00:01 16 Dekabr 2020 101
Ana səhifə Dünyanın bu günü

Dünyanın bu günü - 16.12.2020

QƏZƏNFƏR XALIQOV

(1898-1981)

Azərbaycanın xalq rəssamı Qəzənfər Ələkbər oğlu Xalıqov 16 dekabr 1898-ci ildə Bakı yaxınlığındakı Qobu qəsəbəsində anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda təhsil alıb. "Molla Nəsrəddin", "Kirpi" jurnallarında, "Gənc işçi" qəzetində karikaturaçı rəssam kimi fəaliyyət göstərib. 1940-cı ildə Nizami Gəncəvinin 800 illik yubileyi ilə bağlı "Nizaminin portreti" əsərini ərsəyə gətirərək, onun portretini yaratmış ilk rəssam olub. Əsərləri Azərbaycan Milli İncəsənət Muzeyində, Milli Azərbaycan Ədəbiyyatı Muzeyində və Azərbaycan Dövlət Rəsm Qalereyasının fondunda saxlanılır. "Şərəf Nişanı" və "Qırmızı Əmək Bayrağı" ordenləri ilə təltif olunan Qəzənfər Xalıqov 1 mart 1981-ci ildə Bakıda vəfat edib. Abşeron rayonunun Qobu qəsəbəsində orta məktəb və küçə onun adını daşıyır.

CƏMİL QULİYEV

(1927-2010)

Azərbaycan EA-nın həqiqi üzvü, professor Cəmil Bahadur oğlu Quliyev 1927-ci il dekabrın 16-da Ağdamda anadan olub. Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsində və M.V.Lomonosov adına Moskva Dövlət Universitetində təhsil alıb. Azərbaycan Dövlət Universitetində müəllim, dosent və rektor, Azərbaycan KP MK yanında Partiya Tarixi İnstitutunda direktor müavini, Azərbaycan EA Tarix İnstitutunun direktoru, Azərbaycan Sovet Ensiklopediyasının baş redaktoru, Azərbaycan EA-nın vitse-prezidenti və İctimai Elmlər Bölməsinin akademik-katibi vəzifələrində çalışıb. Bir neçə monoqrafiyanın, 300-dən çox məqalənin müəllifidir. Dövlət Mükafatı və “Şöhrət” ordeni ilə təltif edilən Cəmil Quliyev 27 dekabr 2010-cu ildə vəfat edib.

TOFİQ BAYRAM

(1934-1991)

Azərbaycanın əməkdar incəsənət xadimi, şair və tərcüməçi Tofiq Qulam oğlu Bayramov 1934-cü ilin bu günü Bakının Əmircan qəsəbəsində dünyaya gəlib. Azərbaycan Pedaqoji İnstitutunun Tarix fakültəsində təhsil alıb. Gənc yaşlarından poeziya aləminə qədəm qoyub. "Azərbaycan müəllimi" qəzeti redaksiyasında şöbə müdiri, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində ədəbi işçi, Opera və Balet Teatrında ədəbi hissə müdiri, "Ulduz" jurnalı və "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyalarında şöbə müdiri, "Yazıçı" nəşriyyatında baş redaktor müavini vəzifələrində işləyib. 15-ə qədər kitabın müəllifidir, bir çox şeirlərinə mahnılar yazılıb. Azərbaycan Dövlət Mükafatına layiq görülən Tofiq Bayram 1991-ci il aprel 19-da Əmircanda vəfat edib.

SALATIN ƏSGƏROVA

(1961-1991)

Azərbaycanın Milli Qəhrəmanı, Azərbaycanın ilk şəhid qadın jurnalisti Salatın Əziz qızı Əsgərova 16 dekabr 1961-ci ildə Bakı şəhərində doğulub. Mikayıl Müşfiq adına 18 saylı orta məktəbdə, daha sonra Azərbaycan Neft və Kimya İnstitutunda təhsil alıb. “Molodyoj Azerbaydjana” qəzetində jurnalist kimi fəaliyyət göstərib. Daim ön cəbhədə olan Salatın Əsgərova 1991-ci il yanvarın 9-da Laçından Şuşaya yollanarkən Qaladərəsi kəndi yaxınlığında Ermənistan Silahlı Qüvvələri tərəfindən amansızcasına qətlə yetirilib və Bakının Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycan Prezidentinin 6 noyabr 1992-ci il tarixli fərmanı ilə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Bakı şəhərində adına bir küçə var, Bakı buxtasındakı gəzinti katerlərindən biri də onun adını daşıyır. Yaşadığı binaya barelyefi vurulub. Yaxınlığında həlak olduğu kənd “Salatınkənd” adlanır.

MƏHƏBBƏT MİRZƏYEV

(1994-2016)

Şəhid Məhəbbət Zaman oğlu Mirzəyev 1994-cü il dekabrın 16-da Beyləqan rayonunun Dünyamalılar kəndində anadan olub. Orta təhsilini bitirdikdən sonra hərbi xidmətə yollanıb. Məhəbbət Mirzəyev 2016-cı il aprelin 2-də Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid olub və doğulduğu kənddə dəfn olunub. Ölümündən sonra III dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalı ilə təltif edilib.

FİRƏNGİZ ƏHMƏDOVA

(1928-2011)

SSRİ xalq artisti, müğənni Firəngiz Yusif qızı Əhmədovanın anım günüdür. O, 23 sentyabr 1928-ci ildə Bakıda anadan olub. Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb. Azərbaycan Radiosu Xorunun, Opera və Balet Teatrının solisti olub. Opera və Balet Teatrında məşqçi-pedaqoq kimi fəaliyyət göstərib. Azərbaycan, rus və Qərbi Avropa bəstəkarlarının operalarında müvəffəqiyyətlə çıxış edib. SSRİ Ali Sovetinin və Azərbaycan SSR Ali Sovetinin deputatı olub. "Şöhrət" ordeni ilə təltif edilən Firəngiz Əhmədova 16 dekabr 2011-ci ildə Bakıda dünyasını dəyişib.

VAQİF MUSTAFAZADƏ

(1940-1979)

Azərbaycanın əməkdar incəsənət xadimi, pianoçu, caz-muğam üslubunun banisi Vaqif Əziz oğlu Mustafazadənin xatirə günüdür. O, 1940-cı il martın 16-da Bakıda anadan olub. Asəf Zeynallı adına Bakı Musiqi Kollecində və Bakı Musiqi Akademiyasında təhsil alıb. Gürcüstan Filarmoniyasında "Qafqaz" caz-triosunu yaradan Vaqif Mustafazadə Azərbaycan Dövlət Estrada Orkestrinin solist-pianoçusu olub, "Leyli" adlı ilk qadın vokal kvartetinə, "Sevil" vokal-instrumental ansamblına və "Muğam" instrumental ansamblına rəhbərlik edib. "Tallin-66", "Tbilisi-78" Ümumittifaq caz festivallarının laureatı olub, bəstəkarların Monte-Karloda keçirilən VIII Beynəlxalq caz müsabiqəsində I mükafata layiq görülüb. Vaqif Mustafazadə 1979-cu il dekabrın 16-da Daşkənddə qastrol zamanı vəfat edib və Bakıda dəfn olunub. 1982-ci ildə ölümündən sonra Azərbaycan Dövlət Mükafatına layiq görülüb.

ELTON QULİYEV

(1956-2015)

Müstəqil Azərbaycanda vəkillik institutunun banilərindən biri Elton Rasim oğlu Quliyev də bu gün xatırlanır. O, 1956-cı il fevralın 28-də Ağdam şəhərində dünyaya gəlib. 1972-1977-ci illərdə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb. Universiteti bitirdikdən sonra təyinatla daxili işlər orqanlarında işə götürülüb. 1977-1991-ci illərdə Azərbaycan Daxili İşlər Nazirliyində müstəntiq, baş müstəntiq, İstintaq bölməsinin rəisi, istintaq idarəsinin rəis müavini vəzifələrində çalışıb. 1996-cı ildən Vəkillər Kollegiyasının üzvü olub. Elton Quliyev 2015-ci il dekabrın 16-da Bakıda vəfat edib.

RƏŞAD CƏFƏRZADƏ

(1994-2015)

Şəhid Rəşad Əlyar oğlu Cəfərzadənin anım günüdür. O, 1994-cü il oktyabrın 14-də Bakı şəhərində anadan olub. Orta təhsilini bitirdikdən sonra hərbi xidmətə yollanıb. Əsgər Rəşad Cəfərzadə 2015-ci ildə dekabrın 16-da Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid olub və Bakı şəhərinin Binəqədi rayonunda dəfn olunub. Ölümündən sonra III dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalı ilə təltif edilib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın