12:00 13 İyun 2020 441
Ana səhifə Dünyanın bu günü

Dünyanın bu günü - 13.06.2020

TƏLƏT BAKIXANOV

(1927-2000)

1. Azərbaycanın əməkdar artisti, kamança ifaçısı Tələt Soltan oğlu Bakıxanov 13 iyun 1927-ci ildə Bakı şəhərində doğulub. Musiqiçi kimi yetişməsində əmisi Əhməd Bakıxanovun böyük rolu olub. 1945-1947-ci illərdə teatr texnikumunda oxuyub, 1947-1949-cu illərdə isə Asəf Zeynallı adına Azərbaycan Dövlət Musiqi Məktəbində kamança ixtisası üzrə Hafiz Mirzəliyevdən və Firuz Əlizadədən dərs alıb. 1947-ci ildən Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının mahnı və rəqs ansamblının solisti olub. 1988-ci ildən Bülbül adına Orta İxtisas Musiqi Məktəbində çalışıb. Bir sıra xarici ölkələrdə qastrol səfərlərində olub, 1970-1980-cı illərdə “Yaxın və Orta Şərq xalqları peşəkar musiqisinin ənənələri və müasirlik” mövzusunda Səmərqənd şəhərində keçirilən beynəlxalq simpoziumların iştirakçısı olub. Tələt Bakıxanov 30 may 2000-ci ildə Bakıda vəfat edib.

ƏDALƏT MƏMMƏDOV

(1949)

2. Azərbaycanın əməkdar artisti, aktyor Ədalət Məti oğlu Məmmədov 1949-cu il iyunun 13-də Zərdab şəhərində doğulub. 1971-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsini bitirib. 1971-ci ildən Gənc Tamaşaçılar Teatrının aktyorudur. “Söhrab və Rüstəm”, “Zəncirlənmiş Prometey”, “Hacı Qəmbər”, “Şəhidlər”, “Olmuş əhvalat”, “Muğam”, “Cavid ömrü” və başqa tamaşa, filmlərdə yaddaqalan obrazlar yaradıb.

BƏSTİ CƏFƏROVA

(1959)

3. Azərbaycanın xalq artisti, aktrisa Bəsti Əli qızı Cəfərova 1959-cu ilin bu günü Bakıda doğulub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsində təhsil alıb. Akademik Milli Dram Teatrında, Yuğ Dövlət Teatrında və Azərbaycan Dövlət Televiziyasında işləyib. "Kiçik şahzadə", “Qızılgül”, "Od gəlini", "Poçt şöbəsində xəyal", "Nazirin xanımı", "Solğun çiçəklər", "Analar", “Nişanlı qız” və başqa tamaşalarda yaddaqalan obrazlar yaradıb. 2013-cü ildən pedaqoji fəaliyyətlə məşğuldur, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professorudur. Prezidentin fərdi təqaüdçüsü Bəsti Cəfərova Prezident mükafatı və Cəfər Cabbarlı mükafatı ilə təltif edilib.

İBİŞ MƏMMƏDOV

(1961-1990)

4. 20 Yanvar şəhidi İbiş Behbud oğlu Məmmədov 13 iyun 1961-ci ildə Qərbi Azərbaycanın Qafan rayonunda anadan olub. İki yaşından yetim qalıb, Bakıda fəhlə işləyib. 1990-cı il yanvarın 20-də şəhid olub. Bakı şəhərindəki Şəhidlər Xiyabanında dəfn edilib. Hövsan qəsəbəsində adına küçə var.

MƏMMƏD ƏLİLİ

(1898-1990)

5. Azərbaycanın əməkdar incəsənət xadimi, aktyor və rejissor Məmməd Əli oğlu Əlizadənin anım günüdür. O, 7 noyabr 1898-ci ildə İçərişəhərdə doğulub. Ailəsinin dolanışığına kömək etmək məqsədilə müxtəlif işlərlə məşğul olub. Cəfər Cabbarlı ilə tanışlığı həyatını dəyişdirib, onu məktəbə cəlb edib. Teatrda suflyor, truppa müdiri, tamaşa idarəedicisi, rejissor assistenti və rejissor işləyib. Moskvada Malıy Teatrın yardım heyətində işləyə-işləyə rejissorluq sənətinin sirlərini öyrənib. Bir neçə filmdə yaddaqalan obrazlar yaradıb. "Dənizçilər haqqında dastan", "Dənizi fəth edənlər", “Arşın mal alan”, “Dəli Kür”, “Qətl günü”, “Ögey ana” və başqa filmlərin, tamaşaların ərsəyə gəlməsində rejissor assistenti, rejissor kimi əvəzedilməz rolu olub. Aktyor Qorxmaz Əlilinin atası olan Məmməd Əlili 1990-cı ilin iyununda vəfat edib.

AYBƏNİZ VƏKİLOVA

(1937-2009)

6. Əməkdar mədəniyyət işçisi Aybəniz Vəkilova da bu gün xatırlanır. O, 1937-ci il sentyabrın 9-da Bakıda Azərbaycanın ilk xalq şairi Səməd Vurğunun ailəsində anadan olub. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib, uzun müddət Nizami adına Ədəbiyyat Muzeyində elmi işçi işləyib. Atası haqqında nəşr olunan kitabların redaktoru, məsləhətçisi və onun irsinin layiqli bələdçisi kimi tanınıb, ömrünün sonunadək Səməd Vurğunun ev-muzeyinin direktoru və Vurğun Fondunun prezidenti olub.
”Şərəf nişanı” ordeninə və Prezident təqaüdünə layiq görülüb. Aybəniz Vəkilova 2009-cu ilin iyunun 13-də Bakı şəhərində dünyasını dəyişib.

RAUF ƏLİYEV

(1947-2017)

7. Azərbaycanın əməkdar incəsənət xadimi, bəstəkar Rauf Tofiq oğlu Əliyevin xatirə günüdür. O, 1947-ci il mayın 1-də Şuşada doğulub. 1975-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının Bəstəkarlıq fakültəsini bitirib. Rauf Əliyev Azərbaycan Dövlət Teleradio Verilişləri Komitəsində və “Azərbaycanfilm” kinostudiyasında musiqi redaktoru, 2007-ci ildən ömrünün sonunadək Azərbaycan Bəstəkarlar İttifaqı Şuşa bəstəkarlar təşkilatının sədri vəzifəsində çalışıb. Müxtəlif janrlarda əsərlər yaradıb. “Fəryad”, “Yalan”, “Vahimə”, “Azadlığa gedən yollar”, “İşığını əsirgəmə”, “Azərbaycan haqqında həqiqət”, “Kənar adamlar” kimi bədii və sənədli filmlərə musiqi yazıb. 2006-cı ildə “Humay” milli mükafatına layiq görülən Rauf Əliyev 2017-ci ilin iyununda Bakıda vəfat edib.

ŞİKAR ŞİKAROV

(1953-1992)

8. Azərbaycanın Milli Qəhrəmanı Şikar Şükür oğlu Şikarovun anım günüdür. O, 1953-cü il dekabrın 3-də Bakı şəhərində anadan olub. 1971-ci ildə Bakıdakı 46 saylı orta məktəbi bitirib. Elə həmin il SSRİ Müdafiə Nazirliyinin Bakı Ali Ümumqoşun Komandirləri Məktəbinə daxil olub. 1975-ci ildə təhsilini başa vuraraq, təyinatla Primorsk diyarındakı hərbi hissələrin birində rota komandiri kimi fəaliyyətə başlayıb. 1986-cı ildə SSRİ Müdafiə Nazirliyinin Frunze adına Hərbi Akademiyasına daxil olub, 1989-cu ildə oranı bitirdikdən sonra polkovnik-leytenant rütbəsində Ukraynanın Luqansk şəhərində yerləşən hərbi hissələrdən birinə qərargah rəisi təyin edilib. 1990-cı ilin 20 Yanvar hadisələrindən sonra Azərbaycana qayıdıb. Əvvəlcə Mülki Müdafiə Baş Qərargahında əməliyyat şöbəsinin rəisi, 1992-ci ildə isə Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin birinci müavini təyin edilib. Goranboy rayonunda hərbi əməliyyatlara bilavasitə rəhbərlik edib, uğurlu əməliyyatlar keçirib. 1992-ci ilin iyununda Ağdərə uğrunda gedən ağır döyüşlərin birində həlak olub və Bakıdakı Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycan Prezidentinin 1992-ci il 23 iyun tarixli fərmanı ilə ölümündən sonra ona "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilib. Qobustan rayonundakı Sündü kənd orta məktəbi onun adını daşıyır.

VAQİF QURBANOV

(1967-1992)

9. Müstəqil Azərbaycanın ilk hərbi təyyarəçisi, şəhid Vaqif Qurbanov da bu gün xatırlanır. O, 1967-ci ildə Bakıda anadan olub. 1989-cu ildə Borisoqlebsk Ali Hərbi Təyyarəçilik Məktəbini bitirib. Təhsilini başa vurduqdan sonra SSRİ Hərbi Hava Qüvvələrində, Sitalçaydakı aviasiya polkunda zabit kimi xidmətə başlayıb, daha sonra isə Azərbaycan ərazisindəki aviasiya alaylarından birində xidmət edib. Gəncə, Yevlax və Kürdəmirdə hərbi alayların yaradılmasında yaxından iştirak edib. 8 aprel 1992-ci ildə Sitalçay hərbi aerodromundan burada xidmət edən azərbaycanlı hərbçilərin köməyi ilə SU-25 markalı hərbi təyyarəni Azərbaycanın nəfinə qaçırıb. Rusiya hökuməti təyyarənin qaytarılmasını tələb etsə də, təyyarə Yevlax hava limanında qalıb. 1992-ci ilin iyununda idarə etdiyi SU-25 təyyarəsi erməni silahlı qüvvələri tərəfindən Əsgəran yaxınlığında vurulub. Vaqif Qurbanov həmin döyüşdə 30 erməni döyüşçüsünü məhv edib. 2014-cü ildə onun döyüş yolu və hərbi təyyarəni qaçırmasından bəhs edən “Mən evə qayıdıram” filmi çəkilib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın