10:30 11 İyun 2020 312
Ana səhifə Dünyanın bu günü

Dünyanın bu günü - 11.06.2020

QƏRİBSOLTAN MƏLİKOVA

(1886-1967)

1. Azərbaycanın əməkdar müəllimi, görkəmli maarif xadimi Qəribsoltan Məlikova 1886-cı il iyunun 11-də Göyçay qəzasının Zərdab kəndində (indiki Zərdab şəhərində) milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin ailəsində anadan olub. Orta məktəbi bitirdikdən sonra Tiflisdə rus qızlar gimnaziyasında təhsil alıb. 1910-cu ildən pedaqoji fəaliyyətə başlayıb, 10 may 1914-cü ildə ona ibtidai sinif müəllimi ixtisası verilməsi haqqında şəhadətnamə təqdim edilib. 1915-1918-ci illərdə Bakıdakı rus-tatar (Rus-Azərbaycan) qız məktəbində, 1918-1920-ci illərdə Bakıdakı 3-cü rus qız gimnaziyasında, sonra isə 2-ci rus-qız gimnaziyasında Azərbaycan dilindən dərs deyib. Azərbaycan elm və mədəniyyətinin inkişafındakı əvəzsiz xidmətlərinə görə “Lenin” ordeni ilə təltif edilən Qəribsoltan Məlikova 1967-ci il martın 9-da Bakı şəhərində vəfat edib.

MƏHBUBƏ XANIM MAHMUDBƏYOVA

(1902-1976)

2. Azərbaycanın əməkdar həkimi Məhbubə xanım Mahmudbəyova 11 iyun 1902-ci ildə Şuşa şəhərində tanınmış həkim Kərim bəy Mehmandarovun ailəsində anadan olub. Azərbaycan Tibb İnstitutunu bitirib.Azərbaycan Dövlət Tibb İnstitutunun mama-ginekologiya kafedrasının dosenti, professoru və müdiri vəzifəsində çalışıb. 1968-74-cü illərdə Respublika Mama-Ginekoloqlar Elmi Cəmiyyətinin sədri olub. Tədqiqatları əsasən qadın, ana və uşağın sağlamlığının qorunması probleminə həsr edilib. "Ürək-damar sistemi xəstəlikləri zamanı hamiləlik və doğuş" monoqrafiyası böyük elmi-praktiki əhəmiyyətə malikdir. "Səhiyyə əlaçısı" döş nişanlı Məhbubə xanım Mahmudbəyova 13 yanvar 1976-cı ildə vəfat edib. O, 1936-cı ildə repressiya olunmuş görkəmli elm, ictimai və dövlət xadimi Şamil bəy Mahmudbəyovun həyat yoldaşı, görkəmli maarifçi Həbib bəy Mahmudbəyovun gəlinidir.

HÖKÜMƏ QURBANOVA

(1913-1988)

3. Azərbaycan xalq artisti Hökümə Abbasəli qızı Qurbanova 11 iyun 1913-cü ildə Bakıda dünyaya göz açıb. 1931-ci ildə Bakı Pedaqoji Texnikumunu bitirib, 1931-1932-ci illərdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb. Aktyorluq fəaliyyətinə 1933-cü ildə “Azərbaycanfilm” kinostudiyasında başlayıb, Cəfər Cabbarlının təşəbbüsü ilə “Almas” filmində Yaxşı rolunda çəkilib. 1938-ci ildən ömrünün sonunadək Azərbaycan Dövlət Dram Teatrında çalışıb. “Bir ailə”, “Onu bağışlamaq olarmı?”, “Əmək və qızılgül”, “İnsan məskən salır” filmlərində oynadığı rollar da dolğunluğu ilə yadda qalıb. Hökümə Qurbanova 1988-ci il noyabrın 2-də Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn edilib. Aktrisa Vəfa Fətullayevanın anasıdır.

ŞÖVKƏT TAĞIYEVA

(1926-2015)

4. Görkəmli tarixçi-şərqşünas alim, professor Şövkət Əzizağa qızı Tağıyeva 11 iyun 1926-cı ildə anadan olub. Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda elmi işçi, baş elmi işçi, Şərqşünaslıq İnstitutunda baş elmi işçi və şöbə müdiri işləyib. 1992-ci ildən həmin institutda aparıcı elmi işçi kimi çalışıb, Cənubi Azərbaycan tarixi şöbəsinin yaradıcısı və rəhbəri olub. İranın, Cənubi Azərbaycanın yeni və ən yeni tarixini tədqiq edib. Şərqşünaslıq İnstitutunda Elmi fəaliyyətə Güney Azərbaycanda milli azadlıq hərəkatları tarixi üzrə tədqiqatlarla başlayıb. "Cənubi Azərbaycan tarixi oçerki 1828-1917", "Cənubi Azərbaycan tarixi məsələləri" kitablarının əsas müəlliflərindən biri, elmi redaktoru olub. 1988-ci ildən başlayan milli azadlıq hərəkatında və Müsavat Partiyasının bərpasında yaxından iştirak edib. Müsavat Partiyasının Məclis və Divan üzvü olub. AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor Mahmud İsmayılovla evli olan Şövkət Tağıyeva 11 iyun 2015-ci ildə vəfat edib.

İSRAFİL ŞAHVERDİYEV

(1952-1994)

5. Azərbaycanın Milli Qəhrəmanı İsrafil Şahverdi oğlu Şahverdiyev 11 iyun 1952-ci ildə Laçın rayonunun Unannovu kəndində anadan olub. 1959-1969-cu illərdə Unannovu kənd orta məktəbində təhsil alıb. 1971-1974-cü illərdə hərbi xidmətdə olub. 1975-ci ildən Laçın rayon Daxili İşlər Şöbəsində milis nəfəri kimi əmək fəaliyyətinə başlayıb. Ermənistanın Azərbaycana hərbi təcavüzü başlayan ilk günlərdən vətənin müdafiəsinə qalxıb. Şəhid jurnalist Salatın Əsgərovanın qatillərinin ələ keçirilməsində böyük rolu olub. 1994-cü ilin yanvarında Horadiz əməliyyatının fəal iştirakçılarından olub. Son döyüşü 13 yanvar 1994-cü ildə cəbhənin Füzuli istiqamətində olub və Bakıda Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycan Prezidentinin 15 yanvar 1995-ci il tarixli fərmanı ilə İsrafil Şahverdiyevə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

RÜSTƏM ƏLİYEV

(1965-1990)

6. 20 Yanvar şəhidi Rüstəm Şahvələd oğlu Əliyev 1965-ci il iyunun 11-də Bakıda anadan olub. Gənc yaşlarında 2 nömrəli avtobus parkında sürücü işləyib. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə dostu ilə Salyan kazarmasının yanına gedib. Yaralıları avtobusla xəstəxanaya daşıyarkən idarə etdiyi avtobusu sovet əsgərləri atəşə tutublar. Döş qəfəsindən və qarın boşluğundan bir neçə güllə yarası alan Rüstəm Əliyev yanvarın 25-də xəstəxanada dünyasını dəyişib və Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycan Prezidentinin 31 mart 1998-ci il tarixdə fərmanı ilə ölümündən sonra ona “20 Yanvar Şəhidi” fəxri adı verilib.

SADIQ RƏHİMOV

(1914-1975)

7. Görkəmli dövlət xadimi Sadıq Hacıyarəli oğlu Rəhimov 1975-ci ilin bu günü Bakıda vəfat edib. O, 1914-cü il sentyabrın 27-də Bakının Balaxanı kəndində fəhlə ailəsində doğulub. Bakı Neft Texnikumunda oxuyub. Azərbaycan Sənaye İnstitutunun maşınqayırma fakültəsini bitirib. Daha sonra Moskvada Ali Partiya Məktəbində təhsil alıb. II Dünya müharibəsində ağır yaralandıqdan sonra Bakıya qayıdıb. Azərbaycan SSR toxuculuq sənayesi naziri, daha sonra yüngül sənaye naziri, kommunal təsərrüfatı və mülki tikinti naziri çox işlənən sənaye malları naziri vəzifəsində çalışıb və təyin edilib. 1954-cü ildən başlanan "mülayimləşmə" dövründə Azərbaycanın "qızıl üçlük adlanan yeni rəhbərliyində İmam Mustafayev və Mirzə İbrahimovla birlikdə təmsil olunub, 1958-ci ilədək Azərbaycan SSR Nazirlər Sovetinə sədrlik edib. Həmin vaxt Bakıya gələn erməni katolikosunun Dağlıq Qarabağın Ermənistana verilməsi ilə bağlı təklifindən əsəbiləşərək ağır söyüşlərlə onu təhqir edib və otağından qovub. 1958-1961-ci illərdə Nazirlər Sovetinin Sənayedə Təhlükəsiz İş Aparılması Üzərində Nəzarət və Dağ-Mədən Nəzarəti Dövlət Komitəsinə sədrlik edib, 1961-1965-ci illərdə Bakı Baş Tikinti İdarəsinin rəisi 1965-1975-ci illərdə yüngül sənaye naziri olub. “Lenin”, “Qırmızı Bayraq”, “Qırmızı Əmək Bayrağı”, “Şərəf Nişanı” ordenləri və medallarla təltif olunan Sadıq Rəhimov Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovun babasıdır.

YUSİF SADIXOV

(1918-1971)

8. Sovet İttifaqı Qəhrəmanı Yusif Mədət oğlu Sadıxovun anım günüdür. O, 1918-ci ildə Tovuz rayonunun Ağdam kəndində anadan olub. 18 fevral 1942-ci ildə müharibəyə səfərbər olunub və starşina rütbəsi ilə tank ordusunun artilleriya dəstəsinin komandiri olub. Moskva şəhərinin müdafiəsində, Ukrayna və Belarusun azad edilməsində iştirak edib. Berlinə hücumda, Reyxstaqın alınmasında iştirak edib və döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə 31 may 1945-ci ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, "Lenin" və "Qızıl Ulduz" ordenləri ilə təltif edilib. Müharibədən sonra Tovuz şəhərində "Neftbaza"nın direktoru vəzifəsində çalışan Yusif Sadıxov 11 iyun 1971-ci ildə vəfat edib və doğma kəndində dəfn olunub.

İQRAR ƏLİYEV

(1924-2004)

9. Akademik, tarix elmləri doktoru, professor İqrar Həbib oğlu Əliyevin xatirə günüdür. O, 1924-cü il martın 14-də Bakıda dünyaya gəlib. Bakıdakı 18 saylı orta məktəbdə təhsil alıb. 1945-ci ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini bitirib. 1957-ci il yanvarın 1-dən 1978-ci il yanvarın 17-dək Azərbaycan Elmlər Akademiyası Tarix İnstitutunun Azərbaycanın qədim dövrü tarixi şöbəsinin müdiri, 1978-ci ildən 2004-cü il iyunun 11-dək həmin institutun direktoru, 1981-1984-cü illərdə Azərbaycan Elmlər Akademiyası İctimai Elmlər Bölməsinin akademik-katibi vəzifələrində çalışıb. Azərbaycanın qədim tarixi üzrə qədim Şumer, Assur, Babil, İran və qədim Şərq mənbələrini elmi dövriyyəyə cəlb edib. Azərbaycan tarixşünaslığında ilk dəfə olaraq Midiya tarixini tədqiq edib. İqrar Əliyev 2004-cü il iyunun 11-də vəfat edib.

QULU ƏSGƏROV

(1928-1987)

10. Müğənni, bəstəkar, xanəndə və pedaqoq Qulu Rüstəm oğlu Əsgərov da bu gün xatırlanır. O, 18 dekabr 1928-ci ildə Salyan şəhərində anadan olub. Gənc yaşlarında rayon teatrında çıxış edib, Xalq Çalğı Alətləri ansamblına rəhbərlik edib. 1953-cü ildə Gənc istedadların respublika olimpiadasının qalibi olub. 1953-1958-ci illərdə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunda təhsil alıb. Seyid Şuşinski, Nəriman Əliyev kimi görkəmli xanəndələrin ifaçılıq ənənələrini mənimsəyib və muğamın sirlərinə dərindən yiyələnib. xalq arasında dillər əzbəri olan bir sıra mahnı və təsniflərin müəllifidir. Uzun illər Azərbaycan Dövlət Opera və Balet Teatrında solist kimi çalışan Qulu Əsgərov 11 iyun 1987-ci ildə dünyasını dəyişib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın