00:16 14 Sentyabr 2020 271
Ana səhifə Dünyanın bu günü

Dünyanın bu günü - 14.09.2020

ASLAN QƏHRƏMANOV

(1939-2014)

Azərbaycan yazıçısı, dramaturq Aslan Qəhrəman oğlu Qəhrəmanov 1939-cu il sentyabrın 14-də Ağstafa rayonunun Yenigün kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsində təhsil alıb. Müxtəlif illərdə laboratoriya rəisi, baş redaktor, baş müəllim, dosent və rektor vəzifələrində çalışıb. Bir sıra elmi əsərlərin müəllifi, iqtisadiyyatda modelləşdirməyə dair dərsliyin və vergilərə dair dərsliklərin həmmüəllifidir. 1985-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olub. "Səni axtarıram", "Bağışla" və "Səndən xəbərsiz" adlı üçhissəli telepyeslərin, radio üçün yazdığı "Daşa dönmüşlər şəhəri", "Şeytan", "Ceyran əfsanəsi", "Tutuquşu" və başqa 13 nağıl-pyesin müəllifidir. Azərbaycan televiziyasının "Müasirlərimiz" devizi ilə 1986-cı ildə keçirdiyi ən yaxşı televiziya pyesləri müsabiqəsində "Ürək" pyesi 2-ci mükafatı qazanıb. Aslan Qəhrəmanov 20 yanvar 2014-cü ildə vəfat edib və doğulduğu Ağstafa rayonunda dəfn edilib.

TEYMUR BƏKİRZADƏ

(1942-1996)

Azərbaycanın əməkdar incəsənət xadimi, kinorejissor Teymur Bəkir oğlu Bəkirzadə 1942-ci ilin bu günü Bakı şəhərində anadan olub. 1974-cü ildə Moskvada ali rejissor kurslarını bitirib. "Azərbaycanfilm" kinostudiyasında 40-dan çox sənədli və bədii filmlərin rejissoru olub. 1978-ci ildə çəkdiyi "Dissonans" sənədli filmi bir neçə festivalda mükafat alıb, bir çox medal və diplomlarla təltif edilib. Teymur Bəkirzadə 1996-cı il sentyabrın 21-də vəfat edib. Mərhum səs operatoru Bəkir Bəkirzadənin atasıdır.

AYDIN MANSUROV

(1953-2017)

Əməkdar mədəniyyət işçisi, musiqiçi və kinooperator Aydın Bəhram oğlu Mansurov 14 sentyabr 1953-cü ildə Bakıda musiqiçilər ailəsində anadan olub. Asəf Zeynallı adına Musiqi Məktəbində xor dirijorluğu fakültəsində təhsil alıb. Bir müddət musiqi məktəbində nəzəriyyədən dərs deyib. 1983-cü ildən Azərbaycan Televiziyasında, 2005-ci ildən ömrünün sonuna qədər İctimai Televiziyada kinooperator vəzifəsində işləyib. Bir çox televiziya və sənədli filmlərin quruluşçu operatoru olub. 2015-ci ildə "Humay" Milli Mükafatına layiq görülüb. Aydın Mansurov 2017-ci il dekabrın 30-da Bakıda vəfat edib. O, Azərbaycanın xalq artisti, tarzən Bəhram Mansurovun oğlu, xalq artisti, bəstəkar Eldar Mansurovun və əməkdar artist, tarzən Elxan Mansurovun qardaşıdır.

ŞEYX MƏHƏMMƏD XİYABANİ

(1879-1920)

Azərbaycan milli istiqlal hərəkatının görkəmli xadimlərindən biri Şeyx Məhəmməd Hacı Əbdülhəmid oğlu Xiyabaninin anım günüdür. O, 1879-cu ildə Təbriz şəhəri yaxınlığındakı Xamnə qəsəbəsində anadan olub. İlk təhsilini Xamnədə alıb, daha sonra Mahaçqalaya gedərək, ticarət işlərində atasına kömək edib. Təbrizə qayıtdıqdan sonra ruhani təhsili alıb, müctəhid dərəcəsinə çatıb. Rus və fransız dillərini öyrənib, Təbrizdəki Talibiyyə mədrəsəsində astronomiyadan dərs deyib. 1908-09-cu illərdə Təbrizin Xiyaban məhəlləsində səngər döyüşlərində mücadilə apardığı üçün Xiyabani adını qazanıb. Azərbaycan Milli Əncüməninin və İran parlamentinin deputatı olub. 1909-cu ildə təşkil edilən İran Demokrat Firqəsinə daxil olub, İran inqilabının məğlubiyyətindən sonra ölkəni tərk edərək, Mahaçqala, Bakı və Tiflis şəhərlərinə gedib. 1914-cü ildə Təbrizə qayıdaraq, ədəbi-fəlsəfi dərnək yaradıb və ondan gizli siyasi fəaliyyət üçün istifadə edib. 1917-ci ildə müstəqil elan edilən Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsinin sədri seçilib. 1920-ci il iyunun 23-də elan edilən Azərbaycan Milli Hökumətinin sədri seçilib. Şeyx Məhəmməd Xiyabani 1920-ci il sentyabrın 14-də Təbrizdə İran-kazak döyüşçüləri tərəfindən qətlə yetirilib.

HÜSEYN ARİF

(1924-1992)

Azərbaycanın xalq şairi, Dövlət Mükafatı laureatı Hüseyn Arifin xatirə günüdür. Hüseyn Camal oğlu Hüseynzadə 1924-cü il iyunun 15-də Qazax qəzasının Yenigün kəndində anadan olub. Bakı Pedaqoji Məktəbində, Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində və Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunun aspiranturasında təhsil alıb. Ədəbi fəaliyyətə İkinci Dünya müharibəsi illərindən başlayıb. Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətində şöbə müdiri, "Azərnəşr"in Bədii Ədəbiyyat Redaksiyasında böyük redaktor, "Gənclik" nəşriyyatında bədii ədəbiyyat redaksiyasının müdiri və Azərbaycan Aşıqlar Birliyinin sədri vəzifələrində işləyib. Hüseyn Arif 1992-ci ilin sentyabrında Bakıda vəfat edib və doğulduğu kənddə dəfn olunub.

QURBAN ABBASOV

(1926-1994)

Azərbaycanın əməkdar mühəndisi, fəxri neftçi, Sosialist Əməyi Qəhrəmanı, xalq arasında “Neftçi Qurban” adı ilə məşhur olan Qurban Abasqulu oğlu Abbasov da bu gün xatırlanır. O, 26 oktyabr 1926-cı ildə Naxçıvan Muxtar Respublikası Babək rayonunun Payız kəndində anadan olub. Azərbaycan Neft İnstitutunun neft-mədən fakültəsində təhsil alıb. Əmək fəaliyyətinə fəhlə kimi başlayıb. Müxtəlif illərdə qazmaçı, buruq ustası, qazma sahəsi idarəsinin rəisi, müdir, baş direktor müavini və baş direktor vəzifələrində, 1992-ci ildən isə ömrünün sonunadək Azərbaycan Dövlət Neft Şirkətinin baş müşaviri kimi çalışıb. O, açıq dənizdə neft və qaz çıxarılmasının ilk təşkilatçılarından biri olub. “Qırmızı Əmək Bayrağı”, “Oktyabr İnqilabı” və “Şöhrət” ordenlərinə, bir çox mükafatlara, medallara və adlara layiq görülüb. Qurban Abbasov 1994-cü ilin sentyabrın 14-də Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.

AŞIQ ƏDALƏT

(1939-2017)

Azərbaycanın əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü, aşıq Ədalət Məhəmmədəli oğlu Nəsibovun anım günüdür. O, 27 yanvar 1939-cu ildə Qazaxda anadan olub. Saz ifa etməyi atasından öyrənib. Gənc yaşlarından fitri istedadı üzə çıxıb, məclislərə dəvət alıb. “Qaytarma”, “Baş Sarıtel”, “Ruhani”, “Yanıq Kərəm”, “Kərəm Gözəlləməsi” və başqa bu kimi saz havaları onun ifasında daha gözəl, bənzərsiz olub. “Yeddi oğul istərəm” bədii filmində aşıq obrazını yaradıb. Aşıq Ədalət 2017-ci il sentyabrın 14-də Bakıda vəfat edib.

ƏLİ HAQVERDİYEV

(1939-1992)

Azərbaycanın əməkdar artisti, rəssam, aktyor və müğənni Əli Həsən oğlu Haqverdiyevin xatirə günüdür. O, 29 iyul 1939-cu ildə Bakıda rəssam Həsən Haqverdiyev və Güllü Mustafayevanın ailəsində anadan olub. Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinin qrafika şöbəsində, Bülbül adına Orta İxtisas Musiqi Məktəbində və Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının vokal fakültəsində təhsil alıb. Uzun illər Akademik Opera və Balet Teatrında aktyor və solist, Azərbaycan Dövlət Konservatoriyasının vokal fakültəsində müəllim kimi çalışıb. Rəsm əsərləri bir sıra sərgilərdə nümayiş olunub, aktyor kimi bir neçə Azərbaycan filmində çəkilib. Ən yaddaqalan obrazı "Dədə Qorqud" filmindəki Yalıncıq obrazıdır. Azərbaycan Rəssamlar İttifaqının və Teatr Xadimləri İttifaqının üzvü olub. Əli Haqverdiyev 1992-ci il sentyabrın 14-də dəniz sahilində elektrik cərəyanı vurması nəticəsində həlak olub və Qurd Qapısı məzarlığında dəfn olunub. O, rəssam Ucal Haqverdiyevin, Azərbaycanın xalq artisti, rəssam, fotoqraf, heykəltəraş Hüseyn Haqverdiyevin və musiqişünas, pedaqoq Zemfira Qafarovanın qardaşıdır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın