00:01 17 Oktyabr 2020 97
Ana səhifə Dünyanın bu günü

Dünyanın bu günü - 17.10.2020

ABUZƏR BƏY RZAYEV

(1876-1920)

Gəncənin ilk ixtisaslı memar-mühəndisi, Azərbaycan milli azadlıq hərəkatının fəal fəallarından Abuzər bəy Əsgər bəy oğlu Rzayev 17 oktyabr 1876-cı ildə Gəncədə anadan olub. Mollaxanada, Şah Abbas məscidindəki mədrəsədə, Tiflis realnı məktəbində və Moskva Texniki Məktəbində təhsil alıb. Azərbaycan milyonçuları Musa Nağıyev və Murtuza Muxtarovun Bibiheybətdəki neft mədənlərində mühəndis, mədən müdiri, Gəncədə şəhər idarəsi başçısının müavini vəzifələrində çalışıb. Gəncə Müsəlman Xeyriyyə Cəmiyyətinin təftiş komissiyasının həqiqi üzvü, Gəncə Quberniya İcraiyyə Komitəsinin üzvü, Gəncə şəhərindən Azərbaycan Xalq Cümhuriyyəti Cümhuriyyəti Parlamentinin deputatı olub. 1920-ci ilin aprel işğalından sonra bir müddət Bibiheybətdə neft mədənlərinin müdiri işləyib. Abuzər bəy Rzayev 1920-ci il iyunun 15-də Azərbaycan SSR Fövqəladə Komissiyası tərəfindən həbs edilərək güllələnib.

CAVANŞİR MƏMMƏDOV

(1915-1997)

Azərbaycanın və Türkmənistanın əməkdar incəsənət xadimi, kinorejissor və operator Cavanşir Musa oğlu Məmmədov 1915-ci il oktyabrın 17-də Lənkəranda dünyaya gəlib. Aşqabad Kino Texnikumunda təhsil alıb. Aşqabad kinostudiyasında operator işləyib. Müharibə illərində Mərkəzi Sənədli Filmlər Studiyasının operator qrupunda fəaliyyət göstərib. 1960-cı ildən Mərkəzi Elmi-Kütləvi Filmlər Studiyasında çalışıb, "Kino Səyahəti" almanaxının yaradıcılarından olub. 1950-60-cı illərdə Bakı kinostudiyasında 12 sənədli, 2 bədii filmin operatoru olub. “Şuşa”, “Qobustan”, “Lahıc”, “Kür boyunca”, “Zaqatala etüdləri” onun 70-ci illərdə çəkdiyi sənədli ekran əsərləridir. “Lenin” mükafatı, Kann festivalının mükafatı və başqa təltiflərə layiq görülüb. Cavanşir Məmmədov 1997-ci il sentyabrın 9-da Moskva şəhərində vəfat edib.

ÇİNGİZ ƏLƏKBƏRZADƏ

(1936-1999)

Yazıçı-ssenarist Çingiz Əbülhəsən oğlu Ələkbərzadə 1936-cı ilin bu günü Bakı şəhərində dünyaya gəlib. Tovuz şəhərindəki A.S.Puşkin adına şəhər orta məktəbdə və Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb. Əmək fəaliyyətinə Əli Bayramlı rayonundakı 2 saylı orta məktəbdə müəllim kimi başlayıb. Azərbaycan Dövlət Teleradio Verilişləri Komitəsinin xəbərlər redaksiyasında işləyib. Özbəkistanda keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə iştirak edib. 1970-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olub. Durğunluq dövründə ictimai qüsurları kəskin tənqid etdiyinə görə həbs edilib. Sonra bəraət alıb və bədii yaradıcılıqla məşğul olub. Çingiz Ələkbərzadə 7 yanvar 1999-cu ildə Bakıda vəfat edib. O, yazıçı Əbülhəsən Ələkbərzadənin oğlu, müğənni Sevda Ələkbərzadə və Elmira Ələkbərzadənin atasıdır.

SOLTANAĞA BAYRAMOV

(1936-1993)

Azərbaycanın Milli Qəhrəmanı Soltanağa Nəhmət oğlu Bayramov 17 oktyabr 1936-cı ildə Lənkəran rayonunun Şürük kəndində anadan olub. Orta təhsilini Astara rayonunda aldıqdan sonra 1957-ci ildə Lənkəranda tibb məktəbini bitirib. Təyinatla hərbi hospitalda əmək fəaliyyətinə başlayıb, əvvəlcə fizioterapevt, sonra rentgenoloq-texnik vəzifəsində işləyib. Hospitalda çalışdığı müddətdə “Səhiyyə əlaçısı” adını qazanıb. Soltanağa Bayramov 23 avqust 1993-cü ildə Azərbaycanın cənubunda bir qrup cinayətkar separatçının hərbi hospitala hücumunun qarşısını alarkən həlak olub və Lənkəran şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycan Prezidentinin 24 avqust 1993-cü il tarixli fərmanı ilə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

TARKAN

(1972)

Məşhur türkiyəli müğənni Tarkan Tevetoğlu 1972-ci il oktyabrın 17-də Almaniyanın Alzey qəsəbəsində dünyaya göz açıb. 1986-cı ildə ailəsi ilə birlikdə Türkiyəyə qayıdıb. Kocaelidə Karamürsel liseyində və Üsküdar Musiqi Cəmiyyətində təhsil alıb. Karyerasına 1992-ci ildən başlayıb. Həmin ilin sonunda “İstanbul Val” şirkəti ilə imzaladığı razılaşma nəticəsində ilk albomu “Yenə Sənsiz” Türkiyədə bazara çıxarılıb. Bu albomun ilk mahnısı olan “Kıl oldum” çox qısa müddətdə dinləyənlərin marağını çəkərək, məşhur məkanlarda ifa edilməyə başlanıb. “Acayipsin”, “Metamorfoz”və başqa bir çox albomları satışa çıxarıb. Tarkan 29 aprel 2016-cı ildə Pınar Dilək adlı xanımla ailə qurub, bir qızı var.

FREDERİK ŞOPEN

(1810-1849)

Məşhur Polşa bəstəkarı Frederik Şopenin anım günüdür. O, 1810-cu il martın 1-də Varşava yaxınlığında dünyaya gəlib. 8 yaşında ilk konsertini verib. Ali musiqi məktəbində təhsil alıb. Bəstəkar demək olar ki, yalnız fortepiano üçün musiqi bəstələyib. Onun yaradıcılığı dünya klassik musiqi sənətində yüksək yer tutur. Əsərləri Polşa milli-azadlıq hərəkatına da güclü təsir göstərib. Frederik Şopen 1849-cu il oktyabrın 17-də Paris şəhərində vəfat edib. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.

İSA SULTAN ŞAHTAXTİNSKİ

(1851-1894)

Azərbaycan jurnalisti, publisist, təbiətşünas alim, ictimai xadim İsa Sultan Nəcəfqulu oğlu Şahtaxtinskinin xatirə günüdür. O, 5 may 1851-ci ildə İrəvan şəhərində doğulub. Tiflisdə realnı gimnaziyada, gürcü maarifçi David Kipianinin məktəbində və Sankt-Peterburq Əkinçilik İnstitutunda təhsil alıb. Paris, London və Sürix universitetlərinin azad dinləyicisi olub. Tiflisdə jurnalistlik fəaliyyətinə başlayıb, daha sonra "Tiflisskiy vestnik" qəzetində şöbə müdiri, "Kavkazskiy almanax"ın təsisçisi, naşiri və redaktoru, Türkiyədə rus dilində çıxan "Qars" qəzetinin əməkdaşı olub. Osmanlı hakimiyyəti altında mülkiyyət hüquqlarının və əhalinin öhdəliklərinin müəyyənləşdirilməsi Komissiyasının sədri, Qarsın bələdiyyə başçısı, Ərzurumda məsləhətçi, 1883-cü ildən ömrünün sonuna qədər Qars rayon Hərbi valisi Aparatının rəhbəri vəzifələrində çalışıb. Bir sıra yazıların müəllifidir. İsa Sultan Şaxtantinski 17 oktyabr 1894-cü ildə Tiflisdə vəfat edib və "Botanika bağı"nın yaxınlığında yerləşən müsəlman qəbiristanlığında dəfn edilib.

MUXTAR ƏFƏNDİZADƏ

(1880-1975)

Tanınmış maarifçi, şərqşünas, alim Muxtar İsmayıl oğlu Əfəndizadə də bu gün xatırlanır. O, 1880-ci il yanvarın 1-də Ağdaşda anadan olub. 9 il mәdrәsәdә, 9 il Ağdaş, Şәki, Quba, Bakı və Şamaxı alimlәrinin yanında tәhsil alıb. Azərbaycanda milli azadlıq hərəkatının fəal iştirakçısı kimi tanınıb. 1918-ci ildə erməni quldurlarının Ağdaşa və Göyçaya hücumlarının qarşısını almaq üçün 200 nəfərlik dəstə təşkil edərək, onları geri oturdub. Sovet hakimiyyəti dövründə təqiblərə məruz qalıb, Qazaxıstana sürgün edilib. 1939-cu ildə sürgündən qayıtdıqdan sonra pedaqoji və elmi fəaliyyətini davam etdirib, ali və orta məktəblər üçün dərsliklər yazıb. Uşaqlar üçün yeni tәlim vә tәdris üsulu әsasında “Oxu” dәrsliyini hazırlayıb, “Kimsәsiz uşaqlar evi”, “Yaşlılar üçün kurs”, “Dar-ül-irfan” mәktәbi, qiraәtxana, teatr, “Sәadәt” adlı qız mәktәbini açıb. Tiflisdә Yol Mühәndislәri İnstitutunda müəllim, AMEA-nın Tarix İnstitutunda tәrcümәçi, Azərbaycan Dövlət Universitetində әrәb vә fars dili müәllimi vəzifələrində işləyib. Muxtar Əfəndizadə 1975-ci il oktyabrın 17-də Bakıda vəfat edib. Ağdaş şəhərindә küçә vә Şәmsabad kәnd orta mәktәbi onun adını daşıyır.

ƏSƏD BƏY RÜSTƏMBƏYOV

(1911-1982)

Əməkdar mühəndis, alim, SSRİ-nin fəxri neftçisi Əsəd bəy Fətulla bəy oğlu Rüstəmbəyovun xatirə günüdür. O, 2 sentyabr 1911-ci ildə Şuşada anadan olub. Azərbaycan Neft və Kimya İnstitutunda təhsil alıb. Azərbaycan və Başqırdıstanda yüksək məhsuldar yeni yataqların kəşfində və işə salınmasında fəal iştirak edib. Qazaxıstan, Özbəkistan, Qırğızıstan gənclərinə, həmçinin milli mütəxəssislərə yeni texnika və texnologiya tətbiqi işində kömək göstərib. Bir sıra elmi əsər və ixtiraların müəllifidir. 8 orden və medalla təltif olan Əsəd bəy Rüstəmbəyov 1982-ci il oktyabrın 17-də Bakıda vəfat edib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın