12:00 16 İyun 2020 287
Ana səhifə Dünyanın bu günü

Dünyanın bu günü - 16.06.2020

HACIAĞA ABBASOV

(1888-1975)

Azərbaycanın xalq artisti, aktyor, teatr təşkilatçısı, dramaturq Hacıağa Mütəllib oğlu Abbasov 16 iyun 1888-ci ildə Bakının Maştağa kəndində müəllim ailəsində doğulub. 1906-1909-cu illərdə Mahaçqalada pedaqoji təhsil alıb. "Müsəlman artistləri cəmiyyəti"nin, "Nicat" və "Həmiyyət" teatr truppalarının fəal üzvü olub. "Səfa" cəmiyyətinin teatr truppasında, "Zülfüqar bəy və Üzeyir bəy Hacıbəyov qardaşlarının müdiriyyəti"ndə, Akademik Milli Dram Teatrında aktyorluq edib. Akademik Dram Teatrında və Bakı Teatr Məktəbində direktor işləyib. Mirzağa Əliyevlə birgə 1921-ci il noyabrın 13-də Bakı Türk Azad Tənqid və Təbliğ Teatrını yaradıb, özü direktor olub. Bir sıra tamaşa, operetta və filmlərdə yaddaqalan obrazlar yaradıb. Hacıağa Abbasov 7 may 1975-ci ildə Bakıda dünyasını dəyişib və 2-ci Fəxri Xiyabanda dəfn olunub.

TOFİQ MİRZƏYEV

(1932)

Azərbaycan əməkdar artisti, aktyor, rejissor, ssenari müəllifi Tofiq İbrahim oğlu Mirzəyev 1932-ci il iyunun 16-da Gədəbəydə anadan olub. Azərbaycan Dövlət Konservatoriyasının klarnet sinfini bitirib, Moskvada rejissor kurslarına gedib. Maestro Niyazi onu klarnet ifaçısı kimi görərək, Dövlət Simfonik Orkestrinə dəvət edib. 1960-cı ildə ağır xəstələnib və həkimlər ona klarnetdə ifa etməyi qadağan ediblər. Peşəsini dəyişmək məcburiyyətində qalan ifaçı rejissor olmaq üçün Moskvada oxumağa yollanaraq, rejissor peşəsinə yiyələnib. Tofiq Mirzəyev “Uşaqlığın son gecəsi, "Ən vacib müsahibə", "İstintaq", "Nəsimi", "Üzeyir ömrü", "Təhminə" və başqa filmlərdə maraqlı obrazlar yaradıb. O, "Qaya" vokal qrupunun yaradıcılardan biri və solisti olan Teymur Mirzəyevin qardaşıdır.

RƏFİQ ZƏKA XƏNDAN

(1939-1999)

Azərbaycanın əməkdar incəsənət xadimi, şair, yazıçı və ssenarist Rəfiq Zəka Cəfər oğlu Xəndan 1939-cu il iyunun 16-da Bakıda anadan olub. İlk şeir kitabı 1962-ci ildə nəşr olunub. Şairlik fəaliyyəti ilə yanaşı, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində professoru olaraq estetikadan mühazirələr oxuyub. Azərbaycan-Türkiyə ədəbi əlaqələrinin inkişafında mühüm rol oynayıb. Bir neçə kitabın müəllifidir. Azərbaycanın Dövlət Mükafatına layiq görülən Rəfiq Zəka Xəndan 1999-cu il yanvarın 7-də Bakıda dünyasını dəyişib. O, ədəbiyyatşünas alim Cəfər Xəndanın oğludur.

MİTHUN ÇAKRABORTİ

(1950)

Məşhur hind aktyoru Mithun Çakraborti 16 iyun 1950-ci ildə Hindistanın Kəlküttə şəhərində anadan olub. Kino İnstitutunu qızıl medalla başa vurub. İlk dəfə olaraq 1976-cı ildə “Kral ovu” filmi ilə böyük ekrana gəlib. Milli kinofestivalda bu filmlə ən yaxşı kino aktyoru adına layiq görülüb. 80-ci illərin sonuna qədər 300-dən artıq filmə çəkilib. 1982-ci ildə Mithun Çakrabortinin baş rolu oynadığı “Disko rəqqası” filmi ağlagəlməz uğur qazanıb.

AQİL İSMAYILOV

(1968-1994)

Şəhid Aqil Ənvər oğlu İsmayılov 16 iyun 1968-ci ildə Şəmkir rayonunun Dəllər Cırdaxan kəndində anadan olub. Kənd orta məktəbini bitirdikdən sonra texniki peşə məktəbində təhsilini davam etdirib. 1986-cı ildə orduya çağırılıb, Penza vilayətində hərbi qulluqda olub. Ermənistanın Azərbaycana hərbi təcavüzü başlayandan sonra Milli Ordu sıralarına yazılaraq, Vətənin müdafiəsinə yollanıb. Aqil İsmayılov 1994-cü il iyulun 4-də Gədəbəy rayonunun Qalakənd kəndi uğrunda gedən döyüşdə qəhrəmancasına şəhid olub.

İBRAHİM AĞA USUBOV

(1872-1920)

Azərbaycan Xalq Cümhuriyyəti Ordusunun qurucularından olan general-mayor İbrahim ağa Musa ağa oğlu Usubovun anım günüdür. O, 1872-ci il martın 6-da Qazax rayonunun Salahlı kəndində doğulub. I Dünya müharibəsində şücaət göstərib. 1915-ci ildə döyüş meydanlarında göstərdiyi şücaətə görə ona polkovnik rütbəsi verilib, 1917-ci ildə isə 133-cü süvari diviziyasında briqada komandiri təyin olunub və general-mayor rütbəsi verilib. 1918-ci ildə Azərbaycan Milli Ordusunda işləmək üçün dəvət edilib və Əliağa Şıxlinski, Səməd bəy Mehmandarov, Əbdülhəmid bəy Qaytabaşı, Cavad bəy Şıxlinski və başqa hərbçilərlə birgə Cümhuriyyət Ordusunu təşkil edib. Bolşeviklərin Azərbaycanı işğalından sonra İbrahim ağa Usubov 12 azərbaycanlı general və zabitlərlə birlikdə 1920-ci ilin iyununda Nargin adasında güllələnib.

İMRE NAD

(1896-1958)

Macarıstanın görkəmli siyasi və dövlət xadimi İmre Nad da bu gün xatırlanır. O, 1896-cı il iyunun 7-də Macarıstanın Kapoşvar bölgəsində anadan olub. I Dünya müharibəsi başlayan zaman Avstriya-Macarıstan ordusuna çağırılaraq, Şərq cəbhəsinə göndərilib. 1915-ci ildə rus ordusuna əsir düşəndən sonra bolşevik ideologiyasının təsirinə düşüb. Əsirlikdən sonra Rusiya Kommunist Partiyasına və Qızıl Orduya üzv olub. II Dünya müharibəsindən sonra Macarıstan Kommunist Partiyasının nümayəndəsi kimi Kənd Təsərrüfatı naziri, Daxili İşlər naziri, Macarıstan Milli Məclisinin sədri və Nazirlər Şurasının sədri vəzifələrində çalışıb. 1956-cı ilin oktyabr-noyabr aylarında baş verən Macar inqilabı zamanı xalqın tələbi ilə yenidən Nazirlər Şurasının sədri seçilib. Ölkədə çoxpartiyalı sistemə keçildiyini, Macarıstanın Varşava Paktından çıxdığını və bitərəf dövlət olduğunu elan edib. Macar inqilabı sovet qoşunları tərəfindən qan içində boğulduqdan sonra Budapeştdəki Yuqoslaviya səfirliyinə sığınıb, lakin aldadılaraq sovet qüvvələri tərəfindən həbs edilib. "Vətən xainliyində" və "Macarıstan Xalq Demokratik Respublikasını devirməyə cəhd etməkdə" ittiham edilən İmre Nad edama məhkum edilib və 1958-ci ilin iyununda edam edilib. Macarıstanda kommunist rejiminin süqutundan sonra 1989-cu ildə ona Milli Qəhrəman adı verilib.

HELMUT KOL

(1930-2017)

Almaniya Federativ Respublikasının 6-cı federal kansleri Helmut Kolun xatirə günüdür. O, 3 aprel 1930-cu ildə Bavariyada anadan olub. 1950-ci ildə Frankfurt Universitetinin Hüquq fakültəsinə daxil olub, 1951-ci ildə Heydelberq Universitetinə keçərək tarixi və sosial-siyasi elmləri öyrənib. Orta məktəbdən Xristian Demokrat Birliyinə qoşulub, Lüdviqshafendə "Gənclik Birliyi"nin həmtəsisçisi kimi fəaliyyət göstərib. 1953-cü ildən Xristian Demokrat Birliyində siyasi karyera qurmağa başlayıb və partiya rəhbərliyinə doğru uzun bir yol keçib. 1959-cu ildə dairə seçkisində daha çox səs toplayaraq, ən gənc deputatlardan biri olub. 1969-cu ildə isə daha yüksək pilləyə - Reynald-Pfalts torpaqlarının baş naziri vəzifəsinə sahib olub. Dinamik fəaliyyəti onun bu partiyaya sədr seçilməsi ilə nəticələnib. Nəhayət, 1982-ci ildəki seçkilərdə bütün rəqiblərini geridə qoyan Helmut Kol Almaniya Federativ Respublikasının kansleri olub. 1990-cı ildə AFR-lə ADR-in birləşməsi isə Helmut Kolun tarixi xidməti sayılır. XX əsrin dünya tarixinə “Alman birliyinin kansleri” kimi düşən Helmut Kol 2017-ci ilin iyununda vəfat edib.

MUXTAR QASIMOV

(1958-1992)

Azərbaycanın Milli Qəhrəmanı Muxtar Cahid oğlu Qasımovun anım günüdür. O, 10 yanvar 1958-ci ildə Beyləqan rayonunun Kəbirli kəndində dünyaya göz açıb. 1974-cü ildə Ağdam səhərindəki 5 saylı orta məktəbi bitirib. Elə həmin il Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olub. 1988-ci ildə Ağdamda həkim kimi hospitalda çalışıb. 1992-ci ilin iyun ayında Aranzəmin, Pircamal, Ağbulaq kəndlərinin azad edilməsi uğrunda gedən döyüşlərdə həkim olaraq öz bilik və bacarığını nümayiş etdirib. 1992-ci il iyunun 16-da Naxçıvanik kəndi uğrunda gedən döyüşlərdə xidməti borcunu yerinə yetirərkən həlak olub. Azərbaycan Prezidentinin 5 fevral 1993-cü il tarixli fərmanı ilə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

ELBRUS ALLAHVERDİYEV

(1958-1993)

Azərbaycanın Milli Qəhrəmanı Elbrus Hacı oğlu Allahverdiyevin xatirə günüdür. O, 27 sentyabr 1958-ci ildə Gəncə şəhərində fəhlə ailəsində anadan olub. Orenburq Praporşiklər Məktəbində, Orconikidze Kənd Təsərrüfatı İnstitutunda təhsil alıb. 17 may 1992-ci ildə könüllü olaraq cəbhəyə yollanıb, Azərbaycan Silahlı Qüvvələrində artilleriyanın ilk təşkilatçılarından olub. Ağdam, Ağdərə döyüşlərində şücaət göstərib və düşmənin xeyli zirehli texnikasını sıradan çıxarıb. 1993-cü il iyun 16-da Ermənistan hərbi qüvvələrinin Ağdam rayonunun Şelli kəndi istiqamətində hücumu zamanı qəhrəmancasına həlak olub və Gəncə şəhərindəki Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycan Prezidentinin 16 sentyabr 1994-cü il tarixli fərmanı ilə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

İSGƏNDƏR XANKİŞİYEV

(1968-1992)

Şəhid İsgəndər Xankişiyev də bu gün xatırlanır. O, 1968-ci il yanvarın 6-da Ağdam rayonunun Novruzlu kəndində anadan olub. Kənd orta məktəbində, Xəzər Dəniz Neft Donanması idarəsinin dənizçilik məktəbində təhsil alıb. Qarabağ müharibəsi başlayandan sonra könüllü olaraq ordu sıralarına yazılıb. Xocalı soyqırımı zamanı bir neçə ailənin Xocalıdan Ağdama gətirilməsinə və yaralıların Ağdam şəhər xəstəxanasına daşınmasına yardım edib. Şuşa döyüşlərində 60-a yaxın dinc sakini mühasirədən çıxarıb. İsgəndər Xankişiyev 1992-ci ilin iyun ayında Ağdərə rayonunun Çaylı kəndi uğrunda döyüşlərdə şəhid olub və Novruzlu kənd qəbiristanlığında dəfn edilib. İşlədiyi "Atlet-22" gəmisinə Nazirlər Kabinetinin qərarı ilə onun adı verilib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın