00:00 14 Oktyabr 2020 122
Ana səhifə Dünyanın bu günü

Dünyanın bu günü - 14.10.2020

ŞƏFİQƏ QASPIRALI

(1886-1975)

Çar Rusiyasındakı ilk qadın jurnalının baş redaktoru Şəfiqə Qaspıralı 1886-cı il oktyabrın 14-də Bağçasarayda məşhur türk ziyalısı İsmayıl bəy Qaspıralının ailəsində anadan olub. Mətbuata 1903-cü ildə atasının rəhbəri olduğu “Tərcüman” qəzeti vasitəsilə gəlib. 1906-cı ildə Rusiya imperiyasında yaşayan türklərin ilk qadın jurnalı olan “Qadın dünyası” (“Aləmi-nisvan”) dərgisini nəşr etdirib. 1906-cı ildə gələcəkdə Azərbaycan Xalq Cümhuriyyətinin baş naziri olacaq Nəsib bəy Yusifbəyli ilə ailə qurub. Onun rəhbərliyi ilə Krımda qadın komitələri yaradılıb, 1918-1919-cu illərdə Krım Millət Məclisinin üzvü seçilib. Xalq Cümhuriyyəti dövründə Azərbaycan Xalq Maarifi Nazirliyində uşaq bağçaları üçün tərbiyəçilər hazırlayan kurslar təşkil edib, dərsliklərin tərcüməsi və nəşrində iştirak edib. Cümhuriyyətin işğalından və Nəsib bəy Yusifbəylinin qətlindən sonra Türkiyənin Bakıdakı təmsilçisi Məmduh Şövkətin səyi nəticəsində övladları ilə İstanbula aparılıb. Tərcüməçilik edərək və Qızıl Ay Cəmiyyətində çalışaraq övladlarına ali təhsil verib. 1930-cu ildə Türkiyədə Krım Qadınlar Cəmiyyətini təsis edib. Şəfiqə Qaspıralı 31 avqust 1975-ci ildə Türkiyədə vəfat edib.

ƏLİSGƏNDƏR CƏFƏRZADƏ

(1875-1941)

Görkəmli ictimai və maarif xadimi, naşir Əlisgəndər Hacibaba oglu Cəfərzadə 14 oktyabr 1875-ci ildə Bakı şəhərində anadan olub. 1887-1890-cı illərdə Bakıda məhəllə və ilk xüsusi rus-müsəlman məktəbində oxuyub. 1897-ci ildə İmperator III Aleksandr kişi gimnaziyasında xüsusi komissiya qarşısında imtahan verərək, Azərbaycan dili müəllimi diplomu alıb. 1895-1898-ci illərdə Nəriman Nərimanovun Bakıda təşkil etdiyi qiraətxanada müdir, 1897-1920-ci illərdə ikinci rus-müsəlman məktəbində müəllim, 1906-1918-ci illərdə "Nəsri-maarif" cəmiyyətində katib, 1920-1924-cü illərdə Azərbaycan SSR Xalq Maarif Komissarlığında nəşriyyat şöbəsinin və "Azərnəşr"də uşaq ədəbiyyatı bölməsinin müdiri, istehsalat şöbəsinin müdir müavini, 1924-1932-ci illərdə texniki redaktor, 1932-1938-ci illərdə isə "Azərneft"də kadr şöbəsinin rəisi işləyib. Azərbaycanda ana dilində müstəqil uşaq mətbuatının yaranması onun adı ilə bağlıdır. 1906-1908-ci illərdə "Dəbistan" adlı ilk pedaqoji jurnalın naşiri və mühərriri olub. 1905-1906-ci illərdə "Həyat" qəzetinin baş mürəttibi, Rəşid bəy Əfəndiyevin 1902-ci ildə "Bəsirə-tül-ətfal" müntəxəbatının, 1921-ci ildə "Füqəra füyuzatı" jurnalının, 1922-ci ildə M.Ə.Sabirin "Hophopnamə"sinin naşiri olub. Əlisgəndər Cəfərzadə 28 yanvar 1941-ci ildə dünyasını dəyişib.

HƏYAT ABDULLAYEVA

(1912-2006)

Azərbaycanın əməkdar incəsənət xadimi, heykəltəraş Həyat Həmdulla qızı Abdullayeva 1912-ci ilin bu günü Dərbənd şəhərində doğulub. 1942-ci ildə Leninqrad Rəssamlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutuna daxil olub, dəzgah heykəltəraşlığı sahəsində ilk ali təhsilli heykəltəraş qadın olub. Bakı Rəssamlıq Texnikumunda dərs deyib. "Ana", "Yeddi gözəl" heykəlciklərinin, "Həcər", "Gənclik", "Lay-lay" heykəl-kompozisiyalarının, Molla Pənah Vaqifin abidəsinin, "İki qız", "Şah İsmayıl", "Natəvan" və başqa yaddaqalan əsərlərin müəllifidir. Həyat Abdullayeva 21 aprel 2006-cı ildə Bakıda vəfat edib.

MƏMMƏD ARAZ

(1933-2004)

Azərbaycanın xalq şairi, Dövlət Mükafatı laureatı Məmməd Araz 1933-cü il oktyabrın 14-də Şahbuz rayonunun Nursu kəndində dünyaya göz açıb. 1954-cü ildə Azərbaycan Pedaqoji İnstitutunu bitirib. Tələbəlik illərində institutda yazıçı İsmayıl Şıxlının rəhbərlik etdiyi ədəbiyyat dərnəyinin məşğələlərində fəal iştirak edib. Burada bəyənilən “Yanın, işıqlarım” şeiri 1952-ci ildə çap edilib. Əmək fəaliyyətinə doğma kəndindəki orta məktəbdə müəllimliklə başlayıb, sonra Bakıya köçərək Azərbaycan Nazirlər Soveti yanında Baş Mətbuat İdarəsində müvəkkil işləyib. 1959-1961-ci illərdə Moskvada Yazıçılar İttifaqı nəzdindəki Ali ədəbiyyat kurslarının müdavimi olub. Sonra “Ulduz” jurnalının məsul katibi, “Ədəbiyyat və incəsənət” qəzetində, Azərbaycan Dövlət Nəşriyyatında baş redaktorun müavini, 1974-cü ildən ömrünün sonuna kimi “Azərbaycan Təbiəti” jurnalının baş redaktoru olub. “İstiqlal” ordeni və Hacı Zeynalabdin Tağıyev adına milli mükafatla təltif edilib. Məmməd Araz 2004-cü il dekabrın 1-də Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub. O, yazıçı-publisist İradə Tuncayın atası, Yazıçı-jurnalist Aqil Abbasın qayınatasıdır.

İSLAM RƏHMANOV

(1968-1990)

20 Yanvar şəhidi İslam Oqtay oğlu Rəhmanov 14 oktyabr 1968-ci ildə Ramana qəsəbəsində anadan olub. 1 nömrəli tikinti-quraşdırma idarəsində fəhlə işləyib. 1990-cı il yanvarın 19-da gecə radələrində güllə səsinə küçəyə çıxıb və hər iki ayağından, sağ qolundan yaralanıb. İslam Rəhmanov yanvarın 29-da vəfat edib və Ramana qəbiristanlığında dəfn edilib.

SAMİD İMANOV

(1981-2016)

Azərbaycanın Milli Qəhrəmanı Samid Gülağa oğlu İmanov 1981-ci ilin bu günü Neftçala rayonunun Həsənabad qəsəbəsində doğulub. 2003-cü ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbi fərqlənmə diplomu ilə bitirib. Müxtəlif illərdə Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissəsində qrup komandiri müavini, qrup komandiri, bölük komandiri, dəstə komandiri və hərbi hissənin qərargah rəisi vəzifələrində xidmət edib. Türkiyə, Pakistan, İsveçrə və Rumıniyada keçirilən müxtəlif hərbi kurslarda iştirak edib. Mayor Samid İmanov 2016-cı il aprelin 4-də Tərtər rayonunun Talış kəndi istiqamətindəki döyüş zamanı şəhid olub. Azərbaycan Prezidentinin 19 aprel 2016-cı il tarixli fərmanı ilə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

RƏŞAD CƏFƏRZADƏ

(1994-2015)

Şəhid Rəşad Əlyar oğlu Cəfərzadə 1994-cü il oktyabrın 14-də Bakı şəhərində anadan olub. Orta təhsilini bitirdikdən sonra hərbi xidmətə yollanıb. Əsgər Rəşad Cəfərzadə 2015-ci ildə dekabrın 16-da axşam saatlarında Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid olub və Bakı şəhərinin Binəqədi rayonunda dəfn olunub. Ölümündən sonra III dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalı ilə təltif edilib.

ƏLİ QURBANOV

(1898-1962)

Azərbaycanın xalq artisti, aktyor Əli Mirzə oğlu Qurbanovun anım günüdür. O, 1898-ci il iyunun 20-də Tiflis şəhərində dünyaya gəlib. Uşaqlıq və gənclik illəri çox ağır keçdiyi üçün işləyə-işləyə orta məktəbi bitirib. Tiflisdə Azərbaycan Dram Teatrında, "İttihad" ikinci teatr truppasında və Azərbaycan Dövlət Akademik Dram Teatrında fəaliyyət göstərib. Nəriman Nərimanov adına klubda xalq çalğı alətləri orkestri təşkil edərək, yerlərdə konsertlər verib. 200-ə yaxın müxtəlif rolda çıxış edib. 40 ildən artıq "Azərbaycanfilm" kinostudiyasında kinoya çəkilib. "Hacı Qara", "Kəndlilər", "Almaz", "Səbuhi", "Qara daşlar", "Ögey ana", "Bir qalanın sirri" və başqa filmlərdə yaddaqalan obrazlarda çıxış edib. "Şərəf Nişanı", "Qırmızı Əmək Bayrağı", “Lenin” ordenləri və medallarla təltif olunan Əli Qurbanov 1962-ci il oktyabrın 14-də dünyasını dəyişib.

SƏTTAR BƏHLULZADƏ

(1909-1974)

Azərbaycanın xalq rəssamı Səttar Bəhlul oğlu Bəhlulzadənin xatirə günüdür. O, 1909-cu il dekabrın 15-də Bakının Əmircan kəndində anadan olub. Azərbaycan Rəssamlıq Məktəbində və Moskva Dövlət Rəssamlıq İnstitutunda təhsil alıb. Yaradıcılığa "Kommunist" qəzetində Əzim Əzimzadənin rəhbərliyi ilə başlayıb. Müasir Azərbaycan rəssamlıq sənətində mənzərə janrının banilərindən biri kimi tanınır. “Bakıda atəşfəşanlıq”, “Qudyalçay vadisi”, “Qızbənövşəyə gedən yol”, “Yuxarı Daşaltı”, “Cıdır düzü”, “Kəpəzin göz yaşları”, “Suraxanı atəşgahı”, “Ordubad bağları” və başqa əsərlərin müəllifidir. Əsərləri Azərbaycan Dövlət İncəsənət Muzeyində və Azərbaycan Dövlət Şəkil Qalereyasında, eləcə də Moskva və başqa şəhərlərin muzeylərində saxlanılır. İki dəfə “Qırmızı Əmək Bayrağı” ordeni və medallarla təltif olunan Səttar Bəhlulzadə 14 oktyabr 1974-cü ildə Moskvada vəfat edib və Əmircan kəndində dəfn olunub.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın