNİZ VƏKİLOVA

(1937-2009)

Azərbaycanın əməkdar mədəniyyət işçisi Aybəniz Vəkilova 9 sentyabr 1937-ci ildə Bakıda Azərbaycanın ilk xalq şairi Səməd Vurğunun ailəsində anadan olub. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirib, uzun müddət Nizami adına Ədəbiyyat Muzeyində elmi işçi vəzifəsində çalışıb. Atası haqqında nəşr olunan kitabların redaktoru, məsləhətçisi və onun irsinin layiqli bələdçisi kimi tanınıb. 1976-cı ildə Səməd Vurğun ev-muzeyi fəaliyyətə başlayandan muzeydə baş mühafiz vəzifəsində çalışıb, 2006-cı ildə isə muzeyin direktoru təyin edilib. Səməd Vurğun Fondunun prezidenti olub. “Şərəf nişanı” ordeninə və Prezident təqaüdünə layiq görülüb. Aybəniz Vəkilova 2009-cu ilin iyunun 13-də Bakıda dünyasını dəyişib.

XALİD QULİYEV

(1962-1992)

Şəhid Xalid Hüseynxan oğlu Quliyev 1962-ci il sentyabrın 9-da Bakıda doğulub. Azərbaycan Politexnik İnstitutunu bitirib. Təhsil Nazirliyinin nəzdində olan Təcrübə sınaq zavodunun baş mühəndisi, sonra isə baş direktoru vəzifəsində çalışıb. Qarabağ müharibəsi başlayandan sonra könüllü olaraq Daxili Qoşunların sıralarına qoşulub və Ağdərədə gedən döyüşlərdə böyük şücaət göstərib. Naxçıvanik kəndinin zirvəsinə Azərbaycan bayrağını sancıb. 1992-ci il iyulun 10-da Manikli kəndindəki döyüş zamanı dostlarını mühasirədən azad edib və yolda minaya düşərək şəhid olub. Ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub. Nizami rayonunda təhsil aldığı 62 nömrəli liseyə və yaşadığı küçəyə onun adı verilib. Xalid Quliyev Azərbaycanın əməkdar artisti Aybəniz Haşımovanın həyat yoldaşıdır.

ƏLƏSGƏR ŞƏRİFOV

(1909-1982)

Azərbaycanın xalq artisti, rejissor və aktyor Ələsgər Məmmədtağı oğlu Şərifovun anım günüdür. O, 25 dekabr 1909-cu ildə Şamaxıda imkanlı ailədə anadan olub. Moskvada Dövlət Teatr Sənəti İnstitutunu bitirib. 1934-cü ildən ömrünün sonunadək Azərbaycan Dram Teatrının rejissoru olub. Onun quruluşunda səhnələşdirilmiş «Cehizsiz qız», «Pəri cadu», «Sevil», «Qış nağılı», «Şeyx Sənan», «Səyavuş», «Məhəbbət əfsanəsi» əsərləri tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb. Xidmətlərinə görə “Qırmızı Əmək Bayrağı”, iki dəfə “Şərəf nişanı” ordeni və bir neçə medalla təltif edilib. Ələsgər Şərifov 1982-ci il sentyabrın 9-da Bakıda vəfat edib.

YILMAZ GÜNEY

(1937-1984)

Türkiyənin məşhur aktyoru, rejissor, ssenarist və yazıçı Yılmaz Güneyin xatirə günüdür. O, 1 aprel 1937-ci ildə Adananın Yüreğir şəhərində anadan olub. Ali təhsil almaq üçün İstanbula gedib və orada rejissor Atıf Yılmazla tanış olub. 1959-cu ildə Atıf Yılmazın rejissorluq etdiyi "Bu Vatanın Çocukları" və "Alageyik" filmlərinin həm ssenari müəllifi olub, həm də aktyor kimi rol oynayıb. "Karacaoğlanın Karasevdası" filmində rejissor assistenti olub. Türkiyədə və bir çox ölkələrdə böyük marağa səbəb olan "Yol" filmini çəkib və Kann kinofestivalında mükafat alıb. "Yeni Üfüqlər" və "On Üç" kimi jurnallara hekayələr yazıb. Hekayələrinin birində kommunizmi təbliğ etdiyi üçün 1961-ci ildə həbs cəzasına məhkum edilib. 1972-ci ildə 2 müddətinə həbs edilib. 1974-cü ildə azadlığa çıxıb və elə həmin il kazinoda məhkəmə hakimini qətlə yetirdiyinə görə 19 il müddətinə azadlıqdan məhrum olunub. 1981-ci ildə bir günlük icazə ilə həbsxanan çıxıb və Türkiyədən qaçaraq Fransaya sığınıb. Yılmaz Güney 9 sentyabr 1984-cü ildə Parisdə vəfat edib və Per-Laşez qəbiristanlığında dəfn olunub.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın