00:00 10 Oktyabr 2020 126
Ana səhifə Dünyanın bu günü

Dünyanın bu günü - 10.10.2020

NİGAR ŞIXLİNSKAYA

(1878-1931)

İlk azərbaycanlı şəfqət bacısı Nigar Hüseyn Əfəndi qızı Şıxlinskaya 10 oktyabr 1878-ci ildə Tiflisdə anadan olub. Burada Zaqafqaziya Qızlar İnstitutunu bitirən ilk ali təhsilli azərbaycanlı qadındır. Birinci Dünya müharibəsi zamanı yaralı əsgərlərə tibbi yardım üçün yaradılan Qırmızı Xaç Cəmiyyətinin Qadın Xeyriyyə Cəmiyyətinin sədri, 1920-ci ildə təsis edilən Azərbaycan Qızıl Aypara Cəmiyyətinin "Şəfqət xidməti”nin banisi olub. "Yeni fikir” qəzetində Azərbaycan dilinə və ədəbiyyatına dair məqalələr yazıb. General Əliağa Şıxlinski ilə evli olan Nigar Şıxlinskaya 1931-ci il avqustun 15-də Bakıda dünyasını dəyişib.

ABBAS ZAMANOV

(1911-1993)

Azərbaycanın əməkdar elm xadimi, Azərbaycan EA-nın müxbir üzvü, professor, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, mətnşünas Abbas Fəttah oğlu Zamanov 1911-ci il oktyabrın 10-da Naxçıvan MR Şərur rayonunun Maxta kəndində anadan olub. Naxçıvan və Bakı şəhərlərində uşaq evlərində yaşayıb. Bakı pedaqoji texnikumunda, Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Dil və ədəbiyyat fakültəsində təhsil alıb. Ədəbi fəaliyyətə 1937-ci ildə çap etdirdiyi publisist və elmi-kütləvi məqalələrlə başlayıb. Müxtəlif illərdə rəhbər komsomol işçisi, redaktor müavini, məsul katib, şöbə müdiri, kafedra müdiri, müəllim, baş müəllim vəzifələrində çalışıb. Opera və Balet Teatrının, Filarmoniyanın, Azərbaycan EA Nizami adına Ədəbiyyat muzeyinin direktoru olub. Bolqarıstan, İran, Türkiyə, İraq, Avstriya və digər ölkələrdə məqalələri çıxıb. Bir çox əsərlərin müəllifidir. Türk Dil Qurumunun (Türkiyə) müxbir üzvü, Konya və Səlcuq universitetlərinin fəxri doktoru seçilib. Bir sıra orden və medallarla təltif edilən Abbas Zamanov 1993-cü il aprelin 1-də Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.

ƏLİ ƏSGƏR MƏMMƏDOV

(1919-2000)

Azərbaycanda müasir ərəbşünaslığın banisi, pedaqoji elmlər doktoru, professor, əməkdar elm xadimi Əli Əsgər Cəfər oğlu Məmmədov 1919-cu ilin bu günü Bakının Keşlə kəndində dünyaya gəlib. 7 illik məktəbi bitirdikdən sonra Bakı Sənaye Texnikumuna daxil olub. Sonralar Azərbaycan Pedaqoji İnstitutunun Xarici dillər fakültəsinin alman dili şöbəsini, Moskva Hərbi Xarici Dillər İnstitutunun ərəb dili şöbəsini bitirib. Əmək fəaliyyətinə Bakı Xüsusi Hərbi Dəniz Məktəbində alman dilinin tədrisi ilə başlayıb. SSRİ Xarici İşlər Nazirliyinin xətti ilə 1945-ci ilin dekabr ayından 1946-cı ilin fevral ayınadək Nürnberq Beynəlxalq Hərbi Tribunalında alman dili tərcüməçisi kimi iştirak edib. O, həmin prosesdə iştirak edən yeganə azərbaycanlı olub. 1947-ci ilin avqust ayından Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində çalışıb. 1994-cü Azərbaycanda müdafiə etmədən doktorluq dərəcəsi alan ilk alim olub. Əli Əsgər Məmmədov 2000-ci il yanvarın 29-da Bakıda dünyasını dəyişib.

AİDA İMANQULİYEVA

(1939-1992)

Görkəmli şərqşünas alim, tənqidçi və tərcüməçi, filologiya elmləri doktoru Aidə Nəsir qızı İmanquliyeva 10 oktyabr 1939-cu ildə Bakıda görkəmli pedaqoq və jurnalist Nəsir İmanquliyevin ailəsində anadan olub. 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb şöbəsini, 1966-cı ildə Moskvada Şərqşünaslıq İnstitutunda ərəb filologiyası üzrə aspiranturanı bitirib. Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda şöbə müdiri, elmi işlər üzrə direktor müavini və direktor vəzifələrində çalışıb. Tədqiqatları müasir ərəb filologiyasının problemlərinə həsr olunub. Dövri mətbuatda bu mövzu ilə bağlı məqalələri və tərcümələri nəşr olunub. Ərəb ədəbiyyatına həsr olunan sanballı monoqrafiyaların müəllifidir. Əsərləri bir çox xarici dillərə tərcümə olunub. Aida İmanquliyeva 1992-ci il sentyabrın 19-da Bakıda vəfat edib.

ZAUR RZAYEV

(1937-2010)

Azərbaycan Silahlı Qüvvələrinin generalı Zaur Rza oğlu Rzayev 1937-ci il oktyabrın 10-da Lənkəran rayonunun Şürük kəndində anadan olub. Azərbaycan Pedaqoji Universitetinin Fizika-riyaziyyat fakültəsində, Bakı Ali Ümumqoşun Komandirləri Məktəbində, Moskvada M.F.Frunze adına Hərbi Akademiyada təhsil alıb. Zaqafqaziya Hərbi Dairəsində alay komandirinin müavini, Bakı Dövlət Universitetində Hərbi kafedranın rəis müavini və rəisi, Bakıda II korpusun komandir müavini, müdafiə nazirinin I müavini vəzifələrində çalışıb. I Qarabağ savaşında Ağdərənin 12, Laçının 40 kəndinin azad edilməsinə, eləcə də korpus komandiri kimi Beyləqan və Füzuli istiqamətində uğurlu əks-hücum əməliyyatlarına rəhbərlik edib. General-mayor Zaur Rzayev 29 yanvar 2010-cu ildə vəfat edib.

AZAD RZAYEV

(1965-1990)

20 Yanvar şəhidi Azad Allahverdi oğlu Rzayev 10 oktyabr 1965-ci ildə Bakıda anadan olub. Dərin Dəniz Özülləri zavodunda işləyib. 1990-cı il yanvarın 20-də Bakıya gələrkən Ələt qəsəbəsində hərbi maşında olan sovet əsgərləri onun olduğu avtomobili atəşə tutub. Güllə yaraları alan Azad Rzayev xəstəxanaya aparılarkən yolda şəhid olub və Qobustan qəbiristanlığında dəfn edilib. İki qızı yadigar qalıb.

İLQAR BAYRAMƏLİYEV

(1973-1994)

Şəhid İlqar İsrafil oğlu Bayraməliyev 1973-cü il oktyabrın 10-da Gədəbəy rayonunun Yenikənd kəndində anadan olub. Gədəbəy şəhəri 148 nömrəli texniki peşə məktəbində traktorçu peşəsi üzrə təhsil alıb. 1993-cü ildə hərbi xidmətə çağırılıb. Gədəbəyin Şınıx bölgəsində gedən döyüşlərdə qəhrəmanlıq göstərib. İlqar Bayraməliyev 5 aprel 1994-cü ildə şəhid olub.

TOĞRUL FƏRƏCZADƏ

(1993-2016)

Şəhid Toğrul Habil oğlu Fərəczadə 1993-cü ilin bu günü Ağsu rayonunun Bico kəndində anadan olub. Burada kənd orta məktəbində və Ağsu rayon musiqi məktəbinin nağara sinfində təhsil alıb. Əsgər Toğrul Fərəczadə 2016-cı il aprelin 2-də Azərbaycan-Ermənistan təmas xəttində baş verən toqquşma zamanı qəhrəmancasına şəhid olub və doğulduğu kənddə dəfn olunub. Ölümündən sonra III dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalı ilə təltif edilib.

RUHİN QƏHRƏMANOV

(1994-2016)

Əslən Cəbrayıl rayonundan olan şəhid kəşfiyyatçı Ruhin Əşrəf oğlu Qəhrəmanov 10 oktyabr 1994-cü ildə Biləsuvar rayonunda dünyaya gəlib. 2012-ci ildə Cəbrayıl rayon Minbaşılı kənd tam orta məktəbinin 11-ci sinfini bitirib. Əsgər Ruhin Qəhrəmanov 2016-cı ilin aprelin 2-də Azərbaycan-Ermənistan təmas xəttində baş verən toqquşma zamanı qəhrəmancasına şəhid olub və Biləsuvar rayonunda dəfn olunub. Ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.

ÖMƏR FAİQ NEMANZADƏ

(1872-1937)

Azərbaycanın görkəmli ədibi, ictimai-siyasi xadim, mollanəsrəddinçi, istedadlı publisist Ömər Faiq Nemanzadənin anım günüdür. O, 1872-ci il dekabrın 24-də Gürcüstanın Ahıska qəzasının Azqur kəndində doğulub. Bir neçə il molla məktəbinə getsə də, dinə maraq göstərməyib və yenicə açılmış rus məktəbinə daxil olub. 1882-ci ildə İstanbula gedərək, "Fateh" məktəbində təhsilini davam etdirib. 1891-ci ildə həmin məktəbi bitirdikdən sonra Qalata poçt və teleqraf idarəsində əmək fəaliyyətinə başlayıb. 1906-cı ildə ilk dəfə nəşr edilən "Molla Nəsrəddin" jurnalının təsis edilməsində və nəşrində müstəsna rolu olub. 1920-ci ildə Gəncə Kənd Təsərrüfatı Texnikumunun direktoru işləyib. 1920-1921-ci illərdə "Zəhmətkeşlərin gözü" jurnalının redaktoru, bir az sonra "Yeni fikir" redaksiya heyətinin üzvü seçilib. Sonra Gürcüstanda müsəlman işləri üzrə komitənin sədri təyin edilib. 1923-cü ildə Azərbaycana gəlib və 1924-cü ildə Azərbaycan SSR Xalq Maarif Komissarlığında işə düzəlib. Ömər Faiq Nemanzadə 1937-ci il iyulun 16-da öz ata yurdunda dincələrkən həbs olunub və oktyabrın 10-da güllələnib. 1958-ci ildə Gürcüstan SSR Ali Məhkəməsi ona bəraət verib.

ƏHMƏDİYYƏ CƏBRAYILOV

(1920-1994)

İkinci Dünya müharibəsinin iştirakçısı, Fransanın Milli Qəhrəmanı, partizan Əhmədiyyə Mikayıl oğlu Cəbrayılovun xatirə günüdür. O, 1920-ci il sentyabrın 22-də Şəki rayonunun Oxud kəndində anadan olub. Kənd Təsərrüfatı Texnikumunda təhsil alıb. Almaniyanın SSRİ-yə hücumundan sonra könüllü müharibəyə getmək və cəbhədə kəşfiyyatçı olmaq istəsə də, komandanlıq tərəfindən aviasiya məktəbinə göndərilib və hazırlıq bitdikdən sonra bombardmançı-eskadrilyaya təyin olunub. 1942-ci ilin mayında yaralı halda faşistlərə əsir düşüb və Fransadakı Monqoban əsir düşərgəsinə yerləşdirilib. 1943-cü ildə düşərgə komendantının qulluqçusunun köməyi ilə əsirlikdən xilas olub. Sağaldıqdan sonra fransız dilini öyrənib və Fransa müqavimət hərəkatının fəalları ilə əlaqə yaradıb, kapitan Delplankın rəhbərlik etdiyi eskadronun üzvü olub. "Armed Mişel", "Ryus Armed", "Xarqo" və başqa adlarla Fransanın azadlığı uğrunda döyüşlərdə iştirak edib. Xidmətlərinə görə marşal Jukovdan sonra Fransa Respublikasının ali hərbi mükafatı - "Dəmir Xaç"la təltif olunan ikinci sovet vətəndaşı olub. Fransa hökuməti Dijonda ona kiçik avtomobil zavodu hədiyyə edib. Üstəlik, Fransa prezidenti Şarl de Qollun dəftərxanasında məsul vəzifəyə təyin olunub. Lakin 1951-ci ildə Azərbaycana qayıtmaq qərarına gəlib. SSRİ-nin xüsusi xidmət orqanları tərəfindən Oxud kəndini tərk etmək qadağan edilib və burada çobanlıq etməyə başlayıb. Yalnız 1966-cı ildə Sovet İttifaqında rəsmi səfərdə olan Fransa prezidenti general Şarl de Qoll ilə görüşündən sonra ona qarşı təzyiqlər səngiyib, müsadirə olunan hərbi mükafatları geri qaytarılıb. Əhmədiyyə Cəbrayılov 10 oktyabr 1994-cü ildə avtomobil qəzasında həlak olub və doğulduğu kənddə dəfn edilib. O, Qarabağ müharibəsi şəhidi, Azərbaycanın Milli Qəhrəmanı Mikayıl Cəbrayılovun atasıdır.

NURİYYƏ ƏHMƏDOVA

(1950-2015)

Azərbaycanın xalq artisti, Prezident təqaüdçüsü, aktrisa Nuriyyə Əliağa qızı Əhmədova da bu gün xatırlanır. O, 1950-ci il dekabrın 26-da Bakıda doğulub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsində təhsil alıb. Əmək fəaliyyətinə 1968-ci ildə Musiqili Komediya Teatrında başlayıb. Kinoya ilk gəlişi 1982-ci ildə "Mozalan" kinojurnalının süjetlərinə çəkildikdən sonra olub. “Həm ziyarət, həm ticarət” filmində canlandırdığı Nuriyyə obrazı ona böyük populyarlıq gətirib. Nuriyyə Əhmədova 2015-ci ilin oktyabrın 10-da Bakıda vəfat edib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın