00:01 15 Yanvar 2021 101
Ana səhifə Dünyanın bu günü

Dünyanın bu günü - 15.01.2021

ALEKSANDR QRİBOYEDOV

(1795-1829)

Polyak əsilli tanınmış rus dramaturq, yazıçı və diplomat Aleksandr Sergeyeviç Qriboyedov 15 yanvar 1795-ci ildə Moskvada anadan olub. 1806-cı ildə Moskva Universitetinə daxil olub. 1808-ci ildə universitetin fəlsəfə fakültəsinin ədəbiyyat şöbəsini, 1810-cu ildə isə hüquq şöbəsini bitirib. “Ağıldan bəla” əsəri ilə şöhrət tapmış yazıçının diplomatik fəaliyyəti diqqəti daha çox cəlb edib. O, Rusiya-İran müharibələri zamanı Azərbaycanın iki yerə parçalanması ilə nəticələnən danışıqların iştirakçısı, ermənilərin Qarabağa köçürülməsinin təşəbbüskarlarından biri olub. Aleksandr Qriboyedov 1829-cu il fevralın 11-də Tehranda ermənilərin təşkil etdiyi iğtişaş nəticəsində qətlə yetirilib.

HÜSEYN BƏY NƏBİBƏYOV

(1892-1931)

Çar Rusiyası və Azərbaycan Xalq Cümhuriyyəti ordularının zabiti, polkovnik Hüseyn bəy Qasım bəy oğlu Nəbibəyov 1892-ci il yanvarın 15-də Şəki şəhərində anadan olub. Şəkidə rus-tatar məktəbində bir müddət oxuduqdan sonra təhsilini Kutaisi Realnı Məktəbində davam etdirib. Böyük qardaşı Bəhram bəy Nəbibəyovun komandiri olduğu Qafqaz 20-ci artilleriya briqadasında podporuçik kimi hərbi xidmətə başlayıb. 1914-cü ildə poruçik, 1916-cı ildə ştabs-kapitan rütbəsinə layiq görülüb. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Ordusunda podpolkovnik rütbəsi ilə bir müddət Bakı Hərbi Dairəsi Məhkəməsinin hakimi olub. 1920-ci ildə polkovnik rütbəsi alıb. Bolşevik işğalından sonra Azərbaycanda yaradılmış Hərbi Komandirlər Məktəbində 1921-1926-cı illərdə müəllimlik edib. 1930-cu ildə baş vermiş Şəki üsyanı bolşeviklər tərəfindən amansızcasına yatırıldıqdan və üsyanın hərbi rəhbəri, Hüseyn bəyin böyük qardaşı Bəhram bəy öldürüldükdən sonra Hüseyn bəy həbs olunub və sonrakı taleyindən heç bir məlumat olmayıb. Ailəsinə telefon vasitəsilə verilmiş şifahi məlumatda 1931-ci ildə vəfat etdiyi bildirilib.

NAZİM HİKMƏT

(1902-1963)

Türkiyənin məşhur şairi, yazıçı, rəssam, ssenarist və dramaturq, ictimai xadim Nazim Hikmət 1902-ci ilin bu günü Salonikidə zadəgan ailəsində doğulub. 1918-ci ildə İstanbulda Hərbi Dənizçilik Məktəbinə daxil olub, Türkiyənin xarici müdaxiləçilər tərəfindən işğalı əleyhinə şeir yazdığı üçün 1919-cu ildə oradan xaric edilib. 1921-ci ildə Sovet Rusiyasına gedib, 1922-1924-cü illərdə Moskvada Şərq Zəhmətkeşlərinin Kommunist Universitetində oxuyub. Siyasi baxışlarına görə dəfələrlə həbs olunub. O, türk poeziyasına sərbəst şeir vəznini gətirib. 1951-ci ildən ömrünün sonunadək ikinci vətəni sayılan SSRİ-də yaşayıb. Bəstəkar Arif Məlikov şairin "Məhəbbət əfsanəsi" pyesi əsasında eyniadlı balet yazıb, Azərbaycanın digər bəstəkarları şeirlərinə romanslar bəstələyiblər. Nazim Hikmət 1963-cü il iyunun 3-də ürək tutmasından Moskvada vəfat edib.

CAMAL ƏBDÜL NASİR

(1918-1970)

Misirin ikinci prezidenti, Sovet İttifaqı Qəhrəmanı Camal Əbdül Nasir 15 yanvar 1918-ci ildə İsgəndəriyyə şəhərində kiçik poçt məmurunun ailəsində anadan olub. 1937-ci ildə hərbi kollecə daxil olub. 1938-ci ilin sonlarında kurs yoldaşları ilə birgə Sudanla sərhəddə yerləşən Məkkəbad polkunda qulluq etməyə başlayıb. 1952-ci ildə Misirdə monarxiyanın devrilməsinə rəhbərlik edib və növbəti il geniş torpaq islahatları həyata keçirib. 1956-cı ilin iyununda rəsmi olaraq prezident seçilib və ömrünün sonuna qədər bu vəzifədə çalışıb. Camal Əbdül Nasir 1970-ci il sentyabrın 28-də Qahirədə dünyasını dəyişib.

MARTİN LÜTER KİNQ

(1929-1971)

Afroamerikan insan haqları hərəkatının ən üzdə olan liderlərindən biri, dini rəhbər və aktivist Martin Lüter Kinq 1929-cu ilin bu günü Corciya ştatının Atlanta şəhərində dünyaya gəlib. 1948-ci ildə Morhaus Kollecinin sosiologiya sahəsindən məzun olub. Xristian inancından və Mahatma Qandinin fəaliyyətindən ilhamlanaraq həyata keçirdiyi dinc itaətsizlik və zorakılığa baş vurmama yolları ilə insan haqları uğrunda apardığı mübarizəyə görə tanınıb. 1964-cü ildə irqi ayrı-seçkiliyə qarşı apardığı mübarizəyə görə Nobel Sülh mükafatına layiq görülüb. Martin Lüter Kinq 1968-ci il aprelin 4-də Tennessi ştatının Memfis şəhərində qətlə yetirilib.

AYAZ ƏFƏNDİYEV

(1938-2007)

Akademik Ayaz Adil oğlu Əfəndiyev 1938-ci il yanvarın 15-də Bakı şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1954-1959-cu illərdə ali təhsilini Azərbaycan Neft və Kimya İnstitutunda kimya texnologiyası fakültəsində alıb. Əmək fəaliyyətinə 1959-cu ildən Azərbaycan Elmlər Akademiyasının Neft Kimyası Prosesləri İnstitutunda kiçik elmi işçi kimi başlayıb. 1986-cı ildə professor elmi adını alıb, 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2007-ci ildə həqiqi üzvü seçilib. 400 adda elmi əsərin, 40-a yaxın kitabın, ixtiranın və patentin müəllifidir. Bir sıra mükafatlara layiq görülüb, o cümlədən "Şöhrət" ordeni ilə təltif edilib. Ayaz Əfəndiyev 19 yanvar 2007-ci ildə Bakıda dünyasını dəyişib.

BORİS YEFİMİÇEV

(1945-1990)

20 Yanvar şəhidi Boris Vasilyeviç Yefimiçev 15 yanvar 1945-ci ildə Bakı şəhərində doğulub. Hər iki gözündən əlil olub. Azərbaycan Korlar Cəmiyyətinin trikotaj fabrikində işləyib. 1990-cı il yanvarın 20-də axşam saat 22.00-da evdən çıxıb və saat 23:00-da iki nəfər onu yaralı halda evə gətirib. Məlum olub ki, əvvəlcə süngü ilə, sonra avtomatla vurulub. Boris Yefimiçev xəstəxanaya aparılsa da, yanvarın 21-də vəfat edib və Bakıda Şəhidlər Xiyabanında dəfn edilib.

VASİLİ ƏLİYEV

(1959-1992)

Azərbaycanın Milli Qəhrəmanı Vasili Əhməd oğlu Əliyev 1959-cu ilin bu günü Qubadlı şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra Daxili Qoşunlarda hərbi xidmət keçib. 1980-ci ildə Qubadlı rayon Daxili İşlər Şöbəsində polis nəfəri kimi fəaliyyətə başlayıb. Nümunəvi xidmətinə görə "Polis əlaçısı" döş nişanı ilə təltif edilib. Qarabağ savaşı başlayanda könüllü olaraq cəbhəyə yollanıb. Vasili Əliyev 1992-ci il oktyabrın 20-də Topağac yüksəkliyi uğrunda gedən döyüşlər zamanı şəhid olub. Azərbaycan Prezidentinin 11 may 1993-cü il tarixli fərmanı ilə ölümündən sonra "Azərbaycan Milli Qəhrəmanı" adına layiq görülüb.

MÜBARİZ QULİYEV

(1975-1994)

Şəhid Mübariz Ramiz oğlu Quliyev 1975-ci il yanvarın 15-də Ağdam rayonunun Yusifcanlı kəndində anadan olub. Kənd orta məktəbini bitirdikdən sonra hərbi xidmətə yollanıb. Hərbi xidməti zamanı əldə silah doğulduğu Ağdam rayonunun müdafiəsində iştirak edib. Mübariz Quliyev 1994-cü il yanvarın 28-də Ağdam rayonunun Qaraqaşlı kəndi uğrunda gedən döyüşdə 4 nəfər əsgərlə birlikdə itkin düşüb.

ƏLİSAHİB ƏLƏKBƏROV

(1994-2020)

Şəhid Əlisahib Selman oğlu Ələkbərov 15 yanvar 1994-cü ildə Salyan rayonunun Piratman-Gəncəli kəndində anadan olub. Çəmşid Naxçıvanski adına Hərbi Liseyi və Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirib. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsinə baş leytenant kimi qatılıb. Əlisahib Ələkbərov noyabrın 1-də gedən döyüşlərdə şəhid olub və Salyan rayonunda dəfn olunub. Ölümündən sonra "Qarabağ" ordeni, "Vətən uğrunda" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.

MƏDƏT XANKİŞİYEV

(1998-2020)

Şəhid Mədət Vəkil oğlu Xankişiyev 1998-ci ilin bu günü Cəlilabad rayonunun Çünzəli kəndində dünyaya göz açıb. Kənd orta məktəbindən məzun olduqdan sonra hərbi xidmətə yollanıb. 2020-ci il sentyabrın 27-də başlayan II Qarabağ müharibəsində qəhrəmancasına iştirak edib və oktyabrın 18-də Qubadlı uğrunda gedən döyüşlərdə yaralı döyüş yoldaşlarını atəş altından çıxararkən şəhid olub. Mədət Xankişiyev ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" medalları və "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.

NƏBİ XƏZRİ

(1924-2007)

Azərbaycanın xalq şairi, nasir, dramaturq, publisist, tərcüməçi və ssenarist Nəbi Xəzrinin anım günüdür. Nəbi Ələkbər oğlu Babayev 1924-cü il dekabrın 10-da Bakının Xırdalan kəndində tacir ailəsində doğulub. Azərbaycan Dövlət Universitetində, Leninqrad Dövlət Universitetində və Maksim Qorki adına Ədəbiyyat İnstitutunda ali təhsil alıb. 1942-1943-cü illərdə İkinci Dünya müharibəsində arxa cəbhədə iştirak edib. "Kommunist" qəzeti redaksiyasında korrektor, Azərbaycan radiosunda diktor, "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında ədəbi işçi, Azərbaycan Yazıçılar İttifaqının katibi, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsi sədrinin müavini, mədəniyyət nazirinin müavini, Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin sədri vəzifələrində çalışıb. Bir neçə kitabın müəllifidir, çoxsaylı şeirlərinə mahnılar bəstələnib. "Şöhrət", "İstiqlal" ordenlərinə və müxtəlif medallara layiq görülən Nəbi Xəzri 2007-ci il yanvarın 15-də Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.

AZAY KAZIMOV

(1973-1994)

Şəhid Azay Sada oğlu Kazımovun xatirə günüdür. O, 1 yanvar 1973-cü ildə Göyçə mahalının Zod kəndində anadan olub. orta məktəbi bitirdikdən sonra Naxçıvanın Sədərək rayonunda hərbi xidmətə göndərilib, daha sonra taqım komandiri təyin edilib. Goranboy cəbhəsində ikən döyüşçü yoldaşları ilə birlikdə Ağdam cəbhəsinə köməyə gedib və bir neçə qanlı döyüşlərin iştirakçısı olub. Füzuli istiqamətində içində 28 erməni hərbçisi olan avtobusu məhv edib. Azay Kərimov 15 yanvar 1994-cü ildə Füzuli rayonunun Qaraxanbəyli kəndində şəhid olub. Azərbaycan Prezidentinin 9 oktyabr 1994-cü il tarixli fərmanı ilə ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub. Göygöl rayonunda adına küçə var.

FİKRƏT BƏŞİROV

(1980-2017)

Şəhid Fikrət Nurşirivan oğlu Bəşirov da bu gün xatırlanır. O, 1980-ci ildə Astara rayonunun Şahağac kəndində anadan olub. Hərbi xidmətini bitirdikdən sonra müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi Azərbaycan Ordusunda qalmağa qərar verib. Əsgər Fikrət Bəşirov 2017-ci il yanvarın 14-dən 15-nə keçən gecə Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid olub və doğulduğu kənddə dəfn edilib. Ölümündən sonra III dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalı ilə təltif olunub.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın