00:01 13 Yanvar 2021 64
Ana səhifə Dünyanın bu günü

Dünyanın bu günü - 13.01.2021

LİTVADA YANVAR FACİƏSİ

(1991)

1991-ci ilin bu günü Vilnüsdə Sovet İttifaqının silahlı qüvvələri müstəqillik istəyən Litva vətəndaşlarına hücum edib. Heç bir rəsmi səlahiyyəti olmayan Milli Qurtuluş Komitəsi tərəfindən Litvaya dəvət edilmiş sovet ordusu hissələri Vilnüs televiziya qülləsini və mətbuat evini ələ keçirib. Bu vəhşi aksiya nəticəsində 13 nəfər həlak olub, 112 nəfər yaralanıb. Bununla da bir il əvvəl Bakıda törədilmiş 20 Yanvar faciəsi Vilnüsdə təkrarlanıb.

RUHULLA AXUNDOV

(1897-1938)

Sovet partiya və dövlət xadimi, ədəbiyyatşünas Ruhulla Əli oğlu Axundov 13 yanvar 1897-ci ildə Bakının Şüvəlan kəndində anadan olub. İbtidai təhsilini mədrəsədə, daha sonra realnı və ticarət məktəblərində təhsil alıb. Bir müddət Orucov qardaşlarının mətbəəsində işləyib. “Hürriyyət”, “Bakinski raboçi” və “Kommunist” qəzetlərinin redaktoru vəzifəsində çalışıb. Xalq maarif komissarı, Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi komitəsinin katibi, Azərbaycan Dövlət Nəşriyyatının direktoru, SSRİ Elmlər Akademiyası Azərbaycan filialı sədrinin müavini olub. Bədii tərcümə sahəsində əvəzsiz xidmətləri olub, onun rəhbərliyi ilə V.İ.Lenin, K.Marks, F.Engels və başqalarının əsərləri Azərbaycan dilində çap olunub. Ömrünü kommunizm ideyalarına sərf etsə də, Stalin repressiyalarından yaxa qurtara bilməyib. Ruhulla Axundov 21 aprel 1938-ci ildə həbs edilərək xalq düşməni kimi güllələnib. 1956-cı ildə ona bəraət verilib.

RÜSTƏM ƏLİYEV

(1929-1994)

Məşhur Azərbaycan şərqşünası, filologiya elmləri doktoru, professor, əməkdar elm xadimi Rüstəm Musa oğlu Əliyev 1929-cu il yanvarın 13-də Şəmkir rayonunun Morul kəndində anadan olub. Nizami adına Morul kənd orta məktəbində, Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində və Leninqrad Dövlət Universitetinin Şərq fakültəsində təhsil alıb. 1955-1971-ci illərdə SSRİ EA Şərqşünaslıq İnstitutunda işləyib, burada kiçik elmi işçidən Şərq mətnşünaslığı bölməsinin müdiri vəzifəsinədək yüksəlib. Azərbaycan EA-nın Əlyazmalar İnstitutunda baş elmi işçi, Ərəbdilli yazılı abidələrin tədqiqi və nəşri şöbəsinin müdiri, Nizami adına Ədəbiyyat İnstitutunda Nizamişünaslıq şöbəsinin müdiri, 1983-cü ildən ömrünün sonuna qədər Şərqşünaslıq İnstitutunda İran filologiyası şöbəsinin müdiri vəzifəsində çalışıb. Azərbaycan Mətbuat və İnformasiya Nazirliyinin elmi məsləhətçisi, AMEA prezidentinin klassik Şərq ədəbiyyatı üzrə müşaviri, Azərbaycan-İran Dostluq Cəmiyyətinin sədri, "Şəhriyar" qəzetinin və "Nizami Gəncəvi" jurnalının baş redaktoru olub. Rüstəm Əliyev 1994-cü ilin aprel ayında Bakıda vəfat edib və II Fəxri Xiyabanda dəfn olunub.

FƏXRƏDDİN QURBANLI

(1994-2016)

Şəhid Fəxrəddin Seyfəddin oğlu Qurbanlı 1994-cü ilin bu günü Bakı şəhərində anadan olub. 2011-ci ildə orta təhsilini başa vurub və Azərbaycan Universitetinin "Sosial iş" fakültəsinə daxil olub. Fəxrəddin Qurbanlı 2016-cı il aprelin 2-də Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid olub və Bakı şəhərinin Binəqədi rayonunda dəfn edilib. Ölümündən sonra III dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalı ilə təltif olunub. 2018-ci ildə Azərbaycan Universitetində Fəxrəddin Qurbanlı təqaüdü təsis edilib, yaşadığı küçəyə onun adı verilib.

MƏHBUBƏ XANIM MAHMUDBƏYOVA

(1902-1976)

Azərbaycanın əməkdar həkimi Məhbubə xanım Mahmudbəyovanın anım günüdür. O, 11 iyun 1902-ci ildə Şuşa şəhərində tanınmış həkim Kərim bəy Mehmandarovun ailəsində anadan olub. Azərbaycan Tibb İnstitutunu bitirib. Azərbaycan Dövlət Tibb İnstitutunun mama-ginekologiya kafedrasının dosenti, professoru və müdiri vəzifələrində çalışıb. 1968-74-cü illərdə Azərbaycan Mama-Ginekoloqlar Elmi Cəmiyyətinin sədri olub. Tədqiqatları əsasən qadın, ana və uşaq sağlamlığının qorunması probleminə həsr edilib. "Ürək-damar sistemi xəstəlikləri zamanı hamiləlik və doğuş" monoqrafiyası böyük elmi-praktiki əhəmiyyətə malikdir. "Səhiyyə əlaçısı" döş nişanı ilə təltif olunan Məhbubə xanım Mahmudbəyova 13 yanvar 1976-cı ildə vəfat edib. O, 1936-cı ildə repressiya olunmuş görkəmli elm, ictimai və dövlət xadimi Şamil bəy Mahmudbəyovun həyat yoldaşı, görkəmli maarifçi Həbib bəy Mahmudbəyovun gəlinidir.

MİRZƏ BABAYEV

(1913-2003)

Azərbaycanın xalq artisti, məşhur estrada müğənnisi, aktyor, memar və rəssam Mirzə Babayevin xatirə günüdür. Mirzəağa (Mirzə) Əbdülcabbar oğlu Babayev 1913-cü il iyulun 16-da Bakı şəhərinin Maştağa kəndində dünyaya gəlib. Bakı Sənaye İnstitutunun memarlıq fakültəsində təhsil alıb. Müğənnilik fəaliyyətinə 1940-cı illərin əvvəlində müharibədən qayıdan zaman – görkəmli bəstəkar Tofiq Quliyevin rəhbərlik etdiyi Azərbaycan Dövlət Caz Orkestrində başlayıb. 1948-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına, məşhur müğənni Bülbülün sinfinə daxil olub. Uzun illər Azərbaycan Dövlət Filarmoniyasında çalışıb. Azərbaycan bəstəkarlarının 500-dən çox mahnısı onun ifasında populyarlaşıb. 40-dək bədii filmdə müxtəlif rolları məharətlə ifa edib. İki dəfə “Humay” mükafatı laureatı olan Mirzə Babayev 2003-cü il yanvarın 13-də Bakıda vəfat edib və II Fəxri Xiyabanda dəfn olunub.

İSRAFİL ŞAHVERDİYEV

(1952-1994)

Azərbaycanın Milli Qəhrəmanı İsrafil Şahverdi oğlu Şahverdiyev də bu gün xatırlanır. O, 11 iyun 1952-ci ildə Laçın rayonunun Unannovu kəndində anadan olub. 1959-1969-cu illərdə Unannovu kənd orta məktəbində təhsil alıb. 1971-1974-cü illərdə hərbi xidmətdə olub. 1975-ci ildən Laçın rayon Daxili İşlər Şöbəsində milis nəfəri kimi əmək fəaliyyətinə başlayıb. Ermənistanın Azərbaycana hərbi təcavüzü başlayan ilk günlərdən vətənin müdafiəsinə qalxıb. Şəhid jurnalist Salatın Əsgərovanın qatillərinin ələ keçirilməsində böyük rolu olub. 1994-cü ilin yanvarında Horadiz əməliyyatının fəal iştirakçılarından olub. Son döyüşü 13 yanvar 1994-cü ildə cəbhənin Füzuli istiqamətində olub və Bakıda Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycan Prezidentinin 15 yanvar 1995-ci il tarixli fərmanı ilə İsrafil Şahverdiyevə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

MEHDİ ABBASOV

(1960-1992)

Azərbaycanın Milli Qəhrəmanı Mehdi Yusif oğlu Abbasovun anım günüdür. O, 1960-cı il yanvarın 1-də Qərbi Azərbaycanın Amasya rayonunun Yeniyol kəndində anadan olub. Ailəsi erməni millətçilərinin təzyiqi altında ata-baba ocağını tərk edib Qazaxıstana üz tutaraq, Tülkübas rayonunun Kulan kəndində məskunlaşıb. Karaqanda Pedaqoji İnstitutunda təhsil alıb. Tülkübas rayonunun Miçurin kəndindəki məktəbində müəllim, SSRİ DİN-in Stavropol ali kurslarının müdavimi olub, sonra sahə müvəkkili vəzifəsində çalışıb. 1991-ci ildə Azərbaycan DİN-in sərəncamına göndərilib və baş leytenant rütbəsində rota komandiri kimi Xüsusi Təyinatlı Polis Dəstəsində xidmətə başlayıb. Göstərdiyi şücaətə görə "Mixaylo" ləqəbini qazanıb, 4 dəfə DİN-in mükafatına layiq görülüb. Mehdi Abbasov 13 yanvar 1992-ci ildə Məlikcan postu ətrafında qızğın döyüşlər zamanı başından aldığı snayper gülləsi nəticəsində həlak olub və Bakıda Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycan Prezidentinin 6 iyun 1992-ci il tarixli fərmanı ilə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb. İsmayıllı rayonunun keçmiş Ruşan kəndi indi cəsur döyüşçünün şərəfinə Mehdikənd adlanır. İsmayıllı rayonunun mərkəzi küçələrindən birinə onun adı verilib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın