00:01 18 May 2020 300
Ana səhifə Dünyanın bu günü

Dünyanın bu günü - 18.05.2020

LAÇININ İŞĞALI

(1992)

Azərbaycanın Laçın rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalının ildönümüdür. 1992-ci il mayın 18-də Ermənistan Silahlı Qüvvələrinin Laçın rayonunu ələ keçirməsi ilə Dağlıq Qarabağ “de-fakto” Ermənistana birləşdirilib. İşğal nəticəsində Laçında 1 şəhər, 1 qəsəbə və 120 kənd düşmən əlinə keçib, 264 nəfər şəhid olub, 65 nəfər girov götürülüb, 103 nəfər əlil olub. Rayon üzrə 1 yaşdan 16 yaşadək 24 374 uşaqdan 18-i şəhid, 225 nəfəri əlil olub, 31-i hər iki valideynini itirib, 64 min nəfər məcburi köçkünə çevrilib. Rayon ərazisindəki 133 iri və orta müəssisə, 20 tibb müəssisəsi, 217 mədəniyyət ocağı, 40-dək mədəni və tarixi abidə, onlarla təhsil müəssisəsi hazırda işğal altındadır. İşğal nəticəsində 1835 kvadrat kilometr ərazisi olan Laçın rayonundakı bir sıra tarixi-mədəniyyət abidələri düşmən tərəfindən talan edilib və ya erməniləşdirilib. Əhəmiyyətli geostrateji mövqeyə malik olan Laçının işğalı Azərbaycan iqtisadiyyatına ciddi ziyan vurub. Düşmən rayonun yüngül sənaye mərkəzlərini, kənd təsərrüfatı sahələrini yararsız hala salıb.

SÜLEYMAN STALSKİ

(1869-1937)

XX əsr Dağıstan ədəbiyyatının ən məşhur nümayəndələrindən biri, aşıq-şair Süleyman Stalski 1869-cu ilin bu günü Dağıstanın Kürə vilayətinin Aşağı Stal kəndində yoxsul kəndli ailəsində anadan olub. Uşaq yaşlarında yetim qaldığından, uzun illər çörək qazanmaq üçün qürbətdə - Bakıda neft mədənlərində, Səmərqənddə dəmir yolunda işləyib. Şeir yazmağa orta yaşlarında başlayıb. İlk dəfə “Bülbül” şerini 1900-cü ildə yazıb. Azərbaycan və ləzgi dillərində yazdığı şeirləri qəzetlərdə çap olunub, 1927-ci ildə şeirləri Moskvada nəşr olunan “Ləzgi şairlərinin seçilmiş əsərləri” kitabına daxil edilib. İlk kitabı olan “Seçilmiş əsərləri” 1934-cü ildə çıxıb. Bundan sonra o, Dağıstanın xalq şairi adına və “Lenin” ordeninə layiq görülüb. Süleyman Stalski 23 noyabr 1937-ci ildə vəfat edib. 1957-ci ildə “Bakı” kinostudiyasında Rza Təhmasib və Mikayıl Mikayılovun çəkdikləri "Mahnı belə yaranır" filmi Süleyman Stalskinin həyat və yaradıcılığından, ictimai fəaliyyətindən bəhs edir.

MİRMƏMMƏD CAVADZADƏ

(1927-2008)

Görkəmli uroloq-alim və pedaqoq, Dövlət mükafatları laureatı, əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycanda uroloji məktəbin yaradıcısı, akademik Mirməmməd Cavad oğlu Cavadzadə 1927-ci il mayın 18-də Lənkəran şəhərində anadan olub. 1943-cü ildə 1 №-li Lənkəran şəhər orta məktəbini, 1948-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirib. 1951-ci ildə II Moskva Dövlət Tibb İnstitutunun aspiranturasında oxuyub. 1954-1957-ci illərdə Krım vilayətinin baş uroloqu işləyib. 1963-cü ildə müsabiqə yolu ilə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun urologiya və operativ nefrologiya kafedrasına müdir seçilib. 1974-cü ildə görkəmli alim həmin institutun rektoru təyin olunub və ömrünün sonunadək bu instituta rəhbərlik edib. “Şöhrət” və “İstiqlal” ordenlərinə layiq görülən Mirməmməd Cavadzadə 2008-ci il avqust ayının 7-də vəfat edib və Fəxri Xiyabanda dəfn olunub. Respublika Kliniki Uroloji Xəstəxanası onun adını daşıyır.

TOFİQ RÜSTƏMOV

(1936-1998)

Tanınmış jurnalist, Azərbaycanın əməkdar mədəniyyət işçisi, alim, tərcüməçi və ictimai xadim Tofiq Tağı oğlu Rüstəmov 1936-cı il mayın 18-də Quba şəhərində anadan olub. 1953-cü ildə 1 nömrəli şəhər beynəlmiləl orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin Jurnalistika şöbəsinə qəbul olub. Ali təhsilini başa vurduqdan sonra 1958-1960-cı illərdə dövrünün nüfuzlu qəzetlərindən sayılan "Uçitelskaya qazeta"nın Azərbaycan SSR üzrə xüsusi müxbiri işləyib. 1967-ci ildən Azərbaycan Dövlət Universitetində elmi-pedaqoji fəaliyyətə başlayıb, müəllim və baş müəllim işləyib. 1960-1970-ci illərdə Azərbaycan Televiziyasında tərcüməçilikdən baş redaktor vəzifəsinədək uzun bir yol keçib. 1979-cu ildən Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı, 1987-ci ildən tərcümə, televiziya və radio jurnalistikası kafedrasının professoru, 1988-1989-cu illərdə partiya komitəsinin katibi, 1989-1990-cı illərdə Azərbaycan SSR KP MK ideologiya şöbəsi müdirinin birinci müavini və Ali Sovetin deputatı olub. 1990-1995-cı illərdə "Kommunist" qəzetinin redaktoru və "Xalq qəzeti"nin baş redaktoru kimi çalışıb. Kütləvi informasiya vasitələri işçiləri üçün hazırladığı "Ədəbi redaktənin əsasları" və "Ədəbi redaktə nəzəriyyəsi və təcrübəsi" dərs vəsaitləri çap olunub. Tofiq Rüstəmov 1998-ci il yanvarın 20-də vəfat edib.

II NİKOLAY

(1868-1918)

Romanovlar sülaləsinin sonuncu varisi, Çar Rusiyasının sonuncu hökmdarı Nikolay Aleksandroviç Romanov 1868-ci il mayın 18-də Sankt-Peterburq quberniyasında anadan olub. Atası Rusiya çarı III Aleksandr, anası Mariya Fyodorovnadır. İlk təhsilini 1885-1890-cı illərdə xüsusi hazırlanmış proqram çərçivəsində imperiyanın tanınmış akademiklərindən alıb. Hərbi və siyasi karyerasının ilk iki ilində zabit kimi orduda xidmət edib. Sonrakı iki ildə isə süvari polkunda eskadron komandiri vəzifəsini icra edib. 1896-cı ilin mayın 14-də atasının ölümündən sonra II Nikolay adı ilə taxta çıxıb. Rus-yapon müharibəsində və Birinci Dünya müharibəsində Rusiyanın uğradığı məğlubiyyət birbaşa onun adı ilə bağlıdır. 1917-ci il fevralında Sankt-Peterburqda başlayan üsyandan sonra martın 15-də Pskovda qardaşı Mixail Romanovun lehinə taxtdan əl çəkib. Ancaq Mixailin taxt-tacdan imtina etməsi ilə Rusiyada monarxiya dövrü başa çatıb. Fevral inqilabından sonra Çarskoye Seloda və Tobolskda nəzarətdə saxlanılan II Nikolay və ailəsi 1917-ci ilin oktyabrında bolşevik inqilabı baş verdikdən sonra çar və ailəsinin başı üstünü qara buludlar alıb. 1918-ci ilin aprelində Yekaterinburqa gətirilən çar və ailə üzvləri iyulun 16-dan 17-ə keçən gecə saxlanıldıqları evdə qətlə yetirilib. Daha sonra cəsədlər meşəyə aparılaraq basdırılıb. Sovet İttifaqının süqutundan sonra 1998-ci ildə keçirilən dövlət mərasimi ilə II Nikolayın və ailə üzvlərinin nəşi Peterburqda dəfn edilib. Çar ailəsi 2000-ci ildə Rusiya Pravoslav Kilsəsi tərəfindən müqəddəs elan olunub.

II İOHANN PAVEL

(1920-2005)

Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilmiş Roma Papası II İohann Pavel 1920-ci ilin bu günü Polşada anadan olub. 1938-1939-cu illərdə Krakovdakı Yagellon Universitetinin fəlsəfə fakültəsində oxuyub. Alman işğalı dövründə zavodda işləyib və gizli katolik seminariyasında oxuyub. 1946-cı ildə keşiş rütbəsi alıb. Yagellon Universitetinin ilahiyyat fakültəsini və Romadakı Dominikçilər Universitetini bitirib. Krakov və Lyublinin seminariya və universitetlərində dərs deyib. 1958-ci ildə yepiskop rütbəsi alıb, 1963-cü ildə Krakov arxiyepiskopu təyin edilib. 1967-ci ildə kardinal rütbəsi alıb, 1978-ci ildən isə ömrünün sonunadək Roma Papası olub. 1981-ci ildə Mehmet Əli Ağca tərəfindən sui-qəsdə məruz qalsa da, yaralanmaqla xilas olub. 1523-cü ildən bəri qeyri-italyan mənşəli ilk Roma Papası olan II İohann Pavel 2005-ci il aprelin 2-də dünyasını dəyişib.

RUDOLF İVANOV

(1931-2019)

18 may eyni zamanda rusiyalı tarixçi, yazıçı-publisist, professor Rudolf Nikolayeviç İvanovun doğum günüdür. O, 1931-ci il mayın 18-də Pyatiqorskda anadan olub. 27 kitabın, 200-dən çox məqalə və oçerkin müəllifidir. Bu əsərlərin böyük bir qismi Rusiya imperiyasının və Qafqazın tarixinə həsr edilib. R.İvanovun qələminin məhsulları arasında “Ölüm-dirim savaşı. Açılmış arxivlər Nəriman Nərimanovun Azərbaycanda bolşevizm təhriflərinə qarşı mübarizəsinin sirlərini üzə çıxarır” kitabı xüsusi yer tutur. “Kəlbəli xan Naxçıvanski. Onun dövrü və irsi. Tarixi oçerklər” kitabı da böyük maraqla qarşılanıb. O, Rusiya Yazıçılar İttifaqının və Azərbaycan Yazıçılar Birliyinin, Moskva Jurnalistlər İttifaqının üzvü, Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun və Naxçıvan Dövlət Universitetinin fəxri doktoru olub. Azərbaycanın “Dostluq” ordeni ilə təltif edilən Rudolf İvanov 2019-cu il yanvarın 23-də dünyasını dəyişib.

OLJAS SÜLEYMENOV

(1936)

Qazaxıstanın görkəmli ictimai-siyasi xadimi, şair, yazıçı və ədəbiyyatşünas Oljas Ömər oğlu Süleymenov 18 may 1936-cı ildə Almatı şəhərində anadan olub. 1954-1959-cu illərdə Qazaxıstan Dövlət Universitetinin Geoloji kəşfiyyat fakültəsində təhsil alıb. Təhsilini bitirdikdən sonra ixtisası üzrə işləməyə başlayıb. 1959-cu ilin iyununda “Literaturnaya qazeta”da dərc olunan seçilmiş şeirləri şairin mərkəzi mətbuatda çap olunan ilk mətbu əsəri hesab olunur. 1961-1962-ci illərdə M.Qorki adına Ədəbiyyat İnstitutunda təhsil alıb. 1962-ci ildə Qazaxıstan Dövlət Universitetinin aspiranturasına daxil olub, elə həmin il Yazıçılar İttifaqına üzvlüyə qəbul olunub. 1962-1971-ci illərdə “Kazaxskaya pravda” qəzetində ədəbiyyat məsələləri üzrə əməkdaş və “Qazaxfilm” kinostudiyasında baş redaktor, 1971-1981-ci illərdə Qazaxıstan Yazıçılar İttifaqının katibi, 1972-ci ildən Asiya və Afrika ölkələri yazıçıları ilə Qazaxıstan əlaqə komitəsinin, 1981-83-cü illərdə isə Qazaxıstan SSR Kinematoqrafiya Komitəsinin sədri olub. 1983-cü ildə Qazaxıstan Yazıçılar İttifaqının birinci katibi seçilib. 1975-ci ildə ona dünya şöhrəti gətirən “Az-Ya” əsərini yazıb. 1991-ci ilə qədər bir neçə çağırış Qazaxıstan və SSRİ Ali Sovetinin deputatı olub. 1991-ci ildə Qazaxıstan müstəqillik əldə etdikdən sonra ölkənin ictimai-siyasi, mədəni həyatında yaxından iştirak edib, UNESCO-da ölkənin səlahiyyətli nümayəndəsi olub. Oljas Süleymenov 2011-ci ildə Azərbaycan Respublikasının “Dostluq” ordeni ilə təltif edilib.

ASLAN VƏZİROV

(1910-1988)

Sovet İttifaqı Qəhrəmanı, qvardiya polkovniki Aslan Fərhad oğlu Vəzirovun anım günüdür. O, 1910-cu il dekabrın 13-də Bərdə rayonunun Zümürxan kəndində anadan olub. 1928-1930-cu illərdə Leninqrad və Moskvada hərbi mühəndislik məktəblərində oxuyub. İkinci Dünya müharibəsində müxtəlif cəbhələrdə mühəndis-istehkam briqadalarının komandiri olub. 1947-ci ildə ordudan tərxis edildikdən sonra Kaunas, Voronej və Bakıda müxtəlif vəzifələrdə çalışıb. 1965-ci ildən Azərbaycan Müharibə Veteranları Komitəsinin sədri olub. Aslan Vəzirov 1988-ci ilin mayında Bakıda dünyasını dəyişib.

GÜLLÜ MUSTAFAYEVA

(1919-1994)

Bu gün Azərbaycan xalq rəssamı Güllü Hacı Naim Mustafa qızı Mustafayevanın xatirə günüdür. O, 29 noyabr 1919-cu il tarixində Türkmənistanın Türkmənabad şəhərində dünyaya göz açıb. 1927-ci ildə ailəsi ilə Bakıya gəlib, 1938-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Texnikumunu bitirib. O, “Leyli və Məcnun məktəbdə”, “Paris. Rəssamlar meydanı”, "Bizim uşaqlar" silsiləsi əsərlərin müəllifidir. İki dəfə Sosialist Əməyi Qəhrəmanı Bəsti Bağırovanın, oftalmoloq, tibb elmləri doktoru Umnisə Musabəyovanın, nevropatoloq, tibb elmləri doktoru Zəhra Salayevanın, xalq rəssamı Səttar Bəhlulzadənin portretlərinin yaradıcısı olan rəssamın əsərləri Azərbaycan Dövlət İncəsənət Muzeyində və Azərbaycan Dövlət Şəkil Qalereyasında saxlanılır. Güllü Mustafayeva 1994-cü ilin mayında Bakıda vəfat edib.

OFELİYA ASLAN

(1939-2010)

Azərbaycanın tanınmış aktrisası Ofeliya Aslan 27 yanvar 1939-cu ildə Bakıda xalq artisti Rza Əfqanlının ailəsində doğulub. 1983-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun Musiqili komediya aktyorluğu fakültəsini bitirib. 1963-cü ildən Musiqili Komediya Teatrında əvvəl xor artisti, sonra isə aktrisa işləyib. İlk rolu “Durna” komediyasında Lalə obrazı olub. Bundan sonra “Beşmanatlıq gəlin”, “Arşın mal alan”, “Hicran”, “Axırı yaxşı olar”, “Bankir adaxlı” və s. tamaşalarda müxtəlif rolları ifa edərək, tamaşaçıların rəğbətini qazanıb. Uzun müddətli fasilədən sonra 1997-ci ildən yenidən teatra qayıdıb. Azərbaycanın korifey sənətkarı Siyavuş Aslanın keçmiş həyat yoldaşı olan Ofeliya Aslan 2010-cu ilin mayında dünyasını dəyişib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın