00:00 14 Noyabr 2020 252
Ana səhifə Dünyanın bu günü

Dünyanın bu günü - 14.11.2020

DİABETLƏ BEYNƏLXALQ MÜBARİZƏ GÜNÜ

(1991)

14 noyabr - Beynəlxalq Diabetlə Mübarizə Günüdür. Bu günün qeyd olunmasının məqsədi diabetlə bağlı qlobal maarifləndirmənin artırılması və bu xəstəliyin inkişafının qarşısını almağın yollarını axtarmaqdır. 1991-ci ildən Beynəlxalq Diabet Federasiyası və Dünya Səhiyyə Təşkilatının tövsiyəsi ilə hər il qeyd olunan gün şəkərli diabetə qarşı insulini kəşf edən fizioloq Frederik Bantinqin doğum günü ilə bağlıdır.

LEOPOLD MOTSART

(1719-1787)

Avstriya bəstəkar və skripkaçısı İohann Georq Leopold Motsart 1719-cu il noyabrın 14-də Auqsburqda anadan olub. Şahzadə-arxiyepiskop sarayında skripkaçı olub və orkestr sıralarından yüksələrək, saray bəstəkarı və kapelmaster köməkçisi olub. 1740-cı ildə peşəkar musiqiçi karyerasına başlayıb. Müxtəlif janrlarda əsərlərin müəllifidir. Leopold Motsart 28 may 1787-ci ildə Zalsburqda vəfat edib. O, bəstəkar Volfhanq Amadey Motsartın atası və müəllimidir.

CƏVAHİRLƏL NEHRU

(1889-1964)

Hindistan milli azadlıq hərəkatının rəhbərlərindən biri, dövlət xadimi Cəvahirləl Nehru 14 noyabr 1889-cu ildə Allahabad şəhərində doğulub. 1912-ci ildə Kembric Universitetini bitirib və Hindistan Milli Konqresinə daxil olub. 1921-ci ildə ingilislər əleyhinə təbliğat apardığına görə həbs edilib. Həyatının 10 ildən çoxunu həbsxanada keçirib. Həbsdən çıxdıqdan sonra Hindistan Milli Konqresində yüksək vəzifələr tutub. 1938-ci ildə gələcək müstəqil Hindistan üçün iqtisadi quruculuq proqramı hazırlayıb. 1946-cı ildə Hindistan müvəqqəti hökumətində baş nazirin müavini və xarici işlər naziri, 1947-ci ildən ömrünün sonuna qədər bu ölkənin baş naziri olub. Cəvahirləl Nehru 1964-cü il mayın 27-də vəfat edib. O, dünyanın ikinci qadın baş naziri İndira Qandinin atasıdır.

KƏRİM KƏRİMOV

(1917-2002)

Azərbaycanın tanınmış hərbi xadimi, general-leytenant Kərim Abbasəli oğlu Kərimov 1917-ci ilin bu günü Bakıda anadan olub. Azərbaycan Sənaye İnstitutunda və Dzerjinski adına Artilleriya Akademiyasında təhsil alıb. 1942-ci ildən sovet ordusunda xidmət etməyə başlayıb. 1943-1945-ci illərdə müdafiə sənayesinə aid müxtəlif zavodlarda hərbi nümayəndə kimi fəaliyyət göstərib, müharibədən sonra SSRİ Müdafiə Nazirliyinin mərkəzi aparatında çalışıb. 25 ildən artıq müddətdə kosmik gəmilərin uçuşu üzrə Dövlət Komissiyasına rəhbərlik edib, Ümumi Maşınqayırma Nazirliyində fəaliyyət göstərib. Mərkəzi Elmi-Tədqiqat Maşınqayırma İnstitutu direktorunun birinci müavini, Azərbaycan Elmlər Akademiyasının Aerokosmik Tədqiqatlar Mərkəzində Uçuşları İdarəetmə Mərkəzinin məsləhətçisi olub. Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü seçilib. Səmərəli elmi-texniki fəaliyyətinə görə müxtəlif illərdə SSRİ Dövlət Mükafatına, "Şöhrət", “Lenin”, “Qırmızı Əmək Bayrağı”, “Qırmızı Ulduz” ordenlərinə və müxtəlif medallara layiq görülüb. Kərim Kərimov 2002-ci il martın 29-da Moskvada dünyasını dəyişib.

GƏRAY FƏZLİ

(1924-1995)

Azərbaycan şairi, nasir, publisist, radio-telejurnalist Gəray Fəzli oğlu Alimov 1924-cü il noyabrın 14-də Qax rayonunun İlisu kəndində dünyaya gəlib. Azərbaycan Pedaqoji İnstitutunda təhsil alıb. İkinci Dünya müharibəsində iştirak edib, orden və medallara layiq görülüb. Müharibədən sonra ömrünün sonuna kimi Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində müxtəlif vəzifələrdə çalışıb. “İldırımlı dağlar”, “Kəhrəba işığında”, “Yeddi ulduzlu səma”, “Gecə günəşi”, “Bir dağın asimanı” və başqa kitabların müəllifidir. Gəray Fəzli 26 dekabr 1995-ci ildə Bakıda vəfat edib.

SABİR MİRZƏYEV

(1943-2011)

Azərbaycanın əməkdar artisti, xanəndə Sabir Nüsrət oğlu Mirzəyev 14 noyabr 1943-cü ildə Cəlilabad rayonunda anadan olub. Əmək fəaliyyətinə 1960-cı ildə başlayıb və 40 il ərzində Dövlət Filarmoniyasında, "Azərkonsert" Birliyində, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində öz sənəti ilə xalqa xidmət edib. Onun ifa etdiyi "Qarabağın maralı", "Şuşanın dağları", "Nazlana-nazlana", "Gülə-gülə", "Aşiqəm" xalq mahnıları, "Çahargah" və "Rast" muğamları qızıl fondunda saxlanılır. Sabir Mirzəyev 2011-ci il iyulun 23-də Təbrizdə müalicə olunduğu xəstəxanada vəfat edib və Bakıda dəfn olunub.

RAFİQ HÜSEYNOV

(1944)

“Rəmiş” kimi məşhurlaşan Azərbaycanın xalq artisti, gitara ifaçısı Rafiq Hüseyn oğlu Hüseynov 1944-cü ilin bu günü Ağdamın Gülablı kəndində doğulub. Üzeyir Hacıbəyov adına orta ixtisas musiqi məktəbində tar sinfində təhsil alıb. Qədir Rüstəmov, Rübabə Muradova, Yaqub Məmmədov, Səxavət Məmmədov kimi böyük sənətkarları qastrol səfərlərində və konsertlərdə müşayiət edib. Tar, piano, qarmon, zərb, ud və digər çalğı alətlərində peşəkar şəkildə ifa edə bilir. Rəmiş 18 dekabr 2014-cü ildə Azərbaycanın xalq artisti fəxri adına layiq görülüb.

RAFİQ ƏLİYEV

(1949-2020)

Azərbaycanın xalq artisti, aktyor və teatr rejissoru Rafiq Hacıbaba oğlu Əliyev 1949-cu il noyabrın 14-də Füzuli rayonunun Merdinli kəndində anadan olub. Bakıdakı 58 saylı orta məktəbdə, Leninqrad Mədəniyyət İnstitutunun Mədəni-Maarif fakültəsinin Rejissorluq bölməsində və Azərbaycan Dövlət İncəsənət İnstitutunun Musiqili komediya aktyorluğu fakültəsində təhsil alıb. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında çalışıb. Müxtəlif illərdə bir sıra beynəlxalq kino layihələrində ikinci rejissor, kastinq direktoru, prodüser işləyib, uzun illər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Musiqili teatr aktyoru fakültəsində pedaqoji fəaliyyət göstərib. 2004-cü ilin mayından ömrünün sonunadək Azərbaycan Teatr Xadimləri İttifaqının yaradıcılıq məsələləri üzrə sədr müavini vəzifəsində çalışıb. İttifaqın "Qızıl Dərviş" mükafatına, "Humay" ictimai milli mükafatına və Azərbaycan Prezidentinin fərdi təqaüdünə layiq görülüb. Rafiq Əliyev 16 aprel 2020-ci ildə Bakıda vəfat edib.

AŞIQ HÜSEYN CAVAN

(1916-1985)

Azərbaycanın əməkdar mədəniyyət işçisi, şair və aşıq Hüseyn Mikayıl oğlu Əliyevin anım günüdür. O, 1916-cı ildə Cənubi Azərbaycanın Qaradağ mahalının Uti kəndində dünyaya göz açıb. 1927-ci ildə Göyçəli Aşıq Ələsgərin qardaşı oğlu Aşıq Musanın şagirdi olub, şifahi xalq ədəbiyyatını dərindən öyrənib, el şənliklərində çıxış edib. 1938-ci ilin iyulunda Təbrizə köçüb. Poetik yaradıcılığa əsasən 1940-cı ildən başlayıb. Pişəvəri hərəkatı dövründə səngərdən-səngərə gəzərək, sazı və sözü ilə fədailəri qələbəyə ruhlandırıb. 1946-cı ilin martında Təbrizdə dövlət dram teatrı təşkil olunarkən direktor müavini vəzifəsinə təyin olunub, burada aşıqlar ansamblı yaradıb. Milli hökumət tərəfindən "21 Azər" medalı və xalq artisti fəxri adı ilə təltif olunub. Pişəvəri hərəkatının süqutundan sonra Şimali Azərbaycana köçərək, Azərbaycan Dövlət Filarmoniyasında solist işləyib. Sonra Goranboy rayonunun Kəhrizli kəndinə köçərək, ömrünün sonunadək burada yaşayıb. "Şərəf nişanı" ordeni və mükafatlarla təltif edilən Aşıq Hüseyn Cavan 1985-ci il noyabrın 14-də vəfat edib.

ƏRTOĞRUL CAVİD

(1919-1943)

Musiqişünas, rəssam və tədqiqatçı Ərtoğrul Hüseyn Cavid oğlu Rasizadənin xatirə günüdür. O, 1919-cu il oktyabrın 22-də Bakıda anadan olub. Azərbaycan Pedaqoji İnstitutunda və Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb. 1939-1942-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında Bülbülün rəhbərlik etdiyi xalq musiqisini öyrənən elmi-tədqiqat kabinetində çalışıb, 1941-1942–ci illərdə Konservatoriyanın nəzdindəki musiqi məktəbində dərs deyib. Azərbaycan xalq mahnılarını nota salıb, Avropa və rus bəstəkarlarını ayrıca notlar şəklində çap olunmuş romans və mahnılarını Azərbaycan dilinə tərcümələr edib. Bir çox şeirlərin, pyeslərin və rəsmlərin müəllifidir. Ərtoğrul Cavid 14 noyabr 1943-cü ildə Naxçıvanda vəfat edib. O, görkəmli Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin və məşhur xəttat Müşkünaz Cavidin oğlu, əməkdar mədəniyyət işçisi Turan Cavidin qardaşıdır.

MƏMMƏDAĞA MURADOV

(1921-1969)

Azərbaycanın əməkdar artisti, tarzən Məmmədağa Məmmədhəsən oğlu Muradov da bu gün xatırlanır. O, 1921-ci il fevralın 19-da Bakı şəhərində dünyaya göz açıb. Gənc yaşlarından ifaçılığa başlayıb və 1937-ci ildə Azərbaycan Dövlət Filarmoniyasının xalq çalğı alətləri orkestrinə qəbul olunub. Orkestrin solisti, konsertmeysteri olub, Bakının bir sıra musiqi məktəblərində və Asəf Zeynallı adına musiqi məktəbində müəllim işləyib. Seyid Şuşinski, Xan Şuşinski, Zülfü Adıgözəlov, Şövkət Ələkbərova, Rübabə Muradova, Sara Qədimova kimi korifey müğənniləri müşayiət edib. Həbəşistan imperatoru Hayle Selasiye tərəfindən iki dəfə “Qızıl İmperator” ordeni ilə təltif olunub. Məmmədağa Muradov 1969-cu il noyabrın 14-də vəfat edib.

OKTAY AĞAYEV

(1934-2006)

Azərbaycanın xalq artisti, müğənni Oqtay Cəfər oğlu Ağayevin anım günüdür. O, 1934-cü il noyabrın 7-də Bakıda doğulub. Asəf Zeynallı adına Musiqi texnikumunda və Azərbaycan Dövlət Konservatoriyasında Bülbülün sinfində təhsil alıb. Hələ tələbə ikən Azərbaycan Dövlət Estrada Orkestrində solist-vokalçı kimi çıxış edib. Azərbaycan Dövlət Filarmoniyasında, Televiziya və Radio Verilişləri Komitəsinin estrada orkestrində çalışıb. Azərbaycan və xarici ölkə bəstəkarlarının mahnılarını ifa edib. "Yapon və yaponiyalı", "O qızı tapın", "Dağlarda döyüş" və başqa filmlərdə yaddaqalan obrazlar yaradıb, mahnılar ifa edib. Oxuduğu mahnıların 200-dən çoxu lentə yazılıb. Oqtay Ağayev 2006-cı ilin noyabrında Bakıda vəfat edib.

SALEH MUSAYEV

(1970-1992)

Şəhid Saleh Sabir oğlu Musayevin anım günüdür. O, 7 aprel 1970-ci ildə Yevlax şəhərində doğulub. Yevlaxda 4 nömrəli orta məktəbdə və Bakıda fizika-riyaziyyat təmayüllü liseydə təhsil alıb. 1987-ci ildə Ukraynanın Poltava şəhərində Zenit-Raket Komandirlər Məktəbinə daxil olub, 1991-ci ildə radio mühəndisi ixtisası ilə leytenant rütbəsində məktəbi bitirib. Elə həmin il Poltavadakı hərbi hissədə tağım komandiri vəzifəsinə təyin edilib. Daha sonra hərbi xidmətini Azərbaycanda davam etdirib. İlk döyüşlərini Goranboy cəbhəsindən başlayıb. Ağcakənd, Başkənd, Sırxavənd, Marquşavan, Həsənqaya və Gödəkburunun azad edilməsində fəal iştirak edib. 1992-ci il noyabrın 14-də Ağdərənin Çıldıran kəndi uğrunda gedən qeyri-bərabər döyüşdə son anadək döyüşü idarə edib və atışma mövqeyini dəyişərkən minaya düşərək həlak olub. Saleh Musayev Yevlax şəhər Şəhidlər Xiyabanında dəfn edilib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın