00:00 11 Avqust 2020 398
Ana səhifə Dünyanın bu günü

Dünyanın bu günü - 11.08.2020

PƏRVİZ MÜŞƏRRƏF

(1943)

Pakistanın 12-ci prezidenti Pərviz Müşərrəf 1943-cü il avqustun 11-də Britaniya Hindistanının Dehli şəhərində dünyaya gəlib. Ailəsi Pakistanın müstəqilliyini elan etməsindən sonra Hindistanı tərk edərək ora köçüb. 1961-ci ildə Pakistan Hərbi Akademiyasına daxil olub. Daha sonra təhsilini Pakistan Milli Müdafiə Kollecində və İngiltərə Kral Müdafiə Elmi Kollecində davam etdirib. Hərbi karyerası 1964-cü ildən başlayıb. Bənəzir Bhutto baş nazir olarkən o, hərbi əməliyyatlardan məsul komandir, 1998-ci ildə ordu komandiri olub. 1999-cu ildə ölkədə çevriliş edərək hakimiyyəti ələ keçirib və 2001-ci il iyunun 20-dən etibarən Pakistan Prezidenti kreslosuna yiyələnib. Pərviz Müşərrəf 2008-ci ildə prezident vəzifəsindən istefa verib.

TEYMUR GÖYÇAYEV

(1958)

Azərbaycanın xalq artisti, əməkdar incəsənət xadimi, dirijor Teymur Ənvər oğlu Göyçayev 11 avqust 1958-ci ildə anadan olub. Bülbül adına orta ixtisas musiqi məktəbini və Bakı Musiqi Akademiyasının simli alətlər fakültəsini skripka üzrə fərqlənmə diplomu ilə bitirib. 1985-ci ildə musiqi ifaçılarının Zaqafqaziya müsabiqəsində iştirak edib və laureat adı qazanıb. Sənətçi kimi Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrində işləyib. 1986-cı ildən Bülbül adına orta ixtisas musiqi məktəbində, daha sonralar Bakı Musiqi Akademiyasında pedaqoji fəaliyyət göstərir. Müxtəlif illərdə Prezident Mükafatı, Heydər Əliyev Fondunun "Qızıl çinar" beynəlxalq mükafatı və "Şöhrət" ordeni ilə təltif edilib. Teymur Göyçayev 1998-ci ildən Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin bədii rəhbəri, 2010-cu ildən Bülbül adına orta ixtisas musiqi məktəbinin direktorudur.

ƏLİ MƏMMƏDOV

(1955-1992)

Azərbaycanın Milli Qəhrəmanı Əli Hüseyn oğlu Məmmədov 1955-ci ilin bu günü Naxçıvan şəhərində dünyaya göz açıb. Orta təhsilini Bakı şəhərindəki 255 saylı məktəbdə alıb. 1975-ci ildə ordu sıralarına çağırılıb, xidmətini Macarıstanda başa vurub. 1982-ci ildə Polis Akademiyasına daxil olub. Ermənistanın Azərbaycana hərbi təcavüzünün başlaması ilə əlaqədar silaha sarılıb, Laçın cəbhəsindəki döyüşlərdə iştirak edib. 1 oktyabr 1992-ci ildə Qızartı yüksəkliyi uğrunda gedən döyüşlərdə şəhid olub və Bakının Şəhidlər Xiyabanında dəfn olunub. Polis kapitanı Əli Məmmədov Azərbaycan Prezidentinin 19 oktyabr 1992-ci il tarixli fərmanı ilə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb. Bakı küçələrindən biri onun adını daşıyır.

ELŞAD NAĞIYEV

(1963-1994)

Şəhid polkovnik-leytenant Elşad Arif oğlu Nağıyev 1963-cü il avqustun 11-də Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda anadan olub. 1980-ci ildə Culfa şəhərində orta məktəbi bitirib. Ukraynanın Donetsk şəhərində Ali Hərbi Məktəbi zabit kimi bitirdikdən sonra sovet ordusunda hərbi xidmətə başlayıb. Bir neçə ay Ukraynada qulluq etdikdən sonra sovet qoşunlarının tərkibində Əfqanıstana göndərilib və 1986-cı ilin mart ayında oradan qayıdıb. Bölük komandirinin müavini və alay komandirinin müavini kimi vəzifələrdə çalışıb. 1990-1993-cü illərdə Ali Hərbi Siyasi Akademiyada təhsil alıb. 1992-ci ildən Azərbaycan Ordusunun formalaşmasında iştirak edib. Ordubad rayonunun “Soyuq” adlanan sərhəd məntəqəsinin erməni təcavüzündən qorunmasında böyük rol oynayıb. Ordu quruculuğunda və torpaqlarımızın müdafiəsindəki xidmətlərinə görə vaxtından əvvəl polkovnik-leytenant rütbəsinə layiq görülsə də, bu rütbəni daşımaq qismət olmayıb. Elşad Nağıyev 1994-cü il sentyabrın 8-də Sədərək bölgəsində xidməti vəzifəsini yerinə yetirərkən şəhid olub. Azərbaycan Prezidentinin 24 iyun 1998-ci il tarixli fərmanı ilə ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub.

LARİSA MƏMMƏDOVA

(1977-1990)

20 Yanvar faciəsinin azyaşlı şəhidlərindən biri Larisa Fərman qızı Məmmədova 11 avqust 1977-ci ildə Bakıda anadan olub. 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə atasının işlədiyi zavodun yanında mindiyi avtobus sovet əsgərləri tərəfindən gülləbaran edilib. Ürək nahiyəsindən güllə yarası alan Larisa yerindəcə həlak olub, atası Fərman Məmmədov isə ağır yaralanıb. Larisa Məmmədova Bakının Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycan Prezidentinin 31 mart 1998-ci il tarixli fərmanı ilə Larisa Məmmədovaya "20 Yanvar şəhidi" fəxri adı verilib.

ORXAN ƏLİYEV

(1995-2016)

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, şəhid Orxan Məhəmməd oğlu Əliyev 1995-ci ilin bu günü Qazax rayonunun Aslanbəyli kəndində dünyaya göz açıb. 2015-ci ildə Bakı Texniki Kollecinin "Yol hərəkətinin təşkili" fakültəsini bitirib. Orxan Əliyev 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən toqquşma zamanı qəhrəmancasına şəhid olub və aprelin 3-də doğulduğu kənddə torpağa tapşırılıb. Ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

NURMƏMMƏD BƏY ŞAHSUVAROV

(1883-1958)

Azərbaycan Xalq Cümhuriyyətinin dövlət xadimlərindən biri Nurməmməd bəy Adilxan bəy oğlu Şahsuvarovun anım günüdür. O, 1883-cü ildə Zəngəzur qəzasının Minkənd kəndində dünyaya gəlib. 1903-cü ildə Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasını bitirib, bir müddət Gəncədə rus dili müəllimi işləyib. Sonralar Tiflis Aleksandr Müəllimlər İnstitutunu və ekstern yolu ilə Kiyev Universitetinin hüquq fakültəsini bitirib. Rusiyada Fevral inqilabında yaxından iştirak edib. 1918-ci ilin yayında Şimali Qafqaz xalqlarının azadlıq hərəkatı nəticəsində yaradılmış Dağlılar Respublikasının xalq maarif naziri təyin olunub. 1919-cu ilin iyununda Bakıya gəlib və Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının sədri Nəsib bəy Yusifbəylinin birinci hökumətində maarif nazirinin müavini vəzifəsində çalışıb. 1920-ci il martın 5-də Nəsib bəy Yusifbəylinin ikinci hökumətində maarif və dini etiqad naziri təyin edilib. Aprel işğalından sonra Azərbaycan SSR xalq maarif komissarının müavini olub, Bakıda orta və ali təhsil ocaqlarında dərs deyib. 1940-cı ildə saxta ittihamlarla həbs edilərək, Krasnodar diyarına sürgün edilib. 1943-cü ildə sürgündən qayıdaraq, Azərbaycan Tibb İnstitutunda rus dili kafedrasının müdiri işləyib. Nurməmməd bəy Şahsuvarov 1958-ci ildə Bakıda vəfat edib.

ZEYNAL XƏLİL

(1914-1973)

Azərbaycanın əməkdar incəsənət xadimi, şair, dramaturq Zeynal Rza oğlu Xəlilin xatirə günüdür. O, 1914-cü il martın 23-də Gəncədə anadan olub. Böyük qardaşlarının himayəsində böyüyərək əvvəlcə yeddi illik orta məktəbi, sonra isə peşə məktəbini bitirib. 1932-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsinə daxil olub. “İstək” adlı ilk şeirlər kitabı 1936-cı ildə nəşr olunub. İkinci Dünya müharibəsi illərində döyüşçülərin qəhrəmanlığını tərənnüm edən “Yəhərləyin atları”, “416”, “Tatyana” poemasının, “Düşüncələr”, “Etibar”, “Arzular”, “İki dünya”, “Bənövşə”, “Günəş, dəniz və insan” və başqa şeir kitablarının, “Ulduzlar” mənzum romanının, “İntiqam”, “Qatır Məmməd”, “Gənc ustalar”, “Ata yolu” kimi pyeslərin müəllifidir. “Qatır Məmməd”in motivləri əsasında eyniadlı film çəkilib. “Şərəf nişanı” ordeni və medallarla təltif olunan Zeynal Xəlil 1973-cü il avqustun 11-də Bakıda vəfat edib.

VÜSAL XƏLİLOV

(1972-1996)

Qarabağ müharibəsinin qazisi Vüsal Ədalət oğlu Xəlilov da bu gün xatırlanır. O, 1972-ci il dekabrın 18-də Abşeron rayonunun Xırdalan şəhərində anadan olub. Xırdalan şəhərindəki 2 saylı orta məktəbin 8-ci sinfini və Bakıdakı 8 saylı texniki peşə məktəbini bitirib. 1991-ci ildə sovet ordusunda hərbi xidmətə çağırılıb və Belarus Respublikasının paytaxtı Minsk şəhərində 7 ay xidmət etdikdən sonra Azərbaycana qayıdıb. Milli Ordunun sıralarına qoşularaq Şuşa, Ağdam və Füzuli uğrunda gedən döyüşlərdə iştirak edib. 1994-cü ildə Füzuli rayonunun Alxanlı kəndində gedən qanlı döyüşdə düşmən mərmisinin qəlpələri onu ürək nahiyəsindən və başından ağır yaralayıb. Vüsal Xəlilov 1996-cı il avqustun 11-də dünyasını dəyişib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın