00:00 13 İyul 2020 394
Ana səhifə Dünyanın bu günü

Dünyanın bu günü - 13.07.2020

COMƏRDLİ SOYQIRIMI

(1918)

1. Qərbi Azərbaycanın Comərdli kəndində törədilən soyqırımının ildönümüdür. Comərdli rayon mərkəzindən 15 kilometr aralıda – Salvartı dağının ətəyində yerləşib və Qarakilsənin ən böyük türk kəndlərindən biri olub. 1918-ci il iyulun 13-də daşnak Andronik Ozanyanın quldur dəstəsi Comərdli kəndinə hücum edərək, əhalinin yarıdan çoxunu qətlə yetirib. Soyqırımdan xilas ola bilənlər isə sıldırımlı dağları, qayalıqları aşaraq Naxçıvana pənah aparıblar.

VİDADİ NƏRİMANBƏYOV

(1926-2001)

2. Azərbaycanın xalq rəssamı Vidadi Yaqub-Fərman oğlu Nərimanbəyov 1926-cı ilin bu günü Fransanın Kann şəhərində dünyaya göz açıb. İkinci Dünya müharibəsi ailəsinə ciddi təsir göstərmiş rəssam dövrün amansızlıqlarına qarşı nifrətini kağız üzərində "Nədir günahımız?" adlı ilk əsərində təsvir edib. Əzim Əzimzadə adına Rəssamlıq Texnikumunu bitirdikdən sonra V.Muxin adına Leninqrad Ali Rəssamlıq-Sənaye Məktəbində, sonra isə Tbilisi Rəssamlıq Akademiyasında təhsil alıb. Dünyanın 20 ölkəsində fərdi sərgisi olub. 20 Yanvar faciəsinə həsr etdiyi "Qatillər" tablosu bir çox xarici sərgi salonlarında nümayiş etdirilib. "Şöhrət" ordeninə layiq görülən Vidadi Nərimanbəyov 2001-ci il dekabrın 13-də Bakı şəhərində vəfat edib.

RASİM İSMAYILOV

(1936-2004)

3. Azərbaycanın əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı, kinooperator, kinorejissor, ssenari müəllifi və kino rəssamı Rasim Rza oğlu İsmayılov 1936-cı il iyulun 13-də Bakıda doğulub. Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun operatorluq fakültəsində təhsil alıb. 1963-1978-ci illərdə "Azərbaycanfilm" kinostudiyasında quruluşçu operator kimi, 1977-ci ildən isə quruluşçu rejissor kimi bir neçə bədii film çəkib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin baş müəllimi olub. Bir sıra bədii filmlərin rejissorudur. Əməkdar jurnalist Nadejda İsmayılova ilə evli olan Rasim İsmayılov 5 may 2004-cü ildə Bakı şəhərində vəfat edib.

SEZEN AKSU

(1954)

4. Türkiyənin məşhur pop musiqiçisi Sezen Aksu 13 iyul 1954-cü ildə Dənizlidə anadan olub. 1973-cü ildə Ege Universitetinin əkinçilik fakültəsinə daxil olub, lakin təhsilini yarımçıq qoyub. İlk albomunu 1977-ci ildə buraxıb. “Kiçik Sərçə” filmində oynadığı baş roldan sonra “Minik Sərçə” adı ilə tanınmağa başlayıb. Bir çox albomları təkcə Türkiyədə deyil, türk dünyasında populyarlıq qazanıb. Bu günə qədər dünya üzrə 40 milyondan çox albomu satılıb. 1982-ci ildə o vaxtın məşhur jurnalı “Hey” tərəfindən “İlin qadın müğənnisi” seçilib. 1983-cü ildə Əli Kocatəpə və Coşqun Dəmir ilə birlikdə “Eurovision” mahnı müsabiqəsində Türkiyəni təmsil edib. Sezen Aksu eyni zamanda bir çox məşhur mahnıların müəllifidir.

BƏXTİYAR XANIZADƏ

(1957)

5. Azərbaycanın xalq artisti, aktyor və rejissor Bəxtiyar Oqtay oğlu Xanızadə 1957-ci ilin bu günü Bakının Şağan kəndində anadan olub. 1978-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram teatrı və kino aktyoru fakültəsini, 1987-ci ildə isə Sankt-Peterburq Dövlət Teatr, Musiqi və Kinematoqrafiya Akademiyasının aspiranturasını bitirib. 1994-cü ildə Azərbaycanda "Dəli yığıncağı" adlı ilk Pantomima Teatr Studiyasını yaradıb. 2000-ci ildən teatrın bədii rəhbəri və direktoru vəzifəsində işləyib. Bir çox tamaşaların rejissoru olub. Bəxtiyar Xanızadə Azərbaycanın əməkdar artisti Hamlet Xanızadənin qardaşı oğludur.

ARİF QƏDİMƏLİYEV

(1975-1995)

6. Azərbaycanın Milli Qəhrəmanı Arif Massif oğlu Qədiməliyev 1975-ci il iyulun 13-də Ağstafa rayonunun Dağ Kəsəmən kəndində anadan olub. 1992-ci ildə burada orta məktəbi bitirdikdən sonra bir müddət “Nəvai” adına sovxozda işləyib. 1993-cü ildə Milli Ordu sıralarına çağırılıb. Sumqayıt və Qusarda hərbi təlim keçdikdən sonra 1994-cü il yanvarın 18-də cəbhəyə göndərilib. 172 saylı hərbi hissənin tərkibində həm kəşfiyyatçı, həm də nişançı-atıcı kimi Füzuli, Kəlbəcər və Murovdağ uğrunda döyüşlərdə yaxından iştirak edib. Arif Qədiməliyev 1995-ci il martın 17-də dövlət çevrilişinə cəhd edən silahlı dəstənin zərərsizləşdirilməsi zamanı həlak olub və doğulduğu kənddə dəfn edilib. Azərbaycan Prezidentinin 4 aprel 1995-ci il tarixli fərmanı ilə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

MÜHÜD ORUCOV

(1984-2016)

7. Şəhid Mühüd Qurban oğlu Orucov 13 iyul 1984-cü ildə Qazax rayonunun Fərəhli kəndində doğulub. C.Naxçıvanski adına hərbi liseydə və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. 2006-2007-ci illərdə Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində zabit kursunda oxuyub. 2007-ci ildə “N” saylı hərbi hissədə kəşfiyyat taqımının komandiri vəzifəsinə təyin edilib. Qısa müddətdə Xüsusi Təyinatlı Qüvvələrin kəşfiyyat tabor komandiri vəzifəsinə qədər yüksəlib. Bir çox medal və ordenlərlə təltif olunub, Azərbaycanı xarici ölkələrdə uğurla təmsil edib, fəxri diplom və sertifikatlara layiq görülüb. Mühüd Orucov 2016-cı il aprelin 2-də Talış yüksəkliyi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub və doğulduğu kənddə dəfn olunub. Ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.

NƏCƏF BƏY VƏZİROV

(1854-1926)

8. Azərbaycan milli teatrın banilərindən biri, yazıçı və dramaturq Nəcəf bəy Fətəli bəy oğlu Vəzirovun anım günüdür. O, 1854-cü il aprelin 2-də Şuşa şəhərində anadan olub. Səhhəti imkan vermədiyi üçün yalnız 12 yaşında məktəbə gedə bilib, lakin qısa zamanda oxuyub-yazmağı öyrənib. İlk təhsilini dini məktəbdə alıb. Burada bir il oxuduqdan sonra Şuşa şəhərindəki mülkiyyə məktəbinə gedib, lakin burada erməni müəllimin amansız rəftarı onu məktəbdən uzaqlaşmağa məcbur edib. 1868-ci ildə Şuşadan ayrılaraq Bakıya gəlib. Burada imtahan verib realnı gimnaziyanın ikinci sinfinə daxil olub və öz bacarığı ilə tezliklə müəllimlərin rəğbətini qazanıb. 1873-cü il martın 10-da onun və Həsən bəy Zərdabinin təşəbbüsü ilə Bakı realnı gimnaziyasının teatr truppası tərəfindən M.F.Axundovun “Sərgüzəşti-vəziri-xani Lənkəran” komediyası nümayiş etdirilib. Bu tamaşa ilə Azərbaycanda milli teatrın əsası qoyulub.1874-cü ildə gimnaziyanı qurtarıb və təhsilini davam etdirmək üçün Rusiyaya gedib, Moskvada Meşə və Təbiətşünaslıq Akademiyasının Meşəçilik şöbəsində təhsil alıb. Oranı bitirdikdən sonra təyinatla Yelizavetpol quberniyasının Tərtər nahiyəsinə meşəbəyi təyin olunub. 1895-ci ildə Bakıya köçüb. Burada lazımi imtahanları verərək vəkillik vəsiqəsi alıb və məhkəmələrdə çalışıb. Eyni zamanda bədii yaradıcılığını davam etdirib, "Yağışdan çıxdıq yağmura düşdük", "Müsibəti-Fəxrəddin", "Pəhləvani-zəmanə" kimi klassik əsərlərini yaradıb. 1903-cü ildə Bakı Dumasına katib seçilib. Az sonra isə şəhər maarif şöbəsi rəisinin müavini təyin edilib və keçmiş müəllimi Həsən bəy Zərdabi ilə birlikdə yeni məktəblərin, müxtəlif tərbiyə ocaqlarının açılması işində yaxından iştirak edib. Azərbaycanda aprel istilasından sonra Bakıda Kənd Təsərrüfatı Texnikumunda müəllim işləyib. 1926-cı ilin iyulunda Nəcəf bəy Vəzirov təcrübə məşğələləri aparmaq üçün tələbələrlə birlikdə getdiyi Şamaxı rayonunda ürək çatışmazlığından vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.

ƏLƏDDİN ABBASOV

(1922-2014)

9. Azərbaycanın xalq artisti, teatr və kino aktyoru Ələddin Aslan oğlu Abbasovun xatirə günüdür. O, 5 may 1922-ci ildə Gəncədə doğulub. 15 yaşında Gəncə Dövlət Dram Teatrının nəzdindəki aktyor studiyasına qəbul olunub. İki il təhsil müddətində teatrın yardımçı heyətində çalışıb, repertuardakı tamaşalarda kütləvi səhnələrə çıxıb. 1939-cu ildə teatrın truppasına qəbul olunub və ömrünün sonunadək burada işləyib. "Aydın", "Solğun çiçəklər", "Üç qəpiklik opera", "Bahar", "Fərhad və Şirin", "Böyük ürək", "Nişanlı qız", "Mən ki gözəl deyildim", "Özgə ömrü" , "Qatır Məmməd" kimi film və tamaşalarda yaddaqalan obrazlar yaradıb. "Dəli Kür" filmində oynadığı Cahandar ağa obrazı onu böyük populyarlıq qazandırıb. "Şərəf Nişanı" və I dərəcəli "Vətən Müharibəsi" ordeninə, Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanına, "Qızıl Dərviş" mükafatına layiq görülən Ələddin Abbasov 2014-cü ilin iyulunda Gəncə şəhərində vəfat edib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın