00:01 13 May 2020 328
Ana səhifə Dünyanın bu günü

Dünyanın bu günü - 13.05.2020

VƏLİ AXUNDOV

(1916-1986)

1. Görkəmli ictimai-siyasi və dövlət xadimi, Sovet Azərbaycanının 10-cu rəhbəri, akademik Vəli Yusif oğlu Axundov 1916-cı il mayın 13-də Bakının Saray kəndində anadan olub. Biləcəri stansiyasındakı fabrik-zavod məktəbində, Bakı Sənaye Texnikumunda və Azərbaycan Tibb İnstitutunda təhsil alıb. İkinci Dünya müharibəsində adi həkim-əsgərdən xüsusi tibbi-sanitar batalyonunun komandiri vəzifəsinədək yüksəlib, Rusiya, Belarus, Almaniya, Çexoslovakiya ərazisində gedən döyüşlərdə iştirak edib. 1946-cı ildə ordudan tərxis olunduqdan sonra Epidemiologiya, Mikrobiologiya və Gigiyena İnstitutunun elmi işçisi və direktoru, Azərbaycan Tibb İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri vəzifələrində çalışıb. 1949-1952-ci illərdə Azərbaycan SSR səhiyyə nazirinin müavini, 1952-1953-cü illərdə isə Bakı vilayət Səhiyyə şöbəsinin müdiri, 1953-1954-cü illərdə Azərbaycan KP MK-da inzibati, ticarət-maliyyə və plan orqanları şöbəsi müdirinin müavini, 1954-1958-ci illərdə Azərbaycan SSR səhiyyə naziri vəzifəsində çalışıb. 1958-ci il fevralında Azərbaycan KP MK katiblərindən biri seçilib, həmin ilin iyulunda isə Azərbaycan SSR Nazirlər Sovetinin sədri vəzifəsinə təyin edilib. 1959-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsinə seçilib və bu vəzifədə 10 il çalışıb. 1969-1972-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının vitse-prezidenti, 1972-1986-cı illərdə Virusologiya, Mikrobiologiya və Gigiyena İnstitutunun direktoru olub. Vəli Axundov 1986-cı il avqustun 22-də Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.

ADİL GƏRAY

(1919-1973)

2. Azərbaycanın əməkdar artisti, tarzən, pedaqoq, dirijor, bəstəkar Adil Gəray Heybətqulu oğlu Məmmədbəyli 13 may 1919-cu ildə Bakıda doğulub. Azərbaycan Dövlət Musiqi Texnikumunun tar sinfində, Azərbaycan Dövlət Konservatoriyasının xalq musiqisi şöbəsində Üzeyir Hacıbəyovun sinfində təhsil alıb. Muğam dərslərini Əhməd Bakıxanovdan alıb, 1938-ci ildən Üzeyir Hacıbəyovun təşkil etdiyi Azərbaycan Xalq Çalğı Alətləri Orkestrində konsertmeyster, daha sonra Hüseynqulu Sarabskinin sinfində müşayiətçi, Azteleradio orkestrində konsertmeyster, Azərbaycan Dövlət Musiqi Məktəbində tar ixtisası üzrə müəllim işləyib. Bir sıra pyes, kitab və mahnıların müəllifi olan Adil Gəray 1973-cü il dekabrın 13-də Bakıda vəfat edib.

HİKMƏT ZİYA

(1929-1995)

3. Azərbaycanın əməkdar incəsənət xadimi, şair, tərcüməçi Hikmət Ziya oğlu Əfəndiyev 1929-cu il mayın bu günü Şəkidə anadan olub. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsində təhsil alıb. "Azərbaycan pioneri" qəzeti redaksiyasında ədəbi işçi, ədəbiyyat və incəsənət şöbəsinin müdiri, "Göyərçin" jurnalı redaksiyasında poeziya şöbəsinin müdiri və məsul katib vəzifələrində işləyib. Ədəbi yaradıcılığa 1952-ci ildə "Azərbaycan pioneri" qəzetində çap edilən "Qoqola" adlı ilk şeiri ilə başlayıb. Təmsilçi kimi daha çox məşhurlaşan Hikmət Ziya 1995-ci il avqustun 2-də Bakıda dünyasını dəyişib. Onun adına "Hikmət Ziya" ədəbi mükafatı təsis edilib.

ADİL BAĞIROV

(1937)

4. Azərbaycanın xalq artisti, tarzən Adil Kamil oğlu Bağırov 13 may 1937-ci ildə Bakıda anadan olub. Azərbaycan Dövlət Musiqi Məktəbində tar ixtisası üzrə təhsil alıb, daha sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsilini davam etdirib. 1964-cü ildən Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin solisti, Əhsən Dadaşovun rəhbərlik etdiyi xalq çalğı alətləri ansamblının üzvü, 1976-cı ildən isə Ə.Dadaşov adına “Xatirə” xalq çalğı alətləri ansamblının rəhbəri olub. Əlcəzair, Türkiyə, İran, Yaponiya, ABŞ kimi bir çox xarici ölkələrdə qastrol səfərlərində olub. Adil Bağırov 2016-cı ildə "Şöhrət" ordeni ilə təltif olunub.

ELÇİN ƏFƏNDİYEV

(1943)

5. Azərbaycanın xalq yazıçısı, nasir, dramaturq, tənqidçi, ədəbiyyatşünas, professor Elçin Əfəndiyev 1943-cü ilin bu günü Bakıda xalq yazıçısı İlyas Əfəndiyevin ailəsində dünyaya gəlib. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb. İlk hekayəsi 16 yaşı olarkən 1959-cu ildə "Azərbaycan gəncləri" qəzetində dərc olunan yazıçı Azərbaycan SSR Ali Sovetinin deputatı olub, Xarici Ölkələrlə Mədəni Əlaqələr Cəmiyyəti - "Vətən" Cəmiyyətinin sədri, 1993-cü ildən isə 22 il Baş nazirin müavini vəzifəsində çalışıb. Bakı Dövlət Universitetinin professoru olan Elçin Əfəndiyev bir sıra Dövlət Komissiyalarının sədri, nüfuzlu Azərbaycan və beynəlxalq ədəbi, ictimai qurumların üzvüdür. 2015-ci ildə “Cəfər Cabbarlı” mükafatına layiq görülüb.

MOLLA VƏLİ VİDADİ

(1709-1809)

6. Bu gün XVIII əsr Azərbaycan şairi Molla Vəli Vidadinin xatirə günüdür. O, 1709-cu il martın 17-də anadan olub. Doğum yeri olaraq Şəmkir rayonunun və Qazaxın Birinci Şıxlı kəndlərinin adı çəkilir. İlk təhsilini Şəmkirdə alıb. Təhsilini davam etdirmək üçün Poyluya gəlib ərəb, fars dillərini mükəmməl öyrənib, burada Əhmədağanın yanında mirzəlik, katiblik və məktəbdarlıqla məşğul olub. Məhz buna görə də Molla Vəli adı ilə tanınıb. Şairin "Dəli könül, gəl əylənmə qürbətdə", "Ey həmdəmim, səni qana qəra eylər", "Xəstə düşdüm, gələn yoxdur üstümə" kimi şeirlərində vətən həsrəti, qəriblik iztirabı səmimi və təsirlidir. O, realist təsvirə meyl edən şairlərdən olsa da, aşiqanə şeirləri də var. Molla Pənah Vaqifin müasiri, dostu, bəzi mənbələrə görə isə qohumu olan Molla Vəli Vidadi 1809-cu ilin mayında Qazaxın İkinci Şıxlı kəndində vəfat edib və Gəmiqaya adlı yerdə dəfn olunub.

QARA QARAYEV

(1918-1982)

7. SSRİ və Azərbaycanın xalq artisti, bəstəkar və pedaqoq, akademik Qara Əbülfəz oğlu Qarayevin anım günüdür. O, 1918-ci il fevralın 5-də Bakı şəhərində məşhur həkim, təbabət professoru Əbülfəz Qarayev və Sona xanım Axundova-Qarayevanın ailəsində anadan olub. 1926-cı ildə Azərbaycan Dövlət Konservatoriyası yanında musiqi məktəbinə qəbul edilib. 1937-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqına üzv olub. 1938-ci ildə Moskva Dövlət Konservatoriyasına daxil olub. 1938-ci ildə ilk böyük əsərini - xor, simfonik orkestr və rəqs ansamblı üçün Rəsul Rzanın sözlərinə "Könül mahnısı" kantatasını bəstələyib. 1941-ci ildə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri vəzifəsində işləyib. 1943-cü ildə birinci simfoniyanı yazıb. Müxtəlif illərdə Azərbaycan Dövlət Konservatoriyasında müəllim və rektor vəzifələrində çalışıb. 1953-cü ildə Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyətinin sədri seçilib, Leninqrad Dövlət Kiçik Opera Teatrında "Yeddi gözəl" baletinin ilk tamaşası qoyulub. 1957-ci ildə "Don Kixot" filminə musiqi bəstələyib. 1955-1976-cı illərdə SSRİ Ali Sovetinin deputatı seçilib. Sosialist Əməyi Qəhrəmanı fəxri adı, “Lenin” və “Qırmızı Əmək Bayrağı” ordenləri ilə təltif olunub. Qara Qarayev 1982-ci ilin mayında Moskva şəhərində vəfat edib və Bakıda Fəxri Xiyabanda dəfn olunub.

VALERİ LOBANOVSKİ

(1939-2002)

8. SSRİ-nin əməkdar məşqçisi, futbol mütəxəssisi Valeri Vasiloviç Lobanovskinin xatirə günüdür. O, 1939-cu il yanvarın 6-da Kiyevdə fəhlə ailəsində doğulub. Futbol məktəbindən məzun olduqdan sonra “Dinamo Kiyev”, “Çernomorets”, “Şaxtyor Donetsk” klublarında çıxış edib. Daha sonra “Dnepr” klubunda köməkçi məşqçi, “Dinamo” klubunda isə baş məşqçi olub. Məşqçi kimi işlədiyi dövrlərdə ümumilikdə 150 matça çıxıb. “Dinamo” klubu SSRİ çempionatının qalibi olub, komandasını yarımfinala, finallara kimi gətirib, kuboklar qazandırıb. SSRİ və Ukrayna yığmalarını, 3 il Birləşmiş Ərəb Əmirliklərini çalışdırıb, daha sonra Küveyt milli komandasına Asiya Oyunlarında bürünc medal qazandırıb. Valeri Lobanovski 2002-ci ilin mayında vəfat edib. Ölümündən sonra Ukrayna Qəhrəmanı fəxri adına layiq görülüb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın