00:16 13 Sentyabr 2020 328
Ana səhifə Dünyanın bu günü

Dünyanın bu günü - 13.09.2020

ƏLİ ZÜLALOV

(1893-1963)

Azərbaycanın əməkdar artisti, opera müğənnisi Əli Əbdül oğlu Zülalov 1893-cü il sentyabrın 13-də Şuşa şəhərində anadan olub. Şuşa realnı məktəbində, Bakı Musiqi Texnikumunda və Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb. Səhnədə ilk addımlarını Üzeyir və Zülfüqar Hacıbəyov qardaşlarının truppasında atıb. Əhməd Ağdamskidən sonra qadın rollarının ilk ifaçılarından biri olub. Uzun illər Azərbaycan Opera və Balet Teatrında işləyib, bir çox tamaşalarda yaddaqalan obrazlar yaradıb. Əli Zülalov 1963-cü ilin fevralın 18-də Bakıda vəfat edib.

ARİF MƏLİKOV

(1933-2019)

SSRİ və Azərbaycanın xalq artisti, bəstəkar, rəssam, professor Arif Cahangir oğlu Məlikov 13 sentyabr 1933-cü ildə Bakıda anadan olub. Azərbaycan Dövlət Konservatoriyasını Qara Qarayevin bəstəkarlıq sinfi üzrə bitirib. Konservatoriyada müəllim, baş müəllim, dosent, professor və Bəstəkarlıq kafedrasının müdiri kimi vəzifələrdə çalışıb. Nazim Hikmətin librettosu əsasında yazdığı ilk böyük əsəri - "Məhəbbət əfsanəsi" baleti ona dünya şöhrəti qazandırıb. "Sehrli xalat", "Ulduzlar sönmür", "Rüstəm və Söhrab", "Axırıncı aşırım", "Qərib cinlər diyarında", "Natəvan", "Atabəylər" kimi film və tamaşalarına musiqi yazıb. “Heydər Əliyev”, “İstiqlal” və “Şöhrət” ordenləri ilə təltif olunan Arif Məlikov 2019-cu il mayın 9-da vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.

RƏŞİD TALIŞİNSKİ

(1928-1988)

Tibb elmləri doktoru, professor Rəşid Rüstəm oğlu Talışinski 1928-ci ilin bu günü Bakıda həkim ailəsində anadan olub. 1953-cü ildə Azərbaycan Tibb İnstitutunu bitirdikdən sonra Tacikistanda əmək fəaliyyətinə başlayıb. Sonradan fəaliyyətini Azərbaycanda və Ukraynada davam etdirib. 1975-ci ildən 1988-ci ilədək Azərbaycan Travmatoloqlar və Ortopedlər Elmi Cəmiyyətinin sədri olub. Dünyada lazer şüalanmasının sümük toxumasına təsiri haqqında ilk elmi əsər yazıb. 144 elmi əsərin və 10 ixtiranın müəllifi olan Rəşid Talışinski 1988-ci il aprelin 14-də vəfat edib.

VAQİF PİRİYEV

(1938-2010)

Əməkdar elm xadimi, tarix elmləri doktoru, professor Vaqif Ziyəddin oğlu Piriyev 1938-ci il sentyabrın 13-də Quba rayonunun Buduq kəndində anadan olub. Quba kənd təsərrüfatı texnikumunu, Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini və Azərbaycan EA-nın Tarix İnstitutunun əyani aspiranturasını bitirib. Əsas tədqiqatları Azərbaycanın monqol işğalı dövrünə aiddir. Çapdan çıxmış 130 elmi əsərin və 11 monoqrafiyanın müəllifidir. 2005-ci ildə "Tərəqqi" medalı ilə təltif olunan Vaqif Piriyev 25 avqust 2010-cu ildə Qubada vəfat edib.

MİRZƏ QƏNİYEV

(1958-1990)

20 Yanvar şəhidi Mirzə Rzabala oğlu Qəniyev 13 sentyabr 1958-ci ildə Bakıda anadan olub. Bakı su kəmərləri idarəsində çilingər işləyib. 1990-cı il yanvarın 19-da gecə evdən çıxan zaman sovet əsgərlərinin açdığı atəşlə yaralanıb və bir ay müalicə olunub. Mirzə Qəniyev fevralın 19-da Semaşko adına xəstəxanada vəfat edib və Şəhidlər Xiyabanında dəfn edilib.

İSMAYIL AXUNDOV

(1907-1969)

Azərbaycanın xalq rəssamı İsmayıl Hüseyn oğlu Axundovun anım günüdür. O, 15 aprel 1907-ci ildə Bakının Maştağa kəndində doğulub. Azərbaycan Rəssamlıq Məktəbində və Moskva Poliqrafiya İnstitutunda təhsil alıb. Uzun müddət "Kirpi" jurnalında fəaliyyət göstərib. Əsasən qrafika, dekorativ tətbiqi sənəd və teatr rəssamlığı sahəsində çalışıb. Kitab illüstrasiyaları, karikatura və plakatlar da çəkib. Akademik Milli Dram Teatrında 30-dan çox tamaşanın bədii tərtibatını verib. 1950-ci ildə Stalin mükafatı ilə təltif olunan İsmayıl Axundov 1969-cu ilin sentyabrında Polşanın Krakov şəhərində vəfat edib.

ZİYAFƏT BALIYEV

(1965-1992)

Şəhid Ziyafət Qurban oğlu Balıyevin xatirə günüdür. O, 1965-ci il iyulun 7-də Bərdə rayonunun Yeni Daşkənd kəndində anadan olub. Burada orta təhsilini tamamladıqdan sonra 1983-1985-ci illərdə sovet ordusu sıralarında serjant rütbəsi ilə hərbi xidmətdə olub. Bərdə rayonunda sürücü işləyib, Bərdə rayon Daxili İşlər Şöbəsində polis baş serjantı olub. 1991-ci ildə Ağdərə bölgəsinə göndərilib və döyüşlərdə erməni quldurlarının xeyli sayda canlı qüvvəsini məhv edib. Ziyafət Balıyev 1992-ci il sentyabrın 13-də Ağdərə rayonunun Çıldıran kəndi uğrunda gedən döyüşdə şəhid olub və doğulduğu kənddə dəfn olunub. Ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif olunub.

RÖVŞƏN ABDULLAYEV

(1969-1992)

Azərbaycanın Milli Qəhrəmanı Rövşən Əbdülhüseyn oğlu Abdullayev də bu gün xatırlanır. O, 1969-cu il yanvarın 16-da Lerik rayonunda anadan olub. Astara şəhərindəki 1 saylı orta məktəbdə oxuyub, sonra sənədlərini Leninqrad şəhərində SSRİ Daxili İşlər Nazirliyinin 50 illiyi adına Ali Hərbi Siyasi məktəbinə verib və orada təhsil alıb. Daxili Qoşunların Biləcəri qəsəbəsində yerləşən “N“ saylı hərbi hissəsinə göndərilib, həmin hərbi hissədə rota komandirinin siyasi məsələlər üzrə müavini olub. Rövşən Abdullayev 1992-ci ilin sentyabrın 13-də Zəngilan rayonunun Qazançı kəndinə düşmən hücumunu dəf edərkən həlak olub və Lənkərandakı “Kiçik Bazar” qəbiristanlığında dəfn olunub.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın