12:00 14 İyun 2020 609
Ana səhifə Dünyanın bu günü

Dünyanın bu günü - 14.06.2020

CAMO BƏY HACİNSKİ

(1888-1942)

1. Azərbaycanın görkəmli dövlət və siyasi xadimi Cəmo bəy Süleyman oğlu Hacınski 1888-ci il iyunun 14-də Azərbaycanın Quba rayonunda anadan olub. Peterburq Universitetinin hüquq fakültəsində təhsil alıb. Rusiya Müvəqqəti Hökumətinin Zaqafqaziya Komitəsinin vəkili, Zaqafqaziya Kəndli Deputatları İcraiyyə Komitəsinin sədr müavini, Zaqafqaziya Mərkəzi Komissiyasının sədri, dövlət müfəttişi, Azərbaycan SSR Xalq Ədliyyə Komissarlığında İnzibati-Maliyyə Şöbəsinin rəisi, Kənd Təsərrüfatı Kooperasiyası İttifaqında (“Göybirliyi”) Plan Şöbəsinin katibin və müdiri, Sənaye Kooperasiyasında baş məsləhətçi vəzifələrində çalışıb. Müsəlman Dram Cəmiyyətinin, Azərbaycan Arxeoloji Cəmiyyətinin yaradıcılarından biri olub. Üzeyir Hacıbəyovun əsərlərinin tamaşaları, həmçinin Nəcəf bəy Vəzirovun və başqalarının da yaradıcılığı barədə məqalələr, resenziyalar yazıb, “Milli nəğmələr” adlı şeirlər kitabını nəşr etdirib. 1937-ci ildə həbs olunan Camo bəy Hacınski 1938-ci ildə Moskva ətrafındakı Kirov vilayətinə sürgün edilib və 1942-ci ilin iyununda Sibirdəki Vyatka xüsusi həbs düşərgəsində vəfat edib. SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının 26 iyun 1956-cı il tarixli qərarı ilə ona bəraət verilib.

ZİVƏR MƏMMƏDOVA

(1902-1980)

2. İlk azərbaycanlı heykəltəraş qadın Zivər Nəcəfqulu qızı Məmmədova 14 iyun 1902-ci ildə Bakı şəhərində anadan olub. İlk orta təhsilinə “Müqəddəs Nina” qızlar gimnaziyasında başlayıb. Məktəbi bitirdikdən sonra heykəltəraşlıq fakültəsində rəssamlıq kursuna daxil olub. 1920-ci ildə Bakı Ali Rəssamlıq Məktəbinə daxil olub, 1924-cü ildə oranı bitirib. O, Azərbaycan mədəniyyəti tarixində nəinki ilk qadın heykəltəraş, həmçinin peşəkar qadın skripka ifaçısı kimi də tanınıb. Dahi bəstəkar Üzeyir Hacıbəyovun mühazirələrinin dinləyicisi olub, onun 1922-ci ildə yaratdığı və rəhbərlik etdiyi Dövlət Simfonik Orkestrində skripka çalıb, 1923-cü ildə “Arşın mal alan” operettasının ilk tamaşasında əsas ifaçılardan olub. 1930-1940-cı illərdə Əzim Əzimzadə, Hüseynqulu Sarabski, Məşədi Əzizbəyov, Bəsti Bağırova və başqa tanınmışların büst-portretlərini yaradıb. 1950-ci ildə Üzeyir Hacıbəyovun gipsdən heykəlini hazırlayıb. 1924-cü ildə Həbib Məmmədovla ailə quran Zivər Məmmədova görkəmli Azərbaycan heykəltəraşı Tokay Məmmədovun anasıdır. O, 1980-ci il aprelin 14-də Bakıda vəfat edib.

HƏBİB BAYRAMOV

(1926-1994)

3. Azərbaycanın xalq artisti, tarzən Həbib Əbdül Hüseyn oğlu Bayramov 1926-cı ilin bu günü Bakıda anadan olub. Asəf Zeynallı adına Orta İxtisas Musiqi Məktəbində həm təhsil alıb, həm də müəllim çatışmadığı üçün burada muğam sinfində dərs deyib. 1941-ci ildən Əhməd Bakıxanovun rəhbərlik etdiyi Azərbaycan Xalq Çalğı Alətləri Ansamblında çalışıb, 1949-cu ildən Azərbaycan Dövlət Filarmoniyasının Azərbaycan Qastrol-Konsert Birliyi təşkil olunduqdan sonra isə bu birliyin solisti olub. 1973-cü ildən ömrünün sonunadək Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin Əhməd Bakıxanov adına Xalq Çalğı Alətləri Ansamblının bədii rəhbəri olub. Onun sazda ifa etdiyi “Segah”, “Humayun”, “Bayatı-Qacar” muğamları radionun “Qızıl Fond”unda saxlanılır. Xalq artisti, müğənni Tükəzban İsmayılova ilə evli olan Həbib Bayramov 1994-cü il avqustun 15-də vəfat edib və Bakıda II Fəxri xiyabanda dəfn olunub.

FAİQ SÜCƏDDİNOV

(1947)

4. Azərbaycanın xalq artisti, bəstəkar Faiq (Mirfaiq) Miri oğlu Sücəddinov 1947-ci il iyunun 14-də Gəncədə doğulub. Asəf Zeynallı adına Musiqi Texnikumunun fortepiano şöbəsində, Azərbaycan Pedaqoji Dillər İnstitutunda və Azərbaycan Dövlət Konservatoriyasının Bəstəkarlıq fakültəsində təhsil alıb. 1969-cu ildə Azərbaycan Dövlət Radio və Televiziya Komitəsinin Estrada Orkestrinin rəhbəri Tofiq Əhmədovun dəvəti ilə orkestrdə çalışmağa başlayıb. 2000-ci illərdə Türkiyə və Kiprdə fəaliyyət göstərib. “Vətən balladası”, “Dostum”, “Ağcaqanadın uçuşu”, “Xatirələr” və başqa əsərlərin müəllifidir. Faiq Sücəddinov "Şöhrət" ordeni ilə təltif edilib, Azərbaycan Prezidentinin fərdi təqaüdünə layiq görülüb.

RÖYA AYXAN

(1982)

5. Azərbaycanın xalq artisti, müğənni Röyalə Yaqub qızı Nəcəfova (Röya Ayxan) 14 iyun 1982-ci ildə Bakıda dünyaya gəlib. Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsində təhsil alıb. Vaqif Gərayzadənin W-trio qrupunda çıxış edib, qrupdan ayrıldıqdan sonra isə solo müğənniliyə başlayıb. 2005-ci ildə Yalta şəhərində keçirilən Beynəlxalq Gənc İfaçılar müsabiqəsində "Tamaşaçı simpatiyası" nominasiyası üzrə laureat olub, 2006-cı ildə isə V&V prodüser mərkəzinin keçirdiyi sorğuya əsasən "İlin müğənnisi" və "İlin konserti" nominasiyaları üzrə qalib gəlib. Röya Ayxan 2015-ci ildə Azərbaycanın əməkdar artisti fəxri adına, 2019-cu ildə isə xalq artisti fəxri adına layiq görülüb.

VALEH BABAYEV

(1977-2007)

6. Şəhid Valeh Dadaş oğlu Babayev 1977-ci ilin bu günü Qobustan rayonunun Nərimankənd kəndində anadan olub. Həzi Aslanov adına Bakı Ali Ümumqoşun Komandirləri Məktəbində təhsil alıb. 1998-ci ilin iyun ayından müxtəlif illərdə Silahlı Qüvvələrin və Quru Qoşunlarının hərbi hissələrində tağım komandiri, bölük komandiri və hərbi hissənin fiziki hazırlıq üzrə mütəxəssis vəzifələrində xidmət edib. 2007-ci il noyabr 5-dən 6-na keçən gecə döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub. Baş leytenant Valeh Babayev ölümündən sonra "Qüsursuz xidmətə görə" III dərəcəli medalı ilə təltif edilib. Qobustan şəhərində böyüyüb boya-başa çatdığı küçə onun adını daşıyır.

ERNESTO ÇE GEVARA

(1928-1967)

7. Argentinalı marksist-inqilabçı və siyasətçi, Fidel Kastro ilə birlikdə Kuba və beynəlxalq inqilab hərəkatının rəhbərlərindən olmuş Ernesto Çe Gevara 14 iyun 1928-ci ildə Argentinanın Rosario şəhərində anadan olub. Buenos-Ayres Universitetində təhsil alıb. 1959-1961-ci illərdə Kuba Milli Bankının prezidenti, sonra isə sənaye naziri olub. Kuba diktatoru Fulxensio Batistaya qarşı silahlı mübarizə aparan inqilabçıların komandirlərindən biri olub. 1959-cu ildə inqilabçıların qələbəsindən sonra Kuba hökumətində bir sıra postlar tutub. Daha sonra əvvəlcə Afrikada, sonra isə Latın Amerikasında partizan hərəkatı təşkil etmək məqsədilə ölkəni tərk edib. Ernesto Çe Gevara 1967-ci il oktyabrın 8-də Boliviyada hökumət qüvvələri ilə döyüşdə yaralanaraq əsir götürülüb, oktyabrın 9-da isə güllələnib. Onun dəfn olunduğu yer uzun müddət gizli qalıb, 1997-ci ildə isə Kubanın Santa-Klara şəhərinə aparılıb. Burada xüsusi mavzoley tikilib və Çe Gevaraya hündürlüyü 6 metr olan abidə qoyulub. Adı tarixdə “100 ən çox öyrənilmiş şəxsiyyət” siyahısına daxil edilib.

DONALD TRAMP

(1946)

8. ABŞ-ın 45-ci prezidenti, biznes və siyasi xadimi Donald Con Tramp 14 iyun 1946-cı ildə Kuins şəhərində anadan olub. Nyu York Hərbi Akademiyasının məktəb-internatında təhsil alıb, Uorton Biznes Məktəbinin iqtisadiyyat ixtisasını maliyyə işləri üzrə bitirib. Biznes fəaliyyətinə kollecdə təhsil alarkən Ohayo ştatının Sinsinati şəhərində 1200 mənzillik binanın modernləşməsindən başlayıb, böyük gəlir gətirə bilən tikinti layihələri həyata keçirib. "Trump Organization" tikinti konqlomeratının prezidenti, mərc oyunları və hotel biznesində ixtisaslaşan “Trump Entertainment Resorts” şirkətinin yaradıcısı, "Namizəd" realiti-şousunun icraçı prodüseri və aparıcısı olub. Donald Tramp 2016-cı il 8 noyabr prezident seçkilərində demokrat rəqibi Hillari Klintonu üstələyərək, ABŞ prezidenti seçilib. 20 yanvar 2017-ci ildən isə səlahiyyətlərinin icrasına başlayıb.

FƏTULLA HÜSEYNOV

(1937-2004)

9. Azərbaycanda “qara polkovnik” ləqəbi ilə məşhur olan Fətulla Əli oğlu Hüseynovun anım günüdür. O, 1937-ci ildə Tovuz rayonunda anadan olub. Azərbaycan Texniki Universitetinin avtomobil-tikinti fakültəsini, Bakı Dövlət Universitetinin hüquq fakültəsini və SSRİ Daxili İşlər Nazirliyinin kurslarını bitirib. Respublika Dövlət Yol Polisi İdarəsinin rəis müavini, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi, Baş Yanğınsöndürmə İdarəsinin rəis müavini, DİN-in polis polkunun komandiri, AFFA-nın Nizam-İntizam Komitəsinin sədri və vitse-prezidenti vəzifələrində çalışıb. 1994-cü ildə qələbə ilə başa çatan Horadiz əməliyyatına rəhbərlik edib. Fətulla Hüseynov 2004-cü ilin iyununda yaşadığı binanın qarşısında Hacı Məmmədovun dəstə üzvləri tərəfindən öldürülüb.

QARATEL HACIMAHMUDOVA

(1948-1992)

10. Şəhid Qaratel Şəmi qızı Hacımahmudovanın xatirə günüdür. O, 1948-ci ildə Qazax rayonunun Aşağı Əskipara kəndində dünyaya göz açıb. Bakı Ticarət Texnikumunda, Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda təhsil alıb. Neft Kəşfiyyatı İdarəsində işləyib, Azərbaycan milli azadlıq hərəkatının ən fəal üzvlərindən olub. Öz kəndlərində yaradılmış könüllü özünümüdafiə dəstəsinə qoşulub. 1992-ci ilin iyununda mühasirəyə düşüb və düşmənin əlinə sağ keçməmək üçün özünü öldürüb. Qaratel Mahmudova 1994-cü ildə "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunub.

MİRƏSGƏR SEYİDOV

(1970-1992)

11. Azərbaycanın Milli Qəhrəmanı Mirəsgər Seyidov da bu gün xatırlanır. O, 1970-ci il fevralın 6-da Babək rayonunun Qaraxanbəyli kəndində anadan olub. 1987-ci ildə Naxçıvan şəhər 39 saylı orta məktəbini bitirib. 1988-1990-cı illərdə hərbi xidmətdə olub. Babək rayonunun Yuxarı Buzqov kənd özünümüdafiə batalyonunda vuruşub. Dəfələrlə döyüşçü dostlarını mühasirədən çıxaran Mirəsgər Seyidov 1992-ci ilin iyununda baş verən döyüşdə qəhrəmancasına həlak olub və Naxçıvan şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.

İLQAR VERDİYEV

(1975-2012)

12. Bu gün şəhid kapitan İlqar Tapdıq oğlu Verdiyevin anım günüdür. O, 1975-ci ildə Bakı şəhərində dünyaya göz açıb. Türkiyə Quru Qoşunları məktəbində mühəndis-istehkamçı ixtisası üzrə təhsil alıb. Müdafiə Nazirliyi mətbuat xidmətinin zabiti, Naftalanda yerləşən hərbi hissənin mühəndis-istehkam bölüyünün komandiri vəzifələrində çalışıb. 2012-ci il iyunun 9-dan 10-na keçən gecə cəbhənin Goranboy rayonu istiqamətində minaya düşmüş hərbi hissənin mühəndis-istehkam xidmətinin rəisi, mayor Zahir Məmmədovu ərazidən çıxarmaq istəyərkən özü də minaya düşüb. Mərkəzi Hərbi Kliniki Hospitalına yerləşdirilən İlqar Verdiyev iyunun 14-də vəfat edib və Şüvəlan qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılıb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın