00:02 18 Yanvar 2021 91
Ana səhifə Dünyanın bu günü

Dünyanın bu günü - 18.01.2021

ZƏHRA QULİYEVA

(1923-2005)

Azərbaycanın əməkdar elm xadimi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin keçmiş sədri, tibb elmləri doktoru, professor Zəhra Tahir qızı Quliyeva 1923-cü il yanvarın 18-də Bakı şəhərində dünyaya gəlib. Orta təhsilini 132 saylı məktəbdə aldıqdan sonra 1940-cı ildə məktəbi yaxşı qiymətlərlə bitirdiyi üçün Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsinə imtahansız qəbul edilib. 1968-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun Oftalmologiya kafedrasının professoru seçilib, 1975-ci ildə həmin kafedranın müdiri olub. 1972-1983-cü illərdə Azərbaycan Tibb İnstitutunun rektoru vəzifəsində çalışıb. 2000-ci ildə Nyu-Yorkda "Qadınlar 2000-ci ildə: gender bərabərliyi - sülh və inkişaf XXI əsrdə" mövzusunda BMT-nin Baş Assambleyasının xüsusi sessiyasında çıxış edən ilk azərbaycanlı qadın olub. O, həmçinin SSRİ Ali Sovetinin və Bakı Şəhər Sovetinin deputatı olub. Zəhra Quliyeva 2005-ci il noyabrın 28-də Bakıda vəfat edib.

KAMAL ABDULLAYEV

(1927-1997)

Azərbaycanın xalq artisti, dirijor Kamal Canbaxış oğlu Abdullayev 1927-ci ilin bu günü Bakıda anadan olub. 1945-ci ildə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyası nəzdində orta ixtisas musiqi məktəbini viola ixtisası üzrə, 1948-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 1952-ci ildə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasından opera-simfonik dirijorluğu ixtisası üzrə məzun olub. Həmin il vətənə qayıdıb və 1959-cu ilə qədər Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru vəzifəsində işləyib. 1962-ci ildə Stanislavski və Nemiroviç-Dançenko adına Moskva Dövlət Musiqili Teatrına dəvət olunub və bu teatrda 8 il baş dirijor vəzifəsində çalışıb. Türkiyədə də tamaşalar hazırlayan Kamal Abdullayev 1997-ci il dekabrın 5-də Moskvada dünyasını dəyişib.

TƏHSİN MÜTƏLLİMOV

(1932)

Azərbaycanın əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü, tanınmış pedaqoq Təhsin Mütəllim oğlu Mütəllimov 18 yanvar 1932-ci ildə Naxçıvan şəhərində doğulub. Orta təhsilini başa vurduqdan sonra Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə daxil olub. 1951-ci ildə oranı bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində təhsilini davam etdirib. Ədəbiyyat nəzəriyyəsi sahəsində tanınmış mütəxəssis hesab olunan Təhsin Mütəllimov görkəmli ədəbiyyatşünas və tənqidçi kimi şöhrət qazanıb. 170-dən artıq məqalənin müəllifidir və 8 elmlər namizədi yetişdirib. Azərbaycanın Dövlət Mükafatına, “Qızıl qələm” mükafatına layiq görülüb. O, Azərbaycanın tanınmış şairi, əməkdar incəsənət xadimi Tofiq Mütəllimovun qardaşıdır.

ELDAR QULİYEV

(1941)

Azərbaycanın xalq artisti, kinorejissor Eldar Tofiq oğlu Quliyev 18 yanvar 1941-ci ildə Bakıda doğulub. 1960-1966-cı illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsində Sergey Gerasimovun kursunda təhsil alıb. 1967-ci ildən "Azərbaycanfilm" kinostudiyasında işləyib. İlk filmi “Biri vardı, biri yoxdu...” adlı qısametrajlı film olub. “Bir cənub şəhərində”, "Babək" və s. məşhur filmləri çəkib. "Debüt" studiyasının ilk bədii rəhbəri, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində kino kafedrasının professoru, Professional Kinorejissorlar Gildiyasının yaradıcısı və prezidentidir. O, görkəmli bəstəkar Tofiq Quliyevin oğlu, ssenarist Nərminə Quliyevanın atasıdır.

AFAQ MƏLİKOVA

(1947)

Azərbaycanın xalq artisti, rəqqasə Afaq Süleyman qızı Məlikova 1947-ci il yanvarın 18-də Bakıda anadan olub. Bakı Xoreoqrafiya Məktəbini bitirib. 1963-1974-cü illərdə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solisti olub. 1974-cü ildən Azərbaycan Dövlət Rəqs Ansamblının solisti və məşqçi pedaqoqu, 1982-ci ildən bədii rəhbəridir. Bir sıra xarici ölkələrdə çıxış edib.

ELDAR MİKAYILZADƏ

(1956)

Azərbaycanın xalq rəssamı Eldar Hidayət oğlu Mikayılzadə 1956-cı ilin bu günü Bakının Əmircan kəndində anadan olub. 1971-1975-ci illərdə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinin Rəngkarlıq fakültəsini, 1978-1983-cü illərdə isə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dekorativ Tətbiqi Sənət fakültəsini Xalçaçılıq ixtisası üzrə bitirib. Təhsilini o vaxtkı Leninqrad Rəssamlıq Akademiyasında davam etdirib. 1977-ci ildə yaratdığı ilk sənət əsərini doğma kəndinə həsr edib və onu "Yeni Xilə" adlandırıb. 1984-cü ildən xalçaçı-rəssam kimi peşəkar fəaliyyətə başlayıb. Sonralar özünün "Xalı" şirkətini yaradıb. Hazırda Dövlət Rəssamlıq Akademiyasında baş müəllim vəzifəsində çalışır. SSRİ Rəssamlar İttifaqının, Rusiya Rəssamlar İttifaqının və UNESCO yanında Rəssamlar Birliyinin üzvü olub.

İLKİN ABIYEV

(1995-2020)

Şəhid İlkin İslam oğlu Abıyev 18 yanvar 1995-ci ildə Biləsuvar rayonunun Əsgərabad kəndində anadan olub. 2002-2013-cü illərdə kənd orta məktəbində təhsil alıb. 2013-cü ilin iyul ayından Göygöl rayonunun Toğana kəndində yerləşən N saylı hərbi hissədə həqiqi hərbi xidmət keçib. 2017-ci ilin oktyabr ayından Daşkəsən şəhərində yerləşən N saylı hərbi hissədə müddətdən artıq hərbi xidmət qulluqçusu – kiçik çavuş kimi xidmətə başlayıb. İlkin Abıyev 27 sentyabr 2020-ci ildə başlayan Vətən Müharibəsində iştirak edib və Daşkəsən rayonu istiqamətində gedən döyüşlərdə düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olub, doğulduğu kənddə dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə" və "Kəlbəcərin azad olunmasına görə" medallarına layiq görülüb.

NİCAT MƏNƏFOV

(2000-2020)

Şəhid Nicat Azad oğlu Mənəfov 2000-ci il yanvarın 18-də Qax rayonunun Qaradolaq kəndində anadan olub. 2007-ci ildə kənd orta məktəbində və Qax Peşə Liseyində təhsil alıb. 8 may 2020-ci ildə həqiqi hərbi xidmətə yollanıb və 27 sentyabr 2020-ci ildə başlayan Vətən Müharibəsində iştirak edib. Nicat Mənəfov noyabrın 4-də Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub. Ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medallarına medalına layiq görülüb.

ELŞAD BALOĞLANLI

(2002-2020)

Şəhid Elşad Elşən oğlu Baloğlanlı 2002-ci ilin bu günü Biləsuvar rayonunun Günəşli kəndində anadan olub. Kənd orta məktəbini bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanıb. 27 sentyabr 2020-ci ildə başlayan Vətən Müharibəsində iştirak edib və Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub, doğulduğu kənddə dəfn edilib. Əsgər Elşad Baloğlanlı ölümündən sonra "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medallarına layiq görülüb.

ÇİNGİZ HACIBƏYOV

(1913-1971)

Azərbaycanın əməkdar incəsənət xadimi, dirijor Çingiz Zülfüqar oğlu Hacıbəyovun anım günüdür. O, 1913-cü il oktyabrın 2-də Şuşada anadan olub. 1921-ci ildə Bakıda fəaliyyət göstərən türk musiqi məktəbində skripka sinfində təhsil alıb. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında skripkaçı kimi fəaliyyət göstərib. Müxtəlif vaxtlarda Azərbaycan Xalq Komissarları Soveti nəzdində Radio Komitəsinin simfonik orkestrində, Azərbaycan Dövlət Musiqili Komediya Teatrında, Üzeyir Hacıbəyli adına Dövlət Simfonik Orkestrində işləyib, Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində pedaqoji fəaliyyətlə məşğul olub. Çingiz Hacıbəyov 1971-ci il yanvarın 18-də Bakıda vəfat edib və II Fəxri Xiyabanda dəfn olunub. O, Azərbaycanda musiqili teatrın yaradıcılarından olan Zülfüqar Hacıbəyovun oğlu, Üzeyir və Ceyhun Hacıbəylilərin qardaşı oğlu, dirijor Niyazinin qardaşıdır.

CÖVDƏT HACIYEV

(1917-2002)

Azərbaycanın xalq artisti Əhməd-Cövdət İsmayıl oğlu Hacıyev də bu gün xatırlanır. O, 1917-ci il iyunun 18-də Şəkidə anadan olub. Azərbaycan Dövlət Konservatoriyasında, Moskva Konservatoriyasında oxuyub və müharibə illərində yarımçıq qalmış təhsilini sonralar davam etdirərək, 1947-ci ildə dahi bəstəkar Dmitri Şostakoviçin sinfini bitirib. 1947-ci ildən ömrünün sonuna qədər bəstəkarlıq fəaliyyəti ilə yanaşı, Bakı Musiqi Akademiyasında dərs deyib, 1957-1969-cu illərdə isə bu təhsil ocağının rektoru vəzifəsində çalışıb. İki dəfə SSRİ Dövlət Mükafatına layiq görülüb, bir çox orden və medallarla, o cümlədən "Şöhrət" ordeni ilə təltif olunub. Rəqqasə Əminə Dilbazinin həyat yoldaşı olan Cövdət Hacıyev 18 yanvar 2002-ci ildə Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.

SEYFƏDDİN DAĞLI

(1921-1983)

Məşhur Azərbaycan yazıçısı, şair, dramaturq və jurnalist Seyfəddin Dağlının xatirə günüdür. Seyfəddin Əliağa oğlu Abbasov 1921-ci avqustun 27-də Xızıda dünyaya gəlib. Uşaq yaşlarında ailəsi ilə birgə Bakıya köçüb. Orta məktəbi də elə burada oxuyub, daha sonra ali təhsilini Moskvada bitirib. Bədii yaradıcılığa orta məktəbdə oxuduğu illərdən başlayıb. Bir müddət "Kommunist" və "Ordu" qəzetlərində müxtəlif vəzifələrdə çalışıb. 1948-ci ildə "Dəniz kəşfiyyatçısı" adlı kitabı nəşr edilib. Dövlət Radio Komitəsində baş redaktor, Bakı Telestudiyasının direktoru və sədr müavini, "Azərbaycanfilm" kinostudiyasında ssenari kollegiyasının üzvü, "Yazıçı" nəşriyyatında redaktor vəzifələrində çalışıb. Uzun müddət "Kirpi" jurnalının baş redaktoru olub. Seyfəddin Dağlı 1983-cü il yanvarın 18-də Bakıda vəfat edib.

NAHİD HACIZADƏ

(1936-2018)

Yazıçı Nahid Rəhim oğlu Hacızadənin anım günüdür. O, 1936-cı il martın 14-də Gədəbəy rayonunun Düzrəsullu kəndində anadan olub. Bakıda Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb. Ali məktəbi bitirdikdən sonra ilk iş yeri televiziya olub. Uzun illər Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində çalışıb, redaktorluqdan şirkətin sədr müavini vəzifəsinə qədər şərəfli bir yol keçib. Bir müddət nəşriyyatda da çalışıb, sonralar Respublika Xatirə Kitabı Redaksiyasının baş redaktoru olub. Ədəbiyyata 1969-cu ildə "Ulduz" jurnalında çap edilən "Lirik miniatürlər"lə gəlib, ilk kitabı da 1972-ci ildə "Gənclik" nəşriyyatında çap edilib. Bir sıra pyesləri teatrlarda tamaşaya qoyulub, ssenariləri əsasında 30-a yaxın sənədli və bədii televiziya filmi çəkilib, "Son qəmin olsun, Vətən!", "Qayalarda qalan səs" və "Yaşa, ey haqq" filmləri isə Qızıl Fonda daxil edilib. Məşhur "Qalx, qalx, ulu torpaq!" mahnısının sözlərini yazan Nahid Hacızadə 2018-ci il yanvarın 18-də Bakıda vəfat edib və Binəqədi qəbiristanlığında dəfn edilib.

MALİK ƏSƏDOV

(1962-1992)

Azərbaycanın Milli Qəhrəmanı Malik Hamil oğlu Əsədovun xatirə günüdür. O, 27 iyun 1962-ci ildə Yevlax rayonunun Havarlı kəndində doğulub. 1979-cu ildə orta məktəbi bitirdikdən sonra Qazaxıstanda hərbi xidmətdə olub. Qarabağ müharibəsinin başlanğıcında Xocalı, Əsgəran, Ağdam və Şuşa cəbhələrində döyüşüb. 1992-ci il yanvarın 18-də ermənilərin Şuşanın Nəbilər kəndinə hücumunu dəf edərkən qəhrəmancasına şəhid olub və doğulduğu kənddə dəfn edilib. Azərbaycan Prezidentinin 8 oktyabr 1992-ci il tarixli fərmanı ilə Malik Əsədov ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı ilə təltif olunub.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın