00:52 10 Aprel 2020 548
Ana səhifə Dünyanın bu günü

Dünyanın bu günü - 10.04.2020

BƏSTİ BAĞIROVA

(1905-1962)

Azərbaycanda məşhur pambıq ustası, iki əllə pambıq yığımı hərəkatının təşəbbüsçüsü, iki dəfə Sosialist Əməyi Qəhrəmanı Bəsti Məsim qızı Bağırova 10 aprel 1905-ci ildə Goranboy rayonunun Bağçakürd kəndində anadan olub. 1930-33-cü illərdə "Bağçakürd" kolxozunda kolxozçu, 1933-1950-ci illərdə manqa başçısı, 1953-62-ci illərdə isə sədri olub. Bakı Ali Partiya Məktəbini bitirib. SSRİ Ali Sovetinin (I-III çağırış), Azərbaycan SSR Ali Sovetinin (IV-V çağırış) deputatı, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin üzvü olub. 3 dəfə “Lenin” ordeni, “Qırmızı Əmək Bayrağı” ordeni və medallarla təltif edilib. Bəsti Bağırova 1962-ci il fevralın 27-də doğulduğu Bağçakürd kəndində vəfat edib və Bakıda Fəxri Xiyabanda dəfn edilib.

SALAM QƏDİRZADƏ

(1923-1987)

Məşhur Azərbaycan yazıçısı, dramaturq Salam Dadaş oğlu Qədirzadə 1923-cü ilin bu günü Bakı şəhərində anadan olub. 1941-ci ildə orta məktəbi bitirən kimi könüllü şəkildə cəbhəyə yola düşüb. 1941-1945-ci illərdə Şimali Qafqaz, Kuban, Qərbi Ukrayna, Polşa, Bessarabiya, Rumıniya, Çexoslovakiya, eləcə də Almaniyanın faşistlərdən azad edilməsində iştirak edib. Cəbhədə göstərdiyi şücaətə görə müxtəlif orden və medallarla təltif olunub. 1946-cı ildə ordu sıralarından tərxis olunduqdan sonra Sumqayıt şəhərində 18 saylı fabrik-zavod təhsili məktəbinə müdir müavini təyin edilib. 1948-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub və radioda məsul redaktor vəzifəsində çalışmağa başlayıb. 1949-cu ildə Moskvadakı M.Qorki adına Ədəbiyyat İnstitutuna təhsil almağa göndərilib. 1952-ci ildə təhsilini başa vurduqdan sonra vətənə qayıdıb. 8 il “Azərbaycan” jurnalının məsul katibi vəzifəsində işləyib. 1960-1966-cı illərdə “Kirpi” satirik jurnalının məsul katibi, 1975-1976-cı illərdə Yazıçılar İttifaqının Dramaturgiya üzrə məsləhətçisi olub. 1976-cı ildə isə “Kirpi” satirik jurnalının baş redaktoru təyin olunub və 1980-ci ilədək həmin vəzifəni icra edib. 35-dək kitabın müəllifi olan Salam Qədirzadə 1987-ci il noyabrın 15-də dünyasını dəyişib.

QƏŞƏM ASLANOV

(1934-1984)

Görkəmli dövlət xadimi Qəşəm Novruz oğlu Aslanov 10 aprel 1934-cü ildə Qərbi Azərbaycanın Göyçə mahalının Basarkeçər rayonunun Kəsəmən kəndində anadan olub. 1949-cu ildə yeddi illik kənd məktəbini bitirdikdən sonra Xanlar Pedaqoji Texnikumuna daxil olub. 1954-cü ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika ixtisasına daxil olub və 1959-cu ildə universiteti bitirib. 1955-ci ildə Qaraiman kənd məktəbinə dərs hissə müdiri göndərilib. Daha sonra doğulduğu kənddə müəllim və dərs hissə müdiri işləyib. 15 oktyabr 1959-cu ildə Basarkeçər rayon komsomol komitəsinin birinci katibi, 1962-ci ildə rayonlararası "Sevan" qəzetində redaktor vəzifələrində çalışıb. 1962-ci ildə Basarkeçər rayon partiya komitəsi katibinin ideoloji iş üzrə müavini seçilib. 1966-cı ildə SSRİ Jurnalistlər İttifaqına üzv qəbul olunub. 1966-1968-ci illərdə Moskvada Ali Partiya məktəbində oxuyub. 1968-ci ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində inspektor, 1970-1972-ci illərdə "Azərbaycan gəncləri" qəzetinin baş redaktoru, 1972-1975-ci illərdə Şuşada birinci katib, 1975-1984-cü illərdə Abşeron və İsmayıllı rayonlarında birinci katib vəzifəsində işləyib. "Saymazovun salamı", "Qeyrətin nağılları" adlı kitabları çap olunub, "Eloğlu" imzası ilə şeirlər yazıb. Qəşəm Aslanov 1984-cü ildə avtomobil qəzasında həlak olub və Fəxri Xiyabanda dəfn olunub.

TEYMUR MUSTAFAYEV

(1939)

10 aprel Azərbaycanın xalq artisti Teymur Ağaxan oğlu Mustafayevin doğum günüdür. O, 1939-cu ildə Cəlilabad rayonunda anadan olub. Azərbaycan Dövlət Musiqi Məktəbində təhsil alıb. Sonra təhsilini Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində davam etdirib. Sənət müəllimləri Seyid Şuşinski və Əhməd Bakıxanov olub. 1964-cü ildən Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. 1978-ci ildən Azərbaycan Dövlət Konsert Birliyində, 1998-ci ildən Muğam Teatrında fəaliyyət göstərib. Teymur Mustafayevin repertuarı muğam və təsniflərdən, xalq və bəstəkar mahnılarından ibarətdir. Onun ifa etdiyi muğam və təsniflər Azərbaycan Televiziyasının “Qızıl Fondu”nda saxlanılır.

RAMİZ MUSTAFAYEV

(1926-2008)

Azərbaycanın əməkdar incəsənət xadimi, xalq artisti, "Şöhrət" ordenli professor Ramiz Hacı oğlu Mustafayev 2008-ci ilin bu günü dünyasını dəyişib. O, 1926-cı il oktyabrın 16-da Türkmənistanda anadan olub. Anası Nabat Əzim qızı görkəmli şair Seyid Əzim Şirvaninin nəslindəndir. 1941-ci ildə Teatr Texnikumunun aktyorluq şöbəsinə daxil olub. Təhsil illərində Gənc Tamaşaçılar Teatrında, sonra isə Azərbaycan Dövlət Akademik Dram Teatrında aktyor kimi fəaliyyət göstərib. 1948-ci ildə isə Azərbaycan Dövlət Konservatoriyasına daxil olub. 1952-ci ildə Konservatoriyanın vokal şöbəsini müvəffəqiyyətlə bitirib. 1957-ci ildən Bəstəkarlar İttifaqı İdarə Heyətinin üzvü olub. 1968-1973-cü illərdə Azərbaycan Bəstəkarlar İttifaqının katibi vəzifəsində çalışıb. Baletdən başqa bütün janrlara müraciət edən bəstəkar 6 opera, 6 musiqili komediya, 9 oratoriya, kantata, 8 simfoniya, 300-dən çox mahnı və romans, müxtəlif səpkili instrumental əsərlər yazıb. Ramiz Mustafayev rəssam Güllü Müstafayevanın və dirijor Faiq Mustafayevin qardaşı, musiqişünas Zemfira Qafarovanın dayısıdır.

ŞAHLAR HÜSEYNOV

(1968-1992)

Azərbaycanın Milli Qəhrəmanı Şahlar İsa oğlu Hüseynovun xatirə günüdür. O, 26 noyabr 1968-ci il Qərbi Azərbaycanın Dərəçiçək mahalının Razdan rayonunun Hankavan kəndində dünyaya gəlib. 1985-ci ildə burada təhsilini rus dilində başa vurub, 1986-1988-ci illərdə Moskvada hərbi xidmətdə olub. Gəncə şəhərindəki 27 saylı texniki-peşə məktəbini bitirdikdən sonra Alüminium zavodunda çilingər işləməyə başlayıb. Xocalı soyqırımından sonra könüllü olaraq Gəncə batalyonuna yazılıb və Qarabağ uğrunda döyüşlərə qatılıb. Şahlar Hüseynov 10 aprel 1992-ci ildə Şıxarx kəndi uğrunda döyüşdə qəhrəmancasına həlak olub və Gəncə şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib. Gəncə küçələrindən biri onun adını daşıyır.

VALEH MÜSLÜMOV

(1968-1992)

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Valeh Əlizaid oğlu Müslümovun anım günüdür. O, 1968-ci il sentyabrın 2-də Lerik rayonunda doğulub. 1983-cü ildə 2 saylı Lerik şəhər orta məktəbinin səkkizinci sinfini bitirdikdən sonra Sumqayıtdakı 17 saylı peşə məktəbində dülgər ixtisasına yiyələnib. Bir müddət Tikinti Trestinin səyyar mexanikləşdirilmiş dəstəsində çalışıb, 1986-cı ildə isə hərbi xidmətə çağırılıb. 1991-ci ilin avqustunda DİN-in Xüsusi Təyinatlı Milis Dəstəsində xidmətə başlayıb, Şuşa, Tovuz və Qubadlıda keçirilən döyüş əməliyyatlarında iştirak edib. Valeh Müslümov 1992-ci il aprelin 10-da Şıxarx kəndində gedən döyüşdə şəhid olub və Lerik rayonunda dəfn edilib. Onun adını daşıyan Lerik şəhər 2 nömrəli orta məktəbdə xatirə muzeyi açılıb.

SƏRVAN CƏFƏROV

(1972-1993)

Şəhid Sərvan Qüdrət oğlu Cəfərov da bu gün xatırlanır. O, 18 iyun 1972-ci ildə Zəngilan şəhərində anadan olub. 1989-cu ildə 3 saylı şəhər orta məktəbi qurtarıb, 1991-ci ildə isə sovet ordusu sıralarına çağırılıb. Ordudan qayıtdıqdan sonra daxili işlər orqanlarında xidmətə başlayıb. Bir neçə dəfə rayonun döyüş zonalarında, Şayıflı və Şatarız kəndlərindəki döyüşlərdə iştirak edib. Sərvan Cəfərov 1993-cü il aprelin 10-da Kolluqışlaq kəndi uğrunda döyüşdə şəhid olub və Zəngilanda dəfn olunub. "Vətən uğrunda" medalı ilə təltif olunub.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın