00:01 12 Sentyabr 2020 456
Ana səhifə Dünyanın bu günü

Dünyanın bu günü - 12.09.2020

YUSİF VƏZİR ÇƏMƏNZƏMİNLİ

(1887-1943)

Görkəmli Azərbaycan yazıçısı və dövlət xadimi Yusif Vəzir Çəmənzəminli 1887-ci il sentyabrın 12-də Azərbaycanın Şuşa şəhərində anadan olub. Şuşada "Kar Xəlifə" ləqəbi ilə tanınan Molla Mehdinin məktəbində, Şuşa realnı məktəbində və Kiyev şəhərindəki Müqəddəs Vladimir adına İmperator Universitetinin hüquq fakültəsində təhsil alıb. Ukraynada təhsil alan azərbaycanlı tələbələri ilə birgə Müsavat Partiyasının Kiyev şöbəsini qurub və Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən Ukraynada diplomatik nümayəndə təyin edilib. Sovet işğalından sonra "Bakı işçisi" nəşriyyatında şöbə redaktoru, Dövlət Plan Komitəsinin ictimai-mədəni bölməsində ixtisası üzrə vəkil, Özbəkistan SSR-in Urgənc şəhərindəki Pedaqoji İnstitutda baş müəllim, institut kitabxanasında müdir işləyib, müxtəlif institutlarda rus dilindən dərs deyib. Əsərlərini “Bədbəxt”, “Haqq tərəfdarı”, “Musəvi”, “Stradayuşiy”, “Sərsəm” və başqa təxəllüslərlə qələmə alan yazıçının ən tanınmış təxəllüsü “Çəmənzəminli”dir. “İki od arasında (Qan içində)”, “Qızlar bulağı”, “Studentlər”, “Bir cavanın dəftəri”, “Qanlı göz yaşları” və başqa əsərlərin müəllifidir. 1940-cı ildə “xalq düşməni” kimi Özbəkistanda həbs edilərək Bakıya gətirilən ədib daha sonra Nijni Novqorod vilayətinin Suxobezvodnaya stansiyasındakı həbs düşərgəsinə göndərilib. Yusif Vəzir Çəmənzəminli 1943-cü il yanvarın 3-də dustaq olduğu həbs düşərgəsində vəfat edib və Betluqa çayının sahilindəki qəbiristanlıqda dəfn olunub. 1956-cı ildə bir çox digər repressiya qurbanları kimi, ona da bəraət verilib.

ORUC ORUCOV

(1878-1954)

Azərbaycanın tanınmış mətbuat xadimi, naşir və publisist Oruc Əli oğlu Orucov 12 sentyabr 1878-ci ildə Bərdə rayonunun Alpout anadan olub. Kənd mollaxanasında oxuyub, Gəncədə Mixail sənət məktəbini bitirib. 1896-cı ildə Bakıya köçərək, ticarətlə məşğul olub. 1905-ci ildə naşirlik fəaliyyətinə başlayıb, qardaşları Qənbər və Abuzərlə birlikdə "Orucov qardaşları" nəşriyyatını təşkil edib. 1909-cu ildən etibarən qəzetçilik fəaliyyətinə başlayıb, "Həqiqət", "Günəş" və "Yeni həqiqət" qəzetlərinin naşiri olub. 1911-ci ilin martında panislamizm ideyalarını təbliğ etməkdə təqsirləndirilərək, bir qrup jurnalistlə birgə həbs olunub və Rusiyanın daxili quberniyalarına sürgün edilib. Romanovlar sülaləsinin 300 illik yubileyi ilə əlaqədar elan edilən amnistiyadan sonra Bakıya dönərək, naşirlik fəaliyyətini davam etdirib. 1917-ci ilin dekabrında qardaşları Abuzər və Qənbərdən ayrılaraq, "Açıq söz" qəzetində Məhəmməd Əmin Rəsulzadə ilə əməkdaşlığa başlayıb, qəzetin nəşriyyat işləri üzrə müdiri vəzifəsini icra edib. Oruc Orucov 1954-cü il martın 2-də doğulduğu kənddə dünyasını dəyişib.

SALEH QOCAYEV

(1899-1984)

Azərbaycanlı ixtiraçı alim, texnika elmləri namizədi Saleh Balay oğlu Qocayev 1899-cu ilin bu günü Qax rayonunun İlisu kəndində anadan olub. Bakıda fəhlə fakültəsini bitirərək Neft İnstitutunun Texnologiya fakültəsinə daxil olub. Azərbaycanda Gənclər İttifaqının təşkilatçılarından olub. Müxtəlif illərdə Balakən rayon Gənclər İttifaqı sədrinin müavini, Zaqatala İnqilab Komitəsinin sədri, Ağır Sənaye Xalq Komissarlığının nümayəndəsi, Leytenant Şmidt adına zavodun yığma sexinin mühəndisi, Şəmkir, Zaqatala və Kirov Rayon Partiya komitələrinin birinci katibi, "Kirovneft", "Azərneftemaş" trestlərinin müdiri, Azərbaycan SSR Avtomobil Nəqliyyatı Naziri, "Azərneft­kom­binat"ın rəisi, Azərbaycan SSR Nazirlər Soveti Sədrinin 1-ci müavini vəzifələrində çalışıb. 1941-1960-cı illərdə Neft İnstitutunun rektoru olub. Bir sıra ixtiraları ilə respublikada maşın­qayır­manın inkişafının istiqamətini müəyyən edib. Müxtəlif orden və medallarla təltif olunan Saleh Qocayev 1984-cü il mayın 3-də Bakıda vəfat edib. Mehdi Hüseyn "Qabar" hekayəsini, Mahmud Qocayev "Dərin zəka, dönməz əqidə" kitabını onun şərəfli ömür yoluna həsr edib.

ZƏLİMXAN YANDARBİYEV

(1952-2004)

Çeçen İçkeriya Respublikasının prezidenti, alim və yazıçı Zəlimxan Abdulmuslimoviç Yandarbiyev 1952-ci il sentyabrın 12-də Qazaxıstanın Şemonaixa rayonunda anadan olub. Çeçen-İnquş Dövlət Universitetində təhsil alıb. 1990-cı ildə ilk çeçen siyasi partiyası olan Vaynax Demokratik Partiyasını qurub və ona rəhbərlik edib. Müxtəlif illərdə Çeçen Xalqının Ümummilli Konqresinin sədr müavini, İçkeriyanın vitse-prezidenti olub, birinci Çeçenistan parlamentində media komitəsinə rəhbərlik edib. Cövhər Dudayevin öldürülməsindən sonra 1996-1997-ci illərdə Çeçenistanın müvəqqəti prezidenti vəzifəsini icra edib. Zəlimxan Yandarbiyev 13 fevral 2004-cü ildə Qətərin paytaxtı Dohada törədilən terror aktı nəticəsində həlak olub.

RÜSTƏM BEHRUDİ

(1957)

Tanınmış Azərbaycan şairi Rüstəm Behrudinin doğum günüdür. Rüstəm Hidayət oğlu Alməmmədov 12 sentyabr 1957-ci ildə Ordubad rayonunun Behrud kəndində doğulub. Naxçıvan Dövlət Pedaqoji İnstitutunun Tarix və ədəbiyyat fakültəsində təhsil alıb. Bir müddət Ordubad rayonunun Unus kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyatı fənnindən dərs deyib. Milli-azadlıq hərəkatının fəallarından olub, “Azərbaycan” qəzetində çöbə müdiri vəzifəsində çalışıb. “Salam, dar ağacı”, “Boz qurd”, “Şaman duası”, “İblis mələkdən gözəldir”, “Tənhalıqda ölüm qorxusu yoxdur”, “Yer üzü görüş yeridir” və başqa kitabların müəllifidir. Əsərləri rus, ingilis, fransız, çex, türk, polyak, özbək, qazax, qırğız və başqa dillərə tərcümə edilib. Yaradıcılığında türkçülüyə və dərviş fəlsəfəsinə üstünlük verir. Rüstəm Behrudi “Mahmud Kaşqarlı” adına beynəlxalq mükafata, çox sayda ədəbi mükafatlara və diplomlara layiq görülüb, Avropada keçirilən Türk Dünyası uluslararası şeir festivalının qızıl medalını qazanıb.

ƏNUŞƏ ƏNSARİ

(1966)

Kosmosa uçan ilk turist qadın, əslən Cənubi Azərbaycandan olan ABŞ vətəndaşı, alim Ənuşə Ənsari 1966-cı ilin bu günü İranın Məşhəd şəhərində anadan olub. Sonradan ailəsi ilə birgə əvvəlcə Tehrana, 1984-cü ildə isə ABŞ-a köçüb. Burada informatika və elektronika üzrə oxuyub, Corc Vaşinqton Universitetində magistr dərəcəsi alıb. ABŞ-ın məşhur rabitə və informasiya kompaniyası olan MCİ-də işləyib. 1993-cü ildə həyat yoldaşı və qardaşı ilə birlikdə “Telecom Technologies” kompaniyasını qurub. Ənuşə Ənsari 18 sentyabr 2006-cı ildə bir rus və bir ingilislə birgə Baykonur kosmodromundan kosmosa qalxan ilk turist qadın kimi tarixə düşüb. 11 günlük kosmik gəzintidən və elmi araşdırmalardan sonra uğurla Yerə dönüb.

FƏRRUX AĞA QAYIBOV

(1891-1916)

Azərbaycanın ilk hərbi təyyarəçisi Fərrux ağa Məmmədkərim ağa oğlu Qayıbovun anım günüdür. O, 1891-ci il oktyabrın 2-də Qazax qəzasının Qıraq Salahlı kəndində hərbçi ailəsində anadan olub. Əli ağa Şıxlinskinin məsləhəti ilə 5 illik Tiflis Kadet Korpusuna, 1910-cu ildə isə oranı bitirərək Peterburq Konstantin Topçuluq Məktəbinə daxil olub. 1913-cü ildə podporuçik rütbəsi ilə 39-cu artilleriya briqadasında xidmətə başlayıb və burada “İlya Muromets-16” ekipajına qəbul edilib. Birinci Dünya müharibəsində Qərb cəbhəsində gedən hərbi əməliyyatlarda iştirak edib. üçüncü dərəcəli “Müqəddəs Stanislav”, dördüncü dərəcəli "Müqəddəs Anna”, ikinci dərəcəli "Müqəddəs Stanislav" (qılınc və bantla birgə), üçüncü və dördüncü dərəcəli "Müqəddəs Georgi" ordenləri ilə təltif edilib. 1916-cı il sentyabrın 12-də Belarusun Borına kəndi ətrafında “İlya Muromets” hərbi hava gəmisinin bombardmanı zamanı artilleriya atəşindən həlak olub.

BƏDƏL BƏY BƏDƏLBƏYLİ

(1875-1932)

Xalq maarifçisi, müəllim Bədəl bəy Bəşir bəy oğlu Bədəlbəylinin xatirə günüdür. O, 1875-ci ildə Şuşa şəhərində anadan olub. Qori Seminariyasını bitirdikdən sonra bir müddət Şuşada müəllimlik edib, 35 il fasiləsiz rus-müsəlman məktəbində müdir vəzifəsində çalışıb. Mədəni-maarif və xeyriyyə cəmiyyəti kimi fəaliyyət göstərən "Nicat" cəmiyyətinin ən fəal üzvü olub. Dəfələrlə özünü aktyor kimi də sınayıb. "Leyli və Məcnun" operasında Məcnun və İbn Salam obrazlarını böyük məharətlə ifa edib. Bədəl bəy Bədəlbəyli 1932-ci il sentyabrın 12-də Bakıda vəfat edib. O, Azərbaycanın xalq artistləri - bəstəkar, dirijor, librettoçu Əfrasiyab Bədəlbəylinin və aktyor, rejissor Şəmsi Bədəlbəylinin atasıdır.

MANAF SÜLEYMANOV

(1912-2001)

Azərbaycanın əməkdar mədəniyyət işçisi, yazıçı, nasir, tərcüməçi Manaf Fərəc oğlu Süleymanov da bu gün xatırlanır. O, 1912-ci il martın 3-də İsmayıllı rayonunun Lahıc qəsəbəsində doğulub. 18 saylı pedaqoji təmayüllü Bakı şəhər məktəbini bitirib, daha sonra Azərbaycan Neft-Kimya İnstitutunun Geoloji kəşfiyyat fakültəsində təhsil alıb. Əmək fəaliyyətinə isə Qaradağ neftqaz mədənləri idarəsində mühəndislikdən başlayıb. Ədəbi yaradıcılığa 1947-ci ildə "Azərbaycan" jurnalında dərc olunan "Yerin sirri" romanı ilə başlayan yazıçı ilk dəfə olaraq Bakı tarixindən, Bakı milyonçuları və qoçularından, Azərbaycan Xalq Cümhuriyyətinin şəxsiyyətlərindən elmi-publisistik kitablar yazaraq nəşr etdirib. “Eşitdiklərim, oxuduqlarım, gördüklərim” kitabı Azərbaycanda ən çox oxunan əsərlərdən birinə çevrilib. Oxucular onun tərcüməsində Cek London, Con Steynbek, O’Henri, Aleks La Çuma, Piter Abrahams, Fillis Altman, Somerset Moem kimi görkəmli ingilis yazıçılarının əsərləri ilə tanış olub. Geologiya-mineralogiya elmləri namizədi Manaf Süleymanov 2001-ci il sentyabrın 12-də Bakıda dünyasını dəyişib.

TURAN CAVİD

(1923-2004)

Dahi Azərbaycan şair Hüseyn Cavidin sonuncu yadigarı, əməkdar mədəniyyət işçisi Turan Cavidin anım günüdür. O, 1923-cü il oktyabrın 2-də Bakıda anadan olub. 1950-ci ildə Teatr İnstitutunu fərqlənmə diplomu ilə bitirib və orada müəllim kimi çalışıb. 1950-ci ildən 1983-cü ilədək həmin institutda “Azərbaycan teatrı tarixi”ndən mühazirələr oxuyub. Azərbaycan Dövlət Teatr Muzeyində elmi işçi kimi fəaliyyət göstərib. Nizami adına Ədəbiyyat Muzeyində, Cəfər Cabbarlı adına Dövlət Teatr Muzeyində direktor vəzifəsində çalışıb. 1991-ci ildən ömrünün sonunadək Hüseyn Cavidin ev muzeyinin direktoru olub. Turan Cavid 2004-cü il sentyabrın 12-də Bakıda vəfat edib və Naxçıvanda Cavidlər məqbərəsində dəfn olunub.

ƏLİ CAVAN

(1926-2016)

Məşhur Amerika alimi, fizik Əli Cavanın xatirə günüdür. O, 1926-cı il dekabrın 26-da Tehranda doğulub. Tehran Universitetindә bir il tәhsil aldıqdan sonra ABŞ-a köçüb, burada Kolumbiya Universitetinin fizika-riyaziyyat fakültәsini bitirәrәk, alimlik dәrәcәsi alıb. “Bell-Telefon Laboratoriz” şirkәtindә laboratoriya rәhbәri olub, 1960-cı ildәn fәaliyyәtini Massaçusets Texnologiya İnstitutunda davam etdirib. Massaçusets Universitetinin professoru olub. Kvant elektronikası vә tәtbiqi, hәmçinin lazer spektroskopiyasına dair tәdqiqatlar aparıb, qeyri-xәtti spektroskopiyanın әsasını qoyub. 30-dan artıq ABŞ patentinin müәllifidir. 1975-ci ildə Amerika Optik Cəmiyyəti tərəfindən ən yüksək mükafata, 1993-cü ildə isə nüfuzlu Albert Eynşteyn mükafatına layiq görülüb. “Elm dünyasının 100 dahisi” siyahısına düşən Əli Cavan 2016-cı il sentyabrın 12-də Los-Ancelesdə vəfat edib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın